az / ru
 
     
 
Ana səhifə > Biznes > Obyekti̇v

Qaz gəlirləri nefti üstələyəcək

17.10.2017

Bu il hökumət neft hasilatının azaldılmasına qərar verib. Bunun doğuracağı nəticələr və perspektivdəki digər layihələr barədə suallarımızı enerji məsələləri üzrə ekspert İlham Şaban cavablandırıb.

– Azərbaycan hökuməti neft hasilatının azaldılması ilə bağlı qərar verib. Sizin buna münasibətiniz necədir?

– Bəli, Azərbaycan 2016-cı il dekabrın 10-da OPEK-in neft hasilatının azaldılması ilə bağlı çağırışlarına səs verən bu təşkilata üzv olmayan 11 ölkədən biri oldu. O zaman Azərbaycan 2017-ci ildən başlayaraq ilk altı ay ərzində 2016-cı ilin oktyabr ayının göstəriciləri ilə müqayisədə (gündəlik 835 min barel) neft hasilatını 35 min barel azaltmaq haqda öhdəliyə könüllü olaraq razılaşdı. Belə addım atmaqda Azərbaycanın məqsədi ondan ibarət idi ki, hasilatçı ölkələrə nümayiş etdirsin ki, neftin “ədalətli qiymətlərə” (barel üçün $55-60) çatması üçün rəsmi Bakının mövqeyi necədir. Yəni Azərbaycan qiymətlərin artımında maraqlıdır, yoxsa $50-dən aşağı olan qiymətlər də onu qane edir. Bir sıra dövlətlər vardı ki, sözdə neft qiymətlərinin artımını dəstəkləsələr də, əmələ gələndə heç də hər hansı öhdəliklə öz üzərlərinə məsuliyyət götürmək istəmirdilər. Azərbaycan isə OPEK-in ona edilən ilk təklifindən bu sahədə keçirilən bütün rəsmi və qeyri-rəsmi görüşlərdə aktiv iştirak etdi və artıq 2016-cı ilin dekabrından qiymətlərin “əlli dollar” həddini keçməsində və faktiki olaraq 2017-ci ilin ilk səkkiz ayının yekunlarına görə, Brent markalı neftin orta qiymətinin 52 dollardan baha olmasına öz töhfəsini verən ölkə oldu.

Azərbaycan Respublikası energetika nazirliyinin rəsmi açıqlamasına görə, iyul ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 796,7 min barrel olub. Bunun 745,1 min barrelini xam neft, 51,6 min barrelini kondensat təşkil edib. Yəni ölkə öz öhdəliklərini artıqlaması ilə yerinə yetirib.

– Elə isə Azərbaycanın bu addımı 2017-ci ildə ölkənin neft gəlirlərinin azalmasına səbəb olacaqmı?

– Rəsmi statistikaya əsasən, 2017-ci ilin 7 ayının nəticələrinə görə, Azərbaycanda 22,5 milyon ton neft və kondensat hasil edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hasilat 8,9% və ya 2,2 milyon ton azalıb.

Azərbaycanda maye karbohidrogenlər hasilatının təqribən 82%-ə yaxını “Azəri, Çıraq və Günəşli” neft yataqlarının və “Şahdəniz” qaz-kondensat yatağının payına düşür. Ancaq cari ildə dövlətin xam neft ixracından qazandığı xalis mənfəətin 98%-ni “Azəri, Çıraq və Günəşli” neft yataqlarına aiddir (SOCAR-a aid neft nəzərə alınmadan), çünki “Şahdəniz”dən gələn gəlirlər bu yataqdan ölkənin daxili bazarı üçün alınan qazın ödənilməsinə və dövlətin “Şahdəniz-2” layihəsini maliyyələşdirmək üçün xərcləmələrinə yönəldilir.

Azərbaycan Dövlət Neft Fondunun rəsmi açıqlamasına görə, cari ilin yanvar-­iyul aylarında “Azəri, Çıraq və Günəşli” neft yataqlarından hasil edilmiş neftin dünya bazarında satışından $3 milyard 609 milyon mənfəət nefti əldə edilib. Ötən ilin müvafiq dövründə daxilolmaların həcmi $2 milyard 770 milyon civarında idi.

Yəni, buradan çıxarılan nəticə belədir: baxmayaraq ki, “Azəri, Çıraq və Günəşli” yataqlarında cari ilin 7 ayında hasilat 2 milyon ton azalıb, ancaq dövlətin mənfəət neftindən əldə etdiyi gəlirlər 30,3% və $839 milyon artıb. Artıma səbəb isə iki faktordur: birincisi, neft qiymətlərinin hesabat dövründə dünya bazarında 34% artım nümayiş etdirməsi və cari ilin I yarısında “Azəri-Çıraq və Günəşli” yataqları üzrə kapital və istismar xərcləmələrini 23,6% azaldaraq $831 milyona salmasıdır.

Bu baxımdan əgər 2016-cı ildə Neft Fonduna “Azəri, Çıraq və Günəşli”dən və o cümlədən, digər neft yataqlarından, həmçinin “Şahdəniz” qazı da daxil olmaqla (mənfəət cəmi ilk beş ayda olub) mənfəət neftinin və qazının satışından daxilolmalar $5,19 milyard təşkil etmişdisə (bunun $5,1 milyardı və ya 98,3%-i AÇG layihəsinin payına düşüb), cari ildə bu göstəricinin $5,9 milyard dollara yaxın olacağını proqnoz etmək olar.

– Siz maraqlı bir məqama toxundunuz. Neft hasilatında cari ildə həm ölkə üzrə, həm də “Azəri, Çıraq və Günəşli” yataqları üzrə böyük templə azalma müşahidə edilir. Bunun səbəbləri nədir?

– Bəli, bu bir həqiqətdir, hazırda Azərbaycanda 2012-ci ildən sonrakı müddətdə hələ bu tempdə hasilatın azaldılmasını müşahidə etməmişdik. Özü də hasilatda ilin ilk iki ayında çox böyük azalma baş vermişdi, martdan başlayaraq artım müşahidə edilsə də, ötən illərin müvafiq ayları ilə müqayisədə orta azalma tempi 8-9% arasında dəyişib.

Ancaq neft hasilatındakı azalmanın obyektiv səbəbləri var. Düzdür, onun bu həcmdə azalması proqnoz edilmirdi, ancaq hələ bir neçə il əvvəlin proqnozlarında “Azəri, Çıraq və Günəşli” yataqlarında illik hasilatın xeyli azalması ilə bağlı məlumatlar yer almışdı. Zamanı isə dəqiq göstərilmişdi – 2016-cı il.

İndi Sizə sual edirəm əgər 2016-cı ildə neft hasilatı o zamanın proqnozlarında göstərildiyi kimi 1 milyon ton azalsaydı və neftin dünya bazarlarındakı qiyməti də orta hesabla 18% düşsəydi, onda Azərbaycanın neft gəlirləri hansı vəziyyətdə olardı?

- Yəqin ki, kritik!

Günə Azərbaycan təqribən $1 milyon itirə bilərdi. Az vəsait deyil. Onu deyim ki, Azərbaycan hökumətinin “beyin resursları” uzun illər məhz enerji sektorunda cəmləşdiyindən burada çevik siyasət yeritmək qabiliyyəti iqtisadiyyatın digər sektorları ilə müqayisədə olduqca yüksəkdir. Hələ ki, qeyri-neft sektorundakı resurslar bu çevikliyə və imkanlara malik deyil. Qeyd edim ki, 2016-cı ilin əvvəli neft bazarı üçün çox pis başladı. Yanvarın 20-də neftin qiyməti artıq 27 dollara qədər ucuzlaşmışdı. Heç kəs belə bir şey gözləmirdi. Artıq bazarda bir təlaş vardı, hətta proqnozlar verilirdi ki, neft bir qədər sonra 20 dollardan aşağı düşəcək.

Azərbaycan hökuməti də 2016-cı ilin büdcəsini təsdiq edəndə proqnozlaşdırmışdı ki, hasilat 1 milyon ton azalacaq. Bunu o zaman hətta məhrum energetika naziri Natiq Əliyev jurnalistlərlə söhbətində də bildirmişdi. Yanvar ayında Brent markalı neftin qiyməti ortalama 30 dollarla yekunlaşdı. Ümumilikdə I rübün qiyməti 34 dollar oldu. Bu 2003-cü ilin sonlarındakı qiymət ilə eyni idi, birdən-birə qiymət təkəri nə qədər geriyə fırlanmışdı. Əgər hökumət ciddi addımlar atmasaydı sonradan ciddi faktorla qarşılaşacaqdı: həm qiymət xeyli enirdi, eyni vaxtda hasilat düşürdü. Və bunların 2-nin üst-üstə düşdüyü vaxtda həm ölkəyə gələn gəlirlərdə, həm də iqtisadiyyatda kəskin azalma müşahidə edilirdi. Xatırlatmaq istərdim ki, dövlət başçısı sonradan vurğulamışdı ki, 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün ən çətin, ən mürəkkəb il olmuşdu.

Belə olan halda hökumət çox doğru olaraq neft hasilatını nəyin bahasına olursa-olsun stabilləşdirməyi hədəflədi. Bu isə “Azəri-Çıraq-Günəşli”də çıxarılan səmt qazının daha böyük həcmlərdə quyulara vurulması ilə mümkün idi. Bunun nəticəsində AÇG-dən aldığımız səmt qazının həcmi azaldıldı. Azərbaycan buna düşünülmüş şəkildə getdi. Bizim bazarda yarım milyard kub metr həcmdə səmt qazının alınmasından kəsir yarandı. Həmin tədbirlər nəticəsində artıq faktiki olaraq yavaş-yavaş neft hasilatındakı azalmanın həcmi enirdi. 2016-cı ilin 2-ci rübündə artıq hasilat artdı. Yayda ötən illə müqayisədə göstəricilərdə artım müşahidə olundu. Bütövlükdə 2015-ci ildə 634 min barrel orta sutkalıq hasilat olmuşdu. 2016-cı ildə isə AÇG-dən orta sutkalıq hasilat 630 min barrel oldu. Yəni, faktiki olaraq neftin hasilatı stabil qaldı. Hasilatın stabilləşdirilməsi siyasəti kifayət qədər özünü doğrultdu. Bu il isə faktiki olaraq ötən il proqnozlaşdırılan hasilat azaldılması prosesi gedir. Düzdür, onun tempi yüksək olsa da, bazarda neftin qiymətinin bahalaşmaq tendensiyasının qorunması hasilatın azaldılması fonunda gəlirlərin artımının müşahidə olunacağını deməyə əsas verir.

– Belə çıxır ki, Azərbaycanda bundan sonra neft hasilatı ancaq azalmaq istiqamətində gedəcək?

– Gələn il də hasilatda azalma müşahidə ediləcək, ancaq müəyyən qədər. Hasilatın stabilləşməsi yönümündə artıq həm AÇG konsorsiumu, həm də Azərbaycan Dövlət Neft Şirkəti müəyyən addımlar atır.

Hasilatın azalmasının əsas səbəbi odur ki, müstəqillik illərində Azərbaycanda neft yatağı kəşf edilməyib. “Azəri”, “Çıraq” kimi yataqlar isə 80-ci illərdə Xəzərin dərin hissəsində aşkar edilmişdi, “Günəşlinin” tarixi isə daha əvvələ gedir. Əlbətdə, əgər yeni yataqlar yoxdursa, olanlar isə son 15 ildə intensiv hasil edilirsə, onda yataqlarda hasilat get-gedə azalmalıdır. Azərbaycanda neftin pik (zirvə) hasilatı 2010-cu ildə qeydə alınıb – 50,8 milyon ton. Cari ildə isə hasilat təqribən 38,5 milyon cıvarında gözlənilir. Ancaq 2019-cu ildən hasilatın artımı müşahidə edilməlidir. Bu da “Şahdəniz-2” layihəsi üzrə hasilat zamanı kondensat həcmlərinin artımı ilə əlaqədar olacaq. 2020-ci ildə daha bir yataqda – “Abşeronda” kondensat hasilatı yarım milyon tondan çox artmalıdır. Necə deyərlər, Azərbaycanın sonrakı illərdə maye karbohidrogenlərində qaz yataqlarının rolu getdikcə artacaq – kondensat neftlə yanaşı əsas ixrac məhsulu həcmlərinə çevriləcək.

– Bəs qaz hasilatında vəziyyət necədi? Gəlirlərdə yaranan qıtlığı aradan qaldırmaq mümkün olacaq?

– Ötən il ölkədə qazın kəsirini artıq hiss etdik. 2016-cı ildə Azərbaycan Rusiyadan qaz idxal etmədi, ancaq təqribən 300 milyon kubmetrə yaxın həcmləri İrandan almaq məcburiyyətində qaldıq. Müvəqqəti hal üçün normaldır. Ölkənin daxilində qaz istehlakının həcmi 11 milyard kub metrə yaxındır. Bunun yarıdan çoxu energetiklərin hesabına düşür. Əvəlki illərdə “Azərenerji”nın aldığı qazın pulunun ödənişi ilə bağlı ciddi problemləri yaranmışdı. Yarım milyarda qədər borc yığılmışdı. Onun bir hissəsi silindi. Sonra Tarif Şurası ilə qiymətlərə yenidən baxıldı və vəziyyət müəyyən qədər stabilləşdi. Nəhayət, bu məsələni bir qaydasına saldılar. “Azərenerji” də qaz istehlakında qənaət rejiminə keçdi, yəni əvvəlki illərdə olduğu həcmi almadı, baxmayaraq ki, enerji hasilatını artırdı. Qazın bir hissəsi mazutla əvəz olundu. Azərbaycan energetikləri 16 ildə ilk dəfə olaraq qismən mazut rejiminə keçid etdilər. Azərbaycan özünün emal müəssisələrində mazut rejiminə tam keçid edə bilməzdi. Çünki neftayırma zavodlarımızda o zaman kifayət qədər yanacaq hasil edə bilməzdik və məcbur qalıb idxal etməliydik ki, bu da iqtisadi baxımdan səmərəli olmazdı. Bu zaman regiona baxmaq lazım gəldi. Məsələn, Türkmənistanın mazutu var, ancaq bazara çıxışı yoxdur. Onda Azərbaycan öz logistika imkanlarını təklif etdi və əvəzində özünə lazım olan miqdarda məhsulu alaraq vəziyyətdən çıxdı.

Bu zaman başqa bir məsələ gündəmə gəldi – resurslardan qənaətlə istifadə etmək. Düzdür, heç də bunun dünya təcrübəsində rast gəlinən rasional istifadə qaydasından deyil, daha asanından istifadə etdik - küçələrdə, prospektlərdə, magistral yollarda işıqlar söndürüldü. Bu tip qənaətə görə, elektrik enerjisinin istehsalı üçün tələb olunan yanacağın həcmi də azalmış olurdu. Artıq ötən il qazın itkisi də 250 milyon kub metr azaldı. Bu il ondan da çox azalacaq. Çünki təmir-bərpa, modernizasiya işləri davamlı olaraq aparılır. Bütün bunların hesabına SOCAR 2016-cı ilin martında Gürcüstan hökuməti ilə 2028-ci ilədək o bazarın qazla təminatına dair yeni müqavilə imzaladı. Burada maraqlı olan nüans odur ki, müqavilədə fiksasiyalı qiymət artıq qeyd edilməyib. Artıq burada qazın qiyməti dünya bazarındakı qiymətlərə uyğun olaraq vaxtaşırı dəyişir. Və buna da Gürcüstan hökuməti razılaşır. Bizdə bununla bağlı həddən artıq iradlar səslənir. Bu, müvəqqəti xarakter daşıyır. Hazırda Azərbaycan  Gürcüstana ildə 2 milyard kub metr qaz verir. Bunun 800 milyonu BP şirkəti tərəfindən həyata keçirilir: 300 milyonu tranzit qaz və 500 milyonu kommersiya qazıdır, 1,2 milyard kub metri isə SOCAR-ın satdığı qazdır. 2018-ci ildən “Şahdəniz 2” layihəsi işə düşəcək. Bu həcmlər davamlı olaraq artdıqca tranzit haqqı da artacaq. Tranzit həcmləri artdıqca bizim Gürcüstan “yükümüz” azalacaq. Həcm azaldıqca isə biz artıq indiki gərginliyi hiss etməyəcəyik.

– Bu qış Gürcüstan Azərbaycanın söz verdiyi qaz həcmini ona sata bilmədiyini açıqladı. Yadınızdadırsa, tez-tez qaz təchizatında fasilələr yaranırdı. Sizcə səbəb hasilatda ortaya çıxan problemlərdir?

– Xeyir. Burda başqa bir məqam vardı. Gürcüstana qaz ixracı həyata keçirilən Səngəçal terminalında yerləşən sistemdə problem yaranmışdı. Avtomatik nəzarət sistemi işə düşmüş və qazın ixrac boru kəməri sisteminə vurulmasını dayandırmışdı. Yəni, oradakı sistem xəbərdarlıq etmişdi ki, qazın tərkibi borulara nəql zamanı müəyyyən problemlər yarada bilər. Qazın tərkibinin laboratoriyada yenidən yoxlanılması, avtomatik sistemin niyə işə düşməsi və bunun sonradan sazlanması təbii ki, bir günün işi deyildi və buna görə də platformada hasilatı da saxlamaq lazım gəlmişdi. Bundan sonra isə sistemin işə düşməsi üçün müəyyən həcmdə qaz ixrac borularına dolmalı idi. Həmin müddətdə qazın ixracı dayanmışdı. Problem aradan qaldırıldıqdan sonra sistem işə salındı və ixrac davam etdirildi. Bu müddətdə isə Gürcüstan Rusiyadan qaz almaq məcburiyyətində qaldı. Ancaq həcmlər böyük olmadı, cəmi 108 milyon kub metr.

– Neftin qiymətləri bundan sonra hansı həddə qədər artmalıdır ki, Azərbaycan iqtisadiyyatı gərginlik hiss etmədən inkişaf mərhələsini yaşasın?

– İndi bu haqda açıq danışmaq olar. Cəmi 3 il öncə 2014-cü ilin 2 sentyabr tarixinə qədər neftin qiymətləri 100 dollardan yuxarı idi. Qısa tariximizdə neftin qiymətinin 100-120 dollar olduğu vaxtlardakı davranışlar göstərdi ki, rasiaonal xərcləmələr olmayanda neftin qiymətinin iqtisadiyyat üçün elə də bir əhəmiyyəti olmur. Yəni, bizim bank-maliyyə sektorumuza ən böyük zərbə vuran ölkənin kiçik bankları deyil, 1 N-li maliyyə qurumu - Beynəlxalq Bank oldu. Onun əlində az qala ölkə bank kapitalının yarısı cəmləşmişdi və neftin ən yüksək qiymətləri zamanı da (2009-2014-cü illərdə) Maliyyə Nazirliyinin açıqlamasında göstərildiyi kimi, həm ölkədən 5 milyard dollar kapital qeyri-qanuni olaraq çıxarılmışdı və daha böyük məbləğdə vəsaitlər isə müəmmalı kreditlərə yönəldilmişdi. Halbuki, həmin vəsaitlər rasional xərclənilsəydi və multieffektiv təsirlərə malik olsaydı, indi Azərbaycanın qeyri-neft sektoru sakit rejimdə işləməklə dövlət büdcəsinin və sosial müdafiə fondunun əsas donorlarından birinə çevrilmiş olardı. O zamanın qeyri-rasional xərcləmələri nədirsə, necə baş veribsə, biz bunu bir kənara qoyuruq, o bizim üçün araşdırma predmeti deyil – ancaq gedən artıq Azərbaycandan gedib. Zaman da, kapital da... Bu baxımdan mənim düşüncəmə görə, hökumət artıq heç zaman o arzularla yaşamamalıdır ki, neft nə zamansa 90-100$ olacaq və biz yeni xariqələr yaratmağa başlayacağıq. Bunun bariz nümunəsi heç bir karbohidrogen ehtiyatı olmayan keçmiş Sovet respublikası olan Estoniyadır. Əhalisi cəmi 1,3 milyon nəfərdən ibarət bu kiçik ölkənin 2017-ci il üçün büdcə gəlirləri 9,8 milyard avro ətrafında proqnoz edilib. Büdcənin gəlir hissəsinin 71%-i isə vergilər hesabına formalaşır.

– Büdcə gəlirlərində neftin payı və bununla bağlı son statistikanı necə analiz edə bilərsiniz?

– Maliyyə Nazirliyi 2017-cil ilin ilk yarısı üçün dövlət büdcəsinin icrası ilə bağlı məlumatları açıqlayıb. İlk baxışdan büdcənin vəziyyəti yaxşı görünür - gəlirlər 26% artıb. Amma büdcənin vəziyyəti o zaman yaxşı hesab edilə bilərdi ki, bu artımda əsas rol qeyri-neft sektoruna məxsus olaydı. Real vəziyyət isə belədir: Gəlirlərin artımının 92.5%-i (1.471 milyard manatı) bilavasitə neft sektoru hesabına təmin edilib. Öz növbəsində, Neft Fondundan dövlət büdcəsinə transfertlər 70% (1.231 milyard manat), neft sektorunun vergiləri isə 33.8% (239.6 milyn manat) artıb. Nəticə etibarı ilə 2017-ci ilin 6 ayında Neft Fondunun transfertlərinin ümumi məbləği 2.991 milyard manat, neft sektorunun vergilərinin həcmi isə 948.6 milyon manat təşkil edib. Əgər 2016-cı ilin 1-ci yarısında neft sektorunun büdcədə payı 40% olmuşdusa, 2017-ci ilin eyni dövründə bu göstərici 51%-ə yüksəlib. Nəzərə alaq ki, ötən ilə nisbətən bu ilin 6 ayında neftin orta qiyməti 12-13 dollar baha olub. Göründüyü kimi, neftin qiyməti azacıq yüksələn kimi, iqtisadiyyatın neftdən asılılığı da ona adekvat artır.

– Bayaq qaz hasilatının artması, gələcəkdə bu sahədən gəlirlərin də çoxalmasından danışdıq. Belə olarsa, neftin dövlət büdcəsindəki payını qaz gəlirləri əvəz edə bilərmi?

– Bu mümkün ola bilər. Ancaq bu gəlirlərə olan baxışlardan asılıdır. Bunu Rövnəq Abdullayev də qeyd edib ki, 10 ildən sonra neft gəlirlərini qaz gəlirləri əvəzləyə biləcək səviyyəyə gəlib çıxacaq. Məsələ bundadır ki, çox adam elə başa düşür ki, ixraca nə getdi, ancaq onu nəzərə alırlar. Əgər belə yanaşsaq bu o zaman ola bilər ki, neft həcmləri xeyli azalsın, yəni gələn onillikdə deyil, o biri onillikdə belə hal baş verə bilər. Yox, əgər biz qaz faktoruna onun yaratdığı əlavə dəyər prizmasından baxsaq, onda SOCAR rəhbərinin dediyi kimidir. Yəni, həm qaz ixracından, həm qaz layihəsindəki kondensat ixracından əldə olunan gəlirlər, eyni zamanda qazın emalı nəticəsində satılacaq yarımfabrikat və hazır məhsullardan gələn   qazanc təbii ki, çox olacaq. Bu baxımdan proqnozlaşdırılır ki, orta perspektivdə qaz gəlirləri nefti üstələyə biləcək.

– Maraqlı məlumatlar və detallı açıqlamalar üçün təşəkkür edirik.

 
Açar sözlər: Qaz neft İlham Şaban
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.