Təminatlı əqdlər sahəsində islahatın əhəmiyyəti |
23.10.2015 | Aqil Abdullayev |
Klassik mənada təminatlı əqdlər sahəsində islahat daşınar əmlakın mövcud əhəmiyyətini yüksəldərək iqtisadi münasibətlərdə layiq olduğu səviyyəyə gətirməyi nəzərdə tutur. Bu baxımdan, daşınar əmlakın yüklülüyü termini də təminatlı əqdlər ifadəsinə alternativ olaraq istifadə edilir.
Daşınmaz və daşımar əmlakın gəlir gətirməsi və girov kimi istifadə edilməsi imkanlarını təhlil etməklə mövcud sistemdə olan çətinliyi görə bilərik. Gəlir gətirməsi baxımından, daşınmaz əmlak iqtisadi münasibətlərdə sahibinə gəlir gətirməkdə əhəmiyyətli rol oynamır (icarə və investisiya məqsədləri üçün daşınmaz əmlakın alınması istisnadır),daşınar əmlak isə iqtisadi münasibətlərdə sahibinə gəlir gətirməkdə birbaşa iştirak edir (məsələn, avadanlıqlar məhsulun istehsalında aktiv istirak edir, taxıl məhsulları satış prosesində gəlir gətirilməsini təmin edir və s).Girov kimi istifadə olunması imkanlarına münasibətdə isə banklar daşınmaz əmlaka aydın üstünlük verirlər.
Beləliklə, gəlir gətirməsi prosesində daşınar əmlakın üstün olması, girov kimi istifadə edilməsi mümkünlüyündə isə daşınmaz əmlaka etibarlı baxılması iqtisadi münasibətlərin iştirakçısını aydın paradoks qarşısında qoyur: əldə olan vəsaiti daşınmaz əmlaka xərcləməklə gəlir qazanması imkanlarını azaltmaq və kredit almaq imkanlarını girovla bağlı yüksəltmək, yaxud əldə olan vəsaiti daşınar əmlaka xərcləməklə gəlir qazanması imkanlarını artırmaq və kredit almaq imkanlarını girovla bağlı azaltmaq.
Bu çətin seçimin həlli yolu ölkədə daşınar əmlakın yüklülüyü sahəsində islahatının aparılmasıdır: islahatın qarşısına qoyulan son məqsəd bankların gəlir gətirmə prosesində iştirak edən daşınar əmlaka girov kimi etibarının yüksəldilməsidir. Daha çox sahibkarın maliyyə resurslarına çıxış əldə edilməsi ölkədə iqtisadı göstəricilərin müsbət dəyişikliyinin əhəmiyyətli səbəblərindən biri olmalıdır.
Daşınar əmlakın yüklülüyü sahəsində islahat özündə müəyyən kompleks tədbirləri əhatə etməlidir. Bura misal olaraq biz yüklülüklə bağlı mövcud qanunvericiliyə dəyişiklik edilməsini, daşınar əmlakın yüklülüyü reyestrinin yaradılmasını, girov kimi qəbul edilmiş daşınar əmlakın satılmasının daha çevik mexanizmlərinin tətbiq edilməsini və digər tədbirləri göstərə bilərik.
Bu sahədə islahat son nəticədə bankları müştərilərinə daha yaxın gətirməlidir: daşınmaz əmlakdan fərqli olaraq, öz dəyərini daha tez itirən daşınar əmlakın girov götürülməsi bankdan onun müştərinini biznesini daha operativ nəzarətdə saxlamasını tələb edir. Bu halda daşınar əmlak girov kimi çıxış etməsindən əlavə, həmçinin biznesin vəziyyətini də qiymətləndirmək üçün vacibdir, çünki həmin daşınar əmlak biznesdə gəlir gətirməsi prosesində birbaşa iştirak edir.
Daşınar əmlakın əhatəsinə gəldikdə, burada istehsal prosesində iştirak edən avadanlıqlar, kənd təsərrüfatında istifadə olunan heyvanlar, dövriyyədə olan mallar, zinət əşyaları və debitor borclar əsas yerləri tuturlar.
Daşınar əmlakın yükülüyü islahatının keçirildiyi uğurlu misal kimi Çini göstərmək olar. Maraqlıdır ki, Çin əsas diqqəti yalnız debitor borclara verməklə bu sahədə böyük uğurlara nail ola bilmişdir.
Sonda diqqəti ona cəlb edirik ki, bu islahatın aparılması sahibkarlar və banklarla yanaşı, lizinq, nisyə alqı-satqı, faktoring və digər maliyyə xidmətləri göstərən təşkilatların da gəlirinin artmasına ciddi təsir göstərəcəkdir. Ən mühüm fayda əldə edənlər isə sahibkarlar olacaqdır ki, onların maliyyə resurslarına çıxışlarının artması bizneslərinin genişlənməsinə mühüm töhfə verəcəkdir.
|