az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Obyektivdə

Avropa Oyunları bitdi: iqtisadi gözləntilər müxtəlifdir

07.07.2015 | İlhamə XANLARQIZI

İlk Avropa Oyunlarına ev sahibliyini yüksək səviyyədə başa vuran Azərbaycan həm də bu oyunlara xərclədiyi böyük məbləğdə vəsaitlə gündəmdə oldu. Və bu xərclərdən sonra nəzərlər yenidən ölkə iqtisadiyyatına, iki illik hazırlığın nəticəsi olaraq dünyaya səs salan alqışların ölkə iqtisadiyyatına müsbət və mənfi təsirlərinə yönəldi.

Rəylər haçalıdır…

Dünya bazarında neftin ucuzlaşmasına rəğmən rəsmi Bakı strateji əhəmiyyət daşıyan layihələrin yüksək səviyyədə icra ediləcəyini bəyan etdi və sözünün ağası oldu. Xüsəsən də 2014-cü ilin sonundan başlayaraq paytaxtda həyata keçirilən quruculuq işlərinə xərclənən vəsaitin miqyasını təsəvvür etmək çətin deyil. Dünyanın ən bahalı olimpiya stadionuna malik olan Azərbaycan, həm də oyunların keçirilməsinə, iştirakçı idmançılar üçün ayırdığı “cib xərci”ndən tutmuş digər məsələlərdə  nümayiş etdirdiyi əliaçıqlığı ilə bizi Avropanın gözündə nə qədər ucaltdısa, həm də bu, maliyyə resurslarının mənbəyi mövzusunda diskusiyalara səbəb oldu. Xüsusən də ilin əvvəlindən başlayaraq sahibkarlıq subyektlərində həyata keçirilən vergi yoxlamalarının geniş miqyas alması, böyük maliyyə mənbələrinin başında duran tanınmış iş adamlarının həbsi və bu həbslə əlaqədar onların himayədarlıq etdiyi, ölkə iqtisadiyyatında xüsusi çəkisi olan şirkətlərdə başlanan ixtisar və dəyişikliklər oyunlar öncəsi iqtisadiyyatda müəyyən ətalət vəziyyəti müşahidə olundu. Ona görə də ekspertlər 2015-ci ilin yola saldığımız yarım illik nəticələri üzrə statistikasını səbirsizliklə gözləyirlər. Bu gözləntilər fonunda səsləndirilən proqnozlar isə həm optimist, həm də pessimist notlara yadda qaldı. İqtisadçı analitiklər hesab edirlər ki, davamlı inkişafda olan Azərbaycan iqtisadiyyatı ilin ikinci yarımilliyindən başlayaraq, yenidən artım dinamikasını bərpa edə və ilin sonuna müsbət göstəricilərə malik ola bilər. Bəzi təhlilçilər əksinə, oyunların iqtisadiyyata göstərəcəyi fəsadların qarşıdakı 6 ayda biruzə verməyə başlayacağına dair mənfi proqnozlar səsləndirirlər. Bir qism ekspertlər isə milli iqtisadiyyatın vəziyyətilə Avropa Oyunları arasında heç bir əlaqə görmür və ölkənin biznes mühitində yaranan durğunluğun səbəblərini daha çox fevral devalvasiyasının fəsadları ilə əlaqələndirirlər.  

Strateji sərmayə?!

Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, bu tip yarışların keçirilməsi güclü təbliğat vasitəsi olsa da, əksər hallarda ölkə iqtisadiyyatında mənfi izlər buraxır. Maraq doğuran faktlardan biri də budur ki, futbol üzrə beynəlxalq yarışlarla müqayisədə olimpiya oyunları iqtisadi cəhətdən daha çox xərc tələb edir və bunun qarşılığında feedback müsbət şkala əks etdirmir. Xüsusən də xərclər bəndi üzrə təhlillər göstərir ki, futbol yarışlarının keçirilməsinə xərclənən vəsait olimpiya infrastrukturu üçün ayrılan maliyyədən dəfələrlə azdır, halbu ki, bu yarışlar keçiriləcəyi yerə daha çox turistin cəlb olunmasına və böyük fanat ordusunun hesabına büdcə gəlirlərinin əhəmiyyətli artımına səbəb olur. Ona görə də iqtisadçılar Olimpiya oyunlarına yatırılan sərmayənin strateji əhəmiyyətindən danışarkən, bunun yalnız təbliğat və düzgün təbliğat nəticəsində xarici investisiyanın yüksəlməsi versiyası üzərində dayanırlar.

Söhbət sərmayələrdən düşmüşkən, ölkənin Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub. Halbu ki, ekspertlər yalnız bağlanış mərasiminə 140 milyon xərcləyən Azərbaycanın 2013, 2014 və 2015-ci illərin dövlət büdcəsindən də hazırlıq prosesinə vəsait ayırdığını əsas gətirərək, rəsmi xərclərin 5 milyard manata yaxın olduğunu bildirirlər. Büdcə daxilolmalarının azaldığı bir vəziyyətdə indiyə qədər Oyunlara xərclənən məbləğin büdcədə yerinin görünəcəyini qeyd edən iqtisadçılar, neft gəlirlərinin azalmasından asılı olaraq may ayının rəsmi rəqəmlərində aprel ayına nisbətən vergi daxilolmalarında da kəskin – təxminən 30 faizə qədər azalma müşahidə edildiyini bildiriblər. Bu səbəbdən də Avropa Oyunlara yatırılan sərmayənin yalnız xarici investorların ölkəmizə cəlb olunmasında mühüm rolu olacağını proqnozlaşdıran ekspertlər arasında daha optimist fikirləri ilə seçilən iqtisadçı Vüqar Bayramova görə, bütün hallarda Oyunların Azərbaycan iqtisadiyyatına, xüsusən turizm sektorunun inkişafı və ölkəyə daxil olan valyutanın həcminin artması kimi müsbət təsirləri olub. "Avropa Oyunlarının Azərbaycanın təbliğindən əlavə, strateji bir məqsədi də var idi. Bu, ölkəyə sərmayənin cəlb edilməsi idi. Xüsusilə turizm sektorunun bazasının yaradılması üçün. Bir turist başqa turistin ölkəyə gəlməsi üçün potensial yaradır", deyə cənab Bayramov bildirib.

Bu baxımdan, cənab Bayramov Oyunlardan sonra iqtisadiyyata qoyulan sərmayənin azalacağına inanmır. Onun fikrincə, yaradılmış infrastrukturdan 2016-ci il Avropa Qran Prisi- Formula 1 yarışlarının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının və 2020-ci ildə isə UEFA Avropa Çempionluğu yarım final futbol oyunların təşkili zamanı istifadə ediləcək, bu isə öz növbəsində ölkəmizə strateji sərmayə gətirəcək. Cənab Bayramov yuxarıda fikrini qeyd etdiyimiz bəzi ekspert həmkarları kimi, Azərbaycanın bu ilki iqtisadiyyatını ilin birinci və ikinci yarısı kimi qruplaşdırmağı təklif edir. O güman edir ki, sonuncu 6 ayda Maliyyə Nazirliyi büdcə vəsaitlərinə "çox qənaət etməyə və lazım xərcləri ixtisar etməyə çalışacaq".  Bütövlükdə isə, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün hər hansı təhlükə yoxdur. Onun rəyinə görə, neftin qiyməti 65 dollarda qalarsa Maliyyə Nazirliyi gəlirlərlə xərclər arasındakı balansı qoruya biləcək. Bu baxımdan geriləmə və ya risklər haqqında danışmaq tezdir.

Parlament seçkiləri və “devalvasiya xofu”

Məlumdur ki, ilin əvvəlindən ikinci devalvasiya xofu yaşayan Azərbaycan vətəndaşları qarşıdakı aylarda həm də milli valyutanın “sınaqdan” necə çıxacağını düşünürlər. O da bəllidir ki, büdcə gəlirlərinin əsas hissəsi neft satışından formalaşan ölkəmız gözünü dünya  bazarında “qara qızıl”ın dəyərinə dikib. Bu mövzuda da fikirlər birmənalı və müsbət deyil. Məsələn bir qism iddia edir ki, İran və Altılıq ölkələri arasında baş tuta biləcək hər hansı anlaşma ilə sanksiyaların götürülməsi neftin qiymətini daha aşağı sala bilər. Hətta bu rəqəmin 50-55 dollar civarında tərəddüdü mümkündür. Bu isə nəticədə büdcəyə və manata "ciddi təzyiq edə bilər".

Əlavə amil isə, Mərkəzi Bankın iki valyutalı səbətə keçməsi nəticəsində manatın məzənnəsinin dollara nisbətən ciddi asılılığa düşməsidir. Çünki, belə halda dünyada baş verən avro ilə dolların məzənnə münasibətlərinin dəyişməsi manata təsir göstərə bilər. Buna səbəb kimi son vaxtlar avronun məzənnəsində manata qarşı ucuzlaşmanın qeydə alınsa da, dollara nisbətən çox cüzi də olsa artımın baş verdiyi bildirilir. Üstəlik, Yunanıstanın 1.6 milyard borcunu Avrozonaya ödəməyəcəyinə dair bəyanatları fonunda avronun dəyərini itirməsi real təhlükədir. Çünki bunun məntiqi nəticəsi olaraq dolların bahalaşma tendensiyası baş verə bilər və bu manatın məzənnəsinə təsirsiz qalmayacaq.

Lakin ekspertlər devalvasiya haqqında yekdil olaraq bu fikirdədirlər ki, Mərkəzi Bank ikinci dəfə bu addımı atmayacaq. Bunun səbəblərindən biri kimi Milli Bankın özünə prioritet olaraq manatın məzənnəsini mövcud dəhliz daxilində -1.2-1.5  müəyyənləşdirməyə çalışmasına səy göstərəcəyini qeyd edirlər. Lakin burada mühüm faktorlardan biri də siyasi amilin mövcudluğudur və hesab edirik ki, qarşıdakı yarım ilin məzənnə siyasətində bu az önəm daşımır. Bəllidir ki, 2015-ci ildə Azərbaycanda Parlament seçkiləri baş tutacaq. Və bu məlum və təsdiqini tapmış bir aksiomadır ki,  siyasi-sosial sabitliyin əsasında çox ciddi faktor - iqtisadi sabitlik amili dayanır, buna görə də hökümətin inzibati yolla manatın kursunu saxlayacağı və devalvasiyaya getməyəcəyi daha realdır.

P.S. Sağlam bir nəsil yetişdirmək kimi mühüm missiyanın sağlam iqtisadi inkişafa söykənməsinin vacibliyi bu missiyanın dayaqlarının daha möhkəm olmasına zəmanət verir. 2015-ci ilin ilk altı ayını idman bayramı kimi qeyd edən Azərbaycana hesabat ilinin sonunda iqtisadi dinamika göstərməsi arzusu ilə...

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (176)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.