az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Obyektivdə

Neft deyək, neft eşidək!

12.01.2015

Azərbaycan yeni ilə yeni, bir qədər də riskli büdcə proqnozları ilə daxil oldu. Sənəd ixrac neftinin barelinin qiymətini $90 nəzərdə tutan göstəricilər əsasında hazırlandı. Bu isə ötən ildəkindən $10 azdır və yeni ilin ilk günlərində “qara qızıl”ın birja kotirovkalarından 1.6 dəfə çoxdur. Bizim  “səbət”imizin xeyrinə olmayan bu fərqin nə qədər uzun müddət hökmüranlıq edəcəyini və reallıqda büdcə göstəricilərinə nə dərəcədə güclü təsir göstərəcəyini iqtisadi ekspertlər indidən proqnozlaşdırmağa çalışırlar.

Nəyisə ehtimal etməzdən və ya hesablamazdan əvvəl xatırladaq ki, ötən il Azərbaycan ixracının 84.87%-i xam neftin payına düşüb. Baxmayaraq ki, ötən ilin 11 ayında bu “xilaskar” nominal olaraq düz bir milyarddan çox - $18.59 milyarddan $17.58 milyarda qədər azalıb, onun xüsusi çəkisi isə əksinə az da olsa yüksəlib. Əlbəttə, bizim iqtisadiyyatımız həm də digər faktorlardan asılıdır, ancaq ümumilikdə ölkədə büdcənin yaxşı nəticələri heç bir mübaliğəsiz demək olar ki, 85% məhz karbohidrogen ixrac həcmindən və neftin dünya qiymətindən asılıdır. Özü də o qədər çox ki, yerdə qalan 15%-ni bir kənara qoyub Azərbaycan iqtisadiyyatı üçün neft bazarının proqnozunda “kalka” rolunu oynadığınlı hesab etmək olar.

2014-cü ildə dünya neft bazarı skeptiklərin gözləntilərini doğrultdu. İkinci yarım ildə “Brent” markalı neftin qiyməti əsl pik - 51.5% azalma nümayiş etdirərək, barel üçün $115-dən $56-a düşdü. 2008-ci ildə qeydə alınan böyük iqtisadi  böhrandan sonra belə bir göstərici hələ olmamışdı. Bununla belə, Azərbaycan Dövlət Neft Şirkəti və onun tərəfdaşları da daxil olmaqla  əsas neft hasilatçıları üçün maya dəyər əvvəlki səviyyədə, “qara qızıl”ın hər barelinə $15 göstəricisində qalmaqda davam edir.

Qarşıdakı 10-15 il ərzində bir çox analitiklər energetik bazarda köklü dəyişikliklərin olacağını güman edirlər. Bunu, ilk növbədə dünya iqtisadiyyatının “təkəri” hesab olunan karbohidrogen resurslarına tələbatın azalması səbəbi ilə izah edirlər. Neftə tələbatın azalması təhlükəsi, özü də az qala 2 dəfə, “kontrkartel” adlanan hallarla müşayət olunur, yəni bir iştirakçının tədarükü azaltması digərləri tərəfindən əksinə hasilatın artırılması ilə davam edir. Nəticədə qiymətin bazarın həcmindən az asılılığının yaranması faktoru OPEK ölkələrini hasilatı azaltmamağa vadar edir, bu isə öz növbəsində qiymətlərin enməsinə təkan verir. Belə bir ssenaridə neftin aşağı qiyməti – karbohidrogen resurslarından asılı iqtisadiyyat üçün bəd xəbərdir. Amma  elə Səudiyyə Ərəbistanını götürsək, OPEK-in neft hasilatını azaltmaqdan imtina etməsi ilə bağlı sonuncu qərarında bu ölkə əsas fiqur oldu və qiymətlərin düşməsi fonunda o, daha yaxşı vəziyyətdə görünür. “Moody's Investors Service” agentliyinin göstəricilərinə əsasən, bu ölkənin neft gəlirlərinin mühüm hissəsi büdcə xərclərinin bağlanmasına deyil, kapital yatırımlarına və ya ehtiyat yığımlara yönəldilir.

Neftin qiymətinin düşməsindən isə ümumilikdə dünya iqtisadiyyatı qazanır. Bu kontekstdə ABŞ, Almaniya, Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və qonşu Türkiyənin istehlakçıları udmuş olurlar, çünki məhz onlar enerji resurslarının iri idxalçılarıdır. Ucuz neft il ərzində Türkiyə iqtisadiyyatının $20-25 milyarda qənaət etməsi deməkdir. Öz növbəsində qiymətin hər barelə $60 həndəvərində dəyişməsi nəticəsində hər bir amerikalı il ərzində yanacağa $800 qənaət etmiş olur, bütün Amerika iqtisadiyyatı isə təxminən $75 milyard qabağa düşür. “Oxford Economics”in qiymətləndirməsinə görə, hər barelin qiymətinin $20 düşməsi 2-3 il ərzində dünya iqtisadiyyatının 0.4% artımına səbəb olacaq.

Əlbəttə, uduzanlar da var. Bu, ilk növbədə bu hasilatçı ölkələrdir, çünki onların büdcələrinin əhəmiyyətli hissəsi neft gəlirlərindən asılıdır. Belə ölkələrin  sırasına Rusiya, İran, Nigeriya, Liviya, Əlcəzair, Ekvador, Anqola, İraq, Venesuella, Türkmənistan və Bəhreyn ilə yanaşı Azərbaycan da daxildir. Təəssüf ki, budəfəki effekt 2008-ci ildəkindən də güclü ola bilər. Dünya bazarında 23 milyon ton neft satan ölkəmiz həmin vaxt $28.47 milyard qazanmışdı. Yeddi il əvvəl “qara qızıl”ın bir barelinin $147-dan $40-a düşməsinə baxmayaraq, ARDNŞ və Dövlət Neft Fondu büdcəyə 11.338 milyard AZN köçürmüşdülər, bu isə dövlət büdcə gəlirlərinin 58%-ni təşkil etmişdi. Müqayisə üçün deyək ki, ilkin məlumatlara əsasən, ötən il ixrac edilən 24 milyon ton Azərbaycan nefti $19.1 milyard qazanmağa səbəb olub və SOCAR ilə ARDNF dövlət büdcəsinə 11.162 milyard AZN köçürüblər ki, bu da onun gəlirlərinin 60%-dən çoxunu əhatə edir.

Bu ilki büdcə daxilolmalarında xam neftin ixracı 63% təşkil edir. Təbii ki, qiymətlərin uzunmüddətli düşməsi ölkənin maliyyələşməsi üçün kifayət qədər təsirli faktor olacaq. Gözlənilir ki, dövlət büdcəsinin gəlirləri 19.438 milyard AZN-dən az olmayacaq, bunun da 12.213 milyard AZN-i ARDNF transferlərinin və SOCAR-ın ödəmələrinin payına düşür. Bütövlükdə bu il Dövlət Neft Fondundan daxilolmaların həcminə görə rekord göstərici olacaq. Proqnozlara əsasən, bu rəqəm il ərzində ilk dəfə olaraq 10.388 milyard AZN səviyyəsində nəzərə çarpacaq!

Dövlət büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov belə bir ehtimal səsləndirdi ki, maliyyə ili elə də hamar olmaya bilər. Bu ayda $500 milyon gətirən neft ixracından gəlirlərin azalması fonunda aydın məsələdir. Daxilolmaların azalmasının “qoxusu”ilk növbədə dövlət büdcəsinin xərclər hissəsindən gəlir. Ancaq maliyyə qurumunun rəhbərinin qeyd etdiyi kimi, dövlət büdcəsinin gəlirlər hissəsində neftin qiyməti və müvafiq olaraq onun həcmi mümkün problemlərin həlli üçün yeganə çıxış yolu deyil.

SOCAR-ın maliyyə məsələləri üzrə vise-prezidenti Süleyman Qasımov neftin qiymətinin hazırki səviyyəsində hasilatçının itkisini ildə 400 milyon AZN səviyyəsində dəyərləndirir. O hesab edir ki, şirkətin gəlirləri bundan az zərər çəkəcək, çünki SOCAR-ın hasil etdiyi xam neft ixraca deyil, dövlətin fiksə etdiyi qiymətlə daxili tələbatın ödənilməsinə yönəldilir.  Onun fikrincə, mümkün itkiləri xərclərin azaldılması hesabına örtmək olar. Bunların sırasına isə Cənubi qaz koridorunun tikintisi kimi layihələr daxil deyil və onun reallaşdırılmasına dövlət büdcəsindən 2.269 milyard AZN ayrılacaq.

Neftdən daxilolmaların azalması sosial layihələrin icrasına təsr etməyəcək. Milli Məclisin İqtisadi Siyasət komissiyasının sədri Ziyad Səmədzadə buna tam əmindir. Onun sözlərinə görə, “qara qızıl”ın qiymətinin düşməsi büdcə gəlirlərinə təsir edəcək, ancaq bu 2 milyard AZN-dən çox olmayacaq. O, qeyd edir ki, bu il dövlət büdcəsinin defisiti 2%-dən çox olmamalıdır, bu isə 1.662 milyard AZN deməkdir.

Z.Səmədzadənin həmkarı Vahid Əhmədov isə dünyada neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsir etdiyini bildirib. Deputat ehtimal edir ki, qısamüddətli perspektivdə bu, büdcə göstəricilərini güclü şəkildə pisləşdirməyəcək. Çünki əvvəlki yüksək qiymətlər hesabına onların düşməsini necəsə balanslaşdırmaq mümkündür. Lakin Azərbaycan ixracının əsas bəndi olan neftin qiymətlərinin uzun müddətli enməsi zamanı büdcə göstəricilərinə yenidən baxmaq qaçılmaz olacaq. V.Əhmədov hesab edir ki, neftin qiymətinin hər $10 düşməsi dövlət büdcəsinin gəlirlərini 256 milyon AZN azaldır. Hazırki qiymət düşməsi nəticəsində itkilər 800 milyon AZN-dən bir qədər çoxdur. O, həmçinin qeyd edir ki, ölkənin valyuta ehtiyatları artıq çoxdan bufer olub və qarşıdakı iki il ərzində neftin qiymətinin istənilən azalmasına qarşı iqtisadi proseslərin sabitliyini qorumağa hazırdır. Onun fikrincə, bununla yanaşı, Neft fondunun gəlirləri böyük həcmdə azalıb, bu isə öz növbəsində 2015-ci ilin yarısından başlayaraq, investisiya layihələrinin maliyyələşdirilməsinə təsir göstərə bilər.

Qeyd etmək olar ki, ümumilikdə büdcənin üçdə biri investisiya layihələrinə yönəlib, özü də vəsaitlərin 20%-i iqtisadçıların hesablamalarına görə Bakıda birinci Avropa Oyunlarının təşkil olunması üçün nəzərdə tutulub. Məlum olduğu kimi, bu hadisə iyun ayında baş tutacaq.

Xammal bazarındakı qeyri-sabit vəziyyətə görə, Azərbaycan 2015-ci ildən ilk dəfə olaraq dövlət büdcəsini ssenari şəklində planlaşdırmağa başlayıb. Azərbaycan üçün ciddi neqativ ssenari  - bu neftin barelinin  $30–40 səviyyəsinə düşməsidir. Bu şkalaYaxın Şərq ölkələrini və BP də daxil olmaqla bütün iri neft hasilatçılarını oyundan çıxarır. Ancaq yuxarıdakı  qiymətin mövcudluq versiyası inandırıcı görünmür, çünki bu halda aşağı qiymətlər fonunda ABŞ-ın 2020-ci ildən neftlə özünü təminata keçməsi məqsədi ümumiyyətlə öz mənasını itirər, enerjiyə qənaət və alternativ energetika texnologiyalarının inkişaf prosesi isə ciddi şəkildə “stop” vəziyyətinə keçər.

Ən yaxşı ssenari isə - qiymətlərin hər barrelə görə $80–90 olmasıdır. Bu neft ehtiyatlarının və maya dəyərinin dəyişməsi, xüsusəndə neft hasilatı regionlarında qeyri-sabit vəziyyətin yaranması, Rusiyadan neft alınmasına qadağa qoyulması və ya müvafiq olaraq Çin iqtisadiyyatının yüksək inkişafı fonunda aktuallaşa bilər. Hərçənd xam neftin faktiki ehtiyatları barədə göstəricilərdən başqa, bütün bu faktorlar müvəqqəti xarakter daşıyır və qiymətlərin yenidən yüksəlməsi də əvvəlki kimi uzunmüddətli olmaya bilər.

 

 
Açar sözlər: Azərbaycan dövlət büdcəsi neftin qiyməti Azərbaycanıın neft gəlirləri
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (341)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (163)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (226)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (528)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (327)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (265)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.