az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi layihələr və əldə olunan nailiyyətlər

23.10.2017

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, ölkəmizdə ətraf mühit məsələlərinə diqqət daha da artmış və ətraf mühitin qorunması sahəsində yeni layihələr icra olunmağa başlanmışdır.

Dənizdə və quru ərazilərdə aparılan neft-qaz əməliyyatları nəticəsində baş verən ekoloji problemlərin qarşısının alınması və baş vermiş çirklənmələrin aradan qaldırılması SOCAR-ın qarşısında duran ən mühüm məsələlərdəndir.

Bu istiqamətdə istər ölkədaxili qanunvericiliyin tələbləri, istərsə də Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyalardan irəli gələn məsələlər SOCAR tərəfindən uğurla həyata keçirilməkdədir.

SOCAR-ın ekologiya sahəsində son bir ildə əldə etdiyi uğurlar

SOCAR-ın fəaliyyət sahələrində formalaşan müxtəlif növ istehsalat tullantılarının müasir ekoloji tələblərə uyğun şəkildə idarə olunmasının təşkil edilməsi məqsədilə həyata keçirilən “Tullantı Mərkəzinin Genişləndirilməsi Layihəsi” üzrə işlər artıq yekunlaşmışdır. Belə ki, layihə çərçivəsində Mərkəzdə qazma şlamlarının emalı məqsədilə Almaniyada istehsal olunmuş 2 ədəd “VacuDry” (Vakuum-Distillə) qurğusu quraşdırılmışdır. 23 sentyabr 2016-cı il tarixində SOCAR və BP şirkətlərinin rəhbərliyinin və digər səlahiyyətli şəxslərin iştirakı ilə “Tullantıların İdarə Edilməsi Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilmişdir. Layihənin reallaşması nəticəsində 100 nəfər daimi iş yeri ilə təmin olunmuşdur. Sözügedən qurğuların istismarı nəticəsində qazma əməliyyatları zamanı formalaşan qazma şlamlarının emalına, tərkibindəki kimyəvi reagentlərin təkrar istifadəyə qaytarılmasına və tullantı həcminin kifayət qədər azaldılmasına nail olunur.

Bundan başqa, 2017-ci ilin 26 may  tarixində “5 iyun Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günü” ilə münasibətilə SOCAR və BP-Azərbaycan şirkətlərinin rəhbərliyinin iştirakı ilə “SOCAR TOWER”də “Azərbaycanın neft tarixi və SOCAR-ın ətraf mühit sahəsində həyata keçirdiyi böyük ekoloji layihələr” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə SOCAR və BP əməkdaşlığı çərçivəsində, habelə Dünya Bankının dəstəyi ilə reallaşdırılan Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlarında “Şamda yandırılan qazın azaldılması layihəsi”ndə əldə edilən çox böyük uğurlu nəticələrə görə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, xanım Rəfiqə Hüseynzadə BP-Azərbaycan şirkətinin “Ali mükafatı”na layiq görülmüşdür.

İqlim dəyişmələrinə təsirin azaldılması

Qlobal Ekoloji Fond (GEF) və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilməklə SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən milli Fəaliyyətlər Planı (NAMA)” layihəsi hazırlanmışdır.

Layihə aşağıda qeyd olunmuş 3 komponentdən ibarətdir:

Binalarda enerji səmərəliliyinin artırılması;
Nəqliyyatda alternativ yanacağa keçmək;
Quyulardan səmt qazının yığılması və istifadəçilərə təhvil verilməsi.

Milli inkişaf prioritetləri çərçivəsində hazırlanan layihə atmosferə daha az karbon qazı buraxan istehlak sektorları üzrə proqram xarakterli Milli Fəaliyyət Planı istixana effekti yaradan qaz emissiyalarının təsirlərinin azaldılması tədbirlərinin təşviqi və genişləndirilməsi məqsədini daşıyır. Layihənin spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişmələrinə Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdir.

Belə ki, layihənin birinci komponenti çərçivəsində 18-20 aprel 2017-ci il tarixlərində “SOCAR TOWER”də “Binalarda enerji sərfiyyatı/istilik hasilatı (enerjiyə qənaət/yanacaq növünün dəyişdirilməsi): yeni binalarda enerji səmərəli (kompleks) tərtibat, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri” komponentləri üzrə beynəlxalq təlimçi tərəfindən  “İqlim, enerji və binalar; Binaların enerji səmərəliliyi (əsas prinsiplər); İnteqrasiya edilmiş bina dizaynı və enerji simulyasiyaları və dünyada yüksək efektivli bina nümunələri” mövzularında nəzəri təlimlər keçirilmişdir. Layihənin bu komponenti çərçivəsində SOCAR-ın “Tullantıların İdarə Edilməsi Mərkəzi”ndə, Qala “Ekoloji parkı”nda və “Azərikimya” İB-də binaların enerji səmərəliliyinin artırılması məqsədilə təmir-tikinti işləri yekunlaşmış, sözügedən ərazilərdə 4 ədəd külək turbinləri və günəş panelləri quraşdırılmışdır.

Layihənin ikinci komponenti olan “SOCAR-ın nəqliyyat sektorunda enerjiyə qənaətli nəqliyyat imkanları, yanacağı səmərəli istifadə edən nəqliyyat vasitələrinin nəzərdə keçirilməsi, karbonsuzaşdırılmış yanacağa keçid üzrə innovativ texnologiyalar və eko-səmərəli sürücülük təcrübəsi” çərçivəsində bir ədəd “Toyota RAV 4x4 Hybrid” və üç ədəd “Toyota Auris Hybrid” avtomobilləri alınmışdır.

Bundan başqa, 30 yanvar və 3 fevral 2017-ci il tarixləri arasında beynəlxalq təlimçi tərəfindən SOCAR-ın Nəqliyyat İdarəsinin rəhbər, mühəndis və sürücü heyətinə “Yaşıl nəqliyyat” mövzusunda nəzəri, daha sonra isə minik, avtobus və yük avtomobillərində praktiki təlimlər keçirilmişdir.

Layihənin üçüncü komponenti olan “Quyulardan səmt qazının yığılması və istifadəçilərə verilməsi” çərçivəsində “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı ərazisində 63 quyuda yoxlama-ölçmə işləri həyata keçirilmiş, quyuların potensiallıq dərəcəsi müəyyənləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bundan başqa, səmt qazlarının yığılaraq sistemə qaytarılması və ya atmosferə atılmasının qarşısının alınması  məqsədilə «Neft Daşları» NQÇİ-nin 1799 saylı meydançasında 3 ədəd, 2A saylı meydançada 2 ədəd vakuum kompressorları quraşdırılmışdır.

2013-cü ildən başlayaraq hər il SOCAR, Əməliyyat Şirkətləri (ƏŞ) və Birgə Müəssisələrdə (BM) atmosferə atılan çirkləndirici maddələrin ümumi miqdarının hesablanması işləri aparılır. Cari ilin 6 ayı ərzində də 2016-cı il üzrə çirkləndirici maddələrin emissiyalarının inventarlaşdırılması aparılmış, atılmaların  kəmiyyət və keyfiyyət göstəriciləri müəyyən edilmişdir. Alınan nəticələr SOCAR üzrə hazırlanan illik Davamlı inkişaf hesabatında öz əksini tapmışdır.

Bununla yanaşı, SOCAR tərəfindən istehsalat prosesi zamanı atmosferə atılan səmt qazının azaldılması məqsədilə həyata keçirilmiş “2010-2015-ci illər üzrə Tədbirlər Planı”nın icra müddəti bitdiyindən, SOCAR-ın müvafiq Əmri əsasında “2017-2022-ci illər: SOCAR və SOCAR-ın iştirak etdiyi layihələrdə səmt qazı atılmalarının azaldılması Planı” təsdiq edilmişdir.

Lay sularının idarə edilməsi

SOCAR-ın fəaliyyət sahələrində istehsal prosesləri zamanı formalaşan lay sularının səmərəli idarə edilməsi məqsədilə genişmiqyaslı tədbirlər cari dövr ərzində də davam etdirilmişdir.  Bununla əlaqədar neft-qaz mədənlərində formalaşan lay sularının təmizlənməsi qurğularının quraşdırılması, həmçinin müvafiq tələblərə uyğun təmizlənmiş lay sularının yeraltı horizontlara vurulması istiqamətində mühəndis-axtarış işləri həyata keçirilmişdir.

“Neft Daşları” NQÇİ-nin 2A saylı İriləşdirilmiş Neft Yığım Məntəqəsində Böyük Britaniyanın FLS şirkətinin istehsalı olan lay sularının neft və qumdan təmizlənməsi üçün maksimal gücü 4400 m3/gün olan qurğu cari ilin iyul ayından etibarən istifadəyə verilmişdir.

Həmçinin H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində əlavə 10 ədəd lay sularının utilizasiyası quyusu istismara verilmişdir. Quyuların qapalı sistemdə yuyulması məqsədilə dəniz NQÇİ-lərində 4 ədəd qapalı yuma qurğusu quraşdırılmış və “Azneft” İB üzrə bu göstərici 45 ədədə çatdırılmışdır.

Bu layihələrin həyata keçirilməsi ekoloji təhlükəsizliyin təmin olunmasına, ətraf mühitə texnogen təsirlərin minimuma endirilməsinə, lay sularının tam qapalı sistemdə idarə edilmsinə və Xəzər dənizinin unikal ekoloji sisteminin mühafizəsinə xidmət göstərir.

Torpaqların təmizlənməsi

Hazırda mədən ərazilərindəki torpaqların çirklənmə dərəcəsinə görə təsnifatı, uyğun bərpa texnologiyalarının seçilməsi və tətbiqi istiqamətində tədqiqatlar davam etdirilir. Beləliklə, 2017-ci ildə SOCAR-ın, ƏŞ və BM-lərin neft və neft məhsulları ilə çirklənmiş əraziləri üzrə təmizlənmiş torpaqların sahəsi 1900 ha çatdrılmışdır.

Ekoloji monitorinqlər

Neft-qaz əməliyyatlarında ekoloji təhlükəsizliyin təmin olunması, ekoloji məsələlərə operativ nəzarətin təmin edilməsi, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, istehsal fəaliyyətinin təbii ekosistemlərə təsir parametrlərinin müəyyənləşdirilməsi, əməliyyat sahələrində biomüxtəlifliyin öyrənilməsi, habelə ətraf mühitin keyfiyyət göstəricilərinin daim diqqətdə saxlanılması məqsədilə dənizdə və quru ərazilərdə yerləşən neft-qaz yataqlarında davamlı şəkildə ekoloji monitorinqlər həyata keçirilir.

Monitorinqlər zamanı mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün götürülən nümunələr geniş maddi-texniki baza və ixtisaslı kadr potensialına malik, həmçinin TS EN İSO/İEC 17025 beynəlxalq standartı üzrə akkreditasiya olunmuş Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) analiz edilir.

2016-cı ilin sentyabr ayından ötən dövr ərzində SOCAR-ın Ekologiya İdarəsi tərəfindən SOCAR-ın müəssisə və təşkilatları üzrə  quruda 45, Şirkətin müəssisələrinə təhkim olunmuş Ekologiya İdarəsinin mütəxəssisləri tərəfindən isə dəniz və quru yataqlarında ümumilikdə 440 ekoloji nəzarət monitorinqi həyata keçirilmişdir. Bu zaman götürülmüş 782 nümunə üzərində İdarənin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) tərəfindən 4321 parametr üzrə kimyəvi analiz yoxlamalrı həyata keçirilmişdir.

Eyni zamanda KTL regionda icra edilən beynəlxalq layihələrdə iştirakın təmin olunması və beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə laborator analizlərin keyfiyyətini təsdiq etmək üçün mütəmadi olaraq laboratoriyalararası qarşılaşdırma sınaq testlərində də iştirak edir. Belə şirkətlərdən WEPAL, FAPAS və LGC kimi beynəlxalq şirkətləri qeyd etmək olar.

Məsələn, WEPAL şirkətinin keçirdiyi dib çöküntükərinin təhlili üzrə beynəlxalq laboratoriyalararası qarşılaşdırma testində KTL 100% uğurlu nəticə əldə etmişdir. Həmçinin, KTL cari ilin iyul ayında İngiltərənin bu sahədə nüfuzlu şirkəti sayılan LGC-nin 100-dən artıq laboratoriyası arasında təşkil olunan su nümunələrinin təhlili üzrə beynəlxalq laboratoriyalararası qarşılaşdırma testində iştirak etmişdir. Belə ki, KTL-ə göndərilmiş su nümunələrində 33 parametr üzrə analizlər aparılmış, nəticələr LGC şirkətinə təqdim edilmiş və sınağın nəticəsi olaraq 96% uyğunluq əldə edilmişdir.

Coğrafi İnformasiya Sistemi (CİS)

Ekologiya idarəsi tərəfindən aparılmış bütün ekoloji tədqiqatların nəticələri Coğrafi İnformasiya Sistemində (CİS) idarə olunan Ekoloji Məlumat Bazasına daxil edilmişdir. Toplanmış informasiyalar araşdırılmış, təhlil edilmiş, ətraf mühit göstəricilərinin illər üzrə dəyişmə dinamikası hazırlanmış, neft-qaz əməliyyatları aparılan sahələrdə ekoloji vəziyyətin tendensiyası müəyyən edilmişdir.

Cari ildə aparılan ekoloji monitorinqlər zamanı çirklənmiş sahələrin, rekultivasiya edilmiş ərazilərin, yaşıllıqların, monitorinq stansiyalarının və digər tədqiqat obyektlərinin koordinatları təyin edilmiş və Coğrafi İnformasiya Sistemində 37 xəritə-sxem hazırlanmışdır.

Ekoloji normativ sənədlərin işlənilməsi

Ekologiya idarəsi tərəfindən mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi, ətraf mühitə potensial təsirlərin təyin olunması, yumşaltma tədbirlərinin həyata keçirilməsi məqsədilə “Azərikimya” İB-də icra edilən Modernizasiya və Yenidənqurma layihəsi və  H.Əliyev adına NEZ-də reallaşdırılan Yenidənqurma və Modernizasiya layihəsinin I Fazası – Yeni Bitum qurğusunun tikintisi və istismarı dövrü üzrə ƏMTQ sənədləri hazırlanaraq, ETSN-də dövlət ekspertizasından uğurla çıxdıqdan sonra sifarişçilərə təhvil verilmişdir.

NEZ-in Modernizasiya və Yenidənqurma layihəsi üzrə II fazası - dizel və benzin fraksilayalarının emalı qurğularının tikintisi və istismarı dövrü üzrə ƏMTQ sənədi artıq hazırlanmış və razılaşdırılma üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdur.

Eləcə də qeyd edək ki, H. Əliyev adına NEZ-də texnoloji qurğuların susoyutma sisteminin təkmilləşdirilməsi məqsədilə ərazidə iş quvvəsi 7000 m3/saat olan yeni susoyutma qradirninin inşası və quraşdırılması işləri başa çatdırılmışdır. Qurğu artıq 1 iyun 2017-ci il tarixindən etibarən istifadəyə verilmişdir. Nəticədə tullantı sularının həcminin Buraxıla Bilən Axıntı Həddi normalarına qədər azaldılması proqnozlaşdırılır.

Yuxarıda qeyd olunanlarla yanaşı, SOCAR-ın fəaliyyət sahələrində həyata keçirilən aşağıdakı neft-qaz layihələri üçün də ƏMTQ sənədləri hazır­lanmışdır:

Neft Daşları yatağında 620A nömrəli SDÖ-də 8 ədəd quyunun qazılması və istismarı;
Qərbi Abşeron yatağında 54 nömrəli SDÖ-dən 11 ədəd quyunun qazılması və istismarı;
Günəşli 14 saylı DDÖ-də qazılacaq 354 və 355 saylı quyuların tikintisi və istismarı.

İstehsal fəaliyyətinin mövcud ekoloji norma və tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə cari dövr ərzində SOCAR-ın müəssisə və təşkilatları üçün 29 normativ sənəd qəbul olunmuşdur.

Ekoloji ölçmə və ya avtonəqliyyat vasitələrinin yoxlanılması

SOCAR-ın idarə və müəssisələrindəki 2516 ədəd avtonəqliyyat vasitələrində atmosfer havasına atılan zəhərli qazların ölçülməsi və atmosferə atılmaların normativlərə uyğunluğuna nəzarətin təmin edilməsi məqsədilə Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yaradılmış iki stasionar və bir səyyar Ekoloji-Ölçmə məntəqələrində ekoloji müayinələr aparılmışdır. Bu nəqliyyat vasitələrindən 1723-ü normaya uyğun qeydə alınmış, 793-ü isə normalara uyğun gəlmədiyindən müvafiq aktlar tərtib edilmişdir.

Tullantıların idarə edilməsi

Ətraf mühitin mühafizəsinin əsas prioritet istiqamətlərindən biri də tullantıların idarə edilməsidir. Belə ki, ölkəmizin qoşulduğu BMT-nin “Davamlı Üzvi Çirkləndiricilər haqqında” Stokholm Konvensiyasının öhdəliklərinin icrası məqsədilə cari ildə Konvensiya ilə tənzimlənən polixlorbifenil (PXB) birləşmələrinin inventarlaşdırılması işləri davam etdirilmişdir. Belə ki, bundan öncə SOCAR, BM və ƏŞ-nin fəaliyyət sahələrindəki PXB-li yağlar olan elektrik avadanlıqları inventarlaşdırılmış, PXB birləşmələrinin təyini istiqamətində yağ nümunələri götürülmüş və Ekologiya İdarəsinin KTL-də müvafiq parametrlər üzrə analiz edilmişdir. Bundan başqa, SOCAR-ın müvafiq Əmri ilə “Tərkibində polixlorbifenil birləşmələr olan yağların idarə edilməsi üzrə 2016-2020-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilmişdir.

Eyni zamanda, 2016-ci ilin sentyabr ayından indiyə qədər SOCAR-ın idarə və müəssisələrində yaranmış 63476,1 ton tullantılardan 63211,7 ton aidiyyəti üzrə, habelə SOCAR-ın “Tullantıların İdarə Edilməsi Mərkəzi”nə 7564 ton qazma şlamı və 275 ton bərk istehsalat tullantıları təhvil verilmişdir. H. Əliyev adına NEZ-də istehsalat zamanı əmələ gəlmiş 24753 ton neft şlamı “Ekol MX” QSC-nin “Alfa-Laval” qurğularında zərərsizləşdirilmiş, 408 ton turş qudron regenerasiya olunmuşdur.

SOCAR-ın “Tullantıların İdarə Edilməsi Mərkəzi”ndə quraşdırılmış qazma şlamlarını emal edən qurğularla yanaşı, gələcəkdə neftli-yağlı suların, lüminessent lampaların, akkumulyatorların və s. müxtəlif növ digər tullantıların emalı üçün qurğu və avadanlıqların quraşdırılması da nəzərdə tutulur.

Yaşıllaşdırma

Ətraf mühitin mühafizəsi və ekoloji tarazılığın qorunması məqsədilə SOCAR tərəfindən rekultivasiya edilmiş sahələrdə 64327 ədəd müxtəlif növ ağac və kol bitkiləri əkilmiş, bununla yanaşı əvvəlki illərdə əkilmiş ağac və kol bitkilərinə aqrotexniki qulluq göstərilmişdir.

Ekoloji təbliğat və maarifləndirmə işləri

SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair Tədbirlər Planı”na əsasən, idarə və müəssisələrdə “Müasir ekologiyanın qlobal problemləri”, “Sudan qənaətlə istifadə edək”, “İnsan və ətraf mühit. Ekoloji mədəniyyət”, “Ətraf mühit üzrə qanunvericilik”, “Ekoloji Siyasət”, “Tullantıların İdarə Olunma Planı”, “Qazma zamanı ətraf mühiti çirkləndirə biləcək mənbələr”, “Neft dağılmalarının təsnifatı” və sair mövzular üzrə maarifləndirmə işləri aparılmışdır.

SOCAR Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən keçirilən “Yer saatı” kampaniyasına qoşulduğundan, SOCAR-ın qeyri-istehsalat sahələrində 25 mart 2017-ci il tarixində elektrik enerjisinə qənaət edilməsi məqsədilə 1 (bir) saat müddətinə binaların fasad işıqlarının söndürülməsi aksiyası keçirilmişdir.

Bununla yanaşı, Azəraycan Respub­likası Təhsil Nazirliyi Bakı Şəhəri Təhsil İdarəsi ilə SOCAR-ın Ekologiya idarəsi arasında imzalanmış əməkdaşlıq sazişinə uyğun olaraq, “Yaşıl məktəb” layihəsi və “Ekoloji aylıqlar” həyata keçirilmişdir.

“Yaşıl məktəb” layihəsi Bakı şəhəri məktəblərində yeni yaşıllıq massivlərinin salınmasına xidmət edir. Bu layihə üzrə yaşıllıqların yaradılmasında məktəblilərin iştirakı gənc nəsildə ekoloji mədəniyyətin aşılanması baxımından böyük əhəmiyyət kəsb edir.

13 yanvar 2017-ci il tarixində Ekologiya İdarəsinin əməkdaşlarının iştirakı ilə Bakı şəhərindəki 191 nömrəli tam orta məktəbdə “Ekoloji aylıqlar” layihəsinin rəsmi açılış tədbiri keçirilmişdir.

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində hər ay Bakı şəhərinin məktəblərində “Ekologiya və iqtisadiyyat”, “Ekoloji mədəniyyət”, “Alternativ enerji”, “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi”, “Sağlam həyat tərzi”, “Tullantıdan incəsənətə” mövzularında Ekologiya idarəsinin mütəxəssisləri tərəfindən təqdimatlar keçirilmişdir.

18 yanvar 2017-ci il tarixində 201 nömrəli tam orta məktəbin şagirdlərinin “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinə ekskursiyası təşkil edilmiş, məktəblilərə ətraf mühitin mühafizəsi, Azərbaycanın bioloji müxtəlifliyi, yaşıllıq massivlərinin yaradılması və mühafizəsi ilə əlaqədar maarifləndirici məlumatlar verilmişdir.

21 fevral 2017-ci il tarixində SOCAR-ın Ekologiya idarəsinin təşəbbüsü və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdlərinin iştirakı ilə “Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü”nə həsr olunmuş “Açıq dərs” keçirilmişdir. “Açıq dərs”də Ekologiya idarəsinin əməkdaşları tərəfindən “Su Məməliləri” və “Xəzərin ekosistemi” mövzularında təqdimatlar maraqla qarşılanmışdır.

 
Açar sözlər: SOCAR ekologiya ekoloji problemləri neft qaz
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.