az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Öldü var, birləşdi yoxdu!

09.10.2015 | İlhamə XANLARQIZI

Səhmdarlar “Bank Technique”i vəziyyətdən çıxartmaq üçün 40 milyon manat vəsait qoymağı qərara alıblar

Bank sektorunda süni tənəffüs aparatına qoşulan bir neçə bankın taleyi ilin sonuna qədər məlum olacaq. Bank Technique və “Bank of Azərbaycan”ın iflası barədə Mərkəzi Bankın qərarı isə ləngiyir. Ekspertlərdən bir qismi bunu hazırda banklar üçün səhmdar axtarışı ilə əlaqələndirsələr də, daha bir neçə aktual nüansların önəminin yüksək olduğunu vurğulasaq, yanılmarıq. Belə ki, iflas elan edilən zaman ilk növbədə banklarda yerləşdirilən depozitlərin qaytarılması məsələsi gündəmin mövzusu ola bilər. Çünki bu təqdirdə qanunvericiliyin tələbinə görə depozitlərin 1 ay müddətində qaytarılması  lazım gələcək və bu isə öz növbəsində Əmanətlərin Sığortalanması Fondunun böyük həcmdə vəsait itirməsi deməkdir. Dövlət vəsaitlərinin qorunması və xərclərə qənaət sisteminin gücləndirilməsi ilə bağlı mövcüd situasiyada isə bu qədər maliyyə itkisini qarşılamaq hökumət üçün arzuolunan deyil. Həmçinin Mərkəzi Bank maliyyə bazarındakı qeyri-stabil vəziyyət fonunda belə böyük bir bankı itirdiyini elan etməklə, vətəndaşların bank sisteminə etimadını sarsıdacağından ehtiyat edir. 

Qanunla…

Məlumdur ki, Mərkəzi Bank ilin əvvəlindən Azərbaycan Kredit Bankı və “Avrobank”ın iflasına dair qərar verib. Hazırda namizədlər sırasında gərgin vəziyyətdə olan daha bir neçə bank var. İctimai rəy artıq onların süqutuna köklənən informasiyalarla demək olar ki, doydurulub. Lakin bankın iflas elan edilməsi prosedur cəhətdən o qədər də sadə deyil. Bunun üçün əsaslar sırasında isə ümdə məsələlər bunlardır: bank prudensial normativ tələbləri yerinə yetirmir, kapital tələbi yetərli deyil və ya bank öz istəyi əsasında iflas qərarının verilməsini xahiş edir. Bank iflas elan edildiyi halda isə qanunun tələblərinə görə, məbləği 30 min AZN-ə qədər olan depozitlər 1 ay müddətində qaytarılmalıdır. Üstəlik, qorunmayan əmanətlərin qaytarılması məsələsi də gündəmə gəlir. Mövcud mənzərə isə bundan ibarətdir ki, bank sektorunda baş verən istənilən hadisə həm də ümumilikdə iqtisadiyyata təsirsiz ötüşmür. Yəni, iqtisadiyyatın qan dövranı hesab olunan maliyyə bazarı hazırda onsuz da tam etimadla deyil, gözləntilər altında fəaliyyət göstərir. Ona görə də banklardan maliyyə axını güclü şəkildə davam edir və xüsusən də bu vəsaitin bir qismi ölkədən kənara çıxarılır. Maraqlıdır ki, Türkiyənin valyuta bazarında lirənin devalvasiyaya uğraması artıq ənənə halını alsa da, bu ölkədə bankların oturuşmuş imici etimadsızlıq kimi bir sindrom ortaya çıxartmır. Lakin Azərbaycan bazarı ilin əvvəlində baş verən “təkan”dan hələ də özünə gələ bilmir. Təbii ki, səbəblər sırasında neft gəlirlərinin dövr etdiyi bir maliyyə sisteminin mövcud olması və hazırda bu gəlirlərin azalması ilə bağlı yaşanan maliyyə qıtlığı da aktualdır. Bununla yanaşı, likvidlik problemi yaşayan bankların risk menecmentinin zəifliyi və krizis strategiyasının olmaması onların sabitliyi tezliklə bərpa etməsinə imkan vermir.       

Bank Technique himayəçi axtarışında

Xatırladaq ki, Bank Technique 2014-cü ili normal maliyyə göstəriciləri ilə tamamlamışdı. Belə ki, bankın aktivləri 608,726 min AZN olub və bu göstəriciyə əsasən, Bank Technique renkinq cədvəlində 8-ci pillədə qərarlaşırdı. Bankın kredit portfelinin həcmi 447,785 min AZN, məcmu kapitalı isə 62,237 min AZN təşkil edirdi. Eyni zamanda 306,369 min AZN depozit portfelinə sahib olan bank yenə də ilk onluqda görünürdü. Lakin Azərbaycan Beynəlxalq Bankındakı maliyyə qalmaqalının dolayısı olaraq təsiri nəticəsində hələ ilin əvvəlindən başlanan SOS siqnalı, fevral ayında baş verən devalvasiyadan sonra bankda stabil idarəetmə dayaqlarının tamamilə sarsılmasına səbəb oldu. Bank həmin dövrdə nəzərəçarpan məbləğdə xarici valyuta aldığından “fevral devalvasiyası” demək olar ki, bankın çökməsinə güclü təkan vermiş oldu. Külli miqdarda depozitlərin sürətlə əriməsi baş verdi, yəni iri depozit sahiblərinin birdən-birə vəsaitlərini geri götürməsi nəticəsində maliyyə qıtlığı yarandı və Bank hazırda fərdi depozit sahiblərinin pulunu qaytarmaqda çox çətinlik çəkir. Demək olar ki, hissə-hissə ödənilən bu depozitlər üzrə bankın öhdəçiliyi isə kifayət qədər böyükdür. Təbii ki, vəziyyət ürəkaçan deyil, buna baxmayaraq, Mərkəzi Bank iflas qərarını verməyə tələsmir. Aldığımız məlumatlara görə, “Bank Technique”in faktiki səhmdarları bir yerə toplaşaraq Müşahidə Şurasının iclasını keçiriblər. Səhmdarlar hissə-hissə olmaqla, 40 milyon manat vəsaitin banka sərmayə şəklində qoyulmasını və bu yolla bankın yenidən dirçəlməsini dəstəklədiklərini bildiriblər. Himayəçi qismində isə hazırda Azər-Türk Bankın və Kapital Bankın adı hallanır. Xatıradaq ki, rəsmi olaraq Azər-Türk Bankın səhmlərinin 75 faizi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə məxsusdur. Kapital Bankın əsas səmdarı qismində isə Paşa Holding çıxış edir. 

Ehtiyatlı bankın…

…zərəri çox olar. Bankların fəaliyyətinə dair həyacan siqnalı problemli kreditlərdən başlayır. Bunu “Royal Bank”ın simasında hələ iki il əvvəl də görmək olardı. Ümumiyyətlə, problemli kredit səbəti 50 faizi keçirsə, bu fakt artıq vəziyyətin gərinləşməsindən xəbər verir. Hazırda Mərkəzi Bank problemli kredit üzrə bir çox banklara erkən xəbərdarlıq edib. Nəticədə bu gün banklar verilmiş kreditlər üzrə ehtiyatları artırmaqla özlərini gözlənilən təhlükədən sığortalamağa çalışırlar. Bankda ehtiyatın yüksək olması isə həmin kreditlər üzrə ümidsizliyin göstəricisi hesab edilir. Məlumdur ki, verilmiş kreditlər üzrə ehtiyatın formalaşmasında gəlirlərdən istifadə edilir və bankın zərəri varsa, bu bənd üzrə göstəricilər də yüksəlir. Beləliklə, ehtiyatların yüksəlməsi birbaşa kapitala mənfi təsir edir. Keyfiyyətsiz girov faktoruna gəlincə, məlumdur ki, bəzən banklarda verilən kreditin əvəzində qoyulan girovların qiyməti düzgün dəyərləndirilmir və ya şişirdilir. Bu nüans istehlak kreditlərində xüsusilə qabarıq şəkildə ortaya çıxdı. Mərkəzi Bankın kreditvermə prosedurlarına və zamin duran şəxsə qarşı borc yükü ilə bağlı sərtləşdirmə tədbirləri məhz bu problemin yaranmamasına istiqamətlənib. Amma ümumi şəkildə girovların dəyərsizləşməsi amilində təhlillər göstərir ki, ölkənin daşınmaz əmlak bazarındakı durğunluq daha mühüm önəm daşıyır.  

Bankların sayının azalması qaçılmazdır

Son bir ildə Azərbaycan banklarının say etibarilə çox olması ilə bağlı səslənən fikirlər, əlbəttə yekunda bazarda daha rəqabətə davamlı maliyyə sisteminin qalacağını və ya konsolidasiyanı diktə edir. Artıq kreditləşməni dayandıran Bank Technique ilə yanaşı, Yunayted Kredit Banka da analoji sanksiya qoyulub. Azərbaycan Mərkəzi Bankı “Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib. Bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmalıdır. Xatırladaq ki, bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından “Yunayted Kredit Bank”ın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər. Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.

Eyni zamanda bir ildən yuxarıdır ki, “adı var, özü yox” olan “Bank of Azerbaijan”ın taleyi də müəmmalı olaraq qalır. Son məlumatlara görə, “Garant Holding”in də səhmdarı olduğu “Bank of Azerbaijan”ın Müşahidə Şurasının üzvləri yenidən toplaşıb və bankda səhm paketinə sahib olan “Hafka” ləqəbli Hafiz Məmmədov idarəetməni öz üzərinə götürüb. Gəzən məlumatlara əsasən, Hafiz Məmmədov guya bankı yenidən dirçəldəcəyinə söz verib, ancaq hazırki vəziyyətdə bu ağlabatan deyil və“Bank of Azerbaijan”ın tarixə qovuşması effekti daha real görünür. Hətta demək olar ki, artıq ölkə əhalisi belə bir bankın mövcudluğunu da unudub. Ekspertlər hesab edirlər ki, Mərkəzi Bankın bu qədər bank çoxluğunda gözləmə mövqeyi tutaraq qərar verməyə tələsməməsi hüquqi amillərlə yanaşı, həm də siyasi motivlərlə ciddi şəkildə bağlıdır. Xüsusən də bu sahədə hər hansı konkret addımların atılması bu ilin noyabr ayında baş tutacaq parlament seçkilərindən sonraya proqnozlaşdırılır.

İxtisarlar və filialların azalması

Yuxarıda deyilənləri ümumiləşdirsək, hazırda bank sektorunun əsas 4 problemi var: depozit qıtlığı, problemli kredit portfelinin şişməsi, keyfiyyətsiz girov amili və risk strategiyasının olmaması.

Hazırda banklar xərclərə qənaət etmək məqsədilə xüsusən də regionlardakı filial şəbəkəsinin sayını azaltmağı çıxış yollarından biri hesab edirlər. Ehtimallar sırasında ilin sonuna kimi 1-2 bankın və bank olmayan kredit təşkilatının bağlanmasına dair fikirlər də var. Son günlərdə Bank Respublika və “Bank of Baku”nun filiallarının bağlanması xəbərləri gəlməkdədir. Bank sektorunda baş verəcək narahatlıqları xüsusən də “Bank Respublika”nın timsalında izləyən ekspertlər bu bankın davranışı əsasında qarşıdakı aylarda da filialların bağlanmasını və kadr heyətinin ixtisarlarının müşahidə ediləcəyini proqnozlaşdırırlar. Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev hesab edir ki, bəzi bankların birləşməsi labüddür və həmin banklar üçün daha yaxşı çıxış yoludur. Amma tarixi gerçəklik göstərir ki, Azərbaycanda bankların birləşməsi sadəcə mümkün deyil. Onlar bağlansalar da birləşməyə razılıq vermirlər, çünki idarəetmə pultunun sahibinin düzgün seçilməsi və bu zaman ədalətlilik, şəffaflıq prinsipinin qorunacağına heç kim zəmanət verə bilməz. Ekspert Samir Əliyev hesab edir ki, bir neçə bank artıq bazarı tərk etmək üzrədir. Ancaq Mərkəzi Bank iflas qərarını vermək istəmir və daha çox konsalidasiya barəsində düşünür.  Bu, baş verməlidir, zəif banklar aradan çıxmalıdır. Ancaq bankın bazarı tərk etməsindənsə, birləşməsi daha yaxşıdır. Çünki banklar sıradan çıxdıqca, təmərküzləşmə yaranır, bu isə öz növbəsində arzuolunan hal deyil.

S.Əliyev vəziyyətdən çıxış yolu kimi Mərkəzi Bankın bankları ucuz maliyyə ilə təmin etməsini və dövriyyədə olan pul kütləsinin artırılmasını təklif edir. Qeyd edək ki, 2014-cü ildə dövriyyədə olan nağd pul kütləsi 11,7 milyard manat idi. Bu il isə həmin rəqəm 6,3milyard manata enib. Mərkəzi Bank isə bazara pul kütləsi buraxmağa ehtiyatla yanaşır. Alternativ yollarından biri xarici valyuta mənbələrinə çıxış imkanına malik olmaqdır, təbii ki, bunu ancaq yüksək reytinqə malik banklar edə bilərlər. Hərçənd Azərbaycan Beynəlxalq Bankının reytinqinin düşməsinə baxmayaraq, Avropa İnvestisiya Bankından 50 milyon avro məbləğində kredit alması barədə müqavilə imzalandı. Vəsaitin Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək xarakteri daşıdığını elan edən ABB-nin bunun qarşılığında hansı öhdəliklər götürməsi çox maraqlı nüansdır.

20 trilyon dollar sərbəst vəsait

Statistikaya əsasən, dünyada 20 trilyon dollar sərbəst vəsait dolaşmaqdadır və istifadəyə risksiz obyekt axtarır. Buna görə də banklarımızın öz səhmlərini xarici fond bazarında yerləşdirmələri hesabına investor tapması heç də çətin deyil. Hazırda qonşu Gürcüstan bu sahədə böyük uğurlar əldə edib və ekspertlər hesab edirlər ki, Azərbaycan şirkətləri, bankları öz cəlbediciliyinə görə regionda daha üstün mövqeyə malikdirlər. Lakin xarici bazara çıxmağa həvəs göstərməyən yerli şirkətlər yalnız daxili sərmayə hesabına dolanmağa və vəziyyətdən çıxmağa çalışırlar. Elə isə kolay gəlsin!   

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (328)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.