az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Gəmiçilik servisində keyfiyyət lideri - CMS

21.09.2015 | İlhamə Abdullayeva

Caspian Marine Services Limited (CMS) şirkətinin direktoru Zamiq İsmayılov ilə müsahibə.

Bildiyimiz kimi, dünya bazarında neftin qiyməti düşür. Caspian Marine Services Limited (CMS) şirkəti neft sektorunda xidmətlər təklif etdiyindən bilmək istərdik ki, bu amil işinizin həcminə təsir edibmi?

Təbii ki, işin həcmində azalma baş verib. Xatırlayırsınızsa, oxşar hadisə hələ 2008-ci ildə dünyada neftin ucuzlaşması və maliyyə böhranı fonunda  yaşanmışdı. Bu zaman dənizlə yükün daşınma sayı və çəkisi azaldığından gəmi sahibləri çətinliklərlə üzləşmişdilər. Qiymətlərin ucuzlaşması və xərclərin artması səbəbindən hətta köhnə gəmilər işlətmə tariflərini saxlaya bilmədiyi üçün kəsilməyə (utilizasiyaya) verilmişdi. Bu zaman gəmi təmiri və gəmikəsmə zavodları daha çox pul qazanmağa başladılar. Yəni ki, gəmiçilik sənayesinin bir hissəsi təşəkkül tapdığı halda, digər hissəsi tənəzzül etdi. Eyni hadisələr 2014-cü ilin sonundan başlayaraq indiyədək davam etməkdədir. Bilirsiniz ki, hər bir barelin hasilat və gəlir qiyməti var. Gəlir qiyməti düşdükcə, neft şirkətləri xərcləri azaltmağa çalışırlar. Exson, BP, Total artıq əməkdaşlarının ixtisarına əl atmaqla xərcləri azaltmağa yönəlik qənaət siyasəti yürüdürlər. “BP Azərbaycan” şirkəti də bu proseslərdən uzaqda qalmamışdır. Bu yaxınlarda ölkəmizdə çalışan böyük neft şirkətləri bütün podratçıları dəvət edərək müqavilələrin qüvvədə olmasına baxmayaraq bizdən faiz etibarı ilə ikirəqəmli endirim istədilər. Biz hazırki durumda endirim edilməsinə razılıq verdik və neftin qiyməti qalxandan sonra əvvəlki qiymətlərin bərpa olunması şərtini irəli sürdük. Bu təklifimiz onların ürəyincə olmadı, amma hesab edirəm ki, biz ədalətli yanaşma nümayiş etdirdik. “Belə çıxır ki, siz bizi ağır günlərdə özünüzlə birlikdə, yaxşı günlərdə isə birlikdə görmürsünüz”,-deyə sağlam diskussiyamız oldu. Ancaq CMS olaraq bəzi layihələr üzrə endirim etməyi lazım bildik və bunu etdik. “Şahdəniz-2” layihəsi üzrə işlər isə normal şəkildə davam edir və bu layihənin neftin qiymətindən o qədər də asılılığı olmadığı üçün alyans tərəfdaşımız olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birlikdə müqavilə şərtləri üzrə işləyirik. Xırda layihələrlə bağlı xidmətlər isə demək olar ki, ümumiyyətlə yoxdur. Hazırda CMS-in donanmasının 90 faizi “Şahdəniz-2” layihəsində çalışdığından donanma vahidlərində heç bir itkimiz olmadı. Qeyd edim ki, Xəzərdə bu tendensiya digər neft ölkələrində də baş verir. Ümumilikdə dünyada böyük gəmi servisi şirkətlərində işlərin həcmi kəskin azalıb, əksinə gəmi bazarında bolluq yaranıb və nəticə qiymətlərin ucuzlaşmasını diktə edir. Yalnız yeni gəmi donanmasına malik olan şirkətlər bu gedişlə müəyyən qədər öz iş həcmlərini qoruyub saxlaya biliblər, çünki onların istismar xərcləri nisbətən azdır.         

Hazırda hansısa müqavilələrin icrasında “time-out” götürülübmü?

Deyirlər pis günün ömrü az olar. Hərçənd bu dəfəki ucuzlaşmanın daha uzun çəkəcəyi proqnozlaşdırılır. Artıq bir ildir ki, bu tendensiya baş verir. Həm də Qərbin İrana qarşı sanksiyaları aradan qaldırması dünya bazarına gündəlik bir neçə milyon barel əlavə neft çıxarılması deməkdir. Bu isə neftin bahalaşmasının yaxın vaxtlara təsadüf etməyəcəyindən xəbər verir. Lakin İranın bazara daxil olması gəmiçilik şirkətləri üçün yeni perspektivlər açacaq, çünki İranın donanması çox köhnəlib və sanksiyaların qaldırılacağı təqdirdə yeni donanmaya malik olan şirkətlər üçün yeni bazar açılacaq. Məlumdur ki, neft yalnız ticarət deyil, həm də siyasətdir. Ona görə də bu siyasətin təzahürləri ölkələrin iqtisadi və sosial layihələrinin icrasına təsirsiz ötüşmür. Hal-hazırda CMS olaraq, time-out gözləyən gəmilərimiz yoxdur. Deyə bilərəm ki, AXDG ilə birlikdə istismar etdiyimiz və sırf neft-qaz layihələri ilə əlaqədar olan gəmilərimizin heç biri işsiz deyil. “Şahdəniz-2” ilə bağlı müqaviləmiz 2017-ci ilin noyabr ayının sonuna qədər davam edəcək, yəni donanma hələ bir neçə il fasiləsiz şəkildə işləyəcək.      

CMS-in malik olduğu donanmanın texniki və kadr imkanlarını nəzərə alsaq, Xəzər hövzəsi ölkələrində çalışmasına toxunmaq istərdik. Hazırda qonşu Xəzəryanı ölkələrlə əməkdaşlıq edirsinizmi və bu sahədə perspektivləri necə qiymətləndirirsiniz?

Bir neçə ildir ki, bu ölkələrlə qısamüddətli layihələrlə işləyirik. Rusiya, Qazaxıstan, Türkmənistan üzən neft-qaz qazma qurğularının yedəkləmə (yerdəyişmə) əməliyyatlarını həyata keçirmək üçün Bakıya, bizim şirkətə tez-tez üz tutur. Bu ilin iyun ayında CMS olaraq Azərbaycan filialından əlavə birinci xarici ofisimizi Rusiyanın Həştərxan limanında açdıq. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən icarəyə götürdüyümüz və idarəçiliyi CMS-ə aid olan sərnişin gəmisini hal-hazırda Həştərxan limanında saxlamışıq. Orada “Lukoil” şirkətinə məxsus Vladimir Filanovski adına neft-qaz yatağında uzun müddətli müqavilə ilə sərnişin gəmimiz istismar olunmaqdadır.  Eyni zamanda Türkmənistan, Qazaxıstan və gələcəkdə İranla bağlı marketinq planlarımız mövcuddur. “Bütün yumurtaları bir qaba qoysan və qab düşsə yumurtaların hamısı birdən sınacaq”, bu bir ingilis məsəlidir. Ona görə də biz də Azərbaycanla kifayətlənmirik və neftlə zəngin olan ərəb ölkələrinə, Fars körfəzinə çıxmağı planlaşdırırıq. Məlumdur ki, BƏƏ böyük potensiala malikdir. Bizim üçün bu bazar çox maraqlı olduğundan öz donanmamızı orada da nümayiş etdirmək istərdik.

CMS şirkətinin idarə etdiyi gəmilər davamlı olaraq “Ayın gəmisi” adına layiq görülür. Hansı xüsusiyyətlərinə görə?

Təvazökarlıqdan uzaq olsa da deyim ki, işimizi lap təməlindən başlayaraq yüksək səviyyədə təşkil etməyə çalışırıq. İlk növbədə gəmilərimizi yüksək imicə malik gəmiqayırma zavodlarından alırıq. CMS-Pəhləvan, CMS-3, CMS-İgid gəmilərimiz dünyada tanınmış “Damen” şirkətində tikilib. “Müslüm Maqomayev” gəmisi Avstraliyanın “Incat-Tasmania” şirkətində inşa olunmuşdur. Uğurlarımızın səbəbi isə gəmilərimizin dizaynı, davamlılığı, təhlükəsizlik parametrləri, ən əsası da peşəkar komanda heyətidir. Göyərtə matrosundan tutmuş gəmi kapitanına qədər hər bir əməkdaşı müsahibədən keçirir, onlara əmək fəaliyyəti üçün lazım olan bütün nüansları basa salır, hazırlıq səviyyəsinə tam əmin olandan sonra iş başına keçiririk. Qısası işimizə fundamental olaraq düzgün yanaşırıq və sonda keyfiyyətli servislə seçilirik. Yəni yaxşı işləyirik və müttəfiqlərimiz də bizi qiymətləndirirlər. Təqdim etdiyimiz servisin keyfiyyətinə görə özümüzü ofşor neft yataqlarına gəmiçilik xidməti üzrə lider hesab edirəm. Qeyd edim ki, CMS olaraq gələn il 10 illiyimizi qeyd edəcəyik. Düzdür, gəmiçilik şirkəti üçün bu o qədər uzun tarix deyil, amma bu illər ərzində qüsursuz işləməyimiz bizə müsbət imic qazandırıb.   

CMS xaricdə çalışan təcrübəli dənizçi həmvətənlərimizin Azərbaycana dəvət olunmasına xüsusi həssaslıqla yanaşır. Onların peşəkarlığı Sizi qane edirmi? 

Sırf yeni gəmilərimizdə - “Üzən mehmanxana” Qurban Abbasov kran gəmisi (Flotel) və “Şahdəniz-2” layihəsindəki gəmilərimizdə yerli kadrlarımızı irəli çəkmişik. Onların 60-70 faizi xaricdə çalışmış azərbaycanlı peşəkarlardır. Bizim iş təklifimizi onlar sevinclə qarşılayırlar, çünki CMS yalnız əmək haqqı baxımından deyil, həm də ailə sığortası, bortdakı iaşə xidmətlərinin keyfiyyəti, iş rejimi, onlara insan və peşəkar kimi düzgün münasibətdən məmnundurlar. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, İran körfəzində azərbaycanlı dənizçilər çoxdur. Ona görə də yeni gəmillərimizə kadr axtaranda ilk növbədə həmvətənlərimizə müraciət edirik. Deyə bilərəm ki, onların peşəkarlıq səviyyəsi və idarəçilik prinsipləri dünya standartlarına yaxın olduğundan bizi daha çox qane edir. Qürurla vurğulamaq istərdim ki, hazırda dənizdəki əməkdaşlarımız 100 faiz Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.

Bildiyimizə görə, “Müslüm Maqomayev” gəmisini icarəyə vermisiniz. Maraqlıdır hansı şərtlərlə?

“Müslüm Maqomayev” gəmisi gündəlik icarə şərtləri ilə BP şirkətinə xidmət edir. BP-nin əməkdaşlarını Bakının Beynəlxalq dəniz vağzalından Azəri-Çiraq-Günəşli neft-qaz yataqlarına daşıyır. Həftənin altı günü səhər saat 7-dən başlayaraq 150-dək sərnişini bortuna götürür və neft-qaz platformalarına üz tutur. Bilirsiniz ki, əvvəllər sərnişinləri gəmidən buruq platformaların “basketlər” (xüsusi səbətlər) vasitəsilə keçirirdilər. Buraya 9 nəfər yerləşirdi və kran onu gəmidən götürüb platformasına qoyurdu. Lakin “Müslüm Maqomayev” gəmisi xüsusi hidravlik keçid körpüsü ilə təmin olunub. Hidravlik keçidin üzərindən neft-qaz mütəxəssisləri təhlükəsiz şəkildə iş başına çatdırılır. Halbuki Xəzərdə məhz keçid zamanı neftçilər təhlükə ilə üzləşir və bəzən fövqəladə hallar baş verirdi. Biz artıq ikinci analoji gəminin tikilməsini sifariş vermişik. Gələn ilin sentyabr ayında yeni gəmi artıq Bakıda olacaq. Bilirsiniz ki, bu gəmilər spesifik alüminiumdan hazırlandığından tanınmış gəmiqayırma zavodlarında inşa edilir. Yeni gəmi Avstriyanın “Austal” gəmiqayırma zavodunda inşa olunur.

“Üzən Mehmanxana” (Flotel) kimi fəaliyyət göstərən gəminin fəaliyyəti ilə bağlı nə deyə bilərsinz? Ümidlərinizi doğruldurmu?

Doğruldur, özü də çox yüksək səviyyədə. İlk günlərdə bəzi texniki və insan resursları üzrə problemlərimiz çıxırdı. BP-nin platformasının yanında işləmək və onların ciddi tələblərinə davam gətirmək çox çətin idi. Amma biz tez bir zamanda özümüzü cəmləyib problemləri həll etdik. Hazırda BP-nin 3-cü platformasının yanında dayanmışıq və müştərimizdən tərifdən başqa bir şey eşitmirik. Qeyd edim ki, “Qurban Abasov Floteli” AXDG-yə məxsusdur və burada gəminin idarəçiliyindən tutmuş gündəlik qida təminatı və digər xidmətlər kompleks olaraq CMS və alyans tərəfdaşımız AXDG tərəfindən həyata keçirilir.

CMS şirkəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə alyans çərçivəsində hansı müqavilələrdə iştirak edir?

Bəzi gəmilər üzrə “Şahdəniz” layihəsində alyans çərçivəsində iştirak edirik. “İsrafil Hüseynov” boru düzən gəmisi, “Azərbaycan” kran barjası, “Tofiq İsmayılov” dalğıc gəmisi ilə təmsil olunuruq. Gəmilərin sahibliyi AXDG-nə, heyət üzvləri və idarəçiliyi isə CMS-ə aiddir. Həmçinin ən böyük gəmilərdən biri – “Lənkəran” yedək-təchizat gəmisinin də idarəçiliyi, təmiri və istismar olunması bizim öhdəliklərimizə aiddir Buna görə AXDG-yə çox minnətdarıq.

Xəzər “sürprizləri” sevir. CMS əməkdaşlarının əmək təhlükəsizliyi baxımından hansı tədbirləri görür?

Təhlükəsiz düşünmə bacarığı ilk olaraq insanın özündə olmalıdır. Elə insanlar var ki, onların xüsusi diqqət və ehtiyat tələb edən əməliyyatlar zonasında işləməsi çox təhlükəlidir və bu da onların təhsili, təcrübəsi və təhlükəsiz düşünmə bacarığına bağlıdır. CMS-in böyük insan (əmək) təhlükəsizliyi şöbəsi vardır. Şöbədə iri neft və gəmiçilik şirkətlərində təcrübə toplamış əməkdaşlar çalışırlar. Həmin şöbənin fəaliyyəti nəticəsində biz yeni işçiləri təhlükəsizlik fəlsəfəsi və qaydaları ilə tanış etdikdən sonra gəmiyə yola salırıq. Bu cür səmərəli zəhmətin nəticəsidir ki, “Qurban Abbasov” gəmisi 500 günə yaxındır ki, heç bir hadisə olmadan qüsursuz fəaliyyət göstərir.

CMS-in malik olduğu yüksək sertifikatlar ona qlobal layihələrdə iştirak imkanı yaradır. Azərbaycandan kənarda Sizi maraqlandıran layihələr varmı?

Bu ildən biz marketinqə başlamışıq. Alyans partnyorumuz AXDG ilə birlikdə Birləşmiş Ərəb Əmirliyində ofisimizi açmağı düşünürük, hazırda investisiya qiyməti üzrə təhlillər aparırıq. Qazaxıstanın Atırau şəhərində sərgidə stendlə iştirak etdik. Türkmənistanda Şərq-Qərb yükdaşıma və neft platformalarına servis üzrə xidmətlərə dair danışıqlarımız oldu. Həştərxan səfəri çox uğurlu oldu, bu limanda gəmilərimizin istismarını təklif etdilər. Bilirsiniz ki, indi Yunanıstanda krizis yaşanır və orada bəzi layihələr çox cəlbedicidir. AXDG ilə birlikdə Afinaya gəmiçilik xidməti bazarı ilə tanış olmaq üçün səfər etdik. Hesab edirəm ki, bu gün şirkətin maliyyə imkanları varsa, investisiya qoymaq üçün əsl vaxtdır. Çünki neftin qiyməti yenidən qalxanda həmin gəmiləri indiki tariflə almaq mümkün olmayacaq. İlin sonunadək qərar verib xaricdə daha bir ofisimizi açmağa hazırlaşırıq.  

Abu-Dabi şəhərində beynəlxalq konfrans keçiriləcək. Bildiyimizə görə Siz də hazırlaşırsınız…

Bəli, hazırlaşırıq. Konfransda AXDG ilə birlikdə alyans şəklində iştirak edəcəyik. Xəzər dənizinin Azərbaycan hissəsindəki neft yataqları ilə bağlı təqdimatla çıxışım olacaq. Hazırda stendin və çıxışın üzərində işləyirik. Heyətin tərkibi dəqiqləşdirilir və təbliğat vasitələrinin hazırlanmasına başlanılıb. Konfrans neft-qaz layihələrində işləyən gəmi sahiblərini bir yerə toplayacaq.

20 sentyabr Neftçilər Günüdür. Sizin şirkət də neftçilərlə sıx təmasdadır. Onlara nə arzulayardınız?

– Mən özüm də neftçi olmuşam və SOCAR-ın Donanmasında ilk gəmiçilik və dənizçilik təcrübəmi qazanmışam. Neft-qaz mütəxəssisləri daima təhlükə altında işləyirlər. Hər bir neftçi və dənizçiyə təhlükəsiz iş şəraiti, maddi rifah arzulayıram.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (176)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.