az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Əslində biz internet əsrinə yox, alıcı əsrinə daxil olmuşuq

27.03.2018 | İ. Abdullayeva

Qida sənayesində dəyişməz yüksək keyfiyyət və geniş çeşiddə məhsul istehsalında əldə etdiyi nailiyyətlərə görə “Ovçular ət və ət məhsulları” MMC 2017-ci ildə kolbasa məhsulları sektorunda «İlin Şirkəti» «UĞUR» Milli Mükafatına layiq görülmüşdür.


Uzun illər ət məhsulları sahəsində dinamik inkişaf edən, qida bazarında keyfiyyətli məhsulları ilə seçilən və istehlakçıların rəğbətini qazanan bu müəssisənin təsisçisi Səməd Cəfərovla sahənin spesifik xüsusiyyətləri, keyfiyyət və satış problemləri, qida məhsullarının təhlükəsizliyi barədə söhbət etdik.


– Dəyişməz yüksək keyfiyyət və geniş çeşiddə məhsul istehsalında əldə etdiyiniz nailiyyətlərə görə ət və ət məhsulları sektorunda “İlin Şirkəti” UĞUR-2017 Milli Mükafatına layiq görülmüsünüz. Bu münasibətlə Sizi təbrik edirik və bilmək istərdik, 2017-ci ildə hansı nailiyyətləri əldə etmisiniz?

– Son illərdə dövlət başçısının sahibkarlığın inkişafına böyük önəm verməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, özəl bölmənin iqtisadi inkişafda rolunun artmasına səbəb olmuş və faktiki olaraq sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Bunun nəticəsidir ki, özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizi keçmişdir. Məhz sahibkarlığın inkişafına yönəldilən kompleks və sistemli tədbirlər yerli ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələrin inkişafına təkan vermişdir.

İlk öncə bildirmək istəyirəm ki, “Ovçular ət və ət məhsulları” MMC 1992-ci ildən kolbasa məhsullarının ilk istehsalçısı kimi fəaliyyətə başlamışdır. Keçən 25 il ərzində müəssisəmiz kolbasa məmulatlarının istehsalında böyük təcrübə toplamış və yüksək keyfiyyətli məhsulla alıcıların etibarını qazana bilmişdir.

2010-cu ildən başlayaraq müəssisə mərhələ-mərhələ yenidənqurma işlərinə başlamış, istehsal sahələrinin avadanlıqları müasir tipli yüksək texnoloji avadanlıqlarla əvəz edilmiş və bütün istehsal xətləri yenidən qurulmuşdur. Demək olar ki, qablaşdırma sahəsi Almaniyanın “VARİOVAC” və “MULTİVAC” şirkətlərinin yüksək keyfiyyətli və müasir avadanlıqları ilə təmin edilməklə məhsullar zövqlə qablaşdırılaraq istehsalçılara çatdırılır.

Bu illər ərzində müəssisəmizin yüksək texnoloji istehsal avadanlıqlarına, peşəkar texnoloqlara və mütəxəssislərə malik olması, təhlükəsiz xammalla təchiz edilməsi, istehsal prosesində texnoloji təhlükəsizliyə əməl edilməsi, mikrobioloji və fiziki-kimyəvi laboratoriyaların yenidən qurulması, qida təhlükəsizliyinin idarəetmə sistemi üzrə İSO 22000-2005 beynəlxalq sertifikata layiq görülməsi, müasir qablaşdırma texnologiyasının tətbiqi ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli məhsul istehsal etməyə imkan vermişdir.

Müəssisəmiz 2010-cu ildən “Ət və kolbasa məmulatlarının istehsalına” verdiyi töhvəyə görə, 2013-cü ildə “Keyfiyyət nişanı. Ət və ət məhsulları” nominasiyası üzrə İqtisadiyyat və Biznes sahəsində “Uğur” Milli Mükafatları ilə təltif olunmuşdur. 2017-ci ildə də istehsal və yardımçı sahələrdə yenidənqurma işləri həyata keçirilmiş, əsas və tədarük sahələrində əsaslı təmir işləri aparılmış və yeni istehsal avadanlıqları ilə təmin edilmişdir.

2017-ci ili də yeni nailiyyətlərlə başa vurmuşuq. Biz çalışmışıq ki, istehsal etdiyimiz kolbasa məhsulları öz stabil və dəyişməz keyfiyyəti, dadı və faydalılığı ilə seçilsin. Biz elə bir istehlakçı tanımırıq ki, bir dəfə məhsulumuzu dadsın və sonra ondan imtina etsin. Məhz buna görə də alıcılarımızın sayı getdikcə artır və “Ovçular”ın imici dəyişməz olaraq qalır.

Hesabat ili yeni kolbasa çeşidləri ilə də yadda qalan olmuşdur. Müəssisəmizdə yeni bişmiş əla növ “Halal Doktorskaya Buta”, “Halal Doktorskaya Pəhriz”, “Halal Lyubitelskaya Xlebnaya”, bişirilmiş hisə verilmiş “Ekstra”, “Stoliçnaya”, “Fantaziya”, “Premium”, “Moskovskaya” servelatları, yarım hisə verilmiş Krakovskaya “Polskaya”, Krakovskaya “Kabanossi” kolbasaları istehsal olunmuşdur. Baxmayaraq ki, qida bazarı kolbasa məhsullarının çeşidləri ilə zəngindir, biz çalışırıq ki, yeni çeşidlərimiz alıcıların rəğbətini qazansın, onları dadı və tamı ilə heyrətləndirsin.

Bizim məqsədimiz sadəcə olaraq keyfiyyətli məhsul istehsal etmək deyil. Əsas məqsədimiz məhsulun keyfiyyətini daim sabit saxlamaq, keyfiyyət stabilliyini möhkəmləndirmək və məhsullarımızın təhlükəsizliyini daha da yüksəltməkdir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, əldə etdiyimiz nailiyyətlərin səbəbi, heç şübhəsiz ölkədə iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahatların, əlverişli biznes mühitinin yaradılmasının, sahib­karların istək və təkliflərinə həssas yanaşmanın, sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının nəticəsidir.

– Kolbasa məhsulları barədə mət­buatda qeyri-sağlam fikirlərə rast gəlinir. Bir istehsalçı kimi sizin rəyinizi bilmək maraqlı olardı.

– Bəzən mətbuatda kolbasa məmulatları barədə heç bir əsas və dəlilə söykənməyən şərhlərin dərc olunması istehlakçını aldatmaqdan başqa bir şey deyil. Bazarda istehsalçısı bilinməyən keyfiyyətsiz məhsulların təsadüfi işbazlar tərəfindən satılması faktları mövcuddur. Lakin belə halları bazarda öz layiqli imici olan kolbasa müəssisələrinə aid etmək olmaz. Heç şübhəsiz belə hallar yerli kolbasa məhsulları istehsalçılarının nüfuzuna ciddi xələl gətirir.

Belə halların baş verməsinin əsas səbəblərindən biri istehsalçıların kifayət qədər istehlakçılarla kommunikativ əlaqələrin bəsit olmasından irəli gəlir. Əlbəttə ki, bu əlaqələrin qurulması yolları və vasitələri çox olsa da, lakin bunlardan lazımı səviyyədə istifadə olunmur. Məsələn, sosial şəbəkələrdən istifadə problemi mövcuddur. Sosial şəbəkələrdən kommunikasiya meydanı kimi istifadə edilməsi nəinki zamanın – müasir dövrün tələbidir, həmçinin satış bazarında mühüm və əhəmiyyətli bir instrumentdir. İstehsalçı istəməz ki, alıcı auditoriyası ilə qarşılıqlı əlaqə yaratmasın, yeni məhsul istehsalı üçün təklif və rəyləri öyrənməsin, alıcının məhsuldan necə yararlandığı barədə məlumat əldə etməsin.

Sosial şəbəkələrdən istifadə etməkdə məqsəd sadəcə məhsul satışında irəliləməni təmin etmək deyil, ən mühümü istehlak tərzində baş verən dəyişiklikləri öyrənmək və müsbət, pozitiv istehlak təcrübəsinin formalaşmasına xidmət etməkdən ibarətdir. Eyni zamanda, sosial şəbəkə vasitəsilə digər kolbasa istehsalçılarının, alıcılarının fikir və təklifləri kimi mühüm informasiya əldə etmiş olursan.

Sosial şəbəkələrdən istifadə dedikdə, məhsula “bəzəkli don” geyindirib, onu tərifləməklə istehlakçını aldatmaqdan söhbət getmir. Əksinə, alıcı ilə birbaşa və canlı əlaqə vasitəsidir, alıcı auditoriyasının bütün istək və arzuları, irad və rəyləri barədə dəqiq, hərtərəfli informasiya mənbəyidir. Şübhəsiz, sosial şəbəkəyə çıxış istehsalçıdan texniki, təşkilatı hazırlıq və müəyyən maddi vəsait tələb edir.

Bildiyiniz kimi, daxili istehsal hesabına ərzaq təminatı məsələsi ölkəmizin milli təhlükəsizliyinin prioritet istiqamətlərindən ən mühümüdür və yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin tam təmin edilməsi son illərdə qarşıda duran ən vacib məqsədlərdən biridir.

Məlumdur ki, kolbasa məmulatları geniş yayılmış və tanınmış qida məhsuludur. Ümumiyyətlə, ət və ət məhsulları sahəsi ərzaq bazarının ən iri seqmentlərindən biridir. Təsadüfi deyil ki, ərzaq cədvəlində kolbasa məmulatları gündəlik tələb olunan beş ərzaq məhsullarından (süd, tərəvəz, meyvə, un məmulatları) biridir.

Son illərdə qeyri-neft sektorunun dinamik inkişafı ilə bağlı ölkə prezidentinin sahib­karlara dəstəyi, ölkədə rəqabətə davamlı məhsulların istehsalı üçün münbit iş şəraitinin yaradılması yerli kolbasa məhsulları bazarının dinamik inkişafına səbəb olmuşdur.

Hal-hazırda daxili bazarda pərakəndə ticarətin satış dövriyyəsində kolbasa məmulatları ənənəvi olaraq üçüncü – dördüncü yeri tutur və bu səbəbdən ilbəil yerli kolbasa məhsullarının istehsalı artır. Bundan əlavə, kolbasa məhsulları bazarının assortimenti öz müxtəlifliyi ilə fərqlənir və eyni zamanda çeşid və növləri artmaqda davam edir. Məhz bu səbəbdən ət məhsullarının idxal həcmi azalmaqda davam edir.

Heç də təsadüfi deyildir ki, istehlakçılar arasında yerli kolbasa məhsullarının mühüm qida məhsulu kimi əhəmiyyəti haqqında belə bir gözəl ifadə mövcuddur: “tez-əl­üstü”, “dadlı-ləzzətli”, “doyumlu-kaloroli”, “ucuz-sərfəli”, “faydalı-yararlı”.

– Bazarın bu seqmentində xüsusən Rusiya məhsulları daha aktivdir. Yerli istehsalçı kimi alıcının sizin müəssisənin məhsullarına diqqət yetirməsi üçün nə edirsiniz?

– Mən deməzdim ki, xaricdən gətirilən ət məhsulları içərisində Rusiyadan idxal olunan kolbasa məhsulları üstünlük təşkil edir. Hal-hazırda ölkəmizə Belorusiyadan, Türkiyədən, Almaniyadan kolbasa məmulatları idxal olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, daxili bazarın qorunması, daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, idxalı əvəz edən məhsul istehsalının artırılması, müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir.

Biz çalışırıq ki, istehlakçılarımızı insan orqanizmi üçün faydalı olan təbii, natural qida əlavələrindən və zərərsiz konservantlardan istifadə etməklə ekoloji cəhətdən təmiz məhsullarla təmin edək.

Digər tərəfdən, biz həmişə alıcının məhsullarımız barədə fikirlərinə hörmətlə yanaşırıq. Məhsullarımızın daimi alıcılarını müəssisəmizin üzvü kimi qəbul edir və istəyirik ki, onlar hər hansı uyğunsuzluqlar barədə öz iradlarını sərbəst bildirsinlər. Çünki istehlakçıya qarşı xırda bir diqqətsizlik o deməkdir ki, biz bir alıcını yox, yüz alıcını itirmiş olarıq. Məhz istehlakçı məhsulun necə və nə cür istehsal etməyimizi müəyyənləşdirir. Sadə bir həqiqət var: əgər məhsulun keyfiyyəti və dizaynı yüksəkdirsə, düzgün və səliqəli qablaşdırılıbsa, qiyməti alıcının imkanına uyğundursa, o zaman alıcı bu məhsulu məmnuniyyətlə alır.

Müəssisəyə gəliri məhsulun daimi alıcıları gətirir və üstəlik, öz dostlarını və yaxınlarını da bu seçimi etməyə inandırmağa çalışırlar.

Rəqabətli qida bazarının tələblərinə uyğun olaraq, xüsusilə yeni kolbasa çeşidlərinin yaradılmasına çox incəliklə yanaşırıq. Çünki yeni məhsulun tamı və dadı yadda qalan olmalıdır. Məlumdur ki, alıcı kolbasa məhsullarını alarkən bir çox meyarlara: məhsulun xarici görünüşünə, onun dadına, keyfiyyətinə, dəyərinə, bioloji əhəmiyyətinə və s. üstünlük verir. Lakin bu amillər arasında istehlakçı xüsusilə məhsulun insan orqanizminə faydalılığına və təhlükəsizliyinə əsas önəm verir.

Müasir istehlakçı hər şeyi öz nəzarəti altında saxlayır və bu gün bazarda diktator rolu ona məxsusdur. Əminliklə deyə bilərik ki, əslində biz internet əsrinə yox, alıcı əsrinə daxil olmuşuq.

– Necə düşünürsünüz, pərakəndə ticarətdə problemlər mövcuddurmu?

Sərt rəqabət şəraitində satış problemlərinin həlli üzərində daim çalışırıq və bu səbəbdən məhsullarımızın çeşidlər üzrə bazarda satış dinamikasını öyrənir və daim diqqət mərkəzində saxlamalı oluruq.

Ümumiyyətlə, satışa mane olan bir çox problemlər mövcuddur: alıcının məhsula tələbatının olmaması, mövsümlə əlaqədar istehlak tələbatının azalması, qida məhsuluna etibarın olmaması, məhsul haqqında qeyri-sağlam təbliğatın aparılması, alıcı ilə satıcı arasında satış prosesinin düzgün qurulmaması və s.

Məhsulun satışında bildiyimiz kimi, 3 əsas iştirakçı mövcuddur: “istehsalçı”, “ticarət şəbəkəsi” və “alıcı”. Bu üç iştirakçıdan “istehsalçı” ilə “ticarət şəbəkəsi” arasında pozitiv münasibətlərin qurulması məhsul satışının irəliləməsində mühüm rol oynayır. Hal-hazırda hər iki iştirakçı arasında münasibətləri tənzimləyən güzəştlərin və ya endirimlərin, eyni zamanda məhsulun qiymətinə əlavənin edilməsi (yəni güzəşt və ya endirimlərin və qiymətə əlavənin istehlakçıya ticarət şəbəkəsi tərəfindən şəffaf translyasiyası) alıcılıq qabiliyyətini əngəlləməyəcək tərzdə olmalıdır. Bu münasibətlərin anlamlı və düzgün olması mühüm əhəmiyyət kəsb edir.

Kəskin rəqabət şəraitində istehsalçı alıcının tələbatının bütün xüsusiyyətlərini dərindən təhlil etməli, onun istəklərini qabaqcadan görməli və dərhal operativ reaksiya verməlidir.

Bazarda məhsulların satışının artırılması məqsədilə istehlakçıların brend məhsullarımız haqqında rəylərini öyrənirik və keçirilən monitorinqin nəticələri əsasında satış strategiyasını, qiymət və assortiment siyasətini, kommunikasiya və satışın irəliləmə mexanizmini müəyyənləşdiririk. Şübhəsiz ki, kolbasa məhsulları bazarında satışın dinamikası heç də stabil olmur və buna görə də həyata keçirilən tədbirlər lokal taktiki xarakter daşıyır.

İlk öncə elit lokal brend məhsullar məhdud ərazilərdə satışa çıxarılır və bu ərazinin alıcıları adətən lokal brend məhsulları “özlərinki” hesab edirlər, lakin qonşu regionlara məhsullar çıxarılarkən belə məhsullar çox vaxt öz üstünlüklərini itirirlər. Bu ondan irəli gəlir ki, hər bir region alıcılıq xüsusiyyətləri ilə fərqlənir.

Qeyd etmək istərdim ki, ilin müxtəlif mövsümlərinə uyğun olaraq məhsul çeşidlərində dəyişikliklər edilir. Adətən müəssisəmiz yeni il qabağı “Fantaziya”, “Elit”, “Sürpriz”, “Orjinal” servelatları, “Halal Doktorskaya” və “Halal Lyubitelskaya” bişmiş kolbasaları satışa buraxır və bir çox alıcılar bu məhsulu “Ovçuların” etibarlı imic hədiyyəsi kimi alırlar. Baxmayaraq ki, elit və brend məhsulların buraxılışı istehsalçıdan əlavə xərclər və digər texniki-təşkilati işlərin aparılmasını tələb edir, lakin bununla müəssisə öz alıcı auditoriyasını genişləndirməklə yeni istehlakçıları tapır, həm də müsbət imicini qoruyub saxlaya bilir.

– Kolbasa məhsullarının istehsalında rentabellik səviyyəsində dəyişikliklər əmələ gəlmişdirmi? Bu dəyişikliklər hansı səbəblərdən baş vermişdir?

Hal-hazırda rentabellik qismən aşağı səviyyədədir. Buna səbəb son vaxtlarda xammalın qiymətinin mütəmadi artması, istehlak tələbatında baş verən dəyişikliklər, ət məhsulları bazarında kəskin rəqabətin mövcudluğu, yüksək texnoloji istehsal avadanlıqlarının və onların ehtiyyat hissələrinin alınmasına çəkilən xərclərin artmasıdır. Eyni zamanda ət məhsullarının istehsalında istifadə olunan bəzi xammal və materialların (ədviyyatların, kompleks qida əlavələrinin, müxtəlif çeşidli qılafların, klips və iplərin) xaricdən idxal olunması da gəlirlərə öz təsirini göstərir.

İstehlak tələbatında baş verən dəyişikliklərin təhlili göstərir ki, alıcıların əksəriyyəti və hətta ticarət şəbəkələrinin bir çoxu “premium” məhsullardan imtina edirlər, daha çox məhsulların “ekonom” seqmentinə üstünlük verirlər. Bu səbəbdən məhsul çeşidlərinin optimizasiyası, yəni çeşidlərin müvafiqliyi, münasibliyi və əlverişliliyi ön plana keçir. Digər tərəfdən istehlak bazarının tələblərinə uyğun olan rəqabətə davamlı qiymətlərə üstünlük verilməsi, məhz istehlak bazarında baş verən dəyişikliklərlə əlaqədardır.

– Səməd müəllim, ət məhsulları istehsalında çalışan bir təcrübəli mütəxəssis kimi bu sahənin spesifik xüsusiyyətləri haqqında fikrinizi bilmək yaxşı olardı.

– Qida təhlükəsizliyi baxımından ət məhsullarının istehsalı ümumiyyətlə mürəkkəb istehsal sahəsidir. Birincisi, istehsalçıdan böyük məsuliyyət tələb edir, çünki istehsal prosesinin hər hansı bir həlqəsində ehtiyatsızlıq edilərsə, keyfiyyətsiz və yararsız məhsul əmələ gələ bilər. İkincisi, insan sağlamlığı baxımından riskli bir sahədir. Üçüncüsü, məhsul itkisi çox olan sahədir, çünki əksər məhsulların yararlılıq müddəti çox qısadır və istər ev şəraitində, istərsə də texnoloji prosesin qurtardığı andan etibarən müəyyən olunmuş temperaturda saxlanılmazsa, məhsulun orqanoleptik və fiziki- kimyəvi göstəricilərində dəyişikliklər baş verər. Eyni zamanda bişmiş, yarım hisə verilmiş, bişirilmiş-hisə verilmiş kolbasaların hər birinin saxlanma şəraiti müxtəlifdir. Dördüncüsü, istehsal olunan məhsulun keyfiyyət göstəricilərində xammalın keyfiyyəti müstəsna əhəmiyyət kəsb edir. Beşincisi, istehsal sahəsi həm enerji tutumlu, həm də izafi xərclər tələb edən sahədir. Altıncı, qida məhsulları bazarında kolbasa məmulatları bolluq təşkil edir, bu o deməkdir ki, bazarda sərt və kəskin rəqabət mövcuddur. Belə bir şəraitdə istehsalçı rəqabətqabiliyyətli məhsul istehsal etmək məcburiyyətində qalır.

Piter Drukerin bir yaxşı kəlamı var: “Alıcı istehsalçının satdığını heç vaxt almır”. Necə deyərlər, istehlakçı almağı sevir, amma sevmir ki, ona nə isə satsınlar və bu gün danılmaz həqiqətdir ki, alıcı nəyi istəyirsə onu da istehsal etmək lazımdır. Yəni, elə məhsul istehsal etmək lazımdır ki, ona həmişə tələbat olsun. Həqiqətdə alıcı çox zaman lazım olan məhsulu deyil, faydalı olan məhsulu alır.

– Uzun müddətdir ki, ərzaq bazarının ət və ət məhsulları seqmentində çalışırsınız. Hal-hazırda kolbasa məhsulları bazarının müasir vəziyyəti barədə sizin fikirlərinizi bilmək istərdik.

– Kolbasa məhsulları əhalinin qida rasio­nunda həmişə üstünlük təşkil etmişdir. Bu gün kolbasa gündəlik tələb olunan ərzaq məhsuludur. Təxminən bir il ərzində insan 15-16 kq kolbasa məmulatından istifadə edir.

Son 20 ildə kolbasa məhsullarının assortimenti nəzərə çarpacaq dərəcədə artmış, bu sahədə yeni müasir istehsal texnologiyaları əmələ gəlmiş və bu səbəbdən kolbasa məmulatlarının istehlakında mühüm dəyişikliklər baş vermişdir. Əgər “sovet defisiti” dövründə alıcılar kolbasa məmulatı üçün növbədə dururdularsa, hal-hazırda əksinə, istehsalçılar alıcılar üçün növbədə durmalı olurlar. Bu gün kolbasa məhsulları bazarının inkişafında istehlakçı daha böyük təsir imkanlarına malikdir. Alıcıya hər hansı məhsulu satmaq istəyirsənsə, o zaman alıcını məhsulun hər hansı bir xüsusiyyəti, keyfiyyəti ilə heyrətləndirməlisən və ya təəccübləndirməlisən və s.

İndiki zamanda demək olar ki, alıcı istehsal prosesinə o qədər inteqrasiya olunur ki, kimin istehsalçı və ya kimin istehlakçı olmasını müəyyənləşdirmək də çətinləşir. Son anda nəyin pis və ya yaxşı olmasını alıcı müəyyənləşdirir, yəni dəqiq desək məhz o, barometr rolunda çıxış edir. Bu səbəbdən son dövrlərdə kolbasa məhsulları bazarında istehlakçıların əksəriyyəti kolbasa məhsulları alarkən, məhsulun dadına və ya tamına daha çox üstünlük verirlər. Müştərilərin bir qismi məhsulun qiymətinə, daha bir qismi isə populyar kolbasa məhsullarına görə seçim edirlər. Xüsusilə, kolbasa bazarında məhsulun keyfiyyəti və dəyəri istehlakçılar üçün müştərək əhəmiyyət kəsb edir. Hətta aşağı gəliri olan alıcılar belə məhsulun keyfiyyətinə önəm verirlər.

– Kolbasa məhsulları bazarında hər hansı dəyişikliklərin baş verməsi gözlənlirmi?

– Şübhəsiz, kolbasa məhsulları bazarında dəyişikliklərin olması labüddür. Effektli və rentabelli fəaliyyət göstərə bilməyən xırda istehsalçılar bazardan çıxmaq məcburiyyətində qalacaqlar. Digər tərəfdən, son vaxtlarda qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi sağlam rəqabət mühitinin yaranmasına, istehsal bazarında ciddi və müsbət dəyişikliklərin baş verməsinə səbəb olacaq.

 
Açar sözlər: Ovçular ət və ət məhsulları İlin Şirkəti UĞUR
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (317)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (256)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (318)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (71)
+ Hotels (216)
+ Hüquq xidmətləri (367)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (339)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (214)
+ Mebel və interyer (294)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (247)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (232)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (284)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (294)
+ Tikinti və landşaft (572)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (124)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (118)
+ Xidmətlər (289)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.