az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

ArchiCO mənzil tikintisində keyfiyyətin fərqini göstərəcək

17.10.2017 | İ.Abdullayeva

Azərbaycanın tikinti sektorunda yeni formata keçid baş verir. Artıq bu sahədə peşəkar olan şirkətlər bazarda qala biləcək. Üstəlik, ölkə Prezidentinin tapşırığı ilə bürokratik əngəllər aradan qalxdığından mənzil bazarındakı qiymətlərdə stabilləşmə müşahidə olunur. “ArchiCO Engineering Group” MMC-nin baş direktoru Məhəmməd Musayevin müsahibəsini oxucularımıza təqdim edirik

– Məhəmməd bəy, ötən il tikinti sektorunda böhran dövrü kimi yadda qaldı. Bu ilin birinci rübündən isə sektorda canlanma müşahidə olunur. Hazırki vəziyyəti necə qiymətləndirirsiniz?

– Ötən ilə nisbətən tikinti sektorunda canlanma göz qarşısındadır. Buna səbəb pilot layihələrin icrasına başlamaq, sosial evlərin tikintisi ilə bağlı hökümətin atdığı addımlar və dövlətin iradəsi ilə sahibkarlara yaradılan şəraiti xüsusi vurğulamaq istərdim. Hazırda ölkədə həm kommersiya, həm də sosial layihələr həyata keçirilir. ArchiCO bu tikinti-inşaat işlərində çox fəal şəkildə iştirak edir. Ölkə rəhbərliyinin göstərişinə əsasən, qaçqın və məcburi köçkünlər üçün Bakı və Sumqayıtda yeni yaşayış şəhərciyləri inşa edilir. Belə şəhərciylərdən birini də bizim şirkət inşa edir. Beləki, Simqayıtda 12 binadan ibarət, 961 ailə üçün nəzərdə tutulan yaşayış kompleksində işlər artıq tamamlanmaq üzrədir. Hazırda Bakı Zooparkında yenidənqurma işlərini həyata keçiririk. Zooparkın ərazisi 2 dəfədən çox artırılaraq tam şəkildə yenilənir. Artıq heyvanlar əvvəlki kimi qəfəslərdə deyil, açıq şəkildə saxlanılacaq. Oraya gələn insanların tamaşa etməsi üçün hər bir şərait yaradılacaqdır. Əminəm ki, bu yeniliklər vətəndaşlarımızın hamısının ürəyincə olacaq. İlin əvvəlindən infrastruktur layihələri üzrə işlərdə də canlanma müşahidə edilir. Ötən il icrası təxirə salınmış layihələrin yenidən inşasına start verilib. Bu işlərdə şirkətimiz podratçı kimi öz xidmətlərini göstərir. Hesab edirəm ki, inşaat sektorunda yalnız inkişaf deyil, həm də yeni bir formata keçidin şahidi oluruq. Bazarda yaranan hazırki sərbəstlik bu qaydada davam edərsə, keyfiyyətli və rəqabətli bir biznes mühiti formalaşacaq. Nəticədə tikinti sektorunda maliyyə dövriyyəsi sərbəstləşəcək və deyərdim ki, şəffaf tikinti prinsipləri ilə idarə ediləcək.

– Yuxarıda sadaladıqlarınız əsasən dövlət sifarişli layihələrdir. Bəs, kommersiya məqsədli layihələrin icrası ilə bağlı nə deyə bilərsiniz?

– Bilirsiniz ki, ArchiCO şirkəti layihələndirmə, inspeksiya və s. tikinti xidmətləri ilə tanınır. Bu il ilk dəfə olaraq, şirkətimiz kommersiya layihəsinin icrasına start verdi. Hazırda “Zabitlər bağı”nın arxa hissəsində evlərin köçürülməsi prosesini həyata keçiririk. Hər zaman şahidi olmusunuz ki, bizim üçün ən böyük amil keyfiyyətdir. Vətəndaşlarımız üçün yüksək keyfiyyətli, hər bir sakinin zövqlə və rahat şəkildə sahib ola biləcəyi, dünya standartlarına cavab verən yaşayış kompleksi inşa etməyə başlamışıq.

– Maraqlıdır ki, bu il ArchiCO özü artıq investor kimi yaşayış binalarının tikintisinə başladı. Layihə barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?

– Yəqin ki, “Zabitlər bağı”nı tanıyırsınız, çox sakit, şəhərin relyefi baxımından hündür bir ərazidə yerləşir. Orada dincəlməyi çox xoşlayıram və ilk yaşayış binasını tikmək məqsədini qarşımıza qoyanda məhz oranı seçdim. Hazırda ərazidən sakinlərin köçürülməsi prosesi həyata keçirilir. Eyni zamanda ilk binanın tikintisinə başlanılıb. 2,5 hektar ərazidə 4 bina tikiləcək. Biz heç vaxt kommersiya tipli layihə icra edib bazara çıxartmamışıq. Bu sahədə təcrübəmiz və kadr potensialımız isə çox yüksəkdir. Əminəm ki, layihə bazardakı keyfiyyət parametrlərində yeni bir səviyyə nümayiş etdirəcək. Bu həm də qiymət amilində özünü göstərəcək və rəqabət mühitinin artmasına kömək edəcək. Öz tikinti mədəniyyətimiz və peşəkarlığımızla xarici şirkətlərin səviyyəsində bir iş görəcəyik, ancaq qiymətlər bazarda çox baha olmayacaq. Artıq ərazidə “mokap” mənzillər də tikilməyə başlanılıb. Bu mənzillər imkan verəcək ki, ev almaq istəyən Azərbaycan vətəndaşı qalacağı mənzilin digər evlərdən fərqini əyani şəkildə görəcək. Ümumiyyətlə, satış barədə heç düşünməmişik, çünki artıq binamızın biri tam satılıb. Maraqlısı odur ki, bizdən mənzil almaq istəyənlərin əksəriyyəti özləri tikinti adamlarıdır, mənzil tikib satan insanlardır.

– Yaşayış kompleksində hansı infrastruktur obyektləri olacaq?

– İlk növbədə insanların rahat yaşayışını təmin edən bütün infrastruktur qurulacaq. 4 binanın hər birinin 4 böyük həyəti olacaq. İnsanların rahatlığını düşünərək, küçələrin salınmasına başlamışıq. Yadınızdadırsa, “Kubinka” adlanan ərazidə yollar çox ensiz idi. Hazırda kənardakı evlərin sökülməsi hesabına binaya gedən yollar genişləndirilib. Binaların tikildiyi ərazilər prospekt kimi geniş küçələrə malik olacaq. Bu layihədə bütün işləri özümüz icra edirik. Mənzillərin pəncərələri gündoğana açılır və Bakı Buxtasına, Zabitlər bağına baxır. Nəqliyyat infrastrukturu da çox əlverişlidir. Biz niyə oranı seçdik, bunun öz səbəbi var. Bilirsiniz ki, sakinlərimiz ev alanda çalışırlar ki, düz yolun kənarında olsun. Biz isə avtomobil səsindən uzaq, sakit bir yer düşündük. Bu ərazini seçmək üçün uzun müddət araşdırma aparmışam və mühəndis kimi bütün şərtləri, yerləşmə ərazisini təhlil etmişəm.

– Mənzil bazarındakı qiymətlərə toxunduq. Vergi Məcəlləsindəki dəyişikliklər, xüsusən də “Nağdsız ödəmələr haqqında qanun” tikinti ilə məşğul olan sahibkarlara bəzi problemlərin yaratdığını bildirir…

– Hazırda tikinti şirkətlərinin bir neçə çətinliyi var. İlk növbədə qiymətqoymanın hələ də 1991-ci ilin bazisi əsasında rubl ilə aparılması ilə bağlıdır. Absurd olsa da, reallıq budur ki, qiymətqoyma keçmiş SSRİ-nin həmin bazisi əsasında keçid qiymətlərinə vurulmaqla aparılır. İkinci çətinlik dövlət satınalmalarında olan problemdir. Nağdlaşdırma ilə bağlı yaranan çətinliklər isə tikinti materiallarının alınmasında və qiymətində çətinliklər yaradır. 100 manat pulu 100 dəfə bir birimizə köçürsək, belə çıxır ki, sonda bu vəsait yalnız vergi ödəməklə yoxa çıxacaq. Ona görə də vergidə ciddi islahatlar aparılmalıdır. Mənə elə gəlir ki, inşaat sektoru Prezidentimizin qayğısı nəticəsində yeniləndi, bürokratik əngəllər aradan qalxdı, eyni yolla da vergidəki problemlərin də məntiqi həlli tapılsa, sahibkarlar üçün daha rahat olar.

– Müştəri portfelinə əsasən, fərdi layihələriniz yoxsa dövlət sifarişli layihə­ləriniz çoxdur?

– “ArchiCO” MMC hazırda çox iri və məsuliyyətli layihələr həyata keçirir. Layihələrimizin pay nisbətinə baxsaq, təbii ki, dövlət sifarişli inşaat işləri daha çoxdur. Əvvəlki illərdə şirkətimiz əsasən fərdi sifarişlər əsasında çalışırdı, indi isə dövlət sifarişlərimiz artır. Dövlət layihələrinə su-kanalizasiya, şəhərin abadlaşdırılması, fasadların yeni tərtibatda qurulması və s. daxildir. Fərdi sifarişlərimizdə azalma yoxdur və bu bizi sevindirir. Dövlət əhəmiyyətli işlərin artması isə təbii ki, şirkətin böyüməsi və əlavə xidmətlərin yaranmasına səbəb olur.

– Necə hesab edirsiniz, şirkətinizin uğur sirri nədədir?

– ArchiCo 10 nəfərlik mühəndis heyəti ilə işə başlamış bir şirkət idi. Hazırda isə təkcə mühəndislərimizin sayı 120 nəfərdən çoxdur. 10 il ərzində işimizin keyfiyyəti və peşəkarlığımız sayəsində böyüdük və inkişaf etdik. İlk dəfə layihələndirmə xidmətləri ilə başladıq, sonra inspeksiya xidmətini yaratdıq. 2 ildir ki, həmçinin tikinti xidməti göstəririk. Bu il ilk investisiya layihəmizi həyata keçirəcəyik, yəni mənzil tikib özümüz satacağıq. Mən İnşaat Universitetində müəlliməm və öz peşəmə də yeni üslübla başladım. Dərs verdiyim tələbələr arasından ən yaxşılarını şirkətimdə işə cəlb etdim. Artıq ali təhsili bitirəndə həmin işçi həm də bir kadr kimi yetişirdi və beləliklə tam enerji dolu cavan bir mühəndis kollektivinə sahibəm. İnspeksiya şöbəsini yaratmaq üçün xarici şirkətdə çalışan yerli kadrları şirkətimizə dəvət etdim. Yüksək əmək haqqı ilə işə başladılar, ancaq bilirdim ki, peşəkardırlar və ona görə də bu xidməti də əhatə etdik. Devalvasiyadan sonra Azərbaycanda fəaliyyət göstərən xarici inspeksiya xidmətləri bazarı tərk etdi. Beləliklə, çox yaxşı referansa malik olan “ArchiCO” MMC bu sahədə ən yaxşı şirkət kimi daha da önə çıxdı. Hazırda digər şirkətlər üçün ödənişli qaydada treninqlər təşkil edirik, mühəndisləri sertifikatlaşdırırıq. Eyni zamanda, şüşə konstruksiyaların istehsalı üzərində çalışırıq. Fabrikimizi formalaşdırırıq, inanırıq ki, növbəti ildə öz bəhrəsini verəcək. Beləliklə, ümumilikdə bazarda rəqabət nəticəsində keyfiyyət qalxacaq və insanlar daha real qiymətə məhsul əldə edə biləcəklər.

– İnspeksiya fəaliyyəti ilə bağlı ArchiCO-nun Qazaxıstan və Gürcüstanda yeni ofislərini açdığını öyrəndim. Xaricdəki işləriniz necə gedir?

– Məlumdur ki, ArchiCO-nun yerli bazardakı əsas müştəriləri xarici şirkətlər idi. Şirkətimizin malik olduğu müsbət və uğurlu referansları bizə xaricdə iş açmaq və orada uğurla çalışmaq üçün bütün imkanları açırdı. Yerli şirkətlərimiz arasında inspeksiyaya maraqlı deyillər. Əslində bu çox lazımlı bir xidmətdir. Hamı məhsula pul verir alır, ancaq onu üçüncü tərəf yoxlamadan keçirir və nəticədə çox az bir məbləğə ancaq böyük məsrəflərin qarşısını vaxtında almaq mümkün olur. Halbu ki, bəzən bütün işlər bitir və hər hansı nöqsanlara görə investor çox böyük ziyana düşərək, yenidən işləri sıfırdan başlamaq məcburiyyətində qalır. Sevindirici haldır ki, son bir ay ərzində 2 yerli şirkət də inspeksiya xidməti üçün bizə müraciət edib. Artıq tikintidə inspeksiya xidmətlərinin necə lazımlı bir sahə olduğunu başa düşüblərsə, deməli inkişaf var. Hesab edirəm ki, zaman keçdikcə Azərbaycanda inspeksiya xidməti göstərən şirkətlər artacaq və bazarda bu sahədə rəqabət mühiti formalaşacaq. Yenə vurğulayıram ki, inspeksiya tikintidə 3-cü tərəfdi və burada udan tikintini sifariş edən investorlardır. Çünki keyfiyyətə nəzarət nə qədər ciddidirsə, nəticə bir o qədər yüksək olacaq.

Özbəkistan və Türkmənistanda tikinti sektoru hələ Azərbaycanın malik olduğu peşəkarlıqdan və ümumən inkişafdan geridir. İnspeksiya xidmətləri bu bazarlarda ümumiyyətlə yoxdur. Amma Qazaxıstanda işlərimiz daha yaxşı gedir. Gürcüstan bazarı da maraqlıdır, lakin ölkəmizdə gördüyümüz işlərin sayı artır və ArchiCO olaraq buradakı potensialımızı ora yönəltməyə tələsmirik. Çünki işlərimiz çoxdur və ilk növbədə öz Vətənimizdə aparılan tikintinin, inşaatın inkişafında iştirak etməyi qarşımıza məqsəd qoymuşuq. Hələki kadr resurslarımız daxili bazarda daha çox lazımlıdır.

– Manatın ucuzlaşması tikinti sektorundakı qiymətlərə necə təsir etdi?

– Açığı mən çox şadam ki, devalvasiya baş verdi. Bu, tikinti sektorunda, ümumilikdə iqtisadiyyatda ciddi dəyişikliklərə səbəb oldu, bütün sahələrdə yanaşmanı dəyişdi. İnanın ki, yerli istehsal elə sürətlə artır ki, bu bazarda qiymətləndirməyə də müsbət təsir göstərir. Artıq bütün sahələrdə tikintinin qiymətləndirilməsi bazar münasibətləri müstəvisinə keçdi. 

– Artıq uzun müddətdir ki, tikinti sektorunda çalışırsınız. Necə düşünürsünüz, hansı tikinti materiallarının Azərbaycanda istehsal etmək potensialı var hansı ki, biz məhsulları hələ də xaricdən alırıq?

- Bu bizim son günlər ən çox müzakirə etdiyimiz məsələlərdən biridir. Tikinti materialları arasında ölkəmizdə istehsal edilən bəzi məhsullar var ki, çox keyfiyyətlidir və onun xaricdən alınmasına heç bir ehtiyac yoxdur. Lakin bütün məhsulların keyfiyyətli şəkildə yerli istehsalı da mümkün deyil. Elə sahələr də var ki, keyfiyyətsiz istehsal əksinə inşaat sektoruna problemlər yaradır. Təsəvvür edin, tutaq ki, boru Azərbaycanda buraxılmasaydı, biz həmin məhsulu gömrükdən daha aşağı rüsumla keçirə bilərdik. Çünki yerli istehsal olduğu halda gömrük rüsumu 2 dəfə artır. Buna baxmayaraq, 2 dəfə artıq gömrük rüsumu ilə həmin məhsulu alıb gətiririk yenə də yerli istehsalçının satdığından ucuz başa gəlir. Belə misallar çoxdur. Böyük investisiya qoyub fabriklər açırlar, amma düzgün qiymət siyasəti yürütmürlər. Nəticədə yerli mallar satılmır. Təklif edirəm ki, monitorinq keçirilsin və inşaat sektoru yerli məhsullarla bağlı öz rəylərini bildirsin.

– Sizcə, bu problemdən çıxış yolu nədir?

– Səbəb odur ki, artıq tikinti bazarında tikintinin tozunda formalaşmış şirkətlər qalacaq. Əvvəlki “köpuk şirkətlər” bazardan çıxacaq. Yəni, bazara pul qazanmaq üçün kim gəldi müdaxilə etməyəcək, hərə öz peşəsi ilə məşğul olacaq. Prezidentin apardığı islahatlar inşaat sektorunda yeni yanaşma formalaşdırdı. İstehsala da belə bir təkan lazımdır.

– Hazırda xaricdən gətirdiyiniz tikinti materialları arasında hansı məhsullar daha çoxdur?

– Şüşə, alüminium məmulatları, keramika, fasad materialları, qapılar, santexnika və bu sahə üzrə bütün aksessuarları xaricdən gətiririk.

– Qiymətlərdən söz düşmüşkən, hazırda şirkətiniz də mənzil tikintisinə başlayıb. Həmişə belə bir fikir səslənib ki, Bakıda şişirdilmiş qiymətlər hökm sürür. Bu nə ilə bağlıdır?

– Tikintinin maya dəyərində yer tutan məhsullar əmin olun ki, hər yerdə eynidir. İndiyə qədər qiymətin qalxmasına çox böyük təsir edən faktorlara isə aşağıdakılar daxil idi: torpaq, sərəncamlar, sənədlər, dövlət orqanları ilə razılaşdırmalar. Bunun dəyəri mənzilin dəyəri ilə birə-bir təşkil edirdi. Tikən təşkilat onda da, indiki kimi 20 qəpik qoyurdu. İndi, hökümətin və Prezidentin birbaşa tapşırığı ilə bu problemlər aradan qaldırıldı və artıq şərait yarandı ki, mənzillərin qiyməti aşağı düşsün. Prezidentin tapşırığından sonra tikinti şirkətləri rahat nəfəs almağa başladı. İndi icazə verilib ki, sakinlər köçürülsün və həmin ərazilərdə yeni binalar inşa edilsin. Yəni, torpağa görə əlavə pul ödənilmir, əksinə icra hakimiyyətləri əhalinin köçürülməsində kömək edirlər.

- Maraqlı söhbətə görə çox sağ olun.

 
Açar sözlər: Tikinti bazar mənzil ArchiCO Engineering Group MMC Məhəmməd Musayev
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.