az / ru
 
     
 
Ana səhifə > Biznes > Persona

Müasir trendlər və idarəçilik prinsipləri ilə çalışan yerli konsaltinq şirkəti

06.05.2019

– Ekvita-ya qoşulmazdan əvvəl, M.Əliyev KPMG-də Vergi və Hüquq xidmətləri üzrə Partnyor olaraq, bundan əvvəl isə PwC Azərbaycanda yüksək vəzifələrdə çalışmısınız. Bu təcrübədən Ekvita-da necə yararlanacaqsınız?

– Qazandığım təcrübə az deyil. Qısaca olaraq təcrübəm mühasibat uçotu, vergi uçotu, vergi və hüquq məsləhətləri, yerli və xarici şirkətlərin strukturlaşması, şirkətlərin alqı-satqısı zamanı müxtəlif risklərin aşkar edilməsi (due diligence), bu prosesdən sonra şirkətlərin yenidən strukturlaşdırılması (restructuring), vergi yoxlamaları zamanı dəstək, vergi yoxlamalarının nəticəsinin müxtəlif instansiyalarda (o cümlədən yerli vergi orqanları, Vergilər Nazirliyi, Apellyasiya Şuraları və müxtəlif instansiya məhkəmələrində) mübahisələndirilməsi, vergi qanunvericiliyinə dəyişiklik təkliflərinin hazırlanması və sair əhatə edir.

Təcrübəm təkcə Azərbaycanla əlaqədar deyil. Alma-Ata, Amsterdam, Dubay, London, Moskva, Pekin, Sofiya, Tiflis, Vaşinqton və sair şəhərlərdə təcrübə keçmiş və ya uzunmüddətli işləmişəm. İqtisadiyyatın bütün sahələri - neft-qaz, maliyyə, istehsal, sənaye, tikinti, xidmət, ticarət, kənd təsərrüfatı və sair sahələrdə xeyli iş görmüşəm.

Hər bir insanın həyatında müəyyən mərhələlər var. Mən anladım ki, artıq dəyişiklik etmək vaxtıdır və yerli, Azərbaycan şirkətində çalışmalıyam. Ekvita şirkəti artıq 10 ildən artıqdır çox müvəffəqiyyətlə fəaliyyət göstərir və bir çox nailiyyətlər əldə etmişdir. Əminəm ki, mənim də “Ekvita”-a qoşulmağım yerli konsaltinq şirkəti kimi yeni mərhələyə keçməsinə dəstək olacaqdır.

– Beynəlxalq keyfiyyət və yerli qiymətlər konsepsiyası ilə işləmək nə dərəcədə mümkündür?

– Fikrimcə yerli kadrlar sürətlə inkişaf edir və artıq uzun müddətdir Azərbaycanda bir çox sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər vardır. Düzdür bir çox ixtisaslı kadrlar Azərbaycanı tərk edir, lakin bunun özü də böyük bir nailiyyət və Respublikanın başının ucalığıdır.

Yerli kadrlarımız olduğu üçün artıq bu sahələr üzrə xarici mütəxəssislərin və ya xarici şirkətlərin cəlbinə ehtiyac azalır. Nəticə etibarı ilə bu sahələr üzrə (o cümlədən hüquq, vergi məsləhət xidmətləri, biznes konsaltinq və sair) yüksək xidmət haqqı ödənilməsinə ehtiyac olmur.

Xarici şirkətlər çox vaxt qiymətləri öz qiymət səviyyələrinə, müəyyən risk faktorlarına, layihənin böyüklüyünə, beynəlxalq gəlirlilik səviyyəsinə və bir çox digər faktorlara əsaslanaraq yuxarı müəyyən edir.

Yerli şirkətlərdə yerli kadrlar çalışdığı üçün, xarici şirkətlərdə olan yüksək qiymət tələblərinin olmaması səbəbindən və həmçinin yerli tələbatın və sairi nəzərə almaqla daha real/uyğun qiymətlər müəyyən edilir.

Həmçinin Azərbaycanda çox yaxşı xüsusiyyətlərdən biri də bir-birimizə kömək etmək olduğu üçün müştərilərin maddi vəziyyətindən asılı olaraq müəyyən işləri uyğun xidmət haqqı ilə də razılaşmaq mümkündür. Lakin bir çox hallarda xarici şirkətlərdə daxili qaydalar buna imkan vermir.

Onu da nəzərə almaq lazımdır ki, xarici şirkətlərə ödənilmiş vəsaitlərin xərclər çıxıldıqdan sonra qalan hissə (mənfəət) adətən xaricə ödənilir. Həmçinin, xarici şirkətlərdə bir çox əlavə xərclər misal üçün adın istifadəsi üçün haqlar (royalti), idarəetmə xərcləri (management services), üzvlük haqları (membership fees) və sair bu kimi bir çox ödənişlər xaricə ödənilir (yəni vəsaitlər Azərbaycandan kənara keçirilir) və bu da Azərbaycanda Dövlət Büdcəsinə ödəniləcək mənfəət vergisini azaldır. Nəticə etibarı ilə xarici şirkətlərə ödənilmiş vəsaitlərin bir hissəsi Respublikamızı tərk edir.

Ekvita şirkəti olaraq yüksək səviyyəli xidmətlər təklif etdiyimiz üçün biz çox yüksək səviyyəli beynəlxalq şirkətlərdə (o cümlədən məşhur neft-qaz şirkətləri olan BP, Equinor, Total və sair) bizim xidmətlərimizdən istifadə edir. Düşünürəm bu çox gözəl bir nailiyyətdir. Bu bir daha təsdiq edir ki, hətta xarici şirkətlər Ekvita şirkətinin yüksək xidmət səviyyəsi və eyni zamanda uyğun qiymət təklif etməsini dərk edir və öz seçimlərini edirlər.

– Ekvita çox ciddi rəqabət olan bazarda hansı üstünlükləri təqdim edir?

– Bir çox yerli şirkətlər müəyyən sahələr üzrə ixtisaslaşıb, misal üçün hüquq şirkətləri, mühasibat uçotu xidmətləri göstərən şirkətlər və sair. Ekvita şirkəti isə 10 il öncə hüquq şirkəti kimi fəaliyyətə başlamasına baxmayaraq çox qısa müddətdə fəaliyyət sahəsini genişləndirmiş və özündə bir çox xidmətləri (hüquq, vergi məsləhətləri, miqrasiya, mühasibat və vergi uçotunun aparılması, audit, biznes məsləhətləri (consulting) və sair bu kimi xidmətləri) və mütəxəssisləri cəmləyən bir şirkətə çevrilmişdir. Bu bizə müştərilərin məsələlərini dərindən dərk etmək və onlara yüksək keyfiyyətli və hərtərəfli xidmətlərin göstərilməsinə imkan verir.

Həmçinin, bir çox hallarda şahid olmuşam ki, xarici şirkətlər çox ümumi və konseptual həll yolları və ya məsləhətlər verirlər. Yəni həllər digər ölkələrdəki təcrübəyə və ya əvvəlcə görülmüş başqa layihəyə əsaslana bilər. Real vəziyyətdən kənar olan və nəticə etibarı ilə konkret olmayan həllər təklif olunur. Bu isə bizneslərə çox vaxt köməyi dəymir və ya az dəyir.

Lakin hər bir müştərinin məsələsi spesifikdir. Biznesə konkret onun işinə və ya məsələsinə aid həll yolları tələb olunur. Hər bir işə spesifik baxmaq lazımdır. Yerli şirkət olaraq biz məhz müştərinin məsələsini dərindən analiz edir, müxtəlif həll yollarını nəzərdən keçirir və müştəriyə aid və çox spesifik həll yolları təqdim edirik.

Onu da qeyd etmək lazımdır ki, biz müştərilərə onların gözləmədikləri hesabları kəsmirik. Yəni biz müştərilərə bizim qiymətlər haqqında əvvəlcədən məlumat verir və hər hansı iş bitdikdən sonra onlara gözlədikləri hesabları təqdim edirik.

– Son vaxtlar ölkədə aparılan vergilər sahəsində islahatları necə qiymətləndirərdiniz?

– Son illərdə vergi sahəsində həddindən artıq proqressiv dəyişikliklər edilir. Son dəyişiklik olaraq Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin imzaladığı və 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minmiş Vergi Məcəlləsinə çox saylı və çox əhəmiyyətli dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Prezident Administrasiyası,  Azərbaycan Respublikası Maliyyə və Vergilər Nazirliyi, bir çox dövlət strukturları və digər şəxslər Vergi Məcəlləsinə dəyişikliklərin hazırlanması üçün xeyli vaxt və əmək sərf etmişdir. Mən də Amerika Ticarət Palatası çərçivəsində və həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşəbbüsü ilə Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə əlaqədar müəyyən töhfəmi vermişəm.

Son dəyişiklillər nəticəsində iqtisadiyyatın ağarmasını gözləyirəm və islahatların əsas məqsədlərindən biri də budur. Bunun üçün bir çox işlər görülür və görülməkdədir. İqtisadiyyatın ağarması nəticəsində şəffaflıq, bazarda düzgün rəqabət, vergi öhdəliklərinin düzgün hesablanması imkanı və bir çox başqa perspektivlər açılır.

Eyni zamanda düşünürəm ki, Vergi Məcəlləsinə əlavə dəyişikliklər də edilə bilər. Misal üçün:

  • vergi ödəyicilərini vergi qanunvericiliyinə könüllü əməl etməyə dəstək verən müəyyən əlavə güzəştlər;
  • əlavə dəyər vergisi baxımından satış üzrə ƏDV öhdəliyinin yaranması dövrü ilə alışlar ilə əlaqədar ƏDV-lərin əvəzləşdirilməsi dövründə uyğunlaşdırılması;
  • iqtisadiyyatın ağarması baxımından 2019-cu il tarixindən öncə vergi öhdəliklərinın bağlanması baxımından müəyyən şərtlər çərçivəsində vergi amnistiyasının edilməsi.

Bildiyim qədər, bu kimi dəyişikliklər yaxın vaxtlarda edilə bilər.

Onu da qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinə layihə dəyişikliklərin daha geniş kütlə (o cümlədən bizneslər, iqtisadçılar və sair) ilə müzakirə edilməsi və həmçinin nəticədə dəyişikliklərin qüvvəyə minməmişdən xeyli öncə (misal üçün 6 ay və ya 1 il) dərc edilməsi də yaxşı olardı. Bu dəyişikliklərin vergi ödəyicilərin problemlərini ünvanlandırmağa və həmçinin onların bu dəyişiklikləri dərindən qavramaq və hazırlaşmağa imkan verəcəkdir.

– Fikrinizcə daha hansı islahatlara ehtiyac var?

– Məlumdur ki, həyatda çox tez-tez dəyişikliklər baş verir və daimi nə isə düzəliş və ya islahatlara ehtiyac duyulur. Son zamanlar isə dəyişikliklərin çox tez baş verdiyini nəzərə alaraq islahatlara daha tez lüzum yaranıb.

Düşünürəm ki, aşağıdakı islahatların aparılması nəzərdən keçirilə bilər:

  • Məhkəmə sisteminin təkmilləşdirilməsi
  • Bizneslərin maliyyələşməsinin asanlaşdırılması (Maliyyə inkluzivliyinin artırılması)
  • Xarici investorların cəlb edilməsi ilə bağlı investisiya mühitinin münbitləşdirilməsi və həmçinin müəyyən güzəştlərin tətbiq edilməsi
  • Ölkənin müəyyən mərkəzə (hub-lara) çevrilməsi üçün müəyyən güzəşt və ya əlverişli mühitin yaradılmasının nəzərdən keçirilməsi
  • Bir çox əhəmiyyətli sahələrə dəstək və inkişafa vüsət vermək məqsədi ilə vergi yükünün (o cümlədən ƏDV-nin) azaldılması (misal üçün turizm, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün və sair).

– Bazarda şirkətlərin hüquq, vergi və idarəetmə üzrə konsaltinq xidmətlərindən yararlanmasının qarşısını alan hansı əngəllər var?

– Düşünürəm ki, buna bir çox səbəb var. Misal üçün:

a) Yerli bazarın hələ də bu xidmətlərdən istifadəsinin əhəmiyyətinin tam dərk etməməsi. Bir çox yerli şirkətlər müəyyən işlərə başlamamışdan öncə analizlər etmir, atılacaq addımlar və görüləcək işlərin (xidmət və ya mal) hansı hüquqi və vergi təsirlərini tam anlamır və sair.

Çox düzgün atalar sözü var-deyirlər: məsləhətli don gen olar. Bunun dərin mənası var. Yəni iqtidadiyyat/biznes baxımından nə isə iş görməmişdən öncə çox məsləhətləşmək, analiz etmək, planlaşdırmaq, strukturlaşdırmaq və sair etmək lazımdır.

Hər bir işin və ya biznesin bir çox məqamları var. Misal üçün:

  • İnvestisiyanın hara edilməsinin seçimi (İnvestisiya layihələrinin düzgün analizi)
  • Biznes modelləşdirilməsi
  • Biznes proseslərinin düzgün qurulması
  • Biznes planının hazırlanması
  • Vergi məqamları
  • Bir çox hüquqi məqamlar
  • Müvafiq icazələrin alınması
  • Kadr məsələləri
  • İnformasiya texnologiyaları (İT) ilə bağlı məqamlar və sair.

Lakin təəssüf ki, heç də bütün bizneslər hələ məsləhət xidmətlərindən istifadə edilməsinin zəruriliyini tam dərk etmir və bunun nəticəsində bir çox bizneslər ən pis halda müflis olur və ya bir çox çətinliklərlə (o cümlədən nəzərdə tutulmayan vergi yükləri/sanksiyaları, digər maliyyə yükləri və sair) üzləşirlər.

b) Həmçinin qeyd etmək lazımdır ki, professional sahədə mütəxəssislərin sayı azdır. Bundan əlavə savadlı mütəxəssislərin xaricə də axını davam edir. Bu səbəbdən mütəxəssislərin bir araya gəlib Azərbaycanda mütərəqqi və çox şaxəli şirkət yaratmaları halı çox deyildir.

c) Mütəxəssislərin dağınıq fəaliyyət göstərməsi. Misal üçün mühasiblər, hüquqşünaslar, auditorlar və sair. Bu səbəbdən bizneslər bir çox mütəxəssisləri bir araya gətirməlidir. Buna çoxlu vaxt və vəsait tələb olunur. Bir çox hallarda biznesin vaxtı çox azdır və çox tez qərar vermək tələb olunur.

d) Onu da qeyd etmək lazımdır ki, yerli bizneslər Azərbaycanda bir çox məsələləri danışıqlar və ya müəyyən razılaşma əsasında həll edirdilər. Buna görə də çox vaxt vergi, hüquq, maliyyəçi və sair bu kimi mütəxəssislərə çox da ehtiyac qalmırdı. Hal-hazırda isə vəziyyət dəyişib və digər tələblər var, normativ-hüquqi aktlar təkmilləşdirilir, biznesin ağarmasına böyük əhəmiyyət verilir, mühasibat və maliyyə uçotunun aparılması qaçılmaz olur və sair. Bu səbəbdən son vaxtlar məsləhət xidmətlərinə tələbatın artmasını düşünürəm.

– Yerli şirkətlərin instusional inkişafını, onların dayanıqlığının və cəmiyyətdə rolunun formalaşmasına nə mane olur? Nə üçün Azərbaycan biznesinin böyük hissəsi hələ də müasir trendlər və idarəçilik qaydalarından çox uzaqdır?

– Nəzərə almaq lazımdır ki, bir çox xarici şirkətlərin böyük tarixi var. Misal üçün BP şirkəti 100 il, Apple şirkəti 40 ildən artıqdır fəaliyyət göstərir. Göründüyü kimi bu şirkətlərin bu səviyyəyə çatmalarına çox zaman və həmçinin böyük təcrübə tələb olunub.

Azərbaycanın yerli biznesi son zamanlarda dirçəlmək və vüsət almağa başlamışdır. Lakin buna baxmayaraq bir çox yerli şirkətlərin müasir korporativ idarəçilik qaydaları, idarəetmə strukturları, qaydaları və sair bu kimi funksiyaları vardır və ya yaratmağa başlamışlar. Ancaq buna baxmayaraq əksər yerli bizneslərin hələ də bu sahədə inkişaf etməlidirlər. Düşünürəm bunun üçün təsisçilərin iradəsi, yüksək ixtisaslı kadrlar və müəyyən vaxt tələb olunur.

Bu məsələ elə yerli məsləhət şirkətlərinə də aid edilə bilər. Misal üçün böyük dördlüyün (Big4) 100 ildən çox, McKinsey & Company şirkətinin 90 ildən çox tarixi var. Lakin yerli məsləhət xidmətləri göstərən şirkətlər isə çox qısa müddətdir ki, fəaliyyət göstərir və elə bu səbəbdən də onların korporativ idarəetmə, müasir trendlər və sair bu kimi yeniliklərdən istifadə etmələri faktı kəsaddır.

Ekvita şirkətinin aparıcı mütəxəssisləri beynəlxalq şirkətlərdə uzun müddət çalışan və beynəlxalq təcrübə və yeniliklər ilə fəaliyyət göstərən mütəxəssislərdir. Bunu nəzərə alaraq Ekvita şirkəti müasir trendlər və idarəçilik prinsipləri ilə fəaliyyət göstərən yerli konsaltinq şirkətidir.

 
Açar sözlər: Konsaltinq şirkəti Ekvita Müşfiq Əliyev
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.