az / ru
 
     
 
Ana səhifə > Biznes > Persona

Tural Rəhimli: "Cəsarətim olmasaydı, beyin cərrahı olmazdım!"

19.12.2017 | İ. Abdullayeva

Müsahibim Tural Rəhimli beyin cərrahıdır. Həkimlərlə bir neçə müsahibəm olub, etiraf edim ki, ilk dəfə idi ki, cərrahla, özü də beyin cərrahı ilə söhbət etmək bu qədər maraqlı və rahat idi. Tural Rəhimli xaricdə təhsil alıb, 4 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu vaxt ərzində 200-dən çox endoskopik hipofiz əməliyyatları olmaqla, 1000-ə yaxın uğurlu beyin əməliyyatlarını icra edib. Azərbaycanda Epilepsiya cərrahiyyəsi konseyini təsis edib və epilepsiya cərrahiyyəsi üzrə fəaliyyətə başlayıb.


DOSYE

Tural Rəhimli 1982-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olunub, 2006-cı ildə ali təhsilini bitirib. 2008-ci ildə Türkiyədə Tibbdə uzmanlık imtahanını müvəffəqiyyətlə verərək “Hacetəpə” Universiteti Beyin və Sinir cərrahiyyəsində uzmanlıq təhsili almaq kimi böyük bir uğura nail olub. 2014-cü ildə uzmanlıq təhsilini başa vurub. Bu dövrdə Türkiyə və Avropanın müxtəlif ölkələrində kurs və konfranslarda iştirak edib. Elmi işi Epilepsiya cərrahiyyəsi ilə əlaqəlidir.


– Tural bəy, Bakıda ali təhsil almısınız. Sonra Türkiyədə təhsilinizi davam etdirmisiniz. Peşəkar həkim olmaq üçün bu şərtdirmi və niyə məhz Türkiyəni seçdiniz?

– Tibbi təhsil baxımından bizim üçün ən uyğun yer Türkiyə idi. Alternativlər kimi  Ukrayna və Rusiya da var idi, amma bunların arasında tibbin ən inkişaf etdiyi ölkə təbii ki, Türkiyədir. Rusiyada qəbul imtahanla deyil və ayrı-ayrı sahələrdə müəyyən uğurlu həkimlər olsa da, təhsil sistematik olaraq oturuşmamış bir haldadır. Avropada isə Londonu seçmək mümkün idi, lakin orada rezidenturaya qəbul imtahanlarından əlavə müsahibədə iştirak etməlisən. Ayrıca Azərbaycana bu ixtisas üzrə yer də açılması şərtdir ki, o zaman bu yerlər açılmırdı. Praktik və yaxınlıq baxımından mən Türkiyəni seçdim.

– Beyin cərrahiyyəsi tibbdə ən çətin sahə hesab edilir…

– Planlı şəkildə oldu. Universitetə beyin cərrahı olmaq hədəfi ilə girmişdim.  “Hacetəpə”yə də məhz bu sahədə təhsilimi davam etdirmək üçün getdim. Eqosu yüksək olan insanlar bu sahəyə can atırlar. Beyin cərrahiyyəsini niyə seçmişəm, deyə bir az dərinə getsək, həmişə çətin bir işlərlə məşğul olmaq istəmişəm. Görünür, bu da mənim həyatda fərqlənmək üçün seçdiyim bir mövqedir. Düşünürəm ki, öz peşəmdə müəyyən uğurlar qazanmışam.

– Azərbaycandan təhsilli bir gənc olaraq, sonra Türkiyədə davam etdiniz. Təhsil sistemində fərqlər çoxdurmu?

– Acı da olsa, reallıq budur ki, fərq uçurum idi. Azərbaycan Sovet dövründən qalmış təhsil sistemini hələ də saxlayıb. Yeni nələrsə etməyə çalışırlar, ancaq tam oturmuş bir sistem hələki qurulmayıb. Ölkəmizdə nəzəri olaraq bəzi biliklər qazansaq da təcrübi baxımdan çox zəif ali təhsilli kadrlar ordusu yaranır. Mən assistent kimi işə başlayanda üstün biliklər bir yana, tibb bacıları qədər praktik biliyimin belə olmadığının fərqinə vardım. Çox ciddi bir təzad odur ki, Azərbaycan xəstəxanalarında rezidentura sistemi olmadığı üçün həkimlər illərlə təcrübə yığaraq təhsildəki təcrübə çatışmazlığını bağlamağa çalışırlar. Biz oxuduğumuz dönəmdə Azərbaycanda tibb universitetinin bazası yox idi. Dövlət xəstəxanaları təhsil müəssisələrindən çox aralıda yerləşirdi və tənəffüs üçün ayrılan yarım saat üçün vaxtda həmin xəstəxanalara taksi ilə getmək belə mümkün deyildi. Çünki fərqli yerlərdə, uzaq məsafədə yerləşirdilər. Amma Türkiyədə bütün universitetlərin xəstəxanası var. Bildiyimə görə, artıq Azərbaycanda da universitetin 2 korpusu qurulub, rezidenturanı da oraya şamil etməyə çalışırlar. Buna nə qədər müvəffəq olublar bilmirəm, amma ümidvaram ki, bu sistem qurulacaq.

– Bir dövr oldu ki, Azərbaycanın büdcə gəlirləri artdı və ölkədə so­sial ­infrastruktur güclənməyə başladı. Müasir tipli xəstəxanalar tikildi, texniki avadanlıqlarla təmin edildi. Amma bu yeniliklərlə işləyən, müasir sistemlə diaqnoz qoymaq, həmin  aparatların verdiyi nəticələri düzgün analiz etməyi bacaran kadr heyətinin olmaması problemi meydana çıxdı. İndiki vəziyyəti necə qiymətləndirirsiniz, kadr çatışmazlığını həll edə bilmişikmi?

– Qətiyyən düzəldə bilməmişik. Bu sahədə ciddi çatışmazlıqlarımız var. Bundan sonrakı on il ərzində də xaricdə oxuyub qayıdanlar olsa, Azərbaycan üçün yenə azdır. Çünki rayon xəstəxanalarında vəziyyət yaxşı deyil, Bakıdan kənarda heç bir uzman həkim işləmir. Xaricdə oxumuş həkimlər elə Bakının özündə də özəl sektorda cəmləşib. Onların sayı da kifayət qədər azdır. Razıyam ki, xəstəxanaların əksəriyyətində maddi-texniki baza yüksək səviyyədə qurulub. Lakin bunu işlətmək bacarıqlarına sahib olan həkimlərimiz çox azdır. Hətta həkimlərdən də daha çox orta tibb personalının yoxluğu daha böyük problem yaradır. Tibb bacısı, tibb texniklərimiz çatışmır.

– Azərbaycanda tibbi təhsil üzrə qiymətlər elə də ucuz deyil. Və hər il dövlət planı da dolur.

– Belə deyək ki, kifayət qədər məzun buraxılır. Amma həkim institutu bitirməklə deyil, əsas rezidenturada formalaşır. Bizdə rezidentura yeni yaranıb. Hazırda ya ilkin təhsili burada alıb, xaricdə davam etdirirlər, ya da daha acısı bir çoxlarının adı rezidentura təhsilində gedir, yəni sənəd üzərində adı var. Bu isə formalaşmamış kadrdır və boş-boşuna yer tutur, vaxtı gələndə isə biz ondan istifadə edə bilmirik. Bu məsələdə İngiltərə nümunəsi var. Bir nəfər institutu bitirib sonra işləmək istəmirsə, dövlət ona qarşı cərimə tətbiq edir ki, sən vaxtında kiminsə yerini tutmusan. Məncə, məntiqli bir yanaşmadır.

– Hazırda Azərbaycanda hansı əməliyyatları icra edirsiniz?

– Daha çox beyin əməliyyatlarını icra edirəm. Üstünlük verdiyim 2 istiqamət var: epilepsiya, endoskopik hipofiz və kəllə əsaslı şişləridir. Bəzən xəstələrin təkidi ilə onurğa əməliyyatlarını da icra edirəm.

– Azərbaycanda beyin əməliyyatlarına ehtiyac böyükdürmü? Ümumiyyətlə, beyindən əməliyyat keçirmək qorxunc yuxuya bənzəyir.

– Mən Türkiyəyə getməmişdən əvvəl düşünürdüm ki, beyin əməliyyatı olan xəstə 1 ay yataq rejmində olmalıdır. Sonra reabilitasiya və uzun sürən müalicə prosesi davam etməlidir. Amma Türkiyədə əməliyyat olunmuş insanı ertəsi gün qaldırıb gəzdirirdilər. Bunu görəndə şok olmuşdum. Mən orada təhsilimi bitirdim və Vətənə qayıtdım. Çox təəssüf ki, mən Azərbaycandan getdiyim dönəmdə beyin cərrahiyyəsi hansı səviyyədə idisə, elə o səviyyədə də qalmışdı. Beyin əməliyyatı deyəndə insanlar elə düşünürdülər ki, əməliyyatdan sonra onlar şikəst qalacaqlar. Amma beyin əməliyyatlarının 90 faizindən çoxu uğurlu olur.

– Azərbaycanda epilepsiya sağalmaz bir xəstəlik hesab edilir. Siz bu sahədə çalışırsınız, fikirlər dəyişirmi?

– Qətiyyən belə deyil. Epilepsiyanın bir çox növləri üzrə xəstələr əməliyyatla, davasız-dərmansız həyata qayıdır. Biz son 2 ildə 50-yə yaxın epilepsiya əməliyyatı etmişik. Bunlardan cəmi iki və ya üçündə qıcolmalar kəskin azalıb, amma tam keçməyib ki, bəzən bu da uğurlu nəticə olaraq qəbul edilir. Digərlərində isə tamamilə sağalma müşahidə edilib. Amma toplum bu xəstəliklə mübarizəyə tam hazır deyil. Onlar, “dərhal əməliyyat edin və bu xəstəlik düzəlsin”, kimi yanaşırlar. Belə xəstələrin əməliyyata hazırlanması bəzən aylarla sürə bilər. Qəribədir ki, illərlə epilepsiyadan əziyyət çəkən adam bəzən 6 ay gözləmək istəmir. Təəssüf ki, Azərbaycanda epilepsiyadan əziyyət çəkən xeyli insan var. Statistikanı araşdırmışam, ölkəmizdə 4 min 500 əməliyyatlıq xəstə var. Biz cəmi 50-sini əməliyyat etmişik. İnşaallah digərlərinə də faydamız dəyər.

– Beyin şişləri artıb. Bunun səbəbləri kimi müasir texnologiyanın inkişafını, maqnit sahəsinin artmasını göstərirlər. Siz öz xəstələriniz arasında hansı tendensiyanı müşahidə edirsiniz?

– Ümumiyyətlə, şişlərin hamısı artıb. Buna səbəb kimi qidanı, mobil telefonları göstərirlər, amma bu fikirlər tam isbatını tapmayıb. Təbii ki, telefon üçün radiolakasiya stansiyalarının yaşayış məntəqəsindən aralıda, yüksəklikdə qurulmasının səbəbi var və onun zərərli təsirlərini azaltmağa hesablanıb. Fikrimcə, şişlərin sayının artmasının səbəblərindən biri diaqnostikanın artması  ilə bağlıdır. Maraqlı bir fakt deyim. Dünyada mədə xərçənginin ən çox Yaponiyada  rastlandığı müəyyən edilib. Sual yaranıb, niyə məhz Yaponiya? Axı bu ölkənin sakinlərinin qida rejimi çox fərqlidir, daha çox dəniz məhsulları ilə qidalanırlar. Onların ən çox yediyi balıq isə mədə xərçəngi riskini azaldır. Bu təzadın səbəbinə gəlincə, məlum oldu ki, Yaponiya sosial ölkə olduğu üçün hər yüz vətəndaşının  yüzü də rutin qastroskopiya edilir. Yəni, altı aydan bir, ildə bir dəfə məcburi şəkildə müayinədən keçən insanlarda erkən zamanda xəstəlik tapıldığı üçün onların həyatını qurtarmaq da asan olur. Yüz nəfərin yüzü də müayinə olunursa, onlardan beşində bu xəstəlik çıxa bilər. Bizdə isə yüz nəfərdən heç üçü belə  müayinədən keçmir. Beyin şişləri də həmçinin, diaqnostik vasitələrin sayı artdığı üçün aşkar olunan beyin şişləri də statistikada yüksək tendensiya göstərir.     

– Gecaşkarlanma faktına görə Bakı və regionların vəziyyəti necədir?

– Əhalinin nisbətini nəzərə alsaq, böyük hissəsi Bakıda məskunlaşdığından şəhər sakinləri arasında müraciət edənlər daha çoxdur. Rayonlardan olan xəstələrin də sayı az deyil. Lakin xəstəliyin gecaşkarlanma faizinə görə rayon sakinləri daha çoxdur. Rayonlarda erkən müayinə metodlarından istifadənin səviyyəsi çox aşağıdır. İnsanlar başağrılarının kəsmədiyi, qusmaların artdığı vaxt həkimə müraciət edirlər. Beyin şişləri ilə bağlı tendensiyaya baxsaq, əksər xəstələr gecikmə mərhələsində, artıq kəskin ağrılar onları narahat etdikdə həkimə müraciət edirlər. Bu yaxınlarda fərqli bir situasiya ilə rastlaşdım. Pasientlərimdən birinin dediyinə görə, Janna Friskinin fanatı olub və bilirsiniz ki, o, beyin şişindən əməliyyat keçirib. Janna Friskinin həyatından təsirlənən pasient özünü tomoqrafiya etdirmişdi və onda da beyin şişləri aşkarlanmışdı. Bu, erkən aşkarlanmış şişlər idi və çox uğurlu bir əməliyyatla xanımın həyati riski aradan qalxdı. 

– Beyin şişlərinin əməliyyatında risk faktoru nə qədər yüksəkdir?

– Əksər hallarda xəstəliyin simptomları ciddiləşəndə həkimə gəlirlər. Şişlər uşaqlarda beyinin arxa kəlləçuxurlarında, böyüklərdə böyük yarımkürələrdə  daha çox olur. Təbii ki, hər bir əməliyyatın öz riski var, amma beyin əməliyyatında bu risklər biraz daha çoxdur. Maksium dərəcədə əməliyyatda iştirak edən tibb heyətini tam səriştəli kadrlardan təşkil edirik ki, əməliyyatda daha diqqətli və keyfiyyətli iş ortaya çıxara bilək.

– Epilepsiya ilə bağlı daha bir sualım var. Epilepsiyanın psixologiyaya söykənən səbəbləri varmı? Yəni, çox zaman belə xəstələrin psixoloji cəhətdən zəif olduqları  önə çəkilir.

– Xeyr, epilepsiyanın elə bir psixoloji səbəbi yoxdur. Mövzuya toxunduq, qeyd edim ki, epilepsiya doğuşda və ya uşaqlıqda travma alan şəxslərdə daha çox müşahidə edilir. Yəni, problem nəticəsində patoloji ocaq yaranıb və bu epileptik ocağa çevrilib. Amma cərrahi müdaxilələr zamanı bəzən maraqlı psixoloji nəticələrlə qarşılaşırıq. Təəccüblü də olsa, çox nadirən insanlarda xarakter dəyişikliyi baş verir. İnsanı əməliyyatdan əvvəl bir cür, əməliyatdan sonra tam başqa xarakterdə görə bilərsiniz. Yaxınlarda əməliyyat etdiyim susqun, danışmayan bir qız əməliyyatdan sonra çox emosional bir formada hisslərini ifadə edirdi.   

– Bilirsiniz ki, ölkədə məcburi tibbi sığorta tətbiq olunmağa başladı. Bu dia­qnostikanın səviyyəsini qaldıracaqmı?

– Azərbaycanda icbarı sığorta olmalıdır, çünki müasir ölkəyik, onun tətbiqi qaçılmazdır. İcbari sığorta mütləq diaqnostikanın səviyyəsini qaldıracaq, lakin bunun xoşagəlməz tərəflərindən biri odur ki, sui-istifadə halları yaradır. Bir insan nəyəsə pul vermirsə, onu sui-istismar edir. Bu, hər yerdə belədir. Türkiyədə artıq bunun qarşısını almaq üçün limitlər tətbiq edirlər. Bir daha vurğulayıram ki, icbari sığortanın çox böyük üstünlüyü var, çünki insanların erkən müayinə olunması nəticəsində xəstəliklərin ağırlaşma səviyyəsinin qarşısı alınacaq.

– Azərbaycan səhiyyəsindəki yeniliklərdən biri də “Ailə həkimi”dir. “Ailə həkimi”nin yaranması prosesini necə qiymətləndirirsiniz?

– Azərbaycanda olması vacib, ancaq olmayan bir çox ixtisaslar var. Bunlardan biri də “Ailə həkimi”dir. Hazırda bu işi sahə poliklinikaları həyata keçirirlər, ancaq effektiv olduğunu deyə bilmərəm. “Ailə həkimi”nin formalaşması üçün mütləq dövlət siyasəti, təşviq olmalıdır. Bunun üçün həkimlərin məvacibi artmalıdır. Məsələn, Türkiyədə ailə həkimi bir uzman beyin cərrahından daha çox maaş alır.

– Cərrah üçün uğur nə deməkdir?

– Uğuru bir kəlimə ilə ifadə etmək çətindir. Uğur bir neçə factor məcmusundan ibarətdir. Uğurlu tibb personalı seçimi işin uğuruna təsir göstərən əsas meyardır. Cərrah üçün ən böyük uğur etdiyi əməliyyatların yaxşı nəticələnməsidir. Ən vacibi odur ki, xəstə göstərilən tibbi xidmətdən məmnun qalsın. Belə olarsa, deməli uğura nail olmusan.

– Cərrah kimi maraqlıdır ki, əməliyyatdan əvvəl nə düşünürsünüz? Allaha dua edirsiniz, yoxsa Hippokrata and içirsiniz?

– Düzü inanclı bir adam deyiləm (gülür). Amma buna baxmayaraq, bir adətdirmi, bilmirəm, “Bismillah” da deyirəm, dua da edirəm. Əməliyyat öncəsi xəstənin tarixçəsini, diaqnozunu təkrar nəzərdən keçirirəm və dua edirəm ki, hər şey yaxşı olsun. Bizim ən qorxulu yuxumuz əməliyyat zamanı qanamadır. Xüsusən də beyin əməliyyatlarında. Çünki qanama zamanı damarı yandıra bilmirik. Yəni, yandırdınsa, beyinin o hissəsi infarkta gedəcək. Bir həmkarım öz kitabında qanamalara üç cür təsnif vermişdi: birinci - niyə mən bu beyinə daxil oldum? ikinci tip qanama - mən niyə həkim oldum? üçüncü tip qanama - mən niyə dünyaya gəldim? Allah bizi üçüncü tip qanamadan qorusun.

– Amin! Amma bir adəti də xatırladım. Əvvəllər cərrahlar spirtli içki qəbul edərdilər ki, əməliyyata girirəm. Siz necə, cəsarətinizi toplamaq üçün nə edirsiniz?

– Bu yəqindir ki, sovet dönəmindən qalma bir təfəkkürdür (gülür). Çox yalnış fikirdir. Cəsarətim olmasaydı, beyin cərrahı olmazdım!

– Uğurlu və yaddaqalan əməliyyatınız varmı?

– Uğurlu əməliyyatlarımın sayı kifayət qədər çoxdur. Bir müddət öncə tələbə yoldaşımın qohumunu hipofiz əməliyyatı edirdim. Endoskopik əməliyyat idi və bu zaman şah damarın (karotis aretri) qanaması oldu. Şah damarın qanaması isə əksər hallarda ölümcüldür. Bu yuxarıda dediyim “niyə dünyaya gəldim” tipli bir  qanamadır. Dediyim kimi, əməliyyatın əvvəlində şah damar qanadı. Qanamanı saxladım və əməliyyatı davam etdirdik. Şükür, xəstə də əməliyyatdan yaxşı çıxdı. Bu yaxınlarda 35 yaşında bir xanımda ağır bir beyin şişi əməliyyatını həyata keçirdim. 2 ay təkid etdi ki, onun əməliyyatını mən icra edim. Nəhayət 12 saatlıq ağır əməliyyatdan sonra uğurlu bir nəticə aldıq. 1 həftə həmin əməliyyata hazırlaşdım. Cərrrah olanda nə olar, bu stresi yaşamaq özü çox çətindir.

– Azərbaycan vətəndaşına sağlıqla bağlı nə tövsiyyə edərdiniz?

– Sağlıqlı bir həyat tərzi keçirsinlər, səbirli olsunlar. Çox səbirsiz bir cəmiyyətimiz var. Bəzən bir xəstə on həkimin qəbulunda olur, bu, on fərqli fikir deməkdir. Təcrübə göstərir ki, seçim artdıqca, insan ən pisini götürür. Əmin olun ki, Azərbaycanda dəyərli, xəstəsinə kifayət qədər diqqət göstərən peşəkar həkimlərimiz var.

– Arzu edirik ki, heç vaxt üçüncü tip qanamanın təsnifinə məruz qalmayasınız. İşlərinizdə uğurlar və sağlam həyat arzulayırıq. Müsahibə üçün çox sağ olun.

Təşəkkür edirəm. Sizə də böyük uğurlar arzulayıram.

 
Açar sözlər: Tural Rəhimli beyin cərrahı
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (318)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (298)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.