az / ru
 
     
 
Ana səhifə > Biznes > Persona

Yaxın gələcəkdə Azərbaycanda aqrar sektorun yeni siması formalaşacaq

09.04.2015 | İlhamə Abdullayeva

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədovun Consulting&Business jurnalına eksklüziv müsahibəsi

— Heydər müəllim, müsahibəmizə onunla başlayaq ki, bu ilki mövsümdə kənd təsərrüfatı məhsullarının qiymətində bir stabillik və bolluq müşahidə olundu. Bunu rəqəmlərin dili ilə ifadə etsək, bu sahədəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

Həqiqətən də ötən il taxıl istisna olmaqla, ölkədə istehsal olunan yerli kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə-tərəvəz məhsulları hesabına bazarda bolluğun yaradılması təmin olundu. Elə təkcə bir statistik məlumatı göstərim ki, 2014-cü il ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi 13,5 faiz azalaraq 25,2 milyon ABŞ dolları təşkil etmişdir. Natural ifadədə isə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan məhsullarının idxalının həcmi 47,3 faiz azaldı. Bu faktlar kənd təsərrüfatı məhsullarına olan daxili bazar tələbatının ödənilməsində yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını göstərir. Eyni zamanda, ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi əvvəlki illə müqayisədə 16,1 faiz artaraq 291 milyon ABŞ dollarına çatmışdır.

Bir məsələni də qeyd etmək lazımdır ki, kənd təsərrüfatı məhsulları bazarında məhsul bolluğu heç də həmişə qiymət stabilliyini və ya optimal qiymət səviyyəsini təmin etmir. Bunun üçün dövlət tərəfindən bazarın müxtəlif vasitələrlə tənzimlənməsi də tələb olunur. İki fərqli nümunə göstərim. Məsələn, yerli istehsal hesabına məhsul bolluğu o səviyyəyə çatar ki, bazardakı qiymətlər yerli məhsulların maya dəyərindən də aşağı olar. Yaxud da bazarda məhsul bolluğuna baxmayaraq hansısa bir süni ajiotajın təsiri ilə məsələn, bayramqabağı günlərdə olduğu kimi, qiymətlər heç bir real səbəb olmadan arta bilər. Məhz buna görə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bazarda mütəmadi monitorinqlər aparılmaqla operativ məlumatlar toplanır, vəziyyət təhlil edilir, mövcud durumdan  asılı olaraq qərarlar qəbul edilir. Daha sonra bu qərarlar əsasında bazar iştirakçıları ilə birgə tədbirlər həyata keçirilir. Bu mövsümdə biz hər iki nümunə üzrə tənzimləmə tədbirini uğurla həyata keçirtdik.

Belə ki, cari mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə təqribən 10-20 faiz aşağı idi. Bu o demək idi ki, fermerlər öz məhsullarının minimal marja ilə, hətta ola bilərdi ki, ziyanla satmalı idilər. Lakin bizim iri ixracatçılarla əməkdaşlıq şəraitində gördüyümüz tədbirlər nəticəsində ixrac kanallarının intensivləşməsi hesabına qiymətlər əvvəlki mövsüm səviyyəsinə çatdırıldı.

Eyni ilə, özəl biznes subyektləri ilə yaradılmış əməkdaşlıq sistemi sayəsində bazara natural məhsullarla “intervensiya” tədbirləri nəticəsində həm Qurban bayramı, həm də Yeni il bayramı ərəfəsində bazarlarda tələbata uyğun məhsul bolluğu yaradıldı, qiymət dəyişmələri baş vermədi. Bunu bayramqabağı bazardan kənd təsərrüfatı məhsulları alan hər kəs əyani şəkildə gördü.

Möhtərəm Prezidentin qərarı ilə “Kənd Təsərrüfatı İli” elan olunan 2015-ci ildə Nazirliyin fəaliyyət planına daxil edilən əsas perspektiv sahələr hansılardır və zəhmət olmasa, qısaca əsas önəm daşıyan fəaliyyət istiqamətlərinə toxunaq.

İlk növbədə, 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etdiyinə görə bir daha cənab Prezidentə kənd təsərrüfatı işçiləri adından öz dərin minnətdarlığımızı bildirirəm. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi 2014-cü ildən etibarən Azərbaycanda aqrar islahatların yeni mərhələsinin başlaması ilə bağlı cənab Prezident tərəfindən verilən siyasi qərarların məntiqi davamıdır. Yəni ölkədə aqrar sahənin inkişafı ilə bağlı strateji vəzifələr artıq dövlət başçısı tərəfindən müəyyən olunub. Nazirlik də buna uyğun olaraq müvafiq fəaliyyət planlarını hazırlayıb. İlk növbədə, fermerlərin istehsal vasitələri ilə təminatının daha da gücləndirilməsi üçün mövcud mexanizmlərin təkmilləşdirilməsi prioritet vəzifələr sırasındadır. Bildiyiniz kimi, hələ ötən ildən “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilmişdir. Nəticədə 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş və ya lizinq qaydasında satılmış kənd təsərrüfatı texnikaları 2013-cü illə müqayisədə 37,4 faiz, o cümlədən taxılyığan kombaynlar 57,2 faiz, traktorlar 47,7 faiz, digər texnikalar 29,1 faiz, lizinq alanların sayı isə 33,6 faiz artmışdır. Həmçinin gübrənin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə və ya güzəşt edilən yardımın yuxarı həddi 50 manatdan 80 manata artırıldı. Bununla da 2014-cü il ərzində istehsalçılara güzəştlə satılan gübrənin həcmi əvvəlki ilə nəzərən 15,1 faiz, əhatə olunan əkin sahəsinin həcmi müvafiq olaraq 24,1 faiz, güzəştə görə verilən yardımın məbləği isə  30,5 faiz artmışdır.

Dövlət başçısının tapşırığı ilə hazırda yanacaq və motor yağlarına görə verilən güzəştlərin həcminin artırılması, habelə təkrar əkinlərə görə, subsidiyaların verilməsi ilə bağlı təkliflər hazırlanır. Fermerlərin məhsuldar toxum sortları ilə stabil şəkildə təminatını həyata keçirtmək üçün Toxum Fondunun yaradılması ilə bağlı zəruri tədbirlərin görülməsi cənab Prezidentin verdiyi tapşırıqlar sırasındadır.

Cənab nazir, bu zaman şəffaflığın qorunması kimi mühüm bir amil ortaya çıxır. Bununla bağlı idarəetmə sisteminin təkmilləşdirilməsində hansı yeniliklər gözlənilir?

Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz idarəetmədə şəffaflığın və səmərəliliyin artırılması üçün “Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasıdır. Dövlət başçısının tapşırığı əsasında qısa müddət ərzində “Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasına başlanılmışdır. Yeni yaradılan  bu sistem Avropa təcrübəsinə uyğun “İnteqrasiya Olunmuş Nəzarət Sisteminin” prinsiplərinə əsaslanmaqla 7 alt moduldan ibarət olacaqdır. Bu modullar digər məsələlərlə yanaşı,torpaq sahələrinin və fermer təsərrüfatlarının, subsidiyalar üçün müraciətlərin qəbulu və ödənişlərin edilməsi sisteminin tam avtomatlaşdırılmasını əhatə edir. Hazırda “Elektron kənd təsərrüfatı” sistemi Avropalı ekspertlərin iştirakı ilə qurulur. Bundan başqa,ölkəmizdə heyvandarlıq sahələrinin idarə edilməsi məqsədilə dünya təcrübəsinə uyğun “Heyvanların identifikasiyası” sisteminin qurulması üçün Dünya Bankı ilə birgə həyata keçirilən layihəyə başlamışıq. Yeri gəlmişkən, artıq “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının və cins heyvanların əldə edilməsi üçün müraciətlər tam şəkildə onlayn rejimində həyata keçirilir. Həmçinin kənd təsərrüfatı məhsullarının sahə, topdansatış və pərakəndə satış qiymətləri üzrə gündəlik monitorinq məlumatları əsasında elektron informasiya bazasının yaradılması layihəsinə də başlamışıq.

Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun daha da inkişaf etdirilməsi növbəti prioritet vəzifələr sırasındadır. Topdansatış bazarlarının genişləndirilməsi və yenilərinin yaradılması, “yaşıl marketlər” şəbəkəsinin və “fermer mağazalarının” yaradılması, müasir standartlara uyğun ət kəsimi məntəqələrinin tikilməsi, ixrac bazarlarında logistik mərkəzlərin qurulması, bu işə müvafiq dövlət dəstəyinin verilməsi bizim əsas vəzifələrimizdəndir. Bu tədbirlər bazar infrastrukturunun effektivliyini artırmaqla, istehsalçılar üçün əlverişli bazar şərtlərinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun yaradılmasının zəruri şərtlərindən biri kimi aqrar elm və təhsil sisteminin köklü şəkildə modernləşdirilməsi, kənd təsərrüfatı sahəsində innovasiyaların yayılması və fermerlərə davamlı şəkildə məsləhət-informasiya xidmətləri göstərən şəbəkənin formalaşdırılması istiqamətində də bizim geniş planlarımız var.

Ənənəvi toxum sortlarının yox olması təhlükəsi varmı və yerli toxumçuluğun inkişafı ilə bağlı planlarınız?

Müasir dövrdə flоranın yabanı, nadir və nəsli kəsilmək təhlükəsi altında оlan növlərinin, həmçinin хalq sеlеksiyası yоlu ilə yaradılmış sоrtların yayılma arеallarının dəqiqləşirilməsi, təхirə salınmadan tоplanılması, növdaxili müxtəlifliyin öyrənilməsi və Milli Gеnbankda saxlanılması qlobal aktuallıq kəsb edir. Azərbayсanda bitki genofondu XX əsrin əvvəllərindən başlayaraq toplanılmış və öyrənilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutlarında xalq seleksiyası, həmçinin XX əsrin 30-cu illərindən başlayaraq müasir dövrümüzə qədər elmi yolla yaradılmış sortların toxumları Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda uzunmüddətli saxlamaya verilir və yeni sortların yaradılmasında istifadə edilir.

Hazırda yerli toxumçuluğun inkişafı ilə bağlı geniş əhatəli işlər görülür. Məhsuldar və keyfiyyətli buğda toxumlarının istehsalının stimullaşdırılması və daxili təlabatın ödənilməsi məqsədi ilə 2014-cü ildə 32 yeni özəl toxumçuluq təsərrüfatı yaradılmışdır. Respublikamızda toxum və ting istehsalında ixtisaslaşmış ümumi 372 özəl təsərrüfat fəaliyyət göstərir. Həmçinin dövlət mülkiyyətindəki 16 Toxumçuluq Təsərrüfatı İstehsal Müəssisəsi və Aqrar Elm Mərkəzinin tabeliyində olan elmi mərkəzlər və Bölgə Təcrübə Stansiyaları kondisiyalı toxum istehsalı ilə məşğuldurlar.

Mövcud qaydalara əsasən 2014-cü ildə yerli toxum istehsalçılarına 1-ci və 2-ci reproduksiyalı toxum və ting satışına görə dövlət tərəfindən 5,1 milyon manat subsidiya ödənilmişdir. O cümlədən elmi-tədqiqat təşkilatları tərəfindən istehsal edilmiş orijinal, superelit və elit toxumlarının istehsalına cəkilən xərclərin 100 faiz dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməsi üçün  istehsalçılara 930,0 min manat subsidiya ödənilmişdir.

İlin yekunlarına dair müşavirədə cənab Prezident də xüsusi vurğuladı ki, əkin sahələri təyinatı üzrə istifadə edilmir. Bununla bağlı hansı addımların atılması nəzərdə tutulur?

Bu elə bir məsələdir ki, gərək biz burda həm inzibati, həm də iqtisadi vasitələrə əsaslanan tədbirləri birgə tətbiq edək. İlk növbədə, kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanunvericiliyin daha da sərtləşdirilməsi üçün Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb, hazırda bu layihə hökumətdə müzakirə olunur.

Əsas məsələlərdən biri də torpaqların təyinatından kənar istifadəsi hallarının dəqiq və operativ şəkildə müəyyənləşdirilməsi ilə bağlı adekvat məlumat bazasının  formalaşdırılmasıdır. Bu məqsədlə, yuxarıda qeyd etdiyim kimi, torpaqların elektron uçot və qeydiyyat sisteminin yaradılmasına başlamışıq. Bu sistem bizə imkan verəcəkdir ki, kənd təsərrüfatı torpaqları üzərində coğrafi informasiya sistemləri texnologiyasına əsaslanan effektiv nəzarət mexanizmini  yaradaq.

Onu da qeyd edim ki, hazırda da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən seçmə qaydasında, həmçinin yerlərdən daxil olan müraciətlər əsasında yerlərdə monitorinqlər aparılır, torpaqların təyinatından kənar istifadə halları ilə bağlı müəyyən edilən faktlar əsasında müvafiq tədbirlər görülür. Lakin bu tədbirlər kifayət qədər əhatəli deyildir. Bunun başlıca səbəbi müvafiq kompleks məlumat bazasının olmamasıdır. Amma  torpaqların elektron uçot və qeydiyyat sisteminin yaradılması hesabına torpaqların təyinatından kənar istifadəsi hallarına qarşı daha çevik və əhatəli nəzarət tədbirlərini həyata keçirməyə imkan verəcəkdir.

Cənab nazir, necə hesab edirsiniz, idxal olunan meyvə və tərəvəz məhsullarının yerli istehsaldan ucuz olmasını şərtləndirən əsas səbəblər nədir? Bir iqtisadçı kimi burada manatın möhkəmlənməsi amilinə necə baxırsınız?

Mən sizə tam əminliklə bildirirəm ki, belə bir meyl yoxdur. Əksinə, Nazirlik tərəfindən aparılan gündəlik qiymət monitorinqləri göstərir ki, idxal olunan meyvə-tərəvəz məhsullarının mütləq əksəriyyətinin qiyməti yerli məhsulların qiymətindən bahadır. Burada yalnız idxal olunan kartofla bağlı cüzi istisna var, yəni mövsümün müəyyən vaxtında idxal olunan kartof yerli kartofdan ucuz olur.

Digər tərəfdən isə, nəzərə almaq lazımdır ki, beynəlxalq ticarət məhz belə qiymət fərqlərinin olmasına görə baş verir, ölkələr isə beynəlxalq ticarətdə iştirak etməklə bu fərqlərdən faydalanırlar. Yəni əgər idxal olunan hər hansı bir kənd təsərrüfatı məhsulunun qiyməti daha ucuzdursa, bu istehlakçılar üçün faydalıdır və ölkə əhalisi bundan qazanır. Eyni zamanda bu həmin məhsulların yerli istehsalçılarını da rəqabətli olmağa vadar edir, onlar daha yüksək məhsuldarlıq əldə etməyə çalışırlar. Təbii ki, əgər idxal qiymətlərinin ucuzluğu dempinq siyasətinin və ya aşağı keyfiyyətin nəticəsi deyilsə, bu qəbul ediləndir. Bilirsiniz ki, Azərbaycan dünya iqtisadiyyatına məqsədyönlü inteqrasiya və açıq qapı siyasəti həyata keçirən ölkədir. Biz kənd təsərrüfatı məhsullarının idxalında hər hansı bir ayrı-seçkilik siyasəti aparmırıq, heç bir fərqli tarif və ya qeyri-tarif tədbirləri tətbiq etmirik. Bütün bunlarla belə, qeyd elədiyim kimi, bizim yerli meyvə-tərəvəz məhsullarının qiyməti idxal olunan məhsulların qiymətindən ucuzdur. Hələ onu da nəzərə almaq lazımdır ki, FAO-nun məlumatlarına əsasən son dövrlər qlobal miqyasda kənd təsərrüfatı və ərzaq məhsullarının qiyməti azalma trendinə malikdir.

Manatın məzənnəsi məsələsinə gəldikdə isə, bildiyiniz kimi, bu günlərdə Azərbaycan Mərkəzi Bankı “yumşaq devalvasiya” siyasətinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edib. Təbii ki, bu siyasət yerli kənd təsərrüfatı məhsullarının qiymət rəqabətqabiliyyətliliyinin daha da yüksəldilməsinə müsbət təsir edəcək.

Bildiyimiz kimi indi aqrar ölkəsi kimi tanınan Hollandiya vaxtilə neft gəlirlərindən asılı olan bir iqtisadiyyata malik olub, Azərbaycanın aqrar ölkəyə çevrilmə potensialını necə dəyərləndirirsiniz?

Bu məsələdə də bizim mövqeyimiz bir az fərqlidir. İlk növbədə, nəzərə almaq lazımdır ki, Azərbaycan Dünya Bankının təsnifatına əsasən “orta gəlir səviyyəsinə malik ölkələr” qrupuna aiddir. Buna görə də biz bütövlükdə iqtisadi inkişafın kənd təsərrüfatı sahəsindən ciddi şəkildə asılı olduğu “aşağı gəlirli ölkələr” qrupuna daxil deyilik. Dövlətin strateji inkişaf siyasətində də Azərbaycanın aqrar ölkəyə, aqrar sahənin inkişafından asılı olan ölkəyə çevrilməsi nəzərdə tutulmur.

O ki, qaldı Azərbaycanda kənd təsərrüfatı sahəsinin Hollandiya və digər sənaye ölkələrindəki kimi inkişaf etdirilməsinə, əslində aqrar islahatların müasir mərhələsində müəyyən olunmuş prioritetlər elə məhz bununla bağlıdır.

Məsələn, XXI əsrdə aqro-ərzaq məhsulları istehsalı sahəsində tətbiq edilən yeni biznes texnologiyası kimi çıxış edən, ilk dəfə Hollandiyada və sonra isə digər Qərbi Avropa ölkələrində tətbiq edilən aqroparkların dövlət başçısının tapşırığı ilə Azərbaycanda da yaradılmasına başlanılıb. Bildiyiniz kimi, ötən il cənab Prezidentin iştirakı ilə Şəmkir aqroparkının təməli qoyuldu. Ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün zəruri işlər görülür.

Dövlət yüksək məhsuldarlığa malik cins heyvanlar  əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasını dəstəkləyir və intensiv ferma modeli aqrar siyasətdə prioritet vəzifə kimi qoyulub. Oxşar olaraq bitkiçilik məhsulları istehsalçılarının da yüksək məhsuldarlığa malik toxum sortları ilə təmin edilməsində dövlət tərəfindən dəstəklənir. Bitkiçilik sahəsində də intensiv inkişafın təmin edilməsi başlıca vəzifədir.

Prioritet vəzifələr barədə mən yuxarıda da ətraflı məlumat verdim, bir sözlə belə deyə bilərik ki, ölkədə beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olan kənd təsərrüfatı sektorunun yaradılması üçün hazırda kompleks islahatlar aparılır. Cənab Prezidentin rəhbərliyi ilə aparılan bu islahatlar hesabına yaxın gələcəkdə Azərbaycanda aqrar sektorun yeni siması formalaşacaqdır, biz hamımız birlikdə bunun şahidi olacağıq.

Maraqlı müsahibəyə görə redaksiyamız adından Sizə təşəkkür edirik.

Müsahibənin tam mətni ilə C&Bjurnalının 3-cü nömrəsində tanış ola bilərsiniz.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.