az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Persona

Ramiz Həsənov: Keyfiyyət istehlakçıların tələblərinin təmin edilməsində həlledici faktora çevrilib

05.03.2015

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədri cənab Ramiz Həsənovun “Consulting & Business” jurnalına müsahibəsi.

Ramiz müəllim, əvvəlcə jurnalımıza verdiyiniz müsahibəyə görə sizə təşəkkür edirik. Bildiyiniz kimi, bu il ölkəmiz böyük bir beynəlxalq tədbirə - birinci Avropa oyunlarına ev sahibliyi edəcək. Beynəlxalq tədbirlə bağlı hazırlıq işləri tam sürətlə aparılmaqdadır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərində hansı vəzifələr durmaqdadır?

Təbii ki, Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafı, iqtisadi artım tempinin sürətlənməsi, dünya ölkələri sırasında fərqlənən xüsusi imici öz növbəsində ölkəyə olan marağı da artırmışdır. Artıq bir neçə ildir ki, ölkəmiz mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Lakin birinci Avropa oyunları istər miqyasına, istərsə də keçirilmə vaxtına görə bu tədbirlərin içində xüsusi əhəmiyyət daşıyır.

Bildiyiniz kimi, bu tədbir yay aylarına təsadüf edəcək və isti aylarda yeyinti məhsullarının keyfiyyətini itirməsi və sağlamlığa ziyan vurması riski daha böyük olur. Bu baxımdan yeyinti məhsullarının istehsalı, saxlanılması və daşınmasının tam olaraq standartın tələblərinə cavab verməsi vacib məsələdir. Bu isə bizim üzərimizə ciddi vəzifə qoyur. Sözügedən tədbirdə iştirak edəcək idmançıların, qonaqların qidalanmasına nəzarət, daha doğrusu təklif olunan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət Komitə tərəfindən həyata keçiriləcək. Yeyinti məhsullarının sınağının daha çevik və operativ şəkildə aparılması məqsədilə Komitə xüsusi təchiz edilmiş avtomobillərdə yerləşən səyyar qida laboratoriyaları alaraq istifadəyə verilmişdir. Bu laboratoriya bizə imkan verəcək ki, yaxın 1-2 saat ərzində hər hansı yeyinti məhsulunun ilkin təhlükəsizlik göstəriciləri, eləcə də ətin mənşəyi təyin edilsin. Məhsulların digər keyfiyyət göstəriciləri isə Komitənin stasionar laboratoriyasında həyata keçiriləcək. Qeyd etmək istərdim ki, bizim laboratoriyaların sınaq nəticələri xarici dövlətlərdə də tanınır. Almaniya Akkreditasiya Qurumu – DakkS tərəfindən laboratoriyanın sınaq metodları akkreditasiyadan keçib.

Ötən il ölkədə ən maraqlı hadisələrdən biri də “Avro-4” ekoloji normalarının tətbiqinə başlanılması oldu. Sizcə, bu ölkə üçün nə dərəcədə əhəmiyyətli idi?

Bildiyiniz kimi, əhalinin sağlamlığının təmin edilməsi, ətraf mühitin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Cənab prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, havanı çirkləndirən əsas mənbə avtomobillərdir. Bu baxımdan bu standartın tətbiqinə başlanılması vacib idi. Ötən ilin statistikasına əsasən deyə bilərik ki, ili köhnə olan, ətraf mühitə böyük təhlükə yaradan avtomobillərin idxalında ciddi azalma müşahidə olunmuşdur. Bu da öz növbəsində avtomobillərdən havaya atılan zərərli maddələrin kifayət qədər azalmasına gətirib çıxarmışdır. Düşünürəm ki, bu standartın tətbiqinə başlanılması ilə əhalinin sağlamlığının təmin edilməsi, ətraf mühitin mühafizəsi sahəsində qısa zamanda müsbət nəticələr əldə edildi.

Ramiz müəllim, əhalinin sağlamlığı həm də istifadə edilən məhsulların, xidmətlərin keyfiyyətindən asılıdır. Bu istiqamətdə rəhbərlik etdiyiniz Komitə hansı nəzarət tədbirlərini görür?

Bu gün heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşı istehlak etdiyi məhsulun növünü, çeşidini seçməklə yanaşı, onun keyfiyyətinə də xüsusi diqqət yetirir. Cəmiyyətin inkişafında zəncirvari, yəni bir-biri ilə əlaqəli meyillər müşahidə olunduğu üçün istehlakçılar da keyfiyyət amilinə, standartların tələblərinə xüsusi həssaslıqla yanaşırlar. Deyə bilərik ki, bu ənənə artıq formalaşıb. Müasir dövrdə keyfiyyət istehsalçıların, sahibkarların, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin  təmin edilməsində həlledici faktora çevrilib. Bildiyiniz kimi, ölkədə texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti həyata keçirir. Dövlət Nəzarəti Xidməti müəssisələrdə dövlət metroloji nəzarəti apararaq, istehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirləri icra edir. Dövlət Nəzarəti Xidməti tərəfindən məhsulların istehsalı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, beynəlxalq və milli standartların, eləcə də, digər normativ aktların tələblərinə uyğunluğunun araşdırılması məqsədilə dövlət nəzarətinə ciddi əməl edilməsi yoxlanılır. Geridə qoyduğumuz il ərzində Xidmət tərəfindən sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 2000-dən artıq qərar qəbul edilmişdir ki, bunun yarısından çoxu ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlıdır. Aparılan yoxlamalar zamanı 1300-ə yaxın müəssisədə standartların tələblərinin pozulması faktları aşkar edilmiş və qanunvericiliyə uyğun olaraq tədbirlər görülmüşdür.

Cənab sədr, Komitənizin standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlığı haqqında nə deyə bilərsiniz?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi özünə aid olan digər sahələrdə olduğu kimi standartlaşdırma sahəsində də ölkəmizi beynəlxalq arenada təmsil etməyi, beynəlxalq əməkdaşlığı qarşısına məqsəd qoyub. Ötən il ərzində Beynəlxalq Standartlaşdırma Təşkilatı, Avropa Standartlaşdırma Komitəsi və Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Komitənin təşkilatçılığı ilə Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın milli orqanlarının rəhbərlərinin, Dövlətlərarası Şura çərçivəsində fəaliyyət göstərən standartlaşdırma üzrə elmi-texniki komissiyanın və informasiya texnologiyaları üzrə İşci qrupunun iclasları keçirilmişdir. Bundan başqa, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsinin həyata keçirilməsinə başlanmışdır. Layihə Böyük Britaniya, Fransa və Sloveniyanın  standartlaşdırma üzrə milli orqanlarından ibarət konsorsium tərəfindən icra olunur. Bu layihənin əsas məqsədi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müasir tələblərə uyğun  texniki tənzimləmə və standartlaşdırma sisteminin inkişafı üzrə dəstəyin verilməsidir.

Keyfiyyət infrastrukturunun başlıca amillərindən biri də düzgün sınaqların aparılması və bunu təmin edən müasir laboratoriyalardır. Bu sahədə Komitə son illərdə xeyli işlər görüb. Hazırda hansı sahələr üzrə laboratoriyalar qurulmaqdadır?

2014-cü il ərzində keyfiyyət infrastrukturunun formalaşması və inkişafı istiqamətində vacib əhəmiyyət daşıyan laboratoriya quruculuğu sürətlə davam etmişdir. Komitə yanında Dövlət Metrologiya Xidmətinin etalon laboratoriyaları ilə yanaşı, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq və kalibrlənmə laboratoriyalarının maddi-texniki bazaları zənginləşdirilmiş, mövcud laboratoriyalar daha müasir avadanlıqlarla təmin edilmiş, yeni laboratoriyalar qurulmuşdur. Belə ki, göstərilən xidmətlərin səmərəliliyini artırmaq məqsədilə tibb sahəsində geniş istifadə olunan kardioqraflarını, diaqnostik müayinə aparatlarının (USM)  yoxlanması, təzyiq, sərf və həcm ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, temperatur ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası üçün müxtəlif cihazlar alınmışdır. Bundan başqa, yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası, ölçmə vasitələrinin kalibrlənmə laboratoriyaları üçün  müasir cihazlar, qaz xromatoqrafları, analizatorlar və s. avadanlıq alınmışdır. Ötən il Gəncə şəhərində yeni tikilmiş Tikinti materiallarının sınaq  laboratoriyası üçün 124 adda və İmişli şəhərində yeni tikilmiş Tikinti materiallarının sınaq laboratoriyası üçün 58 adda avadanlıq alınmışdır. 2014-cü il ərzində mal və məhsulların, xidmətlərin keyfiyyətini daha operativ, yerində və vaxt itkisi olmadan müəyyən etmək məqsədilə Komitə tərəfindən bir neçə səyyar laboratoriya da alınaraq istifadəyə verilmişdir. Bunlardan biri səyyar asfalt laboratoriyası müasir tələblərə cavab verən 29 adda avadanlıqla və köməkçi materiallarla təmin olunmuşdur. Laboratoriya ölkə ərazisində çəkilməkdə olan və artıq istismara verilmiş asfalt yolların keyfiyyətinə  nəzarəti gücləndirmək funksiyası daşıyır. Tikinti materiallarının sınaq laboratoriyaları və səyyar asfalt laboratoriyası AZS İSO/İEC 17025:2009 standartının tələbləri əsasında Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuşdur. Bunlardan əlavə, səyyar qida laboratoriyası üçün  2 maşın, reaktivlər də daxil olmaqla 132 ədəd cihaz və yardımçı avadanlıq alınmışdır. Səyyar tərəzi laboratoriyası üçün "İmprotex İndustries and Buses" şirkətindən “Man” markalı ağır tonnajlı maşın alınmış, əlavə avadanlıqlar - kran və 500 kq-lıq 32 ədəd çəki daşı sifariş olunmuşdur. Laboratoriya quruculuğu bundan sonra da davam etdiriləcək.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.