az / ru
 
     
 
Ana səhifə > Biznes > Persona

İKT sektoru Azərbaycan iqtisadiyyatının dinamik inkişaf edən sahəsidir

17.11.2014 | İlhamə Abdullayeva

Müsahibizimiz Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadədir.

- Elmir müəllim, Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsini və inkişaf templərini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, Azərbaycan bu gün dinamik inkişaf dövrünü yaşayır. Ölkənin davamlı inkişafını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun gücləndirilməsinə ciddi diqqət yetirilir. İKT sektoru bu baxımdan prioritet sahələrdən sayılır. Son illərdə İKT-nin ölkənin sosial-iqtisadi irəliləyişinə təkan verən sektor kimi inkişaf etdirilməsi üçün ardıcıl işlər görülüb. Nəticədə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik artım tempi nümayiş etdirərək, $2 milyardı ötmüşdür. Bu müddətdə sektora $3 milyard investisiya qoyuluşu həyata keçirilmiş. İnvestisiyaların təxminən 80%-i yerli və xarici biznes strukturlarının payına düşür.

İKT sektorunun inkişafı üzrə Azərbaycan MDB ölkələri arasında liderlər sırasındadır. Məsələn, məhz Azərbaycanda MDB-də ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, bütün yaşayış məntəqələri telefonlaşdırılmış və bölgə mərkəzləri magistral fiber-optik şəbəkə ilə birləşdirilmişdir. Ölkənin əhali yaşayan ərazisi tamlıqla çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilib. 2013-cü ildə rəqəmli televiziya yayımına keçid həyata keçirilib. Hazırda rəqəmli televiziya əhalinin 99%-nin yaşadığı əraziləri əhatə edir.

- İKT sektorunda qabaqcıl texnologiyaların tətbiqi sahəsində vəziyyət necədir?

- Azərbaycanda ən qabaqcıl texnologiyalar tətbiq edilir, onların sırasında sabit şəbəkədə “Yeni nəsil” (NGN), mobil rabitədə 3 və 4-cü nəsil (3G, 4G) texnologiyalarını qeyd edə bilərik. İnternetə çıxış imkanlarında müasir vasitələr tətbiq edilir. Artıq əhalinin 73%-i internet, 55%-i genişzolaqlı internet istifadəçisidir, hər 100 nəfərə düşən mobil telefonların sayı isə 110-a çatmışdır. Ölkəmiz internet istifadəçilərinin və mobil abunəçilərin sayına görə dünya orta göstəricisini müvafiq olaraq 2 dəfə və 14.3% üstələyib. Ev təsərrüfatlarının 53.2%-də kompüter, 71.6%-də isə internetə çıxış mövcuddur.

Ölkədə elektron hökümətin zəruri infrastrukturları yaradılıb, e-imzanın tətbiqi genişləndirilir və “elektron hökumət” portalı vasitəsi ilə mərkəzləşdirilmiş qaydada cəmiyyət üçün vacib olan elektron xidmətlər göstərilir. Bilirsiniz ki, 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə çıxarılmışdır. Bu hadisə ölkəmizin 23 illik müstəqillik dövründə əldə etdiyi ən yüksək texniki nailiyyətlərdəndir. ABŞ, Fransa, Malayziya şirkətləri ilə əməkdaşlıq sayəsində reallaşdırılan bu layihə nəticəsində Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri göstərilir. Azərbaycanda İKT-nin inkişafı sahəsində aparılan fəaliyyət nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları-2014” hesabatında ölkəmizin “Şəbəkələşmə hazırlığı indeksi” üzrə 144 ölkə arasında 49-cu yeri tutması, eləcə də “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə dünya üzrə ilk onluqda yer alması buna əyani sübutdur.

- Yarandığı vaxtdan ötən müddət ərzində Yüksək Texnologiyalar Parkının fəaliyyəti barədə fikirləriniz və gözləntiləriniz necədir?

- Yüksək Texnologiyalar Parkı müasir tələblərə cavab verən, ənənəvi iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidin təmin olunmasına xidmət edən xüsusi təsisatdır. Öz konsepsiyası baxımından unikal hesab olunan və ölkədə informasiya və yüksək texnologiyalar sektorunun inkişafında xüsusi rol oynayan YTP Azərbaycan prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Yüksək Texnologiyalar Parkı Bakının Pirallahı rayonunda ayrılmış 50 hektar ərazidə yerləşəcək. Hal-hazırda həmin ərazinin tikintiyə yararlı vəziyyətə gətirilməsi istiqamətində müvafiq işlər görülür. Bu texnoloji şəhərcikdə administrativ binalar, inkubasiya mərkəzi, rezidentlər üçün ofislər, informasiya mərkəzi, əyləncə-sosial məkanlar, sərgi mərkəzi, kitabxana, yaşayış binaları, anbarlar, logistika mərkəzi və digər obyektlərdən ibarət orqanik bir strukturun inşası nəzərdə tutulub. YTP-də fəaliyyət göstərəcək rezidentlər üçün dövlətimiz tərəfindən xüsusi imtiyazlar müəyyənləşdirilmişdir. Onlar 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərin və idxal etdikləri infrastruktur və texnoloji avadanlıqlar üzrə 18%-ik əlavə dəyər vergisindən azad ediləcəklər. Digər güzəştlərin də tədbiq olunması nəzərdə tutulur.

Hazırda YTP-də pilot layihə kimi “Pi Campus” adlı Biznes inkubasiya Mərkəzi fəaliyyət göstərir. Artıq bu Mərkəzə 86 müraciət daxil olub. Yüksək Texnologiyalar Parkın Biznes inkubasiya Mərkəzində 26 “start-up” layihəsi fəaliyyətlərini uğurla davam etdirməkdədir. Bundan başqa, 4 yeni şirkət yaradılıb, gündəlik olaraq 100-ə yaxın insan bu qurumun şəraitindən istifadə edir.

Ümidvaram ki, YTP Azərbaycanda innovasiyalı iqtisadiyyatın inkişafına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlbinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verəcəkdir.

- “Elektron hökumət” layihəsi çərçivəsində görülən işləri analiz edərkən ilk növbədə önə çəkdiyimiz və vurğulamaq istədiyimiz nəticələr hansılardır?

- Dövlət qurumlarının göstərdiyi xidmətlərin səmərəliliyinin artırılması və şəffaflığın təmin edilməsi məqsədi ilə elektron hökumət infrastrukturunun əsas elementlərindən biri olan “vahid pəncərə” prinsipi əsasında e-xidmətləri özündə birləşdirən elektron hökumət portalı (e-gov.az) yaradılmışdır. Hər keçən gün portala inteqrasiya olunan e-xidmətlərin say artımında dinamiklik hiss olunur. Elektron hökumət portalında 46 dövlət qurumu tərəfindən 381 elektron xidmət istifadəyə verilib. Portalda onun istifadəyə verildiyi gündən (2012-ci ilin dekabrredaksiyanın qeydi) cari ilin sentyabrın 30-a qədər 2 milyon 645 min 769 daxilolma qeydə alınıb. Ümumilikdə elektron hökümət portalına müraciət edənlərin 54%-ni yeni istifadəçilər, 46%-ni isə təkrar istifadəçilər təşkil edir.

Yaxın gələcək üçün portalda bir sıra yeniliklər gözlənilir. İstər dizayn, istərsə də xidmətlərin sayının artırılması və bununla yanaşı bütün mobil qurğular üçün portaldan istifadənin əlçatanlığı məsələsi gündəmdədir. Elektron hökumətin həlləri məqsədilə e-imza və e-sənəd üzrə də mühüm nəticələr əldə olunub. Hazırda təkcə Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 24 386 vətəndaşa elektron imza verilib.

“Elektron hökumət” mühitində xüsusi əhəmiyyət daşıyan informasiya təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzində saxlanılır. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, dövlət orqanlarının informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və maarifləndirmənin yüksəldilməsi məqsədi ilə ölkədə Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Agentliyi və Elektron təhlükəsizlik Mərkəzi yaradılıb. Dövlət qulluqçularının elektron idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə Bakı və 15 bölgəni əhatə edən “Elektron Hökumət” Təlim-tədris Mərkəzinin yaradılması üzrə işlər yaxın zamanda yekunlaşacaq.

Beynəlxalq təşkilatların mütəmadi olaraq dərc etdiyi hesabatlarda da Azərbaycanın adı e-hökumət üzrə yüksək pillələrə qalxmaqdadır. BMT-nin ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi "E-Hökumət müayinəsi 2014” (“United Nations E-Government Survey 2014”redaksiyanın qeydi) adlı hesabatının bu ilki nəşrində Azərbaycan 193 ölkə arasında "Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlmişdir.

- Zəhmət olmasa deyin, rəqəmli yayıma keçidin ləngiməsi nə ilə bağlıdır?

- Ölkəmizdə digər ölkələrdə olduğu kimi, 2015-ci ilə qədər rəqəmli yayıma keçidi təmin etmək barədə Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, aparılan işlər yekunlaşmaq üzrədir. Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, ölkə ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartı müəyyənləşdirilib. 2011-ci ilin fevralında Nazirlər Kabinetinin qərarı ilə DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı proqramı təsdiq edilib. Ölkə əhalisinin 99%-i açıq paketli 10 TV (Bakı və Abşeron yarimadasında 11 TV) proqramdan ibarət rəqəmli TV yayımla əhatə olunur. Hazırda rəqəmli yayım analoq yayımla birgə həyata keçirilir. Rəqəmli TV yayımı ilə daha çox proqramların qəbul edilməsi üçün Bakı, Gəncə və Lənkəranda rəqəmli TV-nin kommersiya yayımı həyata keçirilməkdədir. Yaxın zamanlarda digər bölgələrdə də rəqəmli TV-nin kommersiya yayımlarının təşkili planlaşdırılır.

- İnternet istifadəçilərinin sayı aktiv şəkildə artır. Bununla bağlı internet provayderlərinin qiymət strategiyası Sizi qane edirmi?

- Ölkəmizdə internet xidmətləri əhalinin artan tələbatına uyğun olaraq dinamik şəkildə inkişaf etməkdədir. Coğrafi yerləşməsindən asılı olmayaq vətəndaşların internetə çıxışının təmin edilməsi üçün z milli “back-bone” şəbəkəsi yaradılır. 2002-ci ildən İnternet xidmətləri üçün lisenziya tələb olunmadığından İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər. Aparılan siyasət nəticəsində operatorlar arasında sağlam rəqabət mühiti formalaşdırılmışdır. Son 5 ildə ölkənin beynəlxalq internet kanallarının tutumu 20 dəfə artırılaraq 300 Gbit/s-yə çatdırılmış, son 10 ildə isə internet qiymətlərində 1200 dəfəyə yaxın ucuzlaşma qeydə alınmışdır. Bu gün ölkədə optik şəbəkənin, simsiz və mobil texnologiyaların genişlənməsini və bütün mobil operatorlar tərəfindən 3G xidmətinin göstərildiyini nəzərə alaraq, faktiki hər bir şəxsin internetə çıxış imkanının olduğunu söyləmək mümkündür.

Qeyd edim ki, hazırda ölkədə genişzolaqlı internet-xidmətlərdən qiyməti ortaaylıq əmək haqqının 2-3%-ni təşkil edir. Bu göstərici üzrə Azərbaycan BTİ-nin 2015-ci il üçün nəzərdə tutulan hədəflərini (5%) 2012-ci ildən təqribən iki dəfə qabaqlamaqdadır. Buna baxmayaraq, həm qiymət siyasəti, həm də infrastruktur yenilənməsi istiqamətdə işlər davam etdirilməkdədir. Bütün ölkə ərazisi üzrə, hətta ən ucqar yaşayış məntəqələrində genişzolaqlı internetin inkişafını nəzərdə tutan investisiya layihəsi hazırlanmışdır. “Hər evə optika” prinsipi nəzərə alınmaqla istifadəçilərə adambaşına Bakı şəhərində 30-100 Mbit/s., rayonlarda isə 10-30 Mbit/s. sürətli internetin verilməsi layihə çərçivəsində hədəf kimi müəyyən edilmişdir. Həyata keçirilən layihələr və Azərbaycanın orbitə çıxarılmış Milli Peykinin operatorlar və provayderlər üçün yaratdığı geniş imkanlar yaxın gələcəkdə xidmətlərin qiymətlərinin aşağı salınmasına, keyfiyyətinin isə daha da yüksəldilməsinə şərait yaradır.

 
Açar sözlər: İKT Rabitə və yüksək texnologiyalar nazirliyi Elektron hökumət Elmir Vəlizadə
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.