az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Səhvlərinizdən nəticə çıxarın və heç vaxt bundan heyfslənməyin

27.02.2014 | Ləman Namazova

Elnarə Nəhmədova, gözəllik salonları şəbəkəsinin sahibi, 36 yaş.

Karyeraya adi saç ustası kimi başladım. Gözəllik sahəsində artıq 20 ildir ki, çalışıram. O zaman Azərbaycanda stilis-vizajist peşəsinin incəliklərini öyrədən xüsusi kurslar və ya qurumlar yox idi. Biz, sadəcə olaraq, ustanın yanında dayanaraq, onun necə işlədiyinə baxırdıq. Bakıda təhsil imkanları məhdud idi, xaricə getmək və orada müxtəlif təlimlərdə iştirak etmək lazım gəlirdi. İndiki gənc ustaların işi asanlaşıb, mənim salonlarımda məsələn, hamı öyrənmək, xarici ölkələrdə treninqlərə qatılmaq imkanına malikdir.

Həmişə özəl biznesin sahibi olmaq istəmişəm. Beləliklə, 2006-cı ildə ilk “Beauttech” salonum açıldı, hazırda dörd belə gözəllik mərkəzlərindən ibarət şəbəkə fəaliyyət göstərir. Qazandığım uğurlarla və komandamla fəxr edirəm, onlar arasında öz işinin peşəkarı olan artıq 60 əməkdaş var.

İlk başlanğıc isə bir neçə səbəbdən çətin idi, menecer bilikləri çatışmırdı. Səhvlərim üzərində öyrənməli oldum və təcrübədə lazımi bilikləri qazandım. Amma indi, biznes müvafiq mərhələyə çatandan sonra, mənə əvvəlkindən də çox işləmək lazım gəlir.

Özümü çox ciddi rəhbər hesab edirəm. Tələbkaram, işçilərin xarici görkəmində səliqəsizliyə dözə bilmirəm, komandanın öz işində maksimum dəqiq olmasına çalışıram, bütün məsələlərdə peşəkarlıq amilinə daha çox önəm verirəm. Mənim üçün usta – gözəllik yaradıcısıdır. O, öz görünüşündə heç bir qüsura yol verməməlidir. Əminəm ki, bütün işçilərim də bunu yaxşı başa düşür və mənim fikirlərimi dəstəkləyirlər.

Ailə qayğılarını özəl işlə bərabər yerinə yetirmək çətindir. İki övladım var, onlara istədiyim qədər vaxt və diqqət ayıra bilmirəm. Ancaq bu problemi həll etmək üçün çox çalışıram, hər gün bizneslə ev arasında vaxtımı düzgün bölüşdürməyə səy göstərirəm.

Ustaların çoxu xüsusi hazırlıqlardan keçmir. Bugün salon biznesində çoxlu qeyri-peşəkarlar var, bu onların lazımi hazırlıq keçməmələrilə bağlıdır. Stilist işini öyrənmək üçün hətta yarım il belə azdır. Mənə elə gəlir ki, yaxşı usta olmaq üçün heç olmasa, bir il öyrənmək vacibdir. Bu sahədə çalışmaq istəyən şəxs təcrübi bacarıqlar və nəzəri biliklər qazanmaq üçün müvafiq məktəb keçməlidir. Əlbəttə, Azərbaycanda yüksək peşəkarlığı olan ustalar da var, ancaq təəssüf ki, o qədər də çox deyil.

Əksər hallarda salonlarda eyni usta həm saç düzümü, həm dırnaqlarla bağlı, eləcə də kosmetoloji xidmətlər göstərir. Bu peşəkarlıqdan uzaqdır. Avropadakı salonlarda hər bir əməkdaşın öz sahəsi var: stilist saçlarla, makiyajla, dırnaq ustaları manikürlə, kosmetoloq isə ancaq kosmetoloji məsələlərlə məşğul olur.

Bəzi salonlar qiymətləri qaldırmağı sevirlər. Qiymət sərf edilən vaxtın, istifadə olunan məhsulların keyfiyyəti və işin çətinliyi kimi amillərlə formalaşır. Bizim biznesdə qiymətin yüksəlməsinə həmçinin peşəkarlıq səviyyəsi və ustanın nüfuzu təsir göstərir. Təbii ki, iki aydan az işləyən bir ustanın qiymətləri zəngin təcrübəsi olan nüfuzlu stilistin xidmətlərinin dəyərindən çox fərqlənir.

Gözəllik salonlarının müştəriləri Azərbaycanda daha tələbkardırlar. Avropalılar xarici görünüşdə sadəliyə daha çox önəm verirlər. Saçların sadəcə yığılması və adi yüngülvari makiyaj onları artıq xoşbəxt edir. Amma bizim xanımlar isə xarici görkəmlərinə qarşı həssasdırlar və həmişə ustadan daha yaxşı nəticə gözləyirlər.

Anadangəlmə istedadlar olmur, istedadı özündə əməyinlə inkişaf etdirə bilərsən. Təsəvvür edin, mən özümü heç zaman istedadlı insan hesab etməmişəm, ancaq həmişə öz üzərimdə işləmişəm və “ideallığın sərhədləri yoxdur” şuarı özüm üçün əsas kimi tutmuşam. Hazırda mənim üçün işləmək o qədər də zəruri deyil, yəqin edirəm ki, mən evdə oturub qurduğum işdən əldə etdiyim gəlirlə də kifayətlənə bilərdim. Ancaq təcrübəni əldən vermirəm, çünki insanlarla işləmək və ünsiyyətdə olmaqdan xüsusi zövq alıram.

Səhvlərimdən dərs çıxartmaq, amma sonra heç zaman bu haqda heyfslənməmək - həyatımın əsas qanunudur. Gözəllik peşəsini seçdiyimə görə heç vaxt heyfislənməmişəm, öz işimin vurğunuyam və öz işini bilən, sevən gözəllik ustalarının yeni nəslini yetişdirdiyim üçün xüsusi məmnunluq hissi keçirirəm. Bu həyatda hər bir kəs özündən sonra hansısa iz buraxmalıdr. Mənə elə gəlir ki, “Beauttech” salonlarında öyrətdiyim ustalar sayəsində yaxşı bir iz qoyacağam.

Qazandığım uğurlarla kifayətlənmək istəmirəm. Yaxın gələcəkdə sayca beşinci gözəllik salonunu, özü də Gəncədə açmağı planlaşdırıram. Sonrakı planlarımda stilist peşəsini arzulayan istedadlı insanların təhsil alması üçün Gözəllik Akademiyası açmaq arzumu reallaşdırmaq dayanır.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.