Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

“Fitch Ratings”: “Unibank” inkişaf edir, etibarlidir və investorlar üçün açiqdir

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Unibank” ASC-nin uzunmüddətli reytinqini “B - ” səviyyəsindən “B”-yə qədər yüksəldib, reytinq üzrə proqnozunu isə “sabit” kimi təsdiqləyib. Bu zaman emitentin defoltu üzrə qısamüddətli reytinq agentlik tərəfindən “B” səviyyəsində təsdiq edilib, dəstəkləmə reytinqi “5” kimi göstərilib, dayanaqlıq reytinqi “b - ” səviyyəsindən “b”-yə qədər artırılıb.

“Fitch” mütəxəssislərinin fikrincə, yeni reytinqlər “Unibank”-da qlobal maliyyə böhranından sonrakı dövrdə qeydə alınan kredit portfelin artımını, habelə baş tuta biləcək hər hansı bir zərərlərin ödənilməsi qabiliyyətini və müqayisə olunan digər banklardan fərqli sürətdə yüksələn gəlirliyini əks etdirir. Bundan başqa, reytinq agentliyində etiraf edirlər ki, Bank korporativ idarəetmədə müsbət təcrübə göstərərək, daha çox şəffaflıq nümayiş etdirir. Bu zaman “Fitch” nümayəndələri Bankın səhmdar kapitalında önəmli minoritar paylara malik olan beynəlxalq maliyyə təsisatları ilə faydalı əməkdaşlığını da qeyd edirlər. Hesabatda həmçinin depozit bazasının genişləndirilməsi nəticəsində təkrar maliyyələşdirilmə tələbatların idarə olunmasında yeni imkanlar xüsusi vurğulanır.

“Reytinqlərin yenilənməsi bir daha göstərdi ki, “Unibank” inkişaf edir, etibarlıdır və investorlar üçün daima açıqdır”, - deyə Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov qeyd etdi. Onun fikrincə, son illər ərzində beynəlxalq reytinq agentliklərində milli bank bazarları və onların tərkib hissəsi olan banklara dair çıxardıqları rəy və hesabatlara təkrar baxılması üçün kifayət qədər fürsət olub. F.Hüseynovun sözlərinə görə, nəticədə reytinqlərin verilməsi üsullarında konservativ və daha ehtiyatlı yanaşmalar qalib gəlib. “Bunu nəzərə alsaq, əmin ola bilərik ki, hazırda “Fitch” tərəfindən bizim ünvana söylənən hər bir müsbət rəy, inkişafımızın ən önəmli və obyektiv qiymətləndirilməsidir”, - deyə, O, fikirlərini tamamladı.

Sonuncu dəfə “Fitch Ratings” agentliyi “Unibank” reytinqləri barəsində 2011-ci ilin aprel ayında hesabat dərc etmişdir. O zaman agentlik Bank reytinqinin yeni pilləyə qalxmasını məhz maliyyə göstəricilərin, ilk növbədə aktivlərin, kapitallaşmanın və mənfəətin məqbul keyfiyyəti şəraitində artması ilə şərtləndiridi. Qeyd edək ki, cari ilin fevral ayının sonuna Bankın aktivləri 456,7 mln manat, kredit portfeli – 342,7 mln. AZN təşkil edib, mənfəət göstəricisi isə ilin ilk iki ayı ərzində 1,5 mln. AZN üstələmişdir.

Xatırladaq ki, «Unibank»-ın səhmdarları sırasına 11 fiziki şəxslə (76,52% pay) bərabər, Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və «DEG» Almaniya investisiya şirkəti (8,33% pay) daxildirlər. Artıq 25 filial və şöbə vasitəsi ilə Bank Bakı, Sumqayıt şəhərlərində və Azərbaycanın daha altı bölgəsində 200 mindən çox müştəriyə xidmət göstərir.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.