Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

"Unibank" ASC-nin mənfəəti kəskin surətdə artıb

İlin əvvəlindən "Unibank" ASC-nin aktivləri 14% artaraq, 404,5 milyon manatı ötüb və Azərbaycanda qeyri-neft sektorunda istehsal olunan ÜDM-in 3%-ni təşkil edib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
"Unibank" aktivlərinin dinamikası hazırda ümumilikdə bank sektoru üzrə analoji məcmu göstəricini bir neçə dəfə üstələyir və bu, Bankın kredit fəallığının kəskin artması ilə əlaqədardır. Belə ki, müştəri kreditləri üzrə portfel 2011-ci ilin yanvar-sentyabr aylarında 29% artaraq 307 milyon manata çatıb. İstehlak kreditlərinin artım tempi isə daha çox gözə çarpır. Belə ki, istehlak kreditləri üzrə Bankın portfeli ilin əvvəlindən 78,4% artıb. Bu, ölkənin bankları arasında ən yüksək göstəricilərdən biridir. Eyni zamanda, Bankın depozit bazası yanvar-sentyabr aylarının yekunlarına görə ilk dəfə olaraq 200 milyon manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 30,5% çoxdur. Fərdi əmanətlər portfeli 9 ay ərzində 118 milyon manatdan 147 milyon manata çatıb.
Xüsusi qeyd oluna biləcək göstəricilərdən biri də Bankın daima artan gəlirləri sayəsində əldə olunan yüksək mənfəətdir. Oktyabrın 1-də gəlirlərin həcmi 40,3 milyon AZN-ə bərabər olduğu halda, həmin tarixdə məsrəflərin həcmi 35,5 milyon AZN təşkil edirdi. Nəticədə, "Unibank" ASC-nin mənfəəti yanvar-sentyabr ayları ərzində 2,7 milyon manatı ötüb ki, bu da bankın hər bir əməkdaşına 3830 AZN deməkdir. Maraqlıdır ki, Bankın mənfəət göstəricisi son rüb ərzində 4,7 dəfə artıb.
Xatırladaq ki, "Unibank" ASC 2002-ci ilin oktyabrında ölkənin iki özəl bank təsisatının birləşməsi nəticəsində yaranıb və hazırda ölkədə xarici kapitalın iştirakı olan ən iri banklarından biridir. "Unibank" səhmdarları sırasına AYİB, "DEG" - Almaniya İnvestisiya Şirkəti kimi institusional sərmayəçilərin daxil olduğu ilk Azərbaycan bankıdır. Cari ayın əvvəlinə Bankın nizamnamə kapitalı 44,9 milyon manat təşkil edib. "Unibank"ın səhmdarları sırasına 9 fiziki şəxs 76,52%-lik, AYİB 15,15%-lik və "DEG" 8,33%-lik paya malikdirlər. 24 filial və şöbə vasitəsilə Bank Bakı, Sumqayıt şəhərlərində və Azərbaycanın daha altı əhəmiyyətli bölgələrində 170 minə yaxın müştəriyə xidmət göstərir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.