Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Moody’s» agentliyi «Unibank» ASC-nin uzunmüddətli reytinqi üzrə proqnozu artırdı

«Moody’s Investors Service» beynəlxalq agentliyi «Unibank» ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını «sabit»ə qədər yüksəldərək, bir daha bankın uzunmüddətli öhdəliklər reytinqini «B2» səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik «E+» səviyyəsində dəyərləndirib.

«Moody’s»in yeni qiymətləndirməsi bankın 2011-ci ilin yanvar-sentyabr ayları üzrə hesabatlarına, habelə ötən ilin audit yoxlamasından keçən və beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) müvafiq tərtib olunan maliyyə hesabatlarına əsaslanır. Agentliyin analitiklərinin fikrincə, reytinq üzrə proqnozun «sabit»ə dəyişdirilməsi cari ildə «Unibank» ASC-nin gəlirliliyinin davamlı artımı tendensiyası ilə bağlıdır. Bundan əlavə, «Moody’s» bankın kredit portfelinin 27% artmasına əsaslanaraq, aktivlərinin keyfiyyətinin sabitləşməsini də qeyd edir. «Moody’s» ekspertləri təsdiq edirlər ki, bank reytinqinin daha da yüksəlməsi imkanları gələcəkdə əsas maliyyə göstəricilərini davamlı yaxşılaşdırmaq iqtidarında olmasından asılıdır.

«Reytinq üzrə proqnozun yüksəlməsi kredit fəallığının artmasına, depozit bazasının genişləndirilməsinə və bankın yüksək likvidliyinə verilən obyektiv qiymətdir», - «Unibank» ASC-nin idarə heyətinin sədri Faiq Hüseynov belə hesab edir. Onun sözlərinə görə, cari ildə müşahidə olunan kredit portfelinin və gəlirlərinin əhəmiyyətli dərəcədə artması gələcəkdə də davam edəcək və bu amil beynəlxalq agentliklər tərəfindən daha yüksək reytinqlərin verilməsini şərtləndirəcək.

Xatırladaq ki, «Moody’s Investor Service» agentliyi «Unibank» ASC üzrə reytinq qiymətləndirməsini sonuncu dəfə 2008-ci ilin noyabr ayında dəyişmişdi. Onu da qeyd etmək lazımdır ki, cari ilin oktyabr ayının 31-nə, bankın aktivləri 446 milyon manat, kredit portfeli 332,5 milyon AZN, mənfəəti isə 5,3 milyon manat təşkil edib.

«Unibank»ın səhmdarları arasında 11 fiziki şəxs (76,52%), AYİB (15,15%) və «DEG» almaniya investisiya şirkəti (8,33%) vardır. 24 filial və şöbə vasitəsilə bank Bakı və Sumqayıtda, habelə Azərbaycanın altı mühüm bölgələrində ümumilikdə 170 mindən artıq müştəriyə xidmət göstərir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.