Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Hansı əmanətdən vergi tutulacaq?

Cari ildən fiziki şəxslərin banklardakı əmanətlərinə hesablanan faiz gəlirlərindən vergi tutulacaq. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 500 AZN-dən aşağı gəlirlər vergidən azaddır. Hansı məbləğdə olan və neçə faizlə yerləşdirilən əmanətlərdən vergi tutulmayacaq? Bu suallara “Unibank” KB-nin “Məhsulların və proseslərin inkişafı Departamenti”-nin şöbə müdiri Vəfa Zeynalova aydınlıq gətirir.

- Vəfa xanım, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, əmanətlər üzrə illik faiz gəlirləri 500 AZN ötməyənlər bu vergidən azaddır. Onda elə çıxır ki, dəyişiliklər hamiya şamil olunmayacaq.

- Bəli, qanunvericiliyə görə, vergi tutulmaları yanvarın 1-dən sonra hesablanmış əmanət faizlərinə aid olunsa da, illik həcmi 500 AZN-dək olan əmanət faizlərini əhatə etmir. Bildiyiniz kimi, mövcud qanunvericiliyə əsasən illik dərəcəsi 9%-dək yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Hazırda illik 9%-dək qoyulan əmanətlər say baxımından banklarda çoxluq təşkil edir. Bunu nəzərə alsaq, deyə bilərik ki, toplam məbləği təxminən 5500 AZN təşkil edən depozitlər qanunla vergidən azad edilirlər. Yəni, banklarda 5500 AZN-dək və 9%-lə yerləşdirilən əmanət sahibləri narahat olmaya bilərlər, çünki onların əmanətlərindən vergi tutulmayacaq. Müvafiq olaraq, illik dərəcəsi 10%-lə yerləşdirilən 5000 AZN-dək əmanətlər də vergidən azad olunurlar.

- Ümumiyyətlə vergi necə hesablanacaq?

- Məsələn, əmanətçinin bankda illik 9%-lə yerləşdirilən 6000 AZN depoziti varsa, bu əmanətə illik 540 AZN faiz hesablanır. Əldə olunan faiz gəlirinin 500 AZN-dək olan hissəsi bu zaman vergidən azad olunur, qalan 40 AZN üzrə isə vergi 10%-lik dərəcə ilə cəmi 4 AZN həcmində tutulur. Digər bir misal çəkək - 10 000 AZN məbləğində depozitin illik 9%-lə yerləşdirildiyi təqdirdə, depozitdən 900 AZN faiz gəliri əldə olunur. Həmin gəlirin 500 AZN-dək olan hissəsi vergidən azad olunur, qalan 400 AZN məbləğindən is’ 40 AZN həcmində vergi tutulur.

- Əgər müştərinin bankda bir neçə depozit hesabı varsa, o halda vergi necə hesablanır?

- Həmin müştərinin bütün depozit hesabları üzrə gəlirlər cəmlənir və onun məcmu gəlirlərindən 500 AZN çıxıldıqdan sonra qalan məbləğdən vergi tutulur. Əgər müştərinin başqa banklarda da depoziti varsa, digər banklar üzrə vergi ayrıca hesablanır.

- Vergi Məcəlləsinə dəyişikliklə bağlı müzakirələrin getdiyi ilk vaxtlarda bu məsələ əhali arasında bir qədər çaşqınlıq yaratdı və bankda əmanəti olan bir çox insanlar əmanətlərini qaytarmaq istədilər. “Unibank”-da belə müraciətlər qeydə alınıbmı?

- Bəli, müzakirələrin ilk vaxtlarında “Unibank”-a da əmanət sahibləri tərəfindən müraciətlər oldu. Çox insanlar elə başa düşmüşdülər ki, əmanətə hesablanan bütün faizlər vergiyə cəlb olunur. Müştərilərə vergitutma mexanizmi izah edildikdən sonra, vəziyyət onlara daha aydın oldu. Nəticidə onlar əmanətlərini bankdan geri götürmək qərarlarını dəyişdilər.

- “Unibank”-da bu gün hansı əmanət növləri mövcuddur? Bank  əmanətçiləri üçün hansı stimullaşdırıcı tədbirlər görür?

- Hazırda “Unibank”-da “Müddətli”, “Proqressiv” və “Yığım” növü olan əmanətlər mövcuddur. “Müddətli” depozitinin şərtlərinə əsasən ən azı 500 AZN/USD/EUR həcmində vəsait yerləşdirib aylıq və ya müddətin sonunda faizləri əldə etmək mümkündür. Eyni zamanda müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün məbləğdən asılı olaraq pulsuz “Visa” və ya “Mastercard” kartları təqdim olunur. Müştəri əmanətinin sığortalanmasını istəyərsə, “Müddətli” əmanət növü üzrə illik gəlirliliyi 9% olan əmanət qoyuluşu həyata keçirə bilər.

“Proqressiv” depozitinin şərtlərinə əsasən müştəri öz əmanətini istənilən zaman götürərək, bu dövr üçün vəsaitləri üzrə qüvvədə olan dərəcəyə uyğun faizlər əldə edə bilər. “Yığım” depozitinin şərtlərinə uyğun olaraq, müştəri əmanətini hər ay artıqmaqla illik 2% əlavə bonus qazana bilər. Əlavə olaraq qeyd edim ki, bütün depozitlərin 90%-i həcmində əmanət təminatlı kredit də verilir.

“Unibank” davamlı olaraq müştəriləri üçün maraqlı kampaniyalar həyata keçirir. Eyni zamanda depozit faizlərində də dəyişikliklər edilir. Depozit qoyuluşu ilə bağlı müxtəlif uduşlu lotereyalar, hədiyyəli kampaniyalar təşkil olunur. Bu aksiyalar bundan sonra da davam edəcək.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.