Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundovun müsahibəsi.

- Cənab Axundov, Sizin rəhbərlik etdiyiniz bank 19-23 sentyabr tarixlərində Torontoda keçirilən SİBOS-2011 beynəlxalq maliyyə forumunda iştirak etmişdir. Qeyd edilən forum və Sizin burada iştirakınızın məqsədləri haqqında məlumat verərdiniz.

- SIBOS – dünya maliyyə sahəsində bu il 200-ə yaxın ölkədən 6000 iştirakçı – aparıcı bankların, maliyyə şirkəti və təşkilatlarının nümayəndələrini, həmçinin, maliyyə sahəsində müxtəlif məsləhətçi, avadanlıq və həll üsulları istehsalçıları və təchizatçılarını bir araya gətirən ən böyük hadisədir.  Forumun iclaslarında qlobal maliyyə sahəsinin inkişafının bir çox problemləri, o cümlədən, beynəlxalq maliyyə bazarların vəziyyəti və onların infrastrukturunun təkmilləşdirilməsi, milli və beynəlxalq hesabların inkişaf etdirilməsi, bankların və nəhəng şirkətlərin qarşılıqlı təsiri, yeni maliyyə xidmətlərinin inkişafı və s. kimi aktual problemlər geniş müzakirə olunur. Forumun iştirakçılarının əsas məqsədi, adətən, partnyorluq əlaqələrin genişləndirilməsi və təkmilləşdirilməsidir. Tədbir zamanı müxtəlif konfranslar keçirilir ki, bu da mütəxəssislərə, təşkilat və qurumlara yeni kommersiya istiqamətlərini müzakirə etmək  və öz təcrübəsini bölüşməyə imkan verir. Bu il diqqət mərkəzində olan əsas məsələlər şirkətlərin SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sisteminə daha aktiv qoşulma prosesi və standartların inkişafı idi.

PAŞA Bank artıq ikinci dəfədir ki, SİBOS-2011-də iştirak etmişdir. Bu, şirkətin öz imkanlarını, ötən il ərzində olan nailiyyətlərini təqdim etmək, gələcək planlarını səsləndirmək, yeni işgüzar münasibətlərin qurulması, bank işində texnoloji yeniliklərlə tanış olmaq, bu və ya digər yeniliklərin tətbiqi üçün müxtəlif ölkələrin bank sistemlərinin hazırlığı haqqında məlumat almaq üçün əlverişli an oldu. Bundan əlavə, bank sektorunun elitasının toplandığı bu kimi beynəlxalq tədbirlərdə iştirak, həmçinin, dünyanın aparıcı bankirləri ilə tanışlıq bizim menecerlərimizdə özlərinə inamı artırır və onların qarşısında bir çox yeni imkanlar açır. Qısa desək, SİBOS – dünya bazarındakı oyunçularına yeni üfüqlər açan elə həmin “bank meydançasıdır”. Biz tədbirin təşkilatçılarına forumun gələcək sərgilərində də iştirak etmək niyyətimizi artıq bildirmişik.

- Bank öz hesabat dövrünün üçüncü kvartalını hansı nailiyyətlərlə başa vurdu? Sizin yeni inkişaf strategiyanızda daha nələr öz əksini tapacaq?

- Bizim üçün bu kvartal kifayət qədər uğurlu oldu – bankın gəlirliliyi kimi əsas amillərlə yanaşı, xəzinə əməliyyatları, qiymətli kağızlar bazarında treyder fəaliyyəti kimi ayrı-ayrılıqda digər amillərdə də müsbət dinamikalı inkişaf müşahidə olundu. Bundan əlavə, bu - bizim ilk 3 illik inkişaf strategiyamızın sonuncudan əvvəlki kvartalı idi.

Əlbəttə, bankın fəaliyyətinin mütləq dəyərləri - öhdəliklər, aktivlər, gəlirlilik, kapital həmişə vacibdir, lakin bizim üçün əsas daxili amillər – idarəetmənin keyfiyyəti, “şirkətin sağlamlıq göstəricisi” və öz resurslarımızın düzgün idarə edilməsidir. Məsələn, bankın işçi heyəti cəmi 145 nəfərdir, lakin hər bir nəfər üçün əməliyyat gəlirinin göstəricisinə görə ölkədə birinciyik. Bundan başqa, xərclərin gəlirə nisbətinin ən aşağı göstəricilərindən biri bizdədir – xərclər hər qazanılmış manatın cəmi 30%-ini təşkil edir. Bu da sistemin özünün dəqiq çalışmasını göstərir. Investisiya cəlbediciliyi baxımından, bütün bu faktlar, həm indi, həm də gələcəkdə bizim səhmdarlar üçün çox maraqlı olacaq.

Öz yeni strategiyamızda biz 3 əsas istiqamət üzrə çalışacağıq – korporativ sektor, xəzinə xidmətləri və private-banking.  Biz, həmçinin, həm fərdi, həm də korporativ müştərilərlə öz əsas dəyərlərimizə - dürüstlük, şəffaflıq və xidmət keyfiyyətinə sadiq qalmağa davam edirik. Bütün bunların toplusu bizim peşəkar fəaliyyətdə müvəffəqiyyətə nail olmağımıza gətirib çıxarmışdır və bu səbəbdən, 2012-2014-cü illər üçün nəzərdə tutulan strategiyamız da bu postulatlar üzərində qurulacaq. Yaxın gələcəkdə bizim tərəfimizdən bazara xülasə təqdim ediləcək ki, burada PAŞA Bankın fəaliyyətinin növbəti illər üçün əsas istiqamətləri əks olunacaq.

Qeyd etmək lazımdır ki, ildən ilə Azərbaycanın iqtisadiyyatı yüksəlir və bununla eyni zamanda, ayrılmaz hissəsi PAŞA Bank olan ölkənin bank icması da tərəqqi edir. Bizim bankımızın keyfiyyət və kəmiyyət artımının əsas zəmini müştərilərə edilən güclü və rəqabətədavamlı təkliflər, həmçinin düzgün və aydın şəkildə təqdim edilən xidmət səviyyəsidir.

- Siz ölkədə öz fəaliyyətinizi genişləndirməyi planlaşdırırsınızmı?

- Əlbəttə, biz uzun müddət bunun üzərində çalışırıq. Belə ki, ötən ildən başlayaraq, biz qiymətli kağızlar bazarında fəaliyyətimizi aktivləşdirmişik və yalnız dövlət orqanları tərəfindən verilən qiymətli kağızlarla deyil, həmçinin, korporativ qiymətli kağızlarla da məşğul oluruq. Bu il bank həm anderrayter, həm də marketmeyker kimi öz mövqelərini möhkəmləndirəcək: bu məqsədlərə nail olmaq üçün bizim güclü balansımız və təqdim etdiyimiz məhsul və xidmətlər haqqında aydın anlayışımız vardır.

PAŞA Bank üçün bu sahələr böyük maraq kəsb etdiyindən, biz investisiya şirkətləri və fondlar barədə yeni qanunun formalaşması prosesini diqqətlə izləyirik. Onun gələcək tətbiqində hələ bir çox açıq məsələlər vardır ki, bunları da Mərkəzi Bank və Qiymətli Kağızlar Komitəsi kimi dövlət tənzimləyiciləri cavablayacaq. Məsələn, bu bazarın çalışması üçün banklar investisiya şirkət və fondları vasitəsilə müxtəlif şirkətlərə investisiya edə biləcək, yoxsa bunun üçün AMB-nin lisenziyası lazımdır, bu istiqamətdə işlərin idarə edilməsi hansı ardıcıllıqla olacaq və s. məsələlər.

Mənim fikrimcə, Azərbaycanda bir çox faydalı və düşünülmüş ideyaları olan potensial iş adamları vardır, lakin onların həyata keçirilməsi üçün müvafiq xərclər lazımdır: məhz bu zaman, insanlar banklar və investorlar barəsində düşünməyə başlayır.

- Bildiyimiz kimi, yaxın gələcəkdə PAŞA Bank Gürcüstan və İsveçrədə öz xarici nümayəndəlik və filial banklarını açmağı planlaşdırır. Bu planların həyata keçirilməsi hansı mərhələdədir?

- Biz artıq uzun müddətdir ki, gürcü əməkdaşlarımızla çalışırıq və bu səbəbdən qeyd edilən ölkədə filialın açılması planı çoxdan vardı. Gürcüstanın Dövlət Bank Tənzimləyici qurumunun şifahi razılığını artıq almışıq və ilin sonunda bu ölkədə bank fəaliyyətinə başlamağa lisenziya almaq üçün Mərkəzi Banka müraciət etməyi planlaşdırırıq. Hal-hazırda PAŞA Bankın bu şöbəsinin tikintisi, kadr axtarışı və s. inzibati işlər görülür. Hələlik bu şöbənin hüquqi statusu barədə qərar qəbul etməmişik, lakin, çox güman ki, bu filial – PAŞA Bank Georgia olacaqdır.  

Gürcüstan bazarı bizim üçün digər səbəblərdən də maraqlıdır: məsələn, bu bazarda rəqabət çox sərtdir və Bank of Georgia, TBC Bank, ProcreditBank və s. belə yerli banklar çox güclü təşkilati qüvvəyə malikdirlər. Bundan əlavə, burada artıq bəzi Azərbaycan və xarici banklar fəaliyyət göstərir, bəzi yerli bankların isə güclü xarici “valideynləri” vardır.

İsveçrəyə gəldikdə isə, biz yaxın gələcəkdə bu Avropa ölkəsində nümayəndəliyimizi açmağı planlaşdırırıq. Tezliklə biz İsveçrə Mərkəzi Bankına fəaliyyətə başlamaq üçün icazə almaq məqsədilə müraciət etməyi planlaşdırırıq və indi isə bu istiqamətdə hazırlıq işləri aparırıq. Xüsusilə qeyd emək istərdim ki, Azərbaycandan ilk dəfə olaraq, PAŞA Bankın 10 əməkdaşı Cenevrədə xüsusi "Peşəkar Private bankirlər kursları"na qatılacaq. Bu təlim kursu Cenevrə Banklar Assosiasiyasının nəzdində Bankçılıq məktəbi tərəfindən hazırlanmışdır və biz istərdik ki, əməkdaşlarımız müvafiq hazırlığı keçərək, İsveçrə bank psixologiyasını daha yaxından anlasınlar.

- Öz sənətinin mütəxəssisi kimi, “böhranın ikinci dalğası”nın mümkünlüyü barəsində nə deyə bilərsiniz? Onun nəticələrindən maksimal dərəcədə qorumaq üçün nə etmək lazımdır?

- "Ikinci dalğa" artıq başlayıb. Lakin əsas məsələ odur ki, bu, bizim ölkəmizə nə dərəcədə təsir edə bilər? Biz əsasən qlobal böhranın dərinliyi hələ də başa düşmürük: Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası dünya iqtisadiyyatının 2012-ci ildə 4-5% qədər tənəzzül edəcəyi barədə o qədər də ürəkaçan proqnozlar verməyiblər. Bu, o deməkdir ki, dünya fərqli düşünməyi öyrənməli və iqtisadiyyatı başqa cür idarə etməlidir.  Belə ki, böyük öhdəlikləri olan və yüksək levericli idarəetmə modeli daha böyük tənqidə məruz qalır. Bankların böhrana görə hansı məbləğləri itirməsi haqqında bizim məlumatımız var və bu bankın idarəçiliyindən asılı deyil: hamıda problem başlanır. Bu halda, bank nə qədər böyük olsa, o qədər də idarəedilməzdir, buna görə də bir şeyi yadda saxlamaq lazımdır – yalnız inkişaf üçün inkişaf əsassızdır.

Azərbaycan iş adamları da daxil olmaqla biznes icması bunu anlamalıdır, daha böyük risk yaradaraq borc almağa davam etmək düzgün deyil. Necə deyərlər, xeyirdən xeyir gəlməz. Vaxtında Azərbaycanın Mərkəzi Bankı bildirdiyi kimi, ikinci dəfə dövlət tənzimləyicisi köməyə gəlməyəcək. Bu səbəbdən, elə tədbirlər görmək lazımdır ki, böhran bizim ölkəmizdə hətta baş versə belə, əsasən psixoloji səviyyədə olsun.

- Gələcək planlarınız nədən ibarətdir? Yeni 2012-ci ildə Azərbaycan bank bazarında nə gözlənilir?

- Sualın birinci hissəsinə gəldikdə, bu ilin ikinci kvartalında xarici banklar və beynəlxalq maliyyə institutları ilə kapital bazarında borc vəsaitləri üzrə danışıqlar aparmağa başlamışıq. Növbəti ildə, biz dünyanın aparıcı reytinq qurumlarına müraciət etməyə hazırlaşırıq. Çox güman ki, bi proseslər müəyyən vaxt tələb edəcək, buna görə də hər hansı bir reytinqə 2012-ci ilin ikinci yarısından tez sahib olmaq mümkün olmayacaq. Reytinqin göstəricilərinə əsaslanaraq isə bazardakı vəziyyətdən asılı olaraq borc öhdəliklərinin buraxılması və başqa fəaliyyət istiqamətləri barəsində düşünmək olar.

Bank bazarında yeniliklərə gəldikdə isə, yalnız bir şeyi dəqiq demək olar: Azərbaycanda hər şey tez və səmərəli şəkildə dəyişəcək. Adi misal: Qərb ölkələrində insanlar, texniki tərəqqiyə baxmayaraq, hələ də çek kitabçalarından istifadə edir. Azərbaycan isə bu çek periodunu atlayaraq kart məhsulları, mobil və internet-bankinqin imkanlarından faydalanır. Bizim müştərilərimiz texnoloji yeniliklərə, köhnə vərdişlərindən əl çəkməyən Qərbdəki istehlakçılara nisbətən, daha hazırdır.

Qeyd edilən halda, PAŞA Bankın müvəffəqiyyət əldə etməsinin əsas səbəbi – müştərilərlə fəal əməkdaşlıq, onların sorğularının çevik şəkildə cavablanması və daima zamanın nəbzini tutması olacaqdır. Biz öz məqsədimizə, yerli bank bazarında mövqeyimizi saxlayaraq və bank məhsulları istehlakçılarınn rəğbətini qazanaraq, yavaş-yavaş, lakin məqsədyönlü şəkildə yanaşırıq. Bir sözlə, öz uzaqgörən planlarımızla biz hələ uzun müddət burada olacağıq.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.