Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank istiqraz buraxılışının səbəbini və şərtlərini açıqladı - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, 16 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “PAŞA Bank” ASC-nin hər birinin nominal dəyəri 100 manat olan 500 000  ədəd sənədsiz, təmin edilməmiş istiqrazlarının baza emissiya prospekti təsdiq edilmişdir.

50 milyon manatlıq emissiya xəbəri bazarda maraqla qarşılanmışdır, lakin eyni zamanda da investorlarda bəzi suallar doğurmuşdur. Bunu nəzərə alaraq “PAŞA Bank” ASC-nin Xəzinədarlıq Departamentinin Direktoru Bəhruz Nağıyev müsahibə vermişdir.

“İNVESTORLAR ALTERNATİV ALƏT TAPA BİLMİRLƏR”

- Bəhruz bəy, uzun fasilədən sonra Azərbaycanın kapital bazarında Manatda növbəti iri emissiyanın baş verəcəyi gözlənilir. PAŞA Bankın istiqraz buraxmasının səbəbi nədir?

-Bəhruz Nağıyev: Apardığımız bazar analizləri nəticəsində məlum olmuşdur ki, hazırda Manatla ifadə olunmuş investisiya alətləri azdır, iri şirkətlər, banklar, sığorta şirkətləri  və fərdi investorlar manatdakı vəsaitlərini sərmayə etmək üçün alternativ alətlər tapa bilmirlər. Hazırda kapital bazarında Manatla ifadə olunmuş  yeganə investisiya aləti Maliyyə Nazirliyinin dövlət istiqrazlarıdır. Bir də, manatda olanvəsaitlərin yerləşdirilməsi üçün Mərkəzi Bankın depozit hərracları mövcuddur. Bunlardan başqa investisiya alətləri yoxdur. Fikirləşdik ki, manatda alternativ investisiya alətinin təklif edilməsinə ehtiyac var və buna  görə öz istiqrazımızı  buraxmağa qərar verdik. Bu bizim birinci addımımızdır, böyük ehtimal ki, davamı da olacaqdır.

-Səhv etmirəmsə, həm də bu istiqraz buraxılışı PAŞA Bank-ın ilk emissiyasıdır...

-Bəhruz Nağıyev: Bəli, bu PAŞA Bankın ilk korporativ istiqraz buraxılışıdır.

-Belə deyək: vaxtilə digər maliyyə və qeyri-maliyyə şirkətlərinin istiqrazlarını alaraq qiymətli kağızlar bazarına dəstək olan PAŞA Bank, bu gün də istiqraz emissiya edərək bazarı canlandırmağa cəhd edir.

-Bəhruz Nağıyev: Doğrudur. Biz əvvəllər anderraytinq və market-meyker olaraq bazara dəstək verirdik. İndiyədək PAŞA Bank anderrayter olaraq bir neçə şirkətin istiqrazlarının uğurla yerləşdirilməsini həyata keçirmişdir. Eyni zamanda, biz bazarda likvidlik yaradaraq, şirkətlərin istiqrazlarını geri almağa təminat verirdik. Bir çox hallarda istiqrazlara sərmayə yatırmış investor bir müddət sonra ödəniş ehtiyaclarına görə, istiqrazları geri qaytarıb pulunu tələb edirdi. Biz market-meyker olaraq həmin istiqrazları alıb, investorun pulunu ödəyirdik. Belə geri alışlara və öz investisiyalarımıza görə PAŞA Bankın istiqrazlara investisiya portfeli formalaşmışdır.

Bir daha qeyd edim ki, sadəcə məqsədimiz bazara alternativ alət çıxartmaqdır. Məbləğ 50 milyon manatdır. Bu məbləğ Maliyyə Nazirliyinin istiqraz buraxılışının məbləği ilə müqayisədə çox az olsa da, hesab edirik ki, bazarda canlanma yaradacaq və investorlar üçün alternativ alət olacaqdır.

-Nə üçün 50 milyon manat?

-Bəhruz Nağıyev: Bunun xüsusi bir səbəbi yoxdur. Başlanğıc üçün bu məbləğdə buraxılışa qərar verdik. Biz dövlət orqanı olan Maliyyə Nazirliyinin buraxılışı qədər emissiya həyata keçirə bilmərik. Təbii ki, aktiv və passivimizin analizi nəticəsində, gücümüzün çata biləcəyi və balansımıza götürə biləcəyimiz məbləğdə istiqraz emissiya edə bilərik. Hal-hazırda yerləşdirə biləcəyimiz məbləğə 50 milyon manatdan başlamağa qərar verdik. Biz fikirləşirik ki, ilkin olaraq bu məbləğdə cəlb edəcəyimiz və saiti rahat şəkildə müxtəlif alətlərdə yerləşdirə bilərik.

DİSKONT İSTİQRAZDIR

-İstiqraz hansı şərtlər ilə buraxılır?

- Bəhruz Nağıyev: Emissiya prospektinə görə, PAŞA Bankın istiqrazları diskont qiymətli kağız olacaqdır. İstiqraz sahiblərinə faiz (kupon) deyil, diskount məbləği ödəniləcəkdir. İstiqrazın nominal dəyəri ilə yerləşdirmə qiyməti arasında fərq (diskont) investorun gəliri olacaqdır. Belə ki, hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd istiqraz buraxılacaqdır. İstiqrazın bazar qiyməti isə yerləşdirmə günü təşkil ediləcək hərracda investorların təkliflərində nasılı olaraq müəyyənləşəcəkdir. Hərracda investorlar öz məbləğlərini və qiymətlərini təklif edəcəklər. Buraxılış məbləği həmin təkliflər arasında bölünəcək və paylanılacaqdır. Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsində tətbiq edilən sistem tətbiq ediləcəkdir. Hesab etdik ki, faizli istiqraz buraxmağımız investorlarda çaşqınlığa və cavablandırılması çətin olan əlavə suallara səbəb ola bilər.

GƏLİRLİLİYİN 10 FAİZDƏN YÜKSƏK OLACAĞI GÖZLƏNİLİR

-Yəqin ki, istiqraz buraxılışı barədə qərar Əmanətlərin Sığortalanması Fondunun 16.09.2016-cı il tarixidən etibarən milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini 12%-dən 15%-ə qaldırmasından əvvəl verilmişdir. Fondun qərarı planlarınızda dəyişikliyə səbəb oldu? Çünki, indi əmanət faizləri investorlar üçün daha cəlbedicidir.

- Bəhruz Nağıyev: Bəli, bu qərardan sonra planlarımızda bəzi dəyişikliklər oldu. Amma dayanmadıq, emissiyanı qeydiyyatdan keçirdik. Təbii ki, bu qərar bizim istiqrazlar üzrə gəlirlilik gözləntimizi artırır.

“PAŞA BANKA İNAM BÖYÜK OLDUĞUNDAN YERLƏŞDİRƏ BİLƏCƏYİK”

-Bəhruz bəy, istiqrazın digər şərtləri – müddəti, faizin ödəniş dövrü barədə də məlumat verərdiniz.

-Bəhruz Nağıyev: İstiqrazların tədavül müddəti 6 ay,  faiz ödənişi dövrü isə müddətin sonudur. İstiqrazlar girovla, zəmanətlə təmin edilməmiş istiqrazdır.

-Bu gün Manatın daha da ucuzlaşacağı barədə gözləntilər daha güclüdür. Belə bir vəziyyətdə investorlar Manatla investisiya yatırmaqda ehtiyatlana bilərlər. Siz istiqrazları yerləşdirə biləcəyinizə əminsinizmi?

- Bəhruz Nağıyev: Təbii ki, bu layihəyə başlamamışdan əvvəl bazar analizlərini aparmışıq. Potensial investorlar ilə görüşlərimiz olub, onların  fikirlərini soruşmuşuq. Onlara “Manatda istiqraz buraxsaq alarsınızmı?”, “Gəlirlilik gözləntiniz hansı səviyyələrdədir?” suallarını vermişik. Verilən cavablardan məlum oldu ki, maraq var, istiqraz buraxsaq yerləşdirə bilərik. Yəni, bizə verilən cavablar əsasında emissiyaya qərar vermişik.

Ümumiyyətlə, bu gün banklar özlərinə etibarlı tərəfdaş axtarırlar. Bizim potensial investorlara müraciətimiz göstərdi ki, onlar PAŞA Banka etibar edirlər. Bu inam olduğu üçün bizim istiqrazlar onlar üçün maraqlıdır və buna görə 50 milyon manatlıq emissiyanın uğurlu olacağını gözləyirik.

“MÜŞTƏRİLƏRİMİZİN DÖVRİYYƏ VƏSAİTLƏRİNƏ BÖYÜK TƏLABATI VAR”

-İstiqrazların yerləşdirilməsi nəticəsində cəlb ediləcək vəsait hansı məqsədlər üçün istifadə olunacaqdır?

-Bəhruz Nağıyev: Planlar çoxdur. Vəsaiti müxtəlif alətlərə investisiya edə və  kreditləşməyə yönəldə bilərik. Məsələn, korporativ müştərilərimizin qısamüddətli dövriyyə vəsaitlərinə tələbatı var və cəlb edəcəyimiz vəsaiti bu istiqamətdə də işlədə bilərik.

-Buraxılışı balanslaşdırmaq üçün Dollarda istiqraz buraxmağı planlaşdırırsınız?

-Bəhruz Nağıyev: Xeyir, belə bir planımız yoxdur. Yenilikcə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dollarda istiqraz buraxıb: təklifləri cəlbedicidir, inanırıq ki, insanlar tərəfindən maraq olacaqdır.

-Mərkəzi Bankın statistikasından da görürük ki, Manatda pul kütləsi azalır. Bəlkə PAŞA Bank Manat likvidliyinə görə istiqraz buraxır?

-Bəhruz Nağıyev: Dövriyyədəki manat kütləsini azaltmaq Mərkəzi Bankın düşünülmüş siyasətidir. Bu iqtisadi indikatorlara nəzarət etmək üçün normal siyasətdir. Hesab edirik ki, belə bir siyasətin aparılması mövcud iqtisadi vəziyyətdə düzgün addımdır.

Biz hazırda bir nеçə bankların likvidlik çətinlikləri olduğunu görürük. Bankımızda isə ehtiyatlı maliyyələşdirmə davam edir və hər bir valyuta üzrə heç bir likvidlik çətinliyimiz yoxdur.

Biz istəyirik ki, kapital bazarında alternativ məhsul olsun, bu bazar canlanmağa başlasın. Məqsədlərimizdən biri də, xarici investorları cəlb etməkdir. İstəyirik ki, istiqrazlarımızı xarici investorlarda alsınlar. Onlar valyutada vəsaitini Azərbaycana gətirib manata çevirməklə istiqrazlarımızı ala bilərlər. Həmçinin Azərbaycanda fəaliyyət göstərən bir çox xarici şirkətlərin əməliyyatları manatladır. Onlar artıq manat kütləsini müəyyən müddət cari hesablarında saxlamaqdansa, 6 ay müddətinə PAŞA Bankın istiqrazına yatırıb qazanc götürə bilərlər.

“ƏSAS ÜSTÜNLÜYÜMÜZ BANKIMIZIN TARİXÇƏSİDİR”

-Sonda, investorlara güvən vermək üçün hansı mesajı verə bilərsiniz?

-Bəhruz Nağıyev: Bizim əsas üstünlüyümüz Bankımızın tarixçəsidir. Fəaliyyət göstərdiyi müddət ərzində Bank davamlı inkişafın modelinə üstünlük verir. PAŞA Bank güclü maliyyə imkanları və şəffaflığı ilə bərabər, cəmiyyətin inkişafında mühüm rol oynayır və belə bir maliyyə institutuna etibar etmək olar.

-İstiqrazların yerləşdirilməsinə nə vaxt başlanılacaqdır?

-Bəhruz Nağıyev: Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası PAŞA Bankın müraciətini qeydə alıb və buraxılışa icazə verib. Ötən həftənin əvvəlində Bakı Fond Birjasına müraciət etmişik. Yəqin ki, Oktyabrın ilk həftəsinədək yerləşdirmə baş tutacaqdır və istiqraz buraxılışı bir neçə tranş olacaqdır. İlk tranşdan sonra biz faiz dərəcələri ilə bağlı daha dolğun mesaj verəcəyik. Tövsiyə edirəm ki, investorlar bu alternativ təklifə nəzər salsınlar.

-PAŞA Bankın ilk emisiyasının uğurlu olmasını arzulayırıq.

-Bəhruz Nağıyev: Sağ olun.

 

Seymur Yunusov

Marja.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.