Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankdan ixracatçı sahibkarlara Faktorinq dəstəyi

"QAZANAN AZƏRBAYCAN İQTİSADİYYATI OLACAQ"

Neftin qiymətinin aşağı düşməsilə yaranmış yeni iqtisadi şəraitdə, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi,  qeyri-neft sektorunun ixracının artırılması daha böyük əhəmiyyət daşıyır. Lakin ixracın artırılması asan məsələ hesab edilməməlidir. İstehsalın və alıcının olması həmə zəmanət xidmətləri mövcud olmalıdır. Faktorinq bu baxımdan digər ölkələrdə olduğu kimi, Azərbaycanın ixracına təişə ixracın reallaşacağı demək deyil. İxracın baş tutması üçün bir çox şərtlər, o cümlədən ixracın alternativ maliyyələşdirilməsi vkan verə bilər.

Bu günlərdə mühüm bir hadisə baş verib. Azərbaycandan ilk dəfə “PAŞA Bank” ASC Beynəlxalq Faktorlar Assosiasiyasına (Factors Chain International – FCI) üzv olub. Beynəlxalq ticarətdə faktorinqin qaydalarını müəyyənləşdirən bu assosiasiyanın 74 ölkədən 270-dən çox üzvü var. Bəs, PAŞA Bankın Beynəlxalq Faktorlar Şəbəkəsinə üzv olması Azərbaycan ixracatçılarına hansı imkanlar vəd edir? Ümumiyyətlə, faktorinq və ixrac faktorinqi nədir? Şirkətlər faktorinqdən necə istifadə edə bilərlər? “Marja.az”ın müxbiri bu sualar ətrafında PAŞA Bank ASC-nin Baş Kommersiya İnzibatçisı Melih Mengü ilə söhbətləşib.

“PULU VER, MALI SABAH GÖNDƏRƏCƏM” QAYDASI YOXDUR

Melih Mengü faktorinq haqqında məlumat verərək bildirdi ki, ixrac kreditlərindən və akkreditivlərdən daha sərfəli olan faktorinq, borcun maliyyələşdirildiyi və ya zəmanət verildiyi bir xidmətdir:

“Bu gün ticarətdə, xüsusilə, beynəlxalq ticarətdə nağd satış demək olar ki, yox səviyyəsindədir. “Pulu ver, malı sabah göndərəcəm”  deyilən bir şey yoxdur. Çünki, alınan bir mal, ya başqa bir məhsulu istehsal etmək üçün yarımfabrikat  olaraq istifadə edilir, ya  da o malı alan şəxs həmin malı bir başqasına nisyə satıb pulunu bir müddət sonra əldə edir.

Ticarət həyatında; satıcı malını dərhal  nağd və zəmanətli satmaq istəyir, alıcının tələbi isə nağdsız, bir müddət sonra və hər hansı bir təminat vermədən alış etməkdir. Buna görə, satışın reallaşması çətinləşir. Belə bir çətinliyi aradan qaldırmaq üçün faktorinq adlandırılan maliyyə xidməti ortaya çıxıb. Faktorinq xüsusilə, beynəlxalq ticarətdə, hər iki tərəfin – alıcının və satıcının da istəyinin reallaşdığı tək satış şəklidir.

Faktorinq, satıcının (istehsalçının) mal və ya xidmət satışından yaranmış və ya yaranacaq alacaqlarına görə, ona zəmanət və ödəmə  xidmətlərinin təqdim edildiyi bir maliyyə alətidir. Adətən faktorinqdə 3 tərəf olur: Satıcı, Alıcı və Faktor. Satışı maliyyələşdirən faktor, müstəqil faktorinq şirkəti və ya faktorinq lisenziyası olan bank da ola bilər. İxrac faktorinqində isə 4 tərəf iştirak edir. Bu zaman 4-cü tərəf kimi alıcının faktoru çıxış edir.

Belə deyək, bir satıcı malı və xidməti alıcıya satır və qarşılığında hesab-fakturasını tərtib edir. Bundan sonra, satıcı aralarındakı müqaviləyə əsasən razılaşdırılmış müddət ərzində mal və ya xidmətin dəyərinin ödənilməsini gözləyir.

Burada iki məsələ var: ya satıcı satdığı malın pulunu dərhal nağd almaq istəyir ya da alıcını tanımadığından satdığı malın pulunu onun gecikdirə biləcəyindən ehtiyat edir. Tutaq ki, müqavilədə alıcının malın pulunu 90 gündən sonra ödəyəcəyi göstərilib. Amma pul 90 gün sonra, hətta daha sonra da ödənilməyə bilər. Şirkətinizə olan borcların ödənməməsi, gəlir və mənfəətin azalmasına, nəticədə borclarınızın vaxtında ödənilməməsinə səbəb olar və bu da şirkətin etibarına pis təsir göstərə bilər. Belə halları aradan qaldırmaq üçün faktorinq xidməti yaradılıb. Satıcı istəyərsə, pulun ödəniləcəyi dövrü qısalda, hətta bir gün ərzində malın pulunu ala bilər. Əgər satıcı malın pulunu dərhal əldə etmək istəyirsə, bunun üçün faktora müraciət etməlidir. Satıcı hesab-fakturanı faktora və ya bu xidməti göstərən banka təqdim edir. Bank da malın dəyərinin (alıcının borcunun) bir nisbətini, deyək ki, ən azı 80%-ni satıcıya ilkin ödəniş kimi ödəyir və alıcıya borcu faktora ödəyəcəyi barədə məlumat verilir. Satıcı qalan hissəni isə, vaxtı çatdıqda, yəni, alıcı borcunu tam şəkildə faktora ödədikdən sonra alır. Bu zaman qalan 20%-dən faktor öz xidmət haqlarını çıxır.

“AZƏRBAYCAN İXRACATÇILARI ÜÇÜN İKİ ÇƏTİNLİK VAR”

Melih Mengü, “Faktorinqdən beynəlxalq ticarətdə geniş istifadə olunur” deyərək sözlərinə belə davam etdi:

“Məsələn, Azərbaycandan bir ixracatçı ABŞ-dakı bir idxalatçıya mal satmaq istəyir. Amma Rusiyadaki idxalatçı deyir ki, “mən malın pulunu 90 gün sonra ödəyəcəm”. Azərbaycandakı ixracatçı üçün 2 problem var. Birincisi, ixracatçının 90 gündən tez malın pulunu almasına ehtiyacı var. Ola bilsin ki, ixracatçının yerli bazardan aldığı bir şeylərə görə pulunu 5-10 gün ərzində ödəməsi lazımdır. Amma Rusiyadaki idxalatçı, “pulu 90 gündən tez sənə ödəyə bilmərəm. Mənə mal satmaq istəyirsənsə, 90 gün gözləmək məcburiyyətindəsən” deyir. Birincisi ixracatçı bu problemi həll etməlidir.

“PULUN GERİ ÖDƏNİLMƏMƏSİ RİSKİ VAR”

Azərbaycan ixracatçısının ikinci çətinliyi, vaxtı çatdıqda idxalatçının pulu ödəməməsi riskidir. Çünki bunun zəmanəti yoxdur. O, xarici idxalçını yaxşı tanımaya bilər. Əgər ixracatçı idxalatçıdan bank zəmanəti istəyərsə, bu da beynəlxalq ticərətdə xüsusi bir haldır. Bu zaman idxalatçı da, “əgər bank zəmanəti istəyirsənsə, mən malı başqasından alacam” deyə bilər.  Bunun üçün burada bir mexanizmə ehtiyac vardı. Bu mexanizmi yaratmaq üçün 1968-ci ildə Beynəlxalq Faktorlar Şəbəkəsi adlı assosiasiya yaradılmışdır. Çox ölkədən faktorinq şirkətləri və banklar bu şəbəkənin üzvləridir. . PAŞA Bank Azərbaycandan şəbəkəyə üzv olan ilk və yeganə faktordur. Bu şəbəkə üzv faktor şirkətlərini və bankları bir-biri ilə əlaqələndirir. Çünki hər bir faktor ölkəsindəki idxalçıları və ya ixracçıları yaxşı tanıyır. Azərbaycandakı ixracatçı və faktor xaricdəki idxalatçını yaxşı tanımaya bilər. İdxalatçı Rusiyadan deyil, tutaq ki, Venesuelladan, Taylanddan da ola bilər.  Mal ixrac edən Azərbaycan şirkəti Venesuelladakı şirkəti necə tanısın?! Buna görə bizim yanımıza gəlir. Bəs, biz Venesuelladakı şirkəti necə tanıyaq?! Arada bir mexanizmə ehtiyac var. Ona görə bu şəbəkəyə üzv olduq ki,  bu faktorlar şəbəkəsi ilə işləyək.

Mexanizmə görə, idxalatçının və ixracatçının faktorları əməliyyata cəlb olunur. Məsələn, Azərbaycandakı ixracatçı Venesuelladakı alıcısını tanımadığı və ona nisyə mal satmaqdan ehtiyat etdiyi üçün ölkəsindəki faktorinq şirkətinə, tutaq ki, PAŞA Banka müraciət edir. PAŞA Bank da Venesuelladakı alıcını tanımır. Biz Venesuelladakı şirkətin (idxalçının) aldığı malın pulunu ödəyib-ödəməyəcəyini bilmirik. Buna görə, onun borcunu zəmanət olmadan satıcıya ödəyə ya da borcun ödənilib-ödənməyəcəyinə dair zəmanət verə bilmərik.  Bunun üçün idxalatçının ölkəsindəki, Beynəlxalq Faktorlar Şəbəkəsinin üzvü olan faktor ilə əlaqə yaradaraq idxalçının ödəməmə riskini üzərinə götürüb – götürməyə biləcəyini soruşuruq. Əgər idxalçının ölkəsindəki faktor pulun ödənilməməsi riskini üzərinə götürərsə,  PAŞA Bank Azərbaycandakı ixracatçı ilə faktorinq müqaviləsi bağlayır. İstəyirsə, ixracatçıya ilkin ödəniş edilir, ya da istəkdən asılı olaraq, vaxtı çatdıqda malın pulu ödənmədiyi halda ixracatçıya pulun ödəniləcəyi barədə zəmanət verilir. Əgər idxalatçı ixracatçının pulunu müqavilədə göstərilən vaxtda ödəməzsə, bu zaman PAŞA Bank ixracatçının pulunu, PAŞA Bankın pulunu isə idxalatçının faktoru ödəyir. Həmin faktorun idxalatçıdan pulu ala bilib-bilməyəcəyi məsələsi ilə biz məşğul olmuruq. Əgər PAŞA Bank ixracatçıya əvvəlcədən ilkin ödəniş vermişdirsə, bu halda da PAŞA Bank pulunu idxalçının faktorundan alır. İdxalçının faktoru da PAŞA Banka ödədiyi pulu vaxtı çatdıqda idxalatçıdan qəbul edir.

Əgər Beynəlxalq Faktorlar Şəbəkəsi olmasaydı, belə bi mexanizm də olmazdı. Faktorlar öz aralarında əlaqəni Beynəlxalq Faktorlar Assosiasiyasının qaydaları və zəmanəti əsasında qururlar.

İXRACATÇILAR ÜÇÜN BÖYÜK FÜRSƏT

Melih Mengü vurğuladı ki, neftin qiymətinin düşdüyü bir zamanda, faktorinq qeyri-neft sektorunun ixracını təşviq edən bir alət ola bilər. 

“PAŞA Bankın Beynəlxalq Faktorlar Şəbəkəsi vasitəsilə təklif etdiyi faktorinq Azərbaycandan xaricə mal satmaq istəyən, amma alıcının ödəməməsi riskini üzərinə götürmək istəməyən ixracatçılar üçün böyük bir fürsətdir. Çünki bu gün dünyada heç kim nağd pul ilə mal sata bilmir. “Pulu göndər, mən sənə sabah malı göndərəcəm” deyilən bir şey yoxdur. PAŞA Bankın faktorinq xidməti sayəsində,  istəsələr ixracatçılar satdıqları malın pulunun böyük bir hissəsini nağd əldə edə ya da nağdsız satış edib pullarının geri ödənilməməsinə qarşı zəmanət əldə edə bilərlər”.

ÇOXLARI FAKTORİNQ OLMADIĞI ÜÇÜN İXRAC ETMİRLƏR

Melih Mengü dedi ki, başqa mümkün səbəblərlə yanaşı, ixracatçıların geniş ixrac həyata keçirə bilməmələrinin səbəblərindən biri bəlkə də ölkəmizdə Beynəlxalq Faktorlar Şəbəkəsi vasitəsilə faktorinqin mövcud olmaması qeyd oluna bilər:

“Bəlkə çoxları bu səbəbdən dünya bazarlarına çıxa bilmir. “Mən istehsal edəcəm, satıb pulumu necə alacam” deyə fikirləşdiyi üşün ixracat etmək istəmirlər. Biz həmişə, “şirkətlərimiz xaricə mal satmaq qabiliyyətinə malik deyirlər” və ya “onların  malları yüksək keyfiyyətdə deyil”  kimi mənfi düşünməməliyik. Gedib ixracatçılardan “nə üçün mallarınızı filan ölkələrə ixrac etmirsiniz?” deyə soruşsanız, bəlkə çoxlarından “mən həmin ölkələrə nisyə mal satıb riskə getmək istəmirəm” cavabını eşidəcəksiniz. Bəlkə də, bugünə qədər mexanizm olmadığı üçün satmırdılar.  PAŞA Bank artıq faktorinq xidmətini aktiv şəkildə təklif edəcəkdir. Çünki biz qeyri-neft sektorundakı ixracatçılara dəstək göstərmək istəyirik”.

Melih Mengü, “Hazırda PAŞA Bankın komandası bir neçə min faktura üzrə əməliyyatı icra etməyə hazırdır” deyərək söhbəti yekunlaşdırdı.

Söhbətləşdi: Seymur Yunusov


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.