Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

İşgüzar təşkilatın Baş icraçı direktoru cənab Hamad Buamim ilə müsahibə

MDB ölkələri iqtisadiyyatlarının davamli inkişaf və artımı ilə əlaqədar Dubay Ticarət və Sənaye Palatası regionun biznes və investisiya imkanlarına diqqəti cəmləşdirməklə uğurlu Qlobal Biznes Forumlar silsiləsini daha da genişləndirir. Biznes təşkilatının Prezidenti və icraçı direktoru Hamad Buamim bu bazarların BƏƏ biznesləri üçün cəlbedici olduğunu vurğulamaqla Forumun məqsədlərinə nəzər yetirir.

- Dubay Ticarət Palatası bu il özünün 50 illiyini qeyd edir. Üzvlərinin fəaliyyətinə dəyər qatmağa davam etmək baxmından təşkilatın gələcəyə baxışı nədən ibarətdir?

Dubay Palatası 1965-ci ildə yalnız 450 üzvlə fəaliyyətə başlamışdır. Biz son 50 il ərzində inanılmaz artımın şahidi olmaqla hazırda 170 000-ə yaxın üzv şirkəti bir çətir altında biləşdiririk. Məqsədimiz, öz xidmətlərimizlə üzvlərimizin bizneslərinə faydalı olaraq, onların yeni bazarlara çıxış və tərəfdaşlıqlar qurmaq təşəbbüslərini lazımi dəstəklə təmin etməkdir. Biz özümüzü işgüzar icmanın " gələcəyə baxışı gücləndirən" tərəfdaşı kimi görürük.

Biz öz üzvlərimizlə mütəmadi ünsiyyəti Dubayda fəaliyyət göstərən 43 ölkə biznes şuraları və 27 peşəkar biznes qrupları vasitəsilə, habelə, Azərbaycan, Efiopiya, Ərbil və Qana olmaqla, 4 beynəlxalq ofisimiz vasitəsilə aparırıq. Qeyd edim ki, bu il Mozambikdə beynəlxalq ofis açmağı planlaşdırmaqla yanaşı, həmçinin, Çin və Latın Amerika ölkələri istiqamətində fəaliyyətimizi genişləndirmə imkanlarını araşdırırıq.

Bizim dəyər qatan xidmətlərimizin bir qismi üzvlərimizi B2B və şəbəkələşmə istiqamətində platforma ilə təmin etməkdən ibarətdir. Biz buna ticarət missiyaları nəzdində nümayəndə heyətlərinin qəbulu və göndərilməsi, həmçinin, qlobal tədbirlərdə iştirak, konfranslar və forumlar təşkil etməklə nail oluruq. Bunların arasında ən nüfuzlu olanları Afrika Qlobal Biznes Forumu və Qlobal İslam İqtisadiyyatı üzrə Zirvə Toplantısını qeyd etmək istərdim. Məmnuniyyət hissi ilə bildirim ki, əlavə olaraq, MDB məkanına diqqəti yönəltməklə, biz 2016-cı ildə MDB Qlobal Biznes Forumunu təşkil edəcəyik.

- Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı nümayəndəliyinin əsas məqsəd və fəaliyyətini təsvir edin.

Dubay Ticarət və Sənaye Palatası ilk beynəlxalq ofisini 2012-ci ildə Bakıda, Azərbaycanda açdı.Bu ofis MDB məkanı və Dubay arasında ikitərəfli ticarət və investisiyaların artımı istiqamətində fəaliyyət göstərməklə bir körpü rolunu oynayır. Azərbaycanda genişlənməyi düşünən Dubay investorlarına lazımi yardım və məlumat dəstəyi olmaqla, eyni zamanda bu ofisimiz Dubay bazarına daxil olmaq istəyən Azərbaycan biznesləri üçün bir əlaqələndiricidir. Azərbaycan nümayəndəliyi Azərbaycanda xüsusi əhəmiyyətli sahələr və ya Dubay ilə əməkdaşlıq sahəsində imkanları təşviq etmək baxımından müntəzəm olaraq dəyirmi masalar təşkil edir. Qeyd edim ki, nümayəndəliyimiz həmçinin, daha yaxın bağlantı yaratmaq məqsədilə aparıcı iş adamlarının Dubaya ticarət missiyasını da təşkil etmişdir.

Fürsətdən istifadə edərək, mən ikitərəfli biznes və iqtisadi əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycandan olan tərəfdaşlarımızı daha sıx əməkdaşlığa çağırıram.

- Dubay Palatası niyə məhz MDB regionuna diqqətini yönəldir?

Bir bölgə kimi, MDB-də 2016-ci ilə qədər illik artımın 3,5%-dən artıq  olması və bu artımda öndə Özbəkistan, Qazaxıstan və Türkmənistanın olması gözlənilir. Bunu nəzərə alaraq, MDB regionu investisiyalar üçün yaxşı bir seçimdir. Dubay Ticarət Palatasının Bakı ofisi Dubay və MDB arasında iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycandakı ofisimizin açılışı 2012-ci ilə təsadüf edir və elə həmin tarixdən etibarən çoxsaylı tədbirlər, konfrans və ticarət missiyalarında iştirak və təşkili vasitəsilə biz işgüzar icmaları bir araya gətirməkdəyik.

- MDB Qlobal Biznes Forumu haqqında məlumat verə bilərsinizmi?

MDB məkanının biznes və investisiya imkanlarını, həmçinin, bu ölkələrlə Dubay arasında mövcud iqtisadi əməkdaşlıq potensialını dərindən tədqiq etmək məqsədilə biz cari ilin sentyabrında ilk dəfə olaraq Dubayda MDB Qlobal Biznes Forumunu təşkil edirik. Biz Qlobal Biznes Forumlar silsiləsinə çox böyük uğurla Afrika ilə başladıq . Sözügedən forumların ərsəyə gəlməsi məlumat dəstəyi baxmından “Economist”İnformasiya Şöbəsi və işgüzar icmadan olan əsas sponsor və tərəfdaşlarla birgə əməkdaşlıq çərçivəsində mümkündür. İştirakçılar yüksək səviyyəli hökumət nümayəndələri, qabaqcıl özəl sektor və sənaye öndərlərindən ibarət olur və biz eyni keyfiyyəti MDB Qlobal Biznes Forumu üçün də əldə etməyi gözləyirik.

- Hansı sahələri potensial baxımından daha yüksək qiymətləndirirsiniz?

Ticarət Dubay iqtisadiyyatının vacib sütünlarından biri olmaqla, Körfəz ölkələri və Yaxın Şərqə ixrac etməyi düşünən ölkələrə investisiya potensialı təklif etməklə yanaşı, həmçinin, Dubay ixracatçıları və təkrar ixracatçıları üçün yeni bazarlara çıxış imkanı yaradır. MDB məkanında Rusiya aparıcı bazardır. 2014-cü il ərzində, Dubay və Rusiya arasında toplam qeyri-neft ticarəti 9.6 milyard BƏƏ dirhəmi həcmində qiymətləndirilir və Rusiya Dubayın ən iri ticarət tərəfdaşları siyahısında 29-cu pillədə qərarlaşır. 2014-cü ilin yekunlarına əsasən, toplam qeyri-neft ticarəti 2,4 milyard BƏƏ dirhəmi və 1,8 milyard BƏƏ dirhəmi dəyərində olmaqla MDB məkanında digər yaxın tərəfdaşlar sırasında müvafiq olaraq Türkmənistan və Azərbaycan yer alır. Bir bölgə kimi burada yüksək inkişaf potensialı var və MDB Qlobal Biznes Forumu bütün imkanları və problemləri nəzərdən keçirmək üçün gözəl fürsətdir.

Bu arada, Körfəz ölkələrinin ərzaq təhlükəsizliyi tələbləri və Dubay şirkətlərinin ərzaq emalı sahəsindəki geniş təcrübəsi baxımından aqrobiznes sektoru mühüm potensiala malikdir. Digər sahələrə neft-kimya və sənaye, ticarət, logistika və xidmətlərin idarə edilməsi aiddir. Bundan başqa, Dubay və bu region arasında turizm imkanları mövcuddur. Artıq Dubay Rusiyadan olan turistlər arasında çox məşhurdur və biz bütün region üzrə bu uğurumuzu eynilə yaymağa ümidvarıq. Eyni zamanda, MDB də BƏƏ və Körfəz ölkələrindən olan qonaqlar üçün güclü turizm potensialına malikdir. Dubay şirkətlərinin bu sahədə güclü təcrübə və biliyini nəzərə almaqla, birgə əməkdaşlıqlar və müəssisələr üçün imkanlar var.

- Siz daha öncə İslam iqtisadiyyatını qeyd etdiniz. MDB məkanında İslam iqtisadiyyatı əsaslarının inkişafına dəstək baxımından Dubayın İslam iqtisadiyyatının qlobal mərkəzi kimi rolunu necə dəyərləndirərdiniz?

BƏƏ vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun irəli sürdüyü “Dubay: İslam İqtisadiyyatının paytaxtı” təşəbbüsü, sözügedən sahənin təkamülündə dönüş nöqtəsi olmaqla, onun əhəmiyyətini və rəqabətliliyini bir daha vurğulayır.

Bu təşəbbüs davamlı diversifikasiya sayəsində həm İslam iqtisadiyyatı, həm də milli iqtisadiyyatın daimi inkişafını dəstəkləyən hərtərəfli həlli yolları təqdim edir.

Strategiya 3 il ərzində Dubayı İslam İqtisadiyyatının paytaxtına çevirmək məqsədini daşıyır. Strategiya Dubayı İslam İqtisadiyyatının bir sahəsində qlobal liderə çevirəcək 46 sayda təşəbbüsdən ibarət yeddi əsasa söykənir.

Seçilmiş sahələrə halal qida, halal turizm, rəqəmsal iqtisadiyyat, dəb, incəsənət və dizayn, İslam iqtisadiyyatının tədrisi,  habelə, halal standartlar və sertifikatlaşdırma aiddir. Xüsusi təşəbbüslərə halal məhsulların sertifikatlaşdırma və akkreditasiyası üçün beynəlxalq laboratoriyanın yaradılması,  yerli və qlobal miqyasda halal məhsulların istehsalına nəzarət edən yeni qanunvericilik və İslam xeyriyyəçilik və ianə işlərinin təşviqi istiqamətində beynəlxalq ianə qurumunun yaradılması daxildir.

MDB ölkələri Dubayın bu sahədəki artan təcrübəsindən yararlanmaqla, özlərinin İslam bizneslərini uğurla inkişaf etdirə bilərlər. Eləcə də, istehlakçı qismində çoxsaylı müsəlman əhaliyə malik olmaqla, iqtisadiyyatın bu sahəsində müştərək biznes imkanlar əmələ gələ bilər.

- Dubay bir uğur modelidir. Bu nümunə MDB ölkələrinə nə cür yön verə bilər?

Dubay ticarət, turizm, logistika və maliyyə xidmətləri kimi möhkəm əsaslı, eyni zamanda da daşınmaz əmlak, tikinti, pərakəndə satış və xidmətləri tərəfindən dəstəklənən çoxşaxəli iqtisadiyyata malikdir. MDB ölkələrinin çoxları şaxələnmiş iqtisadiyyatı inkişaf etdirmək üçün güclü iqtisadi siyasəti həyata keçirirlər. Dubay MDB ölkələri ilə bu sahədə əldə etdiyi bilik və bacarıqları ilə bölüşməyə hazırdır.

- Siz Dubayda iş qurmaq istəyən iş adamlarına nə məsləhət görərdiniz? Fikrinizcə bu cür canlı və təltifedici, lakin eyni zamanda çox rəqabətli bazarda inkişaf etmək üçün hansı keyfiyyətlər olmalıdır?

Biznesdə uğur qazanmaq haqqında çoxsaylı kitab və məqalələrə baxmayaraq, bu sual hər zaman gündəmdədir və ona qəti bir cavab yoxdur. Bu da təbii ki, hər bir işin özünəməxsusluğundan irəli gəlir. Haqlı olaraq buyurursunuz ki, Dubay rəqabətli bazardır. Ancaq deyərdim ki, elə bu xüsusiyyəti Dubayı fürsətlər baxımından daha da zəngin, cəlbedici edir. Mən deyərdim ki, Dubayda iş quranların ilk addımı yaxşı əlaqələr qurmaqdan ibarət olmalıdır. Doğru insanlarla ünsiyyətdə olmaq, digər iş adamları ilə görüşmək və icmanızla mütəmadi şəkildə əlaqə saxlamaq. Dubay Palatası sizə bu işdə köməklik göstərə bilər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.