Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay və Azərbaycan arasındakı sərmayə, iqtisadi əməkdaşlıq məsələlərinə baxış

BƏƏ vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri münasibətilə, həmçinin, Əmirliyin biznes icması üçün inkişaf etməkdə olan bazarları araşdırmaq strategiyasına uyğun olaraq Dubay Ticarət və Sənaye Palatası paytaxt Bakıda nümayəndəliyin fəaliyyəti çərçivəsində ikitərəfli əlaqələr və sərmayə imkanlarına nəzər yetirən icmal dərc etmişdir.

İcmala əsasən son iki ildə Dubay və Azərbaycan biznes icmaları arasında nəzərəçarpacaq dərəcədə iqtisadi əlaqələrin inkişafı və daha da genişlənməsi müşahidə olunur. Belə ki, Dubayda fəaliyyət göstərən və Dubay Palatasında qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin sayı 2012-ci ildə 176-dan 2014-cü ildə 262-yə yüksəlməklə 49% artım göstərmişdir.

Həmçinin, tədqiqat göstərir ki, 2011-2014-cü illər üzrə qeyri-neft ticarəti sahəsində 13% artım müşahidə olunmuşdur. Belə ki, bu hal rəqəmlərdə 2011-ci ildə 1,6 milyard BƏƏ dirhəmdən 2014-cü ildə 1,8 milyard BƏƏ dirhəmə çatmışdır. Beləcə, Dubayın ticarət tərəfdaşları sırasında Azərbaycan artıq 75-ci yerdə qərarlaşır.

Dubay Ticarət Palatasının Prezidenti və icraçı direktoru Hamad Buamim bildirdi ki, dünya bazarında Dubayın biznes mühitində rəqabət gücünü artırmaq və Əmirliyin iqtisadi yüksəlişini stimullaşdırmaq strategiyasına sadiq qalaraq, Dubay Ticarət Palatası öz üzvləri üçün dünyanın inkişaf etməkdə olan iqtisadiyyatlarını və BƏƏ biznesləri üçün investisiya potensialı olan mühüm sahələri tədqiq etməklə, investorların bu imkanlardan səmərəli şəkildə yararlanması istiqamətində təşəbbüslərlə çıxış edir.

Dubay Ticarət Palatasının qlobal genişlənmə strategiyası çərçivəsində ilk beynəlxalq nümayəndəliyin məhz Azərbaycanda açılması təsadüfi qərar deyil. Belə ki, bu ölkənin Avropa, Asiya və Qafqaz regionunun kəsişməsində yerləşməklə əlverişli strateji mövqeyi, istər böyük vədlər verən müxtəlif investisiya sahələri baxımından, istərsə də artan iqtisadi potensialı, eləcə də, MDB, Mərkəzi Asiya və Avropaya sərmayə axını istiqamətində körpü rolunu oynaması seçim üçün əsas amillərdən olmuşdur.

Fəaliyyətə başladığı 2012-ci ildən etibarən Azərbaycan nümayəndəliyi Dubay bizneslərini Azərbaycan bazarına və ölkə hüdudlarından kənara çıxmaqla Qafqaz regionuna açılmaqda dəstəkləmişdir. Ayrıca, ötən müddətdə Dubayda yüksək sərmayə potensialı olan sahələrə investisiya axınının cəlb olunması istiqamətində və pərakəndə satış və İslam bankçılığı daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində  qarşılıqlı mübadilə səfərləri təşkil olunmuşdur.

Cənab Buamim vurğuladı ki, faktlara və real rəqəmlərə əsaslanan bu tədqiqatlar investorları perspektivli bazarlarda düzgün qərarlara yönəltməkdən ziyadə, həmçinin, Dubayın rəqabətlilik gücünün artırılmasına və BƏƏ bizneslərinin uğurlu strateji planlamasına töhfə verir.

Tədqiqat göstərir ki, 2013-cü il ərzində Dubaydan Azərbaycana ixrac və yenidən ixrac olunun mallar arasında mexaniki cihazlar, elektrik və elektron avadanlıqlar üstünlük təşkil etmişdir. Növbəti olaraq, nəqliyyat vasitələri, hərbi hava, gəmilər və əlaqədar digər nəqliyyat avadanlıqları, həmçinin, hazır qida və içkilər, plastik, rezin və rezin məhsulları yer alır. Öz növbəsində, Azərbaycandan idxal olunan mallar arasında isə metal məmulatlar üstünlük təşkil etmişdir.

Tədqiqat Dubay və Azərbaycan işgüzar dairələri arasında birgə investisiyalar üçün nəqliyyat və logistika, tikinti, infrastruktur, turizm , kənd təsərrüfatı və qida sənayesi, maliyyə xidmətləri və informasiya və kommunikasiya texnologiyaları daxil olmaqla əsasən altı sahəni əhatə edir.

Tədqiqat Mərkəzi Asiyadan dünyaya ixracat hərəkətini asanlaşdıran bir mərkəz kimi Dubayın statusunu vurğulamaqla, Əmirliyin inkişaf etmiş maddi-texniki və infrastruktur obyektlərinə nəzər yetirir, eləcə də Dubay şirkətlərinin davamlı ictimai nəqliyyat və dəmiryolu şəbəkə layihələrinin inkişafında geniş təcrübəsini göstərməklə, onların MDB həmkarları ilə yaşıl (ekoloji) logistika və ətraf mühit   üçün faydalı layihələr sahəsində təcrübə mübadiləsi imkanlarını diqqətə çatdırır.

Tikinti və infrastruktur sektorlarında ekoloji binaların tikintisi sahəsində Dubay şirkətləri ilə daha sıx əməkdaşlıq baxımından Azərbaycan şirkətləri üçün əlavə imkanlarqeyd olunur. Belə ki, Dubay şirkətləri mərmər, alüminium və sement kimi tikinti materiallarının ixracı ilə yanaşı, sözügedən xammalla təchiz edən bizneslərin qurulmasında da həmkarları ilə əməkdaşlıq imkanı qazanırlar.

Tədqiqat həmçinin, Azərbaycanın turizm sektorunun BƏƏ şirkətləri üçün cəlbedici fürsətlər baxımından zəngin olduğunu qeyd edir. Buna ölkənin təbii sərvətləri və dünyanın dörd bir yanından turistlər üçün mədəni istirahət imkanları təklif etmə potenisalı dəlalət edir. Belə ki, Dünya Səyahət və Turizm Şurasının təxminlərinə əsasən 2012-2022-ci illər müddətində Azərbaycanda turizmin hər il təxminən 7,5% artacağı gözlənilir.

Tədqiqata əsasən, həmçinin, Azərbaycanın malik olduğu əlverişli iqlim sayəsində ölkədə müxtəlif növ meyvə və tərəvəz becərilməsi, beləcə, BƏƏ-nin ərzaq təhlükəsizliyi ehtiyaclarını ödəmək baxımından kənd təsərrüfatı sektoru Dubay şirkətləri üçün mühüm investisiya hədəfidir.  Belə ki, Dubay şirkətləri kənd təsərrüfatı texnikası, maşın, gübrələr və yüksək məhsuldarlıq üsulları cəhətdən bu önəmli sahənin inkişafına töhfə verə bilərlər.

Tədqiqatda diqqət çəkən digər məsələ, xüsusilə, maliyyə xidmətləri sahəsində birgə əməkdaşlıq çərçivəsində kiçik və orta müəssisələrin maliyyələşdirilməsi, sığorta və kapital bazarları, islam bankçılığı və fond birjası, eləcə də, informasiya texnologiyaları sahəsində elektron hökumət xidmətləri və kompüter proqramlaşdırma, mühasibat uçotu və elektron ticarət kimi sahələrdə Dubay şirkətlərinin təcrübəsindən yararlanmaq imkanıdır.

Həmçinin, tədqiqatda qeyd olunur ki, Bakıda fəaliyyət göstərən Dubay Ticarət Palatasının nümayəndəliyi BƏƏ investisiyaları üçün Azərbaycan bazarına körpü rolunu oynamaqla, eyni zamanda Əmirlikdə mövcud rəqabətlilik mühitindən faydalanaraq Dubay və ümumiyyətlə, bu regionun bazarına daxil olmaq istəyən Azərbaycan şirkətləri üçün məlumat dəstəyi göstərməkdədir.

Azərbaycan Cənubi Qafqaz regionunda iqtisadi liderdir. Regiounun bütün iqtisadiyyatının təxminən 73% -ni təşkil etməklə, adambaşına düşən birbaşa xarici investisiyalar baxımından MDB məkanında aparıcı iqtisadiyyatlardan biridir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.