Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət Palatası azərbaycanlı iş adamlarını Dubay pərakəndə biznesi təcrübəsindən faydalanmağa çağırır

Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri cənab Şahin Mustafayev: Dubay Ticarət Palatası nümayəndəliyinin olması iki ölkə arasında möhkəm əlaqələrin göstəricisidir

Dubay Ticarət Palatasının sədr müavini cənab Əl Şiravi: əsas qlobal tədbir və sərgilərdə iştirak azərbaycanlı iş adamlarına BƏƏ bazarına daxil olmağa kömək edəcək

28 aprel 2014-cü il

Dubay Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə pərakəndə və françayzinq sahəsi üzrə aparıcı Dubay iş adamlarının Bakıya ticarət missiyası başa çatıb. İqtisadiyyat və sənaye naziri ilə görüşən nümayəndə heyəti, həmçinin, kommersiya komplekslərinin timsalında Bakının daşınmaz əmlak sahəsinin inkişafı ilə də tanış olmuşlar.

Dubay Ticarət Palatasının sədr müavini cənab Hişam Əl Şiravinin başçılıq etdiyi nümayəndə heyəti “Əhməd Seddiqi & Sons”ın İdarə Heyəti üzvü Abdul Həmid Əhməd Seddiqi, “Rivoli Group” MMC-də icraçı direktor Adel Zaruni, “Apparel Group”un sədri Nileş Ved və “Giordano”nun icraçı direktoru İşvar Çuqanidən ibarət idi.

Missiyanın məqsədi aparıcı Dubay və Azərbaycan pərakəndə biznes imkanlarını müzakirə etmək, eləcə də beynəlxalq pərakəndə və françayzinq mərkəzi kimi əmirliyin statusunu gücləndirməyə töhfə verməkdən ibarət olmuşdur. Ticarət missiyasının digər məqsədi müasir AVM-lərin planlanması, tikintisi və idarəolunmasında Dubayın pərakəndə üzrə təcrübəsi ilə bölüşmək və təşviq etmək olmuşdur.

İqtisadiyyat və sənaye naziri ilə görüş

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Dubay Ticarət Palatasının 2-ci vitse-prezidenti cənab Hişam Əl Şiravi arasında baş tutan mühüm görüş əsnasında əməkdaşlıq və sərmayə axınına diqqət çəkildi. Həmçinin, cənab nazir sıx ikitərəfli siyasi və iqtisadi əlaqələrin BƏƏ və Azərbaycanın iqtisadi sabitliyi hesabına daha da inkişaf etdiyini vurğuladı.

İqtisadiyyat və sənaye naziri eləcə də siyasi əlaqələr, hüquqi baza, habelə, hökumətlərarası komissiyanın səmərəli fəaliyyətinin iqtisadi əməkdaşlığın inkişafına zəmin yaratdığını bildirdi.

“Azərbaycan və BƏƏ arasında ticarət və iqtisadi əlaqələr genişlənir. Bakıda Dubay Ticarət Palatası nümayəndəliyinin açılması iki ölkə arasında möhkəm əlaqələrin olduğuna dəlalət edir,”-deyə cənab Şahin Mustafayev qeyd etdi. Cənab nazir daha sonra əlavə etdi ki, iki ölkə arasında infrastruktur, ticarət, kənd təsərrüfatı, eləcə də investisiya axınının inkişaf etdirilməsi üçün geniş əməkdaşlıq imkanları var.

Öz növbəsində, cənab Əl Şiravi bildirdi ki, Dubay Ticarət Palatası Azərbaycanın iqtisadi artımını tədqiq etməklə ölkənin mühüm iqtisadi və investisiya potensialını nəzərə alaraq ilk beynəlxalq ofis üçün məhz Azərbaycanı ideal namizəd kimi təsbit etdi. Eləcə də, coğrafi məkan olaraq Azərbaycan Palata üçün MDB, Mərkəzi Asiya və Qafqaz regionunu əhatə etmək baxımından düzgün seçimdir.

O, regionda və dünyada böyük istehlak bazarlarına çıxış istəyən Azərbaycan və MDB ölkələrinin ticarət qurumları üçün yüksək səviyyəli maddi-texniki baza və infrastruktura malik olan Dubayın ixrac mərkəzi kimi statusunu vurğuladı.

Cənab Əl Şiravi Azərbaycan biznes sektorunu Dubayda keçirilən müxtəlif beynəlxalq tədbirlər və sərgilərdə iştirak etməyə çağırdı. "Bu cür tədbirlərdə iştirak azərbaycanlı iş adamları üçün yeni işgüzar münasibətlər qurmağa gözəl imkanlar yaradacaqdır,"- deyə o qeyd edib.

Dubay Ticarət Palatasının sədr müavini iqtisadiyyat və sənaye naziri ilə görüşdən məmnunluğunu bildirərək, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə vermək öhdəçiliyini də dilə gətirdi. O, ikitərəfli əməkdaşlıq imkanlarını tədqiq edərək Dubay şirkətləri və azərbaycanlı həmkarları arasında təcrübə və bilik mübadiləsini həyata keçirməklə ticarət missiyasının öz məqsədinə nail olduğunu söylədi.

Pərakəndə və Françayzinq biznes üçün imkanlar üzrə dəyirmi masa

Four Seasons otelində təşkil edilən Azərbaycanda pərakəndə və françayzinq imkanları üzrə dəyirmi masa iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev, Dubay Ticarət Palatasının sədr müavini Hişam Əl Şiravi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov və “Azərbaycan Property Solutions” şirkətinin tərəfdaşı Rəsul Məmmədovun iştirakı ilə baş tutmuşdur.

Dubay və Azərbaycandan olan 30 iş adamının iştirakı ilə gerçəkləşdirilən dəyirmi masa kommersiya, daşınmaz əmlak və pərakəndə biznesin idarə olunması üzrə Dubay təcrübəsi, Azərbaycanda artan istehlak bazarında françayzinq ehtiyaclarının ödənilməsi, Dubay markaları və françayzinqinin Azərbaycana gətirilməsi və Azərbaycan marka və françayzinqinin Dubayda iş qurmasına dəstək verilməsi kimi mövzuları əhatə etmişdir.

Açılış nitqi ilə çıxış edən cənab Əl Şiravi qeyd etdi ki, Dubayda ÜDM-nin 13%-i pərakəndə sektor hesabına formalaşır və bu da dünyanın dörd bir yanından turistlərin cəlb olunmasına kömək edir. 2015-ci ilə BƏƏ-nin pərakəndə satışı 151 milyard dirhəmə qədər artacağı proqnozlaşdırılır ki, bunun da əhəmiyyətli bir qisimi Dubay əmirliyinin payına düşür.

O, daha sonra Dubayın EXPO 2020-yə evsahibliyi etdiyini vurğulayaraq, bunun da pərakəndə satışın əhəmiyyətli dərəcədə artımına təsir edəcəyini və beləliklə də, əmirlikdə fəaliyyət göstərən şirkətlər üçün yeni investisiyalar imkanı yaradacağını bildirdi. Əlavə olaraq, cənab Əl Şiravi azərbaycanlı iş adamlarını bu fürsətdən yararlanmağa Dubayda müxtəlif sektorlara yeni investisiyalar yatırmağa çağırdı.

“Dubay Ticarət Palatası BƏƏ-də Azərbaycanın iqtisadi potensialı haqqında məlumatlılığı artırmaqda daim azərbaycanlı həmkarlarına kömək etməyə hazırdır. Ümumilikdə BƏƏ ictimaiyyəti bu çox perspektivli biznes və turizm potensialı olan məkanı tanımalıdır,”-deyə o əlavə edib.

İqtisadiyyat və sənaye nazirinin müavini d-r Sahil Babayev Azərbaycanın mühüm iqtisadi artım dövrü yaşadığını bildirdi. O, həmçinin, qeyd etdi ki, Azərbaycan hökuməti 2020-ci ilə kimi qeyri-neft sektorunun hesabına ÜDM-ni iki dəfə artırmağı planlaşdırır ki, pərakəndə satış sektoru da buraya daxildir. BƏƏ-nin pərakəndə və françayzinq sahəsində təcrübəsinin əhəmiyyətini vurğulayan S. Babayev bu sahənin genişləndirilməsi və inkişafı üçün BƏƏ ilə təcrübə mübadiləsinin, həmçinin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinin faydalı olacağını qeyd edib.

Dubay nümayəndə heyətinin üzvləri daim inkişaf edən və küçə pərakəndə biznesindən tutmuş müasir AVM-lərə qədər bu sahədə qlobal lider olan Dubayın təcrübəsindən danışdılar. Heyətin üzvləri, həmçinin, azərbaycanlı tərəfdaşlarına Azərbaycan bazarında imkanları müəyyən etmək və qlobal, regional və yerli BƏƏ markalarını Azərbaycana gətirməkdə hər bir köməkliyə hazır olduqlarını bildirdilər.

Təkbətək görüşlər və tanışlıq turları

Cənab Əl Şiravi ilə təkbətək görüşü zamanı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev hər iki qurumun üzvləri arasında ikitərəfli rəsmi əlaqələrin qurulması və yeni iş layihələrinə dəstək verməyə hazır olduqlarını ifadə etdi. O, həmçinin, biznes əlaqələrinin sistemləşdirilməsi və genişləndirilməsi istiqamətində ikitərəfli biznes şurasının yaradılması təklifini irəli sürdü.

Öz növbəsində cənab Əl Şiravi Dubay Ticarət Palatasının Konfederasiyanın təşəbbüsü çərçivəsində, kənd təsərrüfatı, ərzaq, ticarət və pərakəndə satış, turizm, nəqliyyat və logistika, tikinti və infrastruktur, maliyyə xidmətləri və İT layihələrinin inkişafı istiqamətində iki qurum arasında rəsmi əməkdaşlığın yaradılmasını nəzərə alacaqlarını bildirdi.

Nümayəndə heyəti Bakıda ilk AVM olan Park Bulvarla yanaşı, müasir daşınmaz əmlak sahəsi olaraq ekoloji təmiz sənaye ərazisində yerləşən və 50.000 sakini mənzillə təmin etmək iqtidarında Bakı Ağ Şəhər layihəsi və Bakıda daşınmaz əmlak sahəsinin inkişafına daha bir gözəl nümunə olan 3 qisimdən ibarət Flame Towers kompleksi ilə də tanış oldu.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.