Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

DəmirBank-da İT infrastrukturun yenilənməsi Bankın inkişafı üçün yeni imkanlar yaradıb

DəmirBank IT infrastrukturun müasir tələblərə və artan əməliyyat həcminə uyğunlaşdırılması, təhlükəsizliyin gücləndirilməsi, “SAP for Banking” proqramının tətbiqi məqsədləri ilə “İT infrastrukturun yenilənməsi” layihəsini həyata keçirib. 2011-ci ildə başlayan layihə üzrə işlərin 95%-i artıq icra edilib.

“DəmirBank yüksək keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun müasir texnologiyalara önəm verir. İT infrastrukturun yenilənməsi, mütərəqqi texnologiya və avadanlıqlardan istifadə Bankın inkişafı və “SAP for Banking” proqramının tətbiqi üçün zəruri platforma və yeni imkanlar yaradıb. Bu işlər yeni xidmətlərin tətbiqinə və müştəri xidmətinin yaxşılaşdırılmasına da xidmət edəcək” – deyə İdarə Heyəti Sədrinin Müavini Yusif Cabbarov bildirib.

Layihə çərçivəsində müxtəlif istiqamətlər və sahələr üzrə işlər aparılıb:

Server və işçi avadanlıqları. Bankda yüksək göstəricilərə malik Fujitsu server avadanlıqları quraşdırılaraq əsas və ehtiyat server mərkəzləri yaradılıb. Bank işçiləri “Fujitsu Futro S100 Thin Client” işçi stansiyaları ilə təchiz olunub. Yeni avadanlıqlar bütün IT infrastrukturunu vahid pəncərədən idarə etmək imkanı yaradıb. Yeni server avadanlıqlarının idarə etmə proqram təminatı olaraq VMware virtual idarə etmə sistemi seçilib, bu isə proqram nasazlıqlarının qısa zamanda aradan qaldırılmasına, bank əməliyyatlarının daha sürətlə və təhlükəsiz yerinə yetirilməsinə imkan verir.

Şəbəkə avadanlıqları. Şəbəkənin yenilənməsində, dünyada lider olan Cisco şirkətinin avadanlıqları istifadə edilib. Yeni şəbəkə avadanlıqlarının tətbiqi ilə yüksək keyfiyyətli səs və video, habelə böyük həcmli məlumatların sürətli ötürülməsi, ötürülən məlumatların daha etibarlı şifrələnməsi mümkün olub.

Optik kabellər. Bankın Baş ofis və filiallar arasında olan şəbəkəsi fiber optik kabel üzərində qurulub və daxili şəbəkə xətləri yenilənib (SKS-Structured cabling system).

İP Telefoniya. Bankda Cisco IP telefoniya tətbiq edilib. IP telefoniya istifadəçinin mobil olması, səsli mesaj funksiyası, audio-video zənglərin və konfransların təşkili və sair üstünlüklərə malikdir. Bankda həmçinin SIP Server də quraşdırılıb.

Proqram təminatı. Bankda lisenziyalı proqram təminatlarından istifadə edilib (Windows 7 Professional, Microsoft Fore Front Security, Microsoft Office). Microsoft Exchange əsasında yeni mail serverləri, Blackberry smartfonlarında Bankın e-poçtundan istifadə üçün BES server quraşdırılıb, Iron Port anti-spam texnologiyası tətbiq edilib.

Təhlükəsizlik. Təhlükəsizlik baxımından da müxtəlif işlər həyata keçirilib. Hər işçi stansiya yeni anti-virus proqramları (Microsoft Fore Front Security) ilə təmin olunub. Yeni Blue Coat internet filtr proqramı sayəsində internet hücumlarının qarşısının alınması, internetə giriş-çıxış kanallarına tam nəzarət etmək imkanı yaradılıb. Bank şəbəkəsinə kənardan qoşulmalarda istifadə olunan VPN birləşmələri daha da təkmilləşdirilib.

Layihə üzrə həyata keçirilən işlərin sayəsində DəmirBank-da əməliyyatların daha təhlükəsiz və sürətlə həyata keçirilməsi təmin edilib, Bankın gələcək inkişafı üçün yeni imkanlar yaradılıb.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.