Biznes kataloqu > Mətbuat > İşgüzar jurnallar
 

Consulting & Business

az | ru
 
 
 
 

“Gəncə rəssamları“ albomu “Xalq Əmanəti” layihəsində

Sentyabrın 18-də Gəncə şəhərində Xalq Bankın «Gəncə» filialının yeni binasının açılış mərasimi təntənəli  şəkildə qeyd olundu. Bu gün həm də onunla əlamətdar idi ki, paytaxtdan gələn çoxsaylı qonaqlar, Gəncə ziyalıları, sənət adamları və rəsmi şəxslərin iştirakı ilə filialın nəzdində bədii qalereyanın açılışı baş tutdu.

Qalereyanın açılışından sonra isə qonaqları daha bir sürpriz gözləyirdi. Belə ki, “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan növbəti, sayca doqquzuncu buraxılışı geniş ictimaiyyətə təqdim olundu. “Gəncə rəssamları” bədii albomu Nizami yurdunda yaşayıb-yaratmış 5 sənətkarın – rəssamlar Rza Məmmədov (1918-1994), Xalidə Səfərova (1926-2005), Gennadiy Brijatyuk (1935-2008), Fazil Əliyev (1947-1993) və heykəltəraş Qorxmaz Sücəddinovun həyat və yaradıcılığına həsr olunub.

Xalq Bank mərasimdə iştirak etmək üçün Bakıdan Gəncəyə gələn böyük nümayəndə heyətinin səfərini təşkil etmişdi. Qırmızı xalı üzərindən sərgi salonuna daxil olan qonaqlar Azərbaycan musiqisi və rəngkarlığının qeyri-adi atmosferinə qərq oldular. Rəsm qalereyasının divarlarını fırça ustalarının əsərləri bəzəyir, postamentlərdən inanılmaz dərəcədə real və canlı görünən Füzuli, Vaqif, Cavad xan və Eynşteyn “baxırdı”. Mahir sənətkarlarımızın ifa etdikləri milli musiqimizin sədaları altında tədbirin qonaqları bir daha qədim mədəniyyət mərkəzi olan Gəncəyə toxundular. Gəncənin bu ustadları Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr vermiş, milli incəsənətimizin zənginləşməsində özünəməxsus xidmətləri olan şəxsiyyətlərdir. Elə burada sərgi zalının girişində “Xalq Əmanəti” leybllı bəyaz rəfin içində bu günədək layihə çərçivəsində işıq üzü görmüş bütün kitabları görmək mümkün idi.

Tədbiri tanınmış telejurnalist və publisist Yusif Günaydın açaraq Xalq Bankın bu layihəsinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə dünyaya tanıdılması haqda geniş məlumat verdi. Həmçinin aparıcı qeyd etdi ki, bu layihə çərçivəsində çap olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur və bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Həmçinin aparıcı Banka minnətdarlığını bildirərək “Xalq Əmanəti” layihəsinin müxtəlif zamanlarda bir çox tanınmış sənət və elm adamların olunhəyat və yaradıcılığına həsr olunduğunu qeyd etdi və sözü tədbirin qonaqlarına verdi. Tədbirdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq bildirdi ki, sərginin açılışı və albomun təqdimatı şəhərin mədəni həyatında çox mühüm, çox əlamətdar bir hadisədir. Cənab Vəliyev qeyd etdi ki, Gəncə qədimi şəhər olaraq hər zaman ölkənin mədəniyyət mərkəzi sayılıb, həmişə öz ustadları ilə məşhur olub. Çap olunan bu albom, filialın qalereyasında sərgilənən bu sərgi rəssamların ruhuna dərin hörmət nümunəsidir. “Bu gün Gəncəyə və gəncəlilərə daha bir rəsm qalereyası hədiyyə olundu. Mən bütün gəncəlilər adından Xalq Bankın rəhbərliyinə minnətdarlığımı bildirirəm, onlara həm bank sektorunda, həm də qeyd olunan layihə üzrə uğurlar və yüksək nailiyyətlər arzulayıram” – deyə o bildirdi. Daha sonra o, şəhərin inkişafı ilə bağlı gələcək planlardan söhbət açdı və  həmçinin mədəniyyət mərkəzlərinin inkişafı üçün böyük planların olduğunu və hazırda Gəncədə bütün yaş kateqoriyalarını əhatə edən sənət adamları üçün  hər cür şəraitin  yaradıldığını bildirdi.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov öz çıxışında hazırkı hadisənin əhəmiyyətini vurğuladı və rəssamlarla bağlı xoş xatirələri ilə bölüşdü. Sənətkar Bankın bu təşəbbüsünü yüksək qiymətləndirərək bildirdi ki, “Xalq Əmanəti” layihəsinin artıq bütün Azərbaycanı əhatə etməsi olduqca sevindirici haldır və biz əminik ki, Xalq Bank bu sahədə öz fəaliyyətini davam etdirəcək”. Eləcə də tədbirdə rəssamların ailə üzvləri iştirak edirdi. Rəssam Fazil Əliyevin həyat yoldaşı Fatma xanım sərginin təşkilatçılarına və “Xalq Əmanəti” layihəsinin müəlliflərinə, albom üzərində çalışanlara minnətdarlığını bildirərək dedi: - “Fazil ölməyib. O, bu gün bizim aramızdadır. Nə qədər ki, onun sənətini xatırlayan və sevən insanlar var, o, yaşayacaq”.

Rza Məmmədov, Xalidə Səfərova, Gennadiy Brijatyuk, Fazil Əliyev və Qorxmaz Sücəddinovun əsərləri şəxsi kolleksiyalarda, qalereyalarda və dünyanın müxtəlif ölkələrinin muzeylərində saxlanılaraq Azərbaycan xalqının tarixini və mədəniyyətini təbliğ edir. Bankın “Gəncə” filialının yeni binasının bədii qalereyasında rəssamların müxtəlif muzeylərdən və şəxsi kolleksiyalardan toplanmış əsərləri sərgilənəcək. Sərgi üçün uzaq xaricdən heykəltəraş Qorxmaz Sücəddinovun səkkiz əsəri gətirilmişdir.

Xatırladaq ki, Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrinin yaradıcılığına müraciət etməklə sənətsevərlərin dərin rəğbətini qazanmışdır. Nəşr olunan kitabların yüksək bədii dəyəri və nəfis tərtibatı onların istənilən kitab rəfində öz layiqli yerini tutacağına əminlik yaradır. Bu layihə çərçivəsində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova və Mahmud Tağıyevin bəddi albomları, Məmməd Araz, Hüseyn Arif və Mikayıl Müşfiqin seçilmiş əsərləri, həmçinin görkəmli alim-numizmat, professor Əli Rəcəblinin müəllifi olduğu “Azərbaycan Sikkələri” adlı kitabı işıq üzü görmüşdü.

Böyük Gəncə sənətkarlarının əsərlərindən ibarət sərgi Xalq Bankın Gəncə şəhəri, Zərrabi küçəsi 4, ünvanda yerləşən “Gəncə” filialında, sentyabr ayının 19-dan dekabrın 20-dək fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Ekspozisiyaya giriş sərbəstdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.