Şirkətlər > İşgüzar xidmətlər > İnvestisiya şirkətləri
 

Synergy Group

az | ru
 
 
 
 

Fibrosement betopandırmı?

19 May 2015-ci ildə baş vermiş yanğın faciəsindən sonra poliuretanla üzlənmiş binaların fasadlarının bütün ölkə ərazisində ləğvinə qərar verildi və bir neçə gün ərzində sökülmə işləri başa çatdı. Artıq Bakının bəzi yerlərində yeni fasad örtüklərinin quraşdırılmasına başlanmışdır. Bir çox yerlərdə fibrosement panellərin istifadəsinə üstünlük vermişlər. Bəs fibrosement nədir və onun hansı texniki özəllikləri cavabdeh qurumlara əminliklə belə bir qərar verməyə imkan yaradır?

Fibrosementi (lifli sement) ötən əsrin əvvəllərində Avstriyalı mühəndis Lüdviq Haçek  icad etmiş və 1901-ci ildə “Eternit” (latinca “aeternitas” əbədi mənasındadır) adı altında patentləndirilmişdir. "Fibro" dedikdə materiala möhkəmlik gətirən liflər nəzərdə tutulur. Liflər sement və başqa mineralları birbirinə möhkəm bağlayaraq son məhsula möhkəmlik,  verir. Ötən yüz il ərzində bu texnologiya təkmilləşdirildi, əvvəllər istifadə olunan zərərli asbest lifləri təhlükəsiz sellüloz liflərlə əvəz edildi. Fibrosementin tərkibinə tamamilə insan orqanizminə ziyanı olmayan  kvars qumu, sement, sellüloz və su daxildir. Əsas tərkib hissələri ilə yanaşı fibrosement panellərin istehsalında həmçinin kaolin, dam örtüklərinin istehsalında isə mikrosilika, eyni zamanda PVA və əhəng daşından köməkçi maddələr kimi istifadə olunur.

Fasad üçün fibrosement üzləmə lövhələri müxtəlif qalınlıqlı və formalarda istehsal olunur. Fibrosement lövhələri hamar və ya teksturalı; ağac, kərpic, daş bəzəkli, habelə üstü laminatlı ola bilər. Fibrosement lövhələri hər növ tikinti, bəzək (tamamlama) və dekorasiya işlərində istifadə üçün istehsal olunur. Dünyada daha çox “saydinq” adı ilə tanınan fasad üzləmə lövhəsi binaları üzləmək üçün istifadə olunan dekorativ, eyni zamanda qoruyucu materialdır. Fasad üzləmə lövhəsi oda davamlı, çürüməyən, həşəratın zərər verə bilmədiyi, rəngi Günəşin ultrabənövşəyi  şüaları altında uzun illər solmayan, inanılmaz möhkəmlikdə, bir sözlə, əla üzləmə materialıdır. Məhsulun geniş ölçü, forma və rəng çeşidi mövcuddur. Fibrosement lövhələri evinizin fasadı üçün keyfiyyət, gözəllik və baxım rahatlığı təmin etmək üçün ən doğru həll yoludur.

Fibrosement dam örtüyü evinizə xüsusi gözəllik gətirəcək. Fibrosementdən istehsal olunan lövhələr dam konstruksiyasında səliqəli görünüş yaradır, montaj parçalarının birbirinə daha sıx bağlanmasını təmin edir, damın germetikliyini artırır. Görünüş baxımından təbii gildən olan keramik dam örtüyündən seçilmir, quraşdırılması asan, qiyməti isə ucuzdur.

Fibrosement Azərbaycan tikinti bazarında yeni məhsuldur. İstifadəçilər onu bir çox hallarda "betopan" kimi tanıyır. "Betopan" da lifli sement materialı olmasına baxmayaraq, fibro sementdən fərqlənir. "Betopan"-ın istehsalında sellülozik liflərin yerinə ağac yonqarları istifadə olunur. Bəzi texniki parametrləri fibrosementə yaxın olsa da yanmaya davamlılıqda daha aşağı göstəricisi vardır. Yəni, fibrosement yanmaz material olaraq A1 sinfinə aiddir. Betopanisə gec alışan material olaraq B1 sinfinə aid edilir. Eyni zamanda fibrosementin emalı da betopan ilə müqayisədə bir çox üstünlükləri var (məs: yonulma prosesində).

Onu da qeyd etmək lazımdır ki, fibrosement məhsullarının istehsalı üçün avtoklav bərkimə texnologiyasından istifadə olunur. İstehsal zamanı 6-8 saatlıq ilkin bərkimə mərhələsindən sonra xam məhsul avtoklavlara ötürülərək yüksək temperatur və təzyiqli buxarın təsiri altında tamamilə bərkiyir. Bundan sonra fibrosement məhsulu özünün unikal yekun xüsusiyyətləri olan möhkəmliyini və müxtəlif iqlim şəraitlərinə davamlılığını qazanır.

Bu fərqliliklərə baxmayaraq insanlar niyə fibrosementə betopan deyir? Bu yanaşmanı surət çıxarma avadanlıqlarına hərkəsin "Xerox" adlandırılmasını və ya hündür maşınlara “cip” demək kimi bənzətmənin olması ilə qeyd etmək olar. Fibrosement tikinti sektorunda yayıldıqca öz layiqli yerini tutacaq və öz adı ilə tanınacaqdır.

Synergy Group ASC “Davamlı Gələcəyə Doğru” şüarına sadiq qalaraq, sənaye sektorunu prioritet sahə hesab edir və tikinti materiallarının istehsalına iri həcmli investisiyalar yatırmaqdadır. İnvestisiya şirkəti geniş bazar araşdırması apararaq fibrosementin ən mütərəqqi tikinti materiallardan biri olduğunu müəyyən etmiş və həmin məhsulun istehsalını qurmaq məqsədilə “Azerbaijan Fibro Cement” MMC (AFC) törəmə şirkətini təsis etmişdir. Müasir texnologiyalara söykənərək, şirkət Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda bina fasadları və dam örtükləri, habelə daxili məkan üçün fibrosement lövhələrinin ilk istehsalçısı olacaqdır. “Azerbaijan Fibro Cement” zavodu Sumqayıt Kimya Sənaye Parkında yerləşəcək.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.