Şirkətlər > İşgüzar xidmətlər > İnvestisiya şirkətləri
 

Synergy Group

az | ru
 
 
 
 

Uğur birlikdədir!

Mükəmməl işlənib hazırlanmış inkişaf strategiyasının olmaması hətta ən perspektivli başlanğıcı belə məhv edə bilər. İri şirkətlərin idarəetmə sistemində strategiyanın yaradılması birinci dərəcəli məsələdir. Bu gün Azərbaycanda ən uğurlu investisiya qruplarından olan “Synergy Group”un strukturuna iqtisadiyyatın müxtəlif sahələrindən olan 28 şirkət daxildir.  Holdinqin fəaliyyətinin uğuru ilk növbədə düzgün idarəetmənin nəticəsi və böyük peşəkar heyətin əməyidir. Korporativ idarəetmə və holdinqin gələcək planları barədə “Synergy Group”un Müşahidə Şurasının sədrinin müavini Fəxriyar Cabbarov fikirləri ilə bölüşdü.

- Belə bir ümumi qəbul olunmuş fikir mövcuddur ki, şirkət rəhbərliyinin xarizmatikliyi və məqsədyönlülüyü biznes aləmində uğurun yarısı deməkdir. Siz bu fikirlə razısınızmı? 

- Sözsüz ki, bu fikrin əsası vardır. Xarizmatiklik və məqsədyönlülük istənilən başlanğıc üçün möhkəm bünövrə rolunu oynayır. Bununla belə, bütün bu vərdişlər nəzəri və praktik biliklərə əsaslanan peşəkarlıqla müşayiət olunmalıdır. Ümumilikdə biznesin uğuru qarşısında aydın məsələlər qoyulmuş və əlində dəqiq fəaliyyət planı olan bütün kollektivin nailiyyətidir.  

Effektiv şəkildə qarşılıqlı fəaliyyət göstərən peşəkarlardan ibarət işçi heyəti istənilən uğurlu biznesin əsas faktorunu təşkil edir. Rəhbərin xarizmatikliyi və peşəkarlığı isə məhsuldar fəaliyyəti və komandadaxili effektiv koordinasiyanı təmin etməyə qadirdir.

- “Synergy Group”un korporativ strategiyasının işlənib hazırlanması və onun tətbiq edilməsi prinsipləri haqqında ətraflı məlumat verərdiniz. Korporativ strategiyanın hazırlanması zamanı kollektivin maraqları nəzərə alınırmı?

- İlk növbədə qeyd etmək istərdim ki, biz fəal şəkildə Azərbaycanda və onun hüdudları xaricində çalışan yüksək ixtisaslı gənc mütəxəssisləri əməkdaşlığa cəlb edirik. Biz “Synergy Group”da mütərəqqi kadrların məhsuldar fəaliyyəti üçün maksimal dərəcədə əlverişli iş mühiti yarada bilmişik. Təbii ki, korporativ strategiyanın işlənib hazırlanması prosesinə baş və orta idarəetmə heyətinin bütün halqaları cəlb olunur ki, bu da onun uğurlu şəkildə tətbiq edilməsi üçün əsas amillərdən biridir.  

Real və effektiv inkişaf strategiyasını işləyib hazırlamaq üçün biz holdinqin vahid mənzərəsini formalaşdıran kompleks yanaşma tətbiq edirik. Korporativ strategiyanın yaradılmasından əvvəl biz boşluqların və zəif məqamların aşkar edilməsi, eləcə də onların aradan qaldırılması üçün müvafiq tövsiyələrin işlənib hazırlanması məqsədilə, mövcud fəaliyyətin kompleks analizini aparmışıq. Daha sadə desək, əvvəlcə diaqnozu müəyyən etmək və yalnız bundan sonra müvafiq müalicəni təyin etmək lazımdır. Qeyd edilən yanaşma bir neçə mərhələli addımdan ibarətdir. Rəhbərlik ilk növbədə səhmdarların şirkətin inkişafı ilə əlaqədar uzunmüddətli baxışlarını əks etdirən məqsəd və gözləntilərini müəyyən etməlidir. Bundan sonra şirkətin fəaliyyət sahələrinin müfəssəl analizi keçirilməlidir ki, bu cür analiz fəaliyyətin təsvirini, əsas maliyyə göstəricilərini, güclü və zəif cəhətləri, inkişaf imkanlarını, səhmdarlar üçün gəlirin artırılması məqsədilə portfelin optimizasiyası üzrə tövsiyələri əhatə etməlidir. Analizin az əhəmiyyət kəsb etməyən elementi təşkilati strukturun, korporativ idarəetmənin və səlahiyyət bölgüsünün yoxlanılmasıdır. Yekun olaraq, investisiya imkanları müəyyən olunur və investisiya strategiyası işlənib hazırlanır. Qeyd etmək istərdim ki, yuxarıda qeyd olunan diaqnoz mərhələləri paralel aparıla bilər, bu da səhmdarlara və rəhbərliyə biznesdə kifayət qədər bahalı olan vaxta qənaət etmək imkanı verəcək. Bildiyimiz kimi, vaxt qızıldır. İdarəetmə heyəti analizin nəticələrindən yararlanaraq yeni korporativ strategiyanın işlənib hazırlanmasına başlayır və onun effektiv şəkildə tətbiqi üçün taktiki plan müəyyən edir. Bundan başqa, potensial dayanmalar və kənara çıxma hallarına anında reaksiya verə bilmək üçün təsdiq edilmiş strategiyanın daimi monitorinq mexanizminin də hazırlanması çox vacibdir.      

- Bu gün “Synergy Group”un qarşısında duran əsas məqsədlər nədən ibarətdir? “Synergy Group”un yeni krorporativ idarəetmə strategiyasının tətbiq olunması Korporativ Sosial Məsuliyyət sahəsində fəaliyyətə necə təsir göstərəcək?

- Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, “Synergy Group”un dəstəyilə Şəmkir şəhərində Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri böyük əks-səda doğurdu. Öz növbəsində, “Synergy Group”un baş sponsorluğu ilə keçirilən “Parlaq Zəka” telelayihəsi Azərbaycanda istedadlı gənclərin üzə çıxarılması və biliklərinin möhkəmləndirilməsində onlara köməklik göstərilməsinə xidmət edir.  

- Məlumdur ki,  biznes idarəçiliyinin effektivliyinin artırılması və “Synergy Group” üçün investisiya imkanlarının üzə çıxarılması istiqamətində iş konsaltinq və audit bazarında dünyanın ən qabaqcıl iştirakçılarından olan “PriceWaterhouseCoopers” (PwC) şirkəti ilə əməkdaşlıqla nəticələnmişdir. Bu əməkdaşlıq nədən ibarətdir?

- Ümumiyyətlə, mövcud biznesin effektiv surətdə dəyərləndirilməsi üçün kənardan peşəkar baxış böyük əhəmiyyət kəsb edir. Başqa sözlə, təşkilatdaxili biznes proseslərinin obyektiv başa düşülməsi üçün bəzən onlara müstəqil ekspert prizmasından baxmaq tələb olunur. “PwC” şirkəti Azərbaycan bazarının tendensiyalarını yaxşı dərk edir. Buna görə də, bizim fikrimizcə həmin əməkdaşlıq kifayət qədər məhsuldar olacaq. Aktivlər portfelinin optimallaşdırılması və investisiya layihələrinin realizasiyası məqsədilə, bu əməkdaşlığa Avropa və MDB bazarında iri şirkətlərlə kifayət qədər iş təcrübəsi olan güclü beynəlxalq ekspertlər cəlb edilmişlər.  İnvestisiyalar və biznesin inkişafı strategiyası sahəsində Rusiyada, Azərbaycanda və digər MDB ölkələrində çalışmış mütəxəssislərdən ibarət seçilmiş “PwC” heyəti sözsüz ki, “Synergy Group”un düzgün investisiya siyasətinin formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Həmin iş bizim holdinqin baş və orta rəhbərliyinin fəal iştirakı ilə aparılır. Bu gün “Synergy Group” yüksək inkişaf potensialı olan strateji sənaye sahələrinə iri investisiyalar yatırır. Effektiv korporativ strategiyanın yaradılması və tətbiqi “Synergy Group”un Azərbaycanın investisiya bazarında və qeyri-neft sektorunda əsas iştirakçıya çevrilməsi prosesini sürətləndirməyə xidmət edir ki, bu da bizim əsas məqsədimizdir.

- Mümkünsə, holdinqin gələcək investisiya planları haqqında məlumat verərdiniz.

- “Synergy Group” tikinti, tikinti materiallarının və iriqabaritli metal konstruksiyaların istehsalı, otelçilik, informasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də poliqrafiya sahələrinə fəal şəkildə investisiya yatıran qabaqcıl investisiya holdinqlərindən biridir. Hal-hazırda biz uzunmüddətli perspektiv baxımından aktiv şəkildə diqqət yetirmək istədiyimiz iqtisadiyyatın əsas sahələrinin analizi və seçilməsi mərhələsindəyik. Həmçinin qeyd etməliyik ki, respublika rəhbərliyi sənaye sektorunun inkişafına xüsusi diqqət yetirir. Həmin tendensiyalar bizim holdinqdə də nəzərə alınır. Məsələn, bu il biz Gəncə-Qazax bölgəsində ictimaiyyətə bir sıra sənaye layihəsi təqdim etmişik. Bunların arasında əhəng emalı zavodunu inşa edən “Ecolime”, Şəmkir rayonunun Zəyəm qəsəbəsində iri qabaritli metal konstruksiyalar istehsal edən “Texnologiyalar Parkı”, Qaradağ ərazisində dam və fasad örtükləri istehsal edəcək fibrosement zavodunun tikintisini qeyd edə bilərik. “Synergy Group” həmçinin ölkədə “gobustone” brendi ilə qazobeton bloklar istehsal edən yeganə şirkətdir. 

Qeyd edim ki, 2015-ci ildə biz öz seqmentində unikal olan və hal-hazırda tikintisi davam edən “Azerbaijan Fibro Cement” zavodunu istismara vermək niyyətindəyik. Qeyd edilən yüksək səviyyədə ekoloji zavod qabaqcıl Avstriya texnologiyasından istifadə edərək sıfır faizli tullantı miqdarına malik olacaq. Fibrosement lövhə insan sağlamlığı və ətraf mühit üçün  təhlükəsiz tikinti materialı olmaqla, Azərbaycanın tikinti bazarına yeni nəfəs gətirəcək.  

- Hazırkı mərhələdə siz biznes üçün cəlbecidicilik nöqteyi-nəzərindən holdinqin aktivlərinin qiymətləndirilməsi və təsnifatında xüsusi metodologiyadan istifadə edirsiniz. Mümkünsə deyin, həmin metodikanın üstünlükləri nədən ibarətdir?  

- Tətbiq olunan dəyərləndirmə metodologiyasına əsasən “Synergy Group”un aktivləri Qrupun uzunmüddətli inkişaf strategiyası, sənaye sahələri üzrə yüksək və az cəlbedicilik, eləcə də rəqabət qabiliyyəti baxımından ayrı-ayrı seqmentlərə ayrılacaqlar. Bunun əsasında biz bu və ya digər aktivin inkişafına investisiya qoyulmasından tutmuş satışına qədər  sonrakı addımları müəyyən edəcəyik. Qeyd edilən siyasət holdinqin işini maksimal səviyyədə optimallaşdırmağa və yüksək və keyfiyyətli gəlir əldə etməyə imkan verəcək. Bununla da, bizim üçün fəaliyyətdə olan şirkətlərin sayı deyil, onların fəaliyyət effektivliyi, biznes potensialı və bizim strateji məqsəd və məsələlərə uyğun olması prioritet təşkil edir.

- Son olaraq, sizə belə bir sual vermək istərdim: sizin fikrinizcə, yaxşı rəhbərin şəxsiyyətinin formalaşması üçün vacib olan aspektlər hansılardır?

- Peşəkarlıq, məqsədyönlülük, inadkarlıq və s. bu kimi keyfiyyətləri sadalasam, yəqin ki, "Amerika kəşf etmiş" olmaram. Ümumiyyətlə, hər bir rəhbərin özünün peşəkar inkişaf yolu vardır. Öz tərəfimdən bunu deyə bilərəm ki, əldə olunmuş müvəffəqiyyətin səviyyəsindən asılı olmayaraq zamanla ayaqlaşa bilmək və müasir biznesin intensiv surətdə artan tələblərinə inamla cavab verə bilmək üçün daima öz üzərində işləmək lazımdır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.