Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaHolding” və AtaBank”ın yubileyləri təntənəli şəkildə qeyd edildi

30 noyabr 2013-cü il tarixində Heydər Əliyev Mərkəzində “AtaHolding” ASC-nin 10 illik və “AtaBank” ASC-nin 20 illlik yubileyinə həsr olunmuş  təntənəli gecə keçirildi. Tədbir yüksək səviyyəli təşkilatçılığı ilə və bir sıra yeniliklərlə yadda qaldı.

AtaHolding ASC-nin Müşahidə Şurasının sədri Ahmet Erentok qonaqları salamlayaraq bildirdi ki, 10 il əvvəl AtaHoldingin yaradıldığı ildə  “AtaBank”ın 10-cu yubileyi qeyd edilmişdi: “AtaBank öz 10 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankının iştirakı və dəstəyi ilə Azərbaycanda I Beynəlxalq Bankçılıq Konfransını təşkil etmişdi. Həmin vaxtdan ötən 10 il ərzində Azərbaycanda iqtisadiyyat, sosial, mədəniyyət, idman və digər sahələrdə çox böyük işlər görülüb və dünyada iftixarla təqdim oluna biləcək böyük nailiyyətlər və uğurlar əldə edilib. Bu uğurlar bizi - azərbaycanlı iş adamlarını və şirkətlərini qürurlandırır, bununla  yanaşı, daha həvəslə çalışmağımıza ürəkləndirir və imkan yaradır”.

“AtaHolding” hər bir layihəsini milli maraqlar çərçivəsində həyata keçirir

Ahmet Erentok bildirib ki, AtaHolding Şirkətlər Qrupu ötən 10 il ərzində vizyonuna, missiyasına və dəyərlərinə əsaslanaraq gördüyü işlərlə fərqlilik yaratmağa və Azərbaycanın rifahına və inkişafına öz töhfəsini verməyə çalışıb: “Biz öz iqtisadi maraqlarımızı dövlətimizin və ölkəmizin iqtisadi maraqları çərçivəsində tutmuş, ona uyğunlaşdıraraq təmin etmişik. Eyni zamanda, üzərimizə düşən məsuliyyəti dərk edərək sosial və ictimai maraqların təmini üçün də zəruri fəaliyyətləri həyata keçirmişik. Bununla da biz “Sinerji, Azərbaycan üçün...” şüarımızı reallaşdırmışıq”.

Holdinqin Müşahidə Şurasının sədri qeyd edib ki, son 10 il ərzində Mərkəzi Bankın apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda bank sektorunun sürətli inkişafı təmin edilib, bu sahədə böyük nailiyyətlər əldə edilib: “AtaBank” da bu inkişafdan bəhrələnib, 20 ildir “Bir addım öndə” şüarını əsas tutaraq, yeni texnologiya və üsulları tətbiq edərək müştərilərinə xidmət göstərir və bundan sonra da eyni istiqamətdə çalışmağa davam edəcəkdir”.

VİSA “AtaBank”ı təltif etdi

Tədbirdə “VİSA” şirkəti Azərbaycanda nağdsız hesablaşmaların inkişafına verdiyi töhfələrə görə, “AtaBank” ASC-ni xüsusi sertifikatla təltif etdi. Yubiley tədbirində “VİSA” şirkətinin nümayəndəsi İrina Kamxadze sertifkatı “AtaBank” ASC-nin İdarə Heyətinin sədri İltifat Ağayevə təqdim etdi.

Bundan başqa, tədbirdə qeyd edildi ki, “AtaBank”-ın nailiyyətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Buna misal olaraq, “GlobalBanking and Finance Review” analitik jurnalı 2013-cü ilin nəticələrinə görə “AtaBank”ı “Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatı ilə təltif eməsini  qeyd etmək olar.

Daha sonra yubiley gecəsi rəngarəng şou və gözəl musiqi ilə davam etdi. İlk olaraq səhnəyə Azərbaycan Respublikasının xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının kamera orkestri çıxdı. Onlar dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Milli marş” adlanan əsərini ilk dəfə ifa etdilər. Bundan başqa, ilk dəfə olaraq, Üzeyir Hacıbəylinin məşhur “Sevgili canan” əsəri balabanda ifa edildi.

Azərbaycanda reklam sahəsində yenilik

Daha bir ilk addım reklam səhəsində oldu. Gecədə “AtaBank”ın yeni imici olan reklam çarxı nümayiş etdirildi. Əsas fərqlilik ondan ibarət idi  ki, bu çarx  Azərbaycanda ilk dəfə olaraq “Kölgələr teatrı”-nın iştirakı ilə çəkilmişdi.

“AtaBank”ın bu layihədə əməkdaşlıq etdiyi Almaniyanın “DieMobiles” teatrı 2012-ci ildə Fransada keçirilən “Inscrutable Talent“ müsabiqəsinin qalibidir və Almaniya telekanallarının müxtəlif şoularının daimi iştirakçısıdır.

 “AtaBank” “DieMobiles” ilə əməkdaşlığını sadəcə reklam çarxının çəkilməsi ilə məhdudlaşmamış və onlar birlikdə Bakıya aid xüsusi şou hazırlamışdılar. Üzeyir Hacıbəylinin məşhur “Arazbarı” və “Aşıqsayağı” əsərlərinin sədaları altında canlı nümayiş etdirilən Bakıya aid xüsusi şou qonaqları kölgələrin sehrli və sirli dünyasına apardı. Yubiley gecəsində respublikamızın əməkdar artisti Sevda Ələkbərzadənin ifasında gözəl musiqi əsərləri də səsləndi.

Məşhur rəssamdan möhtəşəm portret

Yubiley gecəsində Azərbaycanda ilk dəfə məşhur Amerikalı virtuoz rəssam Den Dann çıxış etdi. Onun çıxışının əsas özəlliyi ondan ibarətdir ki, o rəsm əsərini qısa müddət ərzində, 5-6 dəqiqəyə çəkir, bu zaman ancaq tikinti boyalarından istifadə edir və ən əsası, son ana qədər onun kimin portretini çəkdiyi məlum olmur. Tədbirdə Den Dan canlı müsiqi sədaları altında böyük Azərbaycan ifaçısı Rəşid Behbudovun portretini canlandırdı.

Əfsanə qayıdır!

Tədbirin sonuna yaxın məlum oldu ki, yubiley tədbirinin Üzeyir Hacıbəylinin ölməz əsərlərinin sədaları altında keçirilməsi  təsadüfü deyil. Holdinq dahi Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş və ağ-qara formatda olan “Arşın mal alan” filminin bərpası və rənglənməsini həyata keçirməyi qərara alıb. Film “Hollywood”da bərpa edildi və rəngləndi.

Layihə 9 ay ərzində həyata keçirildi. Layihənin üzərində Asiya, Avropa və Amerika qitələrindən olmaqla 157 nəfər çalışdı. Onların arasında 2002-ci ildə Oskar mükafatına layiq görülmüş, vizual effektlər və rənglərin korreksiyası üzrə dünyanın ən aparıcı mütəxəssislərindən biri Prays Pitçel, filmlərin rənglənməsi prosesinin dizaynı üzrə ən peşəkar mütəxəssislərdən sayılan Ceyn Hiks də var idi.

Təbii ki, Azərbaycanın yerli mütəxəssisləri də bu layihəyə cəlb edilmişdilər. Məhz onların köməyi ilə filmdə istifadə edilmiş məkanların, əşyaların və rekvizitlərin dəqiq rəng çalarları müəyyən edilərək qarşı tərəf bildirilmişdi. Tam əminliklə deyə bilərik ki,  tamaşa edəcəyiniz bərpa edilmiş və rənglənmiş filmdə hər bir rəng seçiminin arxasında konret sənəd və sübutlar vardır.

AtaHolding hələ 2006-cı ildə Arşın Mal Alan operettasının alman dilinə tərcümə edilməsi və Vyana Opera Teatrının səhnəsində ifa edilməsi layihəsini reallaşdırılmışdı. Hazırkı layihə də həmin görülmüş işin məntiqi ardıcıllığı idi.

“Arşın mal alan” filmi Azərbaycan kino sənətində və ümumiyyətlə Azərbaycan xalqının mədəni yaddaşında çox mühüm yer tutur. Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi dahi sənətkarların rol aldığı filmə heç şübhəsiz ki, ölməz sənətkarımız Rəşid Behbudov da öz möhrünü vurmuşdur.

2013-cü ildə həm də “Arşın mal alan” operettasının 100 ili tamam oldu. Hesab edirik ki, eyniadlı filmin bərpası və rənglənməsi tarixi hadisədir və Azərbaycan mədəniyyətinə, gələcək nəsillərə böyük hədiyyədir.

Qeyd edək ki, premyerası 10 dekabr 2013-cü il tarixində Heydər Əliyev Mərkəzində keçirilməyi nəzərdə tutulan yeni bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin bir sıra fraqmentləri tədbir zamanı qonaqlara nümayiş etdirildi və bu fraqmentlər qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı. Əfsanə qayıtdı!!!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.