“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHoldinq” Şirkətlər Qrupunun əməkdaşları arasında “15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş futbol turnirinə start verildi. İyun ayının 01-15-i tarixlərində Bakı Tennis Akademiyasında keçiriləcək futbol turnirində “AtaHoldinq” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət 12 komanda 4 qrupda iştirak edəcəkdir.
Tədbiri giriş sözü ilə açan “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Müseyib Əliyev bildirdi ki, 2012-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İdman ili” elan edilməsi ilə bağlı olaraq “AtaBank” ASC tərəfindən “AtaHoldinq” Şirkətlər Qrupunun əməkdaşları arasında “15 iyun Qurtuluş Günü”nə həsr olunmuş idman turniri keçirilir. “AtaHoldinq” Şirkətlər Qrupunun əməkdaşları mütəmadi olaraq müxtəlif idman yarışlarında və futbol turnirlərində iştirak edirlər. Keçiriləcək futbol turnirində I, II və III yerlər üzrə mükafatlar 15 iyun 2012-ci il tarixində təntənəli şəkildə qaliblərə təqdim ediləcəkdir.
Eyni zamanda, M. Əliyev onu da əlavə etdi ki, Bank tərəfindən gələcəkdə daha böyük formatda idmanın müxtəlif növləri üzrə də yarışların təşkil edilməsi nəzərdə tutulur. Turnirin keçirilməsi əməkdaşlar arasında kollektiv ruhunun daha da yüksəldilməsinə, həmçinin, futbola olan marağının artmasına və bu növ turnirlərdə fəal iştirakına güclü təkan verəcəkdir.
Qeyd edək ki, “AtaBank” ASC ölkənin bank sistemində əsas aparıcı banklardan biri sayılır. Hazırda, Bankın Bakı şəhərində və respublikanın müxtəlif regionlarında 24 filial və şöbəsi fəaliyyət göstərərir. Cari ilin birinci rübünün yekunlarına əsasən Bankın xalis aktivləri 227.1 mln. manat, kredit portfeli 154.5 mln. manat, müddətli depozit portfeli 163.4 mln. manat, məcmu kapitalı isə 30.4 mln. manat olmuşdur. Bank tərəfindən müxtəlif ictimai-iaşə, xidmət və ticarət obyektlərində quraşdırılmış POS terminal sayı 8000 ədəd, bankomatların sayı isə 70 ədəd təşkil edir.
|