az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

Azercell: Liderlik- inkişaf deməkdir

08.12.2015

- Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" bu ay özünün 19-cu uğurlu fəaliyyətinin ildönümünü qeyd edir. Bəs, ölkənin ilk GSM operatoru 2015-ci ilin son rübünü arxada qoyaraq 2016-cı ilə hansı nailiyyətlərlə qədəm qoyur?

- Azercell şirkəti yarandığı gündən daim müştərilərinə ən yüksək xidməti təqdim etməyə və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağa çalışmışdır. Tam əminliklə bəyan etmək olar ki, bütün bu illər ərzində texnoloji innovasiyalar sahəsində dəfələrlə nümunəvi şirkət olmuşuq. İlk yüksək keyfiyyətli GSM şəbəkəsini, abunəçilər üçün çox rahat olan əvvəlcədən ödəmə üsulunu (SimSim), 24/7 prinsipi ilə çalışan Müştəri Xidmətləri sistemini, EDGE, GPRS, bir nöqtədə üç xidmət konsepsiyası ilə işləyən Azercell Ekspres ofislərini, M2M, Mobil Bankçılıq, 4G texnologiyasını, Sosial Şəbəkə üzərində və onlayn müştəri xidmətlərini ölkəyə məhz Azercell gətirib. Fəaliyyətimizlə həm ölkənin iqtisadiyyatına öz müsbət təsirimizi göstərmək, həm də ölkəni istər informasiya texnologiyaları, istərsə də digər sahələrdə beynəlxalq aləmdə təmsil etmək hər zaman bizim prioritetlərimiz sırasında olmuşdur. Azercell yalnız son bir ildə Azərbaycanın telekommunikasiya sektoruna 50 mln. AZN-dən artıq sərmayə yatırmışdır. Bu rəqəm  şirkətimizin fəaliyyətdə olduğu müddət ərzində təxminən 1,7 milyard AZN təşkil edir. Azercell qeyri-neft sektorunda ölkənin ən iri vergi ödəyicisi olaraq qalır. 2014-cü ildə şirkətimiz Dövlət Büdcəsinə 112 mln AZN, 18 il ərzində isə 1.11 milyard AZN vergi ödəmişdir. Göstərdiyimiz  yüksək keyfiyyətli xidmətinin nəticəsi kimi  biz Azərbaycanın mobilə rabitə bazarının lideri olmaqda davam edirik və 4,5 mln-dan artıq abunəçi ilə hazırki bazar payımız 48% təşkil edir.

- Mobil internet xidməti üzrə istifadəçilərinizin sayında necə, bu artım nəzərə çarpırmı? MND xidməti abonentlərinizin sayına hansı təsirləri göstərdi?

- Son 1 il ərzində Mobil Nömrə Daşınmasında da müsbət tendensiya müşahidə olunub və nömrələrini Azercell-ə daşıyan abunəçilərin sayı Azercell-dən digər operatorlara daşınanlardan daha çox olub. Azercell bügün Bakı və regionlarda özünün 200-dən artıq xidmət mərkəzi vasitəsilə Azercell şəbəkəsinə qoşulmaq imkanı yaradır. Abunəçilərimizə böyük qayğı ilə yanaşmağa çalışaraq, bu il ölkədə daha bir ilkə imza atdıq- Mobil Müştəri xidmətlərini istifadəyə verdik.Yay aylarında bu səyyar xidmət ölkənin ən ucqar ərazilərinə səfər edərək müştərilərə rahat və yerində  xidmət göstərdi. Öz növbəsində, 2015-cü ilin əvvəlindən Azercell-in mobil internet xidmətindən istifadədə 39% artım qeydə alınıb. Azercell-in keyfiyyətli və sürətli mobil internet xidməti çərçivəsində internet paketlərində 55% endirimin tətbiq olunması müxtəlif abunəçi qrupları üçün əlverişli şəkildə mobil internetdən istifadəni təmin etdi.  Fəxrlə qeyd edə bilərik ki, hal-hazırda şirkətin hər ikinci abunəçisi fəal mobil internet istifadəçisidir.

Sosial şəbəkələrdə də liderliyimizi qoruyub-saxlayaraq dəfələrlə beynəlxalq "Socialbakers" agentliyinin "Sosial şəbəkələrdə ən yaxşı müştəri xidmətlərinə görə" sertifikatlarına layiq görülmüşük. Hazırda Facebook üzrə Azercell-in ümumi istifadəçilərinin sayı 376 min nəfəri ötüb keçib, Twitter üzrə də göstəricilərimiz çox yüksək olmaqla 82 min nəfərə çatır. Əldə etdiyimiz nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir və bizim üçün sevindirici haldır ki, bu il Azercell “İlin telekommunikasiya şirkəti” nominasiyasında "Stevie" Beynəlxalq Biznes Mükafatına layiq görüldü.

- Məlumdur ki, bir neçə ay öncə “Azercell Telekom”un səhmdarlarının strukturunda dəyişiklik baş verdi. Şirkətin əsas səhmdarı olan TeliaSonera şirkətlər qrupu “Azercell”in də daxil olduğu biznes regionunu tərk etməsi barədə elan yayımladı. Həmin dəyişikliklərdən sonra şirkətin idarəetmə qaydalarında və strateji fəaliyyət planında yeniliklər  gözlənilirmi?

- "TeliaSonera" Avropanın telekommunikasiya nəhəngi olaraq, Şimali Avropa, Baltikyanı ölkələr və Avrasiya regionunda fəaliyyət göstərən şirkətləri əhatə edir. Avrasiya regionuna konkret olaraq Azərbaycan, Gürcüstan, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və Nepaldakı mobil rabitə şirkətləri aiddir. Öz biznes fokusunu daha çox Avropada fəaliyyət göstərən şirkətlərə yönəltmək üçün "TeliaSonera"nın İdarə Heyəti Avrasiya regionu üzrə işgüzar fəaliyyəti dayandırmaq qərarına gəldi. Əsas səhmdarın getməsi Azercell-in fəaliyyətinə mənfi təsir göstərməyəcək. Azərbaycanın mobil telekommunikasiya bazarının lideri "Azercell Telekom" öz fəaliyyətini eyni şəkildə, hətta daha da yüksək səviyyədə davam etdirəcək. Bizim məqsədimiz hər zaman olduğu kimi müştərilərimizə  keyfiyyətli mobil rabitə xidməti göstərməkdir və bu missiyamıza  daim sadiq qalacağıq. Bu yaxınlarda müştərilərimizi bir sıra yeniliklərlə sevindirəcəyik. Yeri gəlmişkən, bizim son zamanlar artan korporativ müştərilərimiz üçün də yeni və maraqlı təkliflərimiz var. Azercell-in  korporativ müştərisi olan şirkətlərə onlara qarşı olan fərdi yanaşmanın, keyfiyyətli və VİP xidmətlərin fərqini daim hiss edirlər. 

"Azercell Telekom"un  əsas məqsədi müştərilərimiz üçün kəsintisiz, yüksək səviyyəli rabitə xidməti göstərməkdir. Hər zaman olduğu kimi, biz yenə də abunəçilərimizi yeni sərfəli tarif, xidmət və kampaniyalarla sevindirməkdə davam edəcəyik. Mobil rabitə bazarının lideri mövqeyini qoruyub saxlamamız da müştərilərimizin bizə olan loyallığının göstəricisidir.

- Şirkətiniz dəstəklədiyi sosial layihələr sayəsində Azərbaycanın biznes dairəsində xüsusi hörmətə sahibdir. Bu qəbildən 2015-ci ildə Sizin üçün mühüm əhəmiyyət daşıyan hansı kampaniyaları qeyd etmək istərdiniz?

- Tamamilə doğrudur, Azercell Telekom hər zaman korporativ sosial məsuliyyət sahəsində nümunəvi olmuşdur. Xatırlayırsınızsa, bizim bu sahədə məşhur bir şüarımız da vardı: “Fəaliyyətimizlə yalnız özümüzün deyil, içərisində çalışdığımız cəmiyyətin də müsbət inkişafına təsir etmək”. İllər boyu şirkətimiz sağlamlıq, təhsil, idman, mədəniyyət, ətraf mühitin qorunması sahəsində rəngarəng layihələr həyata keçirib. Hazırda 2009-cu ildə etibarən fəaliyyət göstərən Mobil Diş  və 2011-ci ildən çalışan Mobil Göz Klinikalarımız Azərbaycanı qarış-qarış gəzərək uşaq evləri və ahıllar üçün pansionatlar, qaçqın düşərgələri, aztəminatlı ailələr üçün pulsuz diş və göz müayinəsi aparır. 2010-cu ildən etibarən dəstək olduğumuz Uşaq Qaynar Xətt xidməti müxtəlif problemlər, psixoloji sarsıntı və zorakılığa məruz qalan uşaq və yeniyetmələrə öz yardımını göstərir. 2014-cü ildən başlayaraq Azercell-in Azərbaycan Uşaq Paralimpiya Komitəsi ilə əməkdaşlığı bu sahədə atılan yeni əhəmiyyətli addım oldu. Bundan əlavə, Azercell ölkənin ən nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq apararaq texnoloji innovasiyalar sahəsində onlara mühüm dəstək göstərir. Ölkəmizdə sosial rifahın yüksəlməsinə yönəlmiş layihələrimizi davam etdirməklə yanaşı, bizim yeni Sosial Məsuliyyət strategiyamız Azərbaycanda texnoloji inkişafa, bu sahədə gənc sahibkarlığın artmasına, təhsildə mobil texnologiyaların,innovativ xidmətlərin istifadəsinə təkan verən yeni ideyaların  həyata keçirməsinə yönəlib.  Bu baxımdan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin gördüyü işlərin əhəmiyyətini xeyli artır.

- Yeri gəlmişkən,  Azercell-in təqdirəlayiq layihələrindən biri olan "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti ilə bağlı da maraqlanmaq istərdik. Azercell-in ideya inkubatoru olan "Barama" hansı yenilikləri həyata keçirir?

- Bəli, Azercell olaraq biz innovasiya və sahibkarlığa dəstək mövzusunda səylərimizi davam etdiririk. Burada əsas məqsədimiz həm cəmiyyət qarşısında sosial məsuliyyətimizi göstərmək və eyni zamanda, biznesimiz üçün rəqəmsal ekosistemin yaradılması planını həyata keçirməkdir. "Barama"da uğurlu texnoloji layihələrin reallaşması üçün hərtərəfli dəstək verilir. Burada gənc istedadlar öz uğurlu biznesini qurmaq və sahibkara çevrilmək üçün Azercell-in təcrübəsindən və yardımından faydalanırlar.

Bu yaxınlarda isə bizim "Barama" təşəbbüsümüz ilk investoru da özünə cəlb etdi-Azərbaycanda sahibkarlığın inkişafı uğrunda səylərimiz bir araya gətirərkən nüfuzlu banklarından biri olan PAŞA Bank ilə əməkdaşlıq etməyə başladıq və artıq onlar da "Barama" təşəbbüsünü yaxından dəstəkləyirlər. "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzində yaradılan və həyata keçən layihələr artıq beynəlxalq əks-səda yaratmış oldu. Belə ki, bu yaxınlarda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ITU Telecom World 2015 sərgi-konfransında "Barama" mərkəzinin M2M texnologiyası əsasında yaradılan xidmətləri nümayiş etdirilib. Sərgidə təqdim edilən "Sumaks" layihəsi evdə təhlükəsizlik sistemi vasitəsilə gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verir. Məsələn, istifadəçi evdə olmadığı zaman qaz, su sızması, qısaqapanma, elektrik cihazların söndürülməsi və yaxud işə salınması və s. proseslərin baş verdiyi halda sistem tərəfindən avtomatik olaraq mobil telefonuna gələn SMS-ləməlumatlandırılmış olur. Barama Mərkəzi ölkəmizdə yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır.

- Bəs, ölkənin lider mobil operatoru yaxın gələcək üçün özünə hansı hədəfləri seçib?

- Azercell özünün əməkdaşları, müştəriləri, tərəfdaşları ilə birgə hər zaman olaraq vahid bir tam şəklində çalışmışdır və məhz bu xüsusiyyətimiz bizi bazardaki rəqabətdə güclü edir və edəcək. İqtisadi vəziyyətdən, bazar şəraitindən və digər məsələlərdən asılı olmayaraq bizim sektorda lider rolumuz var və bu rolun xüsusiyyəti olaraq biz ən keyfiyyətli,  innovativ və güclü xidməti göstərməkdə davam edəcəyik. Rabitə sektorunun ən son meyllərini nəzərə alaraq biz də, müştərilərimiz üçün qiymət- keyfiyyət baxımından ən əlverişli və rahat xidmətlərin təqdim olunması üçün çalışacağıq.

Bir daha, bütün müştərilərimizə Azercell adlı böyük bir ailənin  dəyərli hissəsi olmalarına görə təşəkkür edirəm və hamını Azercell-in təqdim etdiyi müştəri təcrübəsini hiss etməyə dəvət edirəm.

 

 
Açar sözlər: Azercell Telekom Vahid Mürsəliyev mobil rabitə sektoru
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.