Biznes və dövlət: kadr məsələsinin həlli axtarışları |
27.06.2013 | Ləman Namazova |
Bir çox azərbaycanlı ekspertlərin müxtəlif inkişaf məsələlərinə dair fikirlərini belə tamamlayırlar: «dövlət filan-filan məsələləri etməyə borcludur». Bazarda lider olmaq istəyən şirkətlərin rəhbərləri isə bəzi sosial-iqtisadi problemlərə tədricən başqa cür baxmağa başlayırlar. Onlar artıq ali məktəblərdən təzə qurtarmış mütəxəssisləri gözləməyərək, özləri öz şirkətlərində təhsil mühiti yaradırlar.
Bu barədə, artıq uzun illər boyu müxtəlif tədris proqramları çərçivəsində həm dövlət, həm də özəl təşkilatlarla işləmiş Junior Achievement Azerbaijan təşkilatının icraçı direktoru Rəşad Xanlarovun fikirlərini öyrəndik.
Hakimiyyətlə biznes arasında hansı qarşılıqlı fəaliyyət formalarını dövlət-özəl tərəfdaşlığına aid etmək olar? İqtisadiyyatın inkişafının hansı sahələrində bu əməkdaşlıq formasına daha çox tələbat var?
Dövlət və biznes arasında əməkdaşlıq o şərtlə yaranır ki, hər iki tərəf öz səylərini və resurslarını müəyyən sosial məsələlərin həlli üçün birləşdirirlər. Bu zaman dövlət əhalinin müəyyən qruplarının sosial ehtiyaclarının həllini, özəl sektor isə korporativ sosial məsuliyyət siyasətini rəhbər tutur. Bu yanaşma və tərəfdaşlıq növü inkişaf etmiş ölkələrdə formalaşıb və hazırda bütün dünyada iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunur.
İcraedici təşkilat və dövlət-özəl tərəfdaşlığının əlaqələndiricisi qismində adətən, öz missiyasına görə tərəfdaşlıq məsələlərinə uyğun gələn müstəqil təşkilat çıxış edir. Bir çox qeyri-hökumət təşkilatları, o cümlədən Junior Achievement Worldwide, hər il statistik məlumatları toplayır və onların əsasında tədqiqatlar aparırlar. Nəticələr göstərir ki, əksər hallarda dövlət və biznes təhsilin inkişafı məqsədilə birləşirlər.
Azərbaycan qanunvericiliyində özəl sektorun sosial layihələrdə iştirakına kömək edən mexanizm nəzərdə tutulubmu?
Dünyanın müxtəlif ölkələrində biznesin dövlət-özəl tərəfdaşlığında iştirakı şərti ilə vergi yükünün azaldılmasına istiqamətlənmiş fiskal tədbirlərdən istifadə olunur. Beləliklə, biznes strukturlarının sosial məsələlərin həllində iştirakı səmərəli şəkildə stimullaşdırılır. Düşünürəm ki, gələcəkdə bu təcrübəni Azərbaycanda da tətbiq etmək olardı. Hazırda biz qarşılıqlı anlaşma haqqında könüllü memorandum əsasında biznes strukturları ilə dövlət strukturlarının birləşməsinə əsaslanırıq.
Həmin sənəddə layihənin məqsəd və vəzifələri, habelə layihənin icrasına tərəflərin ayıracaqları resurslar və göstərəcəkləri dəstək dəqiq ifadə olunub.
Bir çox şirkətlər üçün ciddi problemlərdən biri – kadr axtarışı və seçimidir. Biznesdə hansı həllər artıq bu gün tətbiqini tapır?
Özəl sektordakı tərəfdaşlarımızın əksəriyyəti bizimlə birlikdə konkret fəaliyyət sahəsində kadrların işə hazırlanmasına istiqamətlənmiş, spesifik təlim proqramları işləyib hazırlayırlar. Beləliklə, bu proqramlar şirkətin və fəaliyyət sahəsinin xüsusiyyətləri nəzərə alınaraq, Azərbaycanda meydana çıxır.
Şirkətimizin 1999-cu ildə yaranmasından indiyə qədər 60 000-dən artıq gənc iqtisadiyyat və sahibkarlığın əsasları, maliyyə savadlılığı və karyera planlaşdırılmasına dair təlimlərimizdə iştirak edib. Məqsədimiz şirkətlər üçün işçi heyətin seçilməsi deyil, gənclərə mövcud şəraitə uyğun təhsil almaq imkanlarının yaradılmasıdır. Statistika göstərir ki, təlim iştirakçıları kifayət qədər asanlıqla iş düzəlirlər, çünki, uğurlu karyera qurmaq üçün bütün zəruri vərdişlərə və biliklərə yiyələnirlər.
Son 10 il ərzində Azərbaycan şirkətlərinin kadrların axtarışı və cəlb olunması sahəsində fəaliyyəti necə dəyişib?
Hazırda getdikcə daha çox şirkətlər öz HR şöbələri qarşısında gələcəkdə şirkətin işçi heyəti sıralarına daxil ola biləcək istedadlı gəncləri tapmaq məsələsini qoyurlar. Bu zaman müxtəlif təhsil ocaqları ilə əməkdaşlıq da qurulur. Bu bizi sevindirir. Çünki, tədricən şirkətlərə yalnız təcrübəli işçilərin lazım olması barədə fikir aradan qalxır. Yadımdadır, 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində işəgötürənlərin tələbatları və işaxtaranların təklifləri iki, kəsişməyən düz xətti xatırladırdı.
Hazırda vəziyyət dəyişib, getdikcə daha çox şirkətlər öz tələblərinə cavab verən kadrları özləri «yetişdirməyə» üstünlük verirlər. Düşünürəm ki, bu siyasət daha geniş tətbiq olunmalıdır. Təhsil proqramları ilk növbədə tələbələrin istedadını düzgün üzə çıxarmalı, onlar üçün mövcud şəraitin tələblərinə, həmçinin, elə bu səviyyədə də iştirakçıların aşkar edilmiş istedadları və gözləntilərinə əsaslanmış təhsil imkanları yaratmalıdır.
İşçilərin hansı vərdişləri daha yüksək qiymətləndirilir?
Potensial əməkdaşlara biznes etikasının öyrədilməsi son dərəcə vacibdir. Təəssüf ki, tələbələrin hazırlığının bu aspektinə təhsil müəssisələrində lazımi diqqət yetirilmir. Lakin bu, eyni zamanda təcrübəsiz gənclərin əsas problemidir.
Kadr problemi bir sahibkar kimi sizin işinizə təsir edirmi? Bu məsələnin həlli strategiyasını nədə görürsünüz?
Bir sahibkar kimi, mənim üçün ən böyük çətinlik təkcə mənim şirkətimin deyil, həmçinin bazarın tələblərinə uyğun kadr potensialının tapılmasıdır. Təəssüf ki, bugünkü təhsil sistemi biznesin tələblərini nəzərə almır. Gənclər ali məktəbləri karyera quruculuğuna hazırlanmamış şəkildə bitirirlər. Bu problem təkcə Azərbaycana deyil, bir çox inkişaf etmiş ölkələrə də xasdır. Axı, bir çox uğurlu işəgötürənlər əbəs yerə bunu demirlər: «Kollecdə nə öyrənmisinizsə, işdə bunların hamısını yaddan çıxarın».
Düşünürəm ki, belə olmamalıdır. Uğurlu ölkələrin təcrübəsi göstərir ki, problemin həlli bilavasitə təhsil sistemi və özəl sektor arasında effektiv dialoqdan asılıdır. Çox ümidvaram ki, Azərbaycanda bu dialoq uzunmüddətli perspektivdə qurulacaq. Çünki bunun üçün ilkin şərait artıq yaranıb.
|