az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

Mətbuat konfransı: jurnalistləri necə tovlamalı

28.01.2013 | İnna QRİŞUK

Hər bir şirkət gec və ya tez özü barədə jurnalistlərə özü barədə vacib bir şeyi bildirmək zərurəti ilə üzləşir. Hadisənin mətbuatda geniş rezonans doğurması üçün ən yaxşı üsul mətbuat konfransı keçirməkdir. Marketinq və PR-ın bu vacib alətini təkcə biznesmenlər deyil, həmçinin siyasətçilər və şou-biznes ulduzları da istifadə edirlər. Onun köməyi ilə yeni brendlər irəli çəkilir, diqqət ayrılıqda götürülmüş sahələrə yönəldilir, şirkətin həyat fəaliyyəti barədə birinci şəxslər danışır.

Səbəb seçimi

İstənilən mətbuat konfransının keçirilməsinin məqsədi hansısa bir xəbərin ictimaiyyətə açıqlanması olmalıdır. Daha doğrusu, bunun üçün bir informativ səbəb olmalıdır. Burada ən vacib məsələ xəbərlə reklamı çaşdırmamaqdır. Axı, sizin şirkət üçün xəbər sayılan bir məsələ, KİV enöqteyi nəzərindən sırf reklam materialı kimi görünə bilər. Yadda saxlamaq lazımdır ki, xəbərin ictimai əhəmiyyəti olmalıdır.

Məsələn, şirkət 10 illik yubileyini qeyd edir. Əgər siz bunu - şübhəsiz ki, sizin üçün əhəmiyyətli bir hadisəni, mətbuat konfransının keçirilməsi üçün informativ səbəb kimi göstərsəniz, bu halda çox güman ki, jurnalistlər həmin tədbirə gəlməyəcəklər. Amma, siz bazarı və ya istehlakçıların həyatını dəyişə biləcək yeni bir məhsul haqqında məlumat vermək, bazarda vəziyyəti təhlil etmək istəsəniz (təbii ki, özünüzə sərfəli şəkildə), görülmüş işlərin yekunu və gələn il üçün planlar barədə danışmaq istəsəniz, bu halda sizin tədbirinizə maraq xeyli artar.

Tədbirin yeri və vaxtı

Mətbuat konfransını keçirmək üçün ən yaxşı vaxt çərşənbə axşamından cümə axşamına qədər olan günlər ərzində, saat 11.00-dən 15.00-ə qədər olan vaxtdır. Lakin siz xəbərin hansısa konkret bir mətbuat orqanında çap olunmasına və ya rolikin hansısa konkret televiziya kanalında yayımlanmasına ümid edirsinizsə, o halda tədbiri elə keçirmək lazımdır ki, jurnalistlər yazını qəzetin yeni nömrəsi üçün və yaxud video-roliki yaxın xəbərlər buraxılışı üçün hazırlaya bilsinlər.

Elə etmək lazımdır ki, sizin tədbiriniz daha əhəmiyyətli digər bir tədbirlə – kütləvi tədbir, dövlət strukturlarında mətbuat konfransı ilə üst-üstə düşməsin. Bundan əlavə, konfrans elə yerdə keçirilməlidir ki, reportyorlar ora ictimai nəqliyyatdan istifadə etməklə asanlıqla gələ bilsinlər.

Mətbuat nümayəndələrini dəvət edirik

Dəvətnamələr tədbirdən 7-10 gün əvvəl və adətən baş redaktorun adına göndərilir. Dəvətnamədə konfransın keçirilmə vaxtını və yerini, mövzusunu, çıxış edəcək şəxslərin siyahısını, əks əlaqə üçün əlaqə nömrələrini qeyd etməyi unutmayın. Parıltılı kağızda çap olunmuş, şəxsən təqdim olunmuş və ya kuryer vasitəsilə göndərilmiş dəvətnamə daha böyük təsir bağışlayır. Tədbirdən bir gün əvvəl isə zəng vuraraq tədbirdə iştirak edəcək jurnalistlərin siyahısını dəqiqləşdirmək lazımdır.

Çıxış edənləri seçirik

Onları adətən “nyusmeyker” və ya “hedlayner” adlandırırlar. Bunlar o şəxslərdir ki, onlar suallara səriştəli cavablar verəcəklər. Əgər əsas nyusmeyker şirkətin rəhbəridirsə, o zaman onun yanında müavinlərinin bir-ikisi də əyləşməlidir ki, zərurət yarandıqda lazımi rəqəmləri yada salmağa kömək edə və ya məlumatı reportyorlara savadlı şəkildə çatdıra bilsinlər. Bir daha qeyd edirik – istənilən çıxış informativ olmalıdır.

Press-reliz yazırıq

Press-reliz onun üçün lazımdır ki, jurnalistin əlində yazacağı məqalənin bəzi konturları olsun. Və əgər onun reportaj yazmaq üçün təbi gəlməsə, o artıq hazır mətndən istifadə edə bilər. Siz isə əmin ola bilərsiniz ki, faktlar və adlar təhrif olunmayacaq.

Düzgün press-relizin sirri ondan ibarətdir ki, o xəbəri xatırlatmalıdır. Mətni intriqa yaradıcı bir cümlədən, qeyri-adi rəqəmlərdən və ya provokasiyalı sualdan başlayın. Press-relizin ilk abzası “lid” adlanır ki, burada da xəbərin qısa məzmunu əksini tapır. Mətni «tərsinə çevrilmiş piramida» prinsipi əsasında yazmaq lazımdır. Əvvəlcə ən vacib faktları qeyd etmək, sonda isə ən əhəmiyyətsiz xəbərləri vurğulamaq vacibdir. Daha bir vacib hissə – başlıqdır. Onu ən sonda seçib yazmaq yaxşıdır. Başlıq elə özünəməxsus, «tovlayıcı» bir ifadə olmalıdır ki, oxucuları və jurnalistləri bütün mətni oxumağa məcbur etsin.

Jurnalistlərlə necə rəftar etməli?

Mağazada əsas alıcı hesab olunur, restoran və ya mehmanxanada isə qonaq. Mətbuat konfransında isə paradı jurnalistlər idarə edir. Onların sizin şirkət və ya malınız barədə nə yazacaqları məhz onların əhvalından asılıdır. Birincisi, jurnalistlərə kiçik sürprizlər və ya üzərində şirkətin loqotipi olan suvenirlər paylamaqla onların könlünü ələ almaq lazımdır (fincan, brelok, qələm, bloknot və ya təqvim). İkincisi, hər bir jurnalistə press-reliz, şirkətin fəaliyyəti barədə məlumat olan kiçik buklet verilməli, çıxış edənlərin soyadı, adı, atasının adı və vəzifəsi göstərilmiş siyahı paylanmalıdır.

Adətən şirkətlər jurnalistlərlə ünsiyyət zamanı əsas səhvə yol verirlər: problemli məsələləri və qalmaqallı hadisələri şərh etməkdən çəkinirlər. Yadda saxlamaq lazımdır ki, hətta qalmaqal bir il əvvəl baş veribsə belə, mütləq hansısa jurnalist onu yada sala və şərh verməyi xahiş edə bilər. Axı mətbuat konfransı bunun üçün ən əlverişli yerdir. Bu halda diplomatik cavab verməklə jurnalistin rəyini müsbət tərəfə dəyişməyə çalışmaq lazımdır. Yadda saxlayın ki, özünə hörmət edən jurnalist onsuz da, sizin şərh verib-verməməyinizdən asılı olmayaraq, qalmaqal barədə yazacaq.

Furşet barədə bir neçə söz

Mətbuat konfranslarının təşkilatçıları əksər hallarda kiçik furşet də hazırlayırlar. Burada, qeyri-rəsmi şəraitdə mətbuat işçilərindən kimsə çıxış edənlərə eksklüziv sual vermək və ya sadəcə olaraq yaxından tanış olmaq istəyə bilər ki, sonradan şirkətin rəhbərliyi ilə daha sıx əməkdaşlıq qursun.

Jurnalistlər «havayı yeyib içməyə» öyrəncəlidirlər, ona görə də, peçenye və ya konfetdən daha dadlı şeylər yeməkdən qətiyyən imtina etməyəcəklər.

Buterbrodlar, kanape, salatlar və meyvələr lap yerinə düşər. Masa üzərində vegetarian təamlarının olması nəzakət göstəricisi sayılır. Lakin yadda saxlayın ki, furşet proqramın əsas hissəsinə çevrilməli deyil. Hətta ən yaxşı bəzədilmiş masa da informasiya aclığını aradan qaldıra bilməz.

Belə düşünmək olar ki, mətbuat konfransı qeyd edilmiş mövzunu tam əhatə etməlidir. Axı jurnalistlər bütün suallara cavab tapırlar. Əslində uğurlu və düzgün təşkil olunmuş mətbuat konfransından sonra şirkətə və ya onun məhsullarına maraq artır. Bu cür informasiya aktivliyi dalğasında müsahibə verməkdən, televiziya ilə çıxış etməkdən çəkinməmək lazımdır. Çünki mətbuat konfransının əsas məqsədi şirkətin nümayəndələrini öz sahəsini yaxşı bilən, gələcəkdə ictimai rəyi formalaşdıra və ona təsir edə biləcək ekspert kimi qələmə verməkdir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.