az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

Korporativ yeni il şənliyi: həmkarların əhatəsində istirahət

28.12.2012 | İnna QRİŞUK, Balifa BAXŞIYEVA

Kimsə korporativ yeni il şənliyini pulların və vaxtın mənasız yerə xərclənməsi, bir başqası isə bir çox məsələlərin maraqlı, şən və əlbəttə ki, səmərəli həlli yolu kimi səciyyələndirə bilər.

Səbəb budur ki, məhz bu cür məclislərdə qeyri-formal şəraitdən istifadə etmək olar. Rəhbər işçilər yaranmış vəziyyəti kollektivi daha da sıx birləşdirmək və kollektiv daxili dəyərləri irəlilətmək üçün istifadə edə bilərlər. Əməkdaşlar üçün isə bu cür məclislər iş yoldaşlarını daha yaxından tanımaq, habelə rəhbərlik qarşısında «özünü göstərərək» əməkhaqqının artırılmasına nail olmaq imkanıdır.

Biznesinfo.az portalının əməkdaşları qeyri-formal şəraitin nəyə faydalı olmasını və bundan Yeni il ərəfəsində necə ağıllı şəkildə istifadə etməyin mümkünlüyünü araşdırıblar.

Korporativ yeni il şənliyi nə üçün keçirilməlidir ?

Bakı Slavyan Universitetinin (BSU) doktorantı, “İctimai Media”-nın yaradıcısı, Nurlan Məmmədovun fikrincə, bir çox şirkətlərdə Yeni ilin gəlişi, praktik olaraq korporativ şənliyin keçirilməsi üçün yeganə səbəbdir.

«Adətən, böyüklər bu bayramın gəlişini uşaqlardan heç də az gözləmirlər. Onlar da sevinc və böyüklərin hörmətini hiss etmək istəyirlər. Böyüklər dedikdə, mən işəgötürənləri nəzərdə tuturam», - deyə o bildirib.

Doğrudan da, bir çox ofis əməkdaşları yalnız ilin sonunda özlərini boş tutaraq, qeyri-formal şəraitdə, həmkarlarının əhatəsində istirahət edə bilirlər.

«Bu cür tədbirlər korporativ ruhun möhkəmlənməsinə, kollektivin sıx birləşməsinə və yeni əməkdaşların kollektivə daha rahat uyğunlaşmasına şərait yaradır. Korporativ yeni il şənliyindən danışanda isə, biz hamımız, sanki hansısa möcüzənin, bayramın gəlişini gözləyirik. Şirkət əməkdaşları ötən ilin yekunları və yeni il üçün planlar barədə məlumat əldə edirlər: əməkhaqqında dəyişikliklər, yeni departament və ya filialın açılışı və s.» , – deyə «TBC Kredit» şirkətinin insan resursları ilə işə üzrə meneceri Gülşən Həmidova bildirir.

Şənliyin formatı

Bəs, ideal yeni il şənliyi necə olmalıdır – açıq, yoxsa, qapalı? Bu sualın düzgün cavabı yoxdur. Avropa idarəetmə üsullarını tətbiq edən bəzi şirkətlərdə korporativ qaydalar bayram şənliklərinin yalnız «özününkülərin» iştirakını nəzərdə tutur ki, korporativ ruh yüksək səviyyədə qalsın. Lakin bizim müsahiblərimiz başqa fikirdədirlər.

Gülşən Həmidovanın sözlərinə görə, korporativ yeni il şənliyinə hökmən təkcə əməkdaşları deyil, onların həyat yoldaşlarını da dəvət etmək lazımdır. Bu, kollektivin daha da sıx birləşməsinə, əməkdaşların loyallığının yüksəlməsinə şərait yaradır. «Bunun yalnız xeyri var, çünki, ailəvi dostluq münasibətləri şirkətdə psixoloji mühiti yaxşılaşdırır», – deyə «Bank of Baku»-nun insan resursları üzrə meneceri Qabil Süleymanzadə bildirir.

Bundan əlavə, çoxdan məlumdur ki, şirkətin kollektivi və rəhbərliyi ilə tanışlıqdan sonra, əməkdaşların həyat yoldaşları nəticə etibarilə işçi heyətin iş vaxtından əlavə işdə ləngimələrinə daha rahat yanaşırlar.

«Korporativ yeni il şənliyinə işgüzar tərəfdaşları dəvət etmək olarmı?» sualına ekspertlərimiz mənfi cavab veriblər.

«Vacib müştərilərin özlərinin də vacib işləri və ya vacib müştəriləri var ki, onlarla görüşməlidirlər. İşgüzar tərəfdaşa diqqət nümayiş etdirmək üçün, ən yaxşısı ona elə onu məclisə dəvət edərək xərcləyəcəyiniz məbləğin dəyərində hədiyyə göndərmək daha yaxşıdır», – deyə Nurlan Məmmədov bildirib.

Gülşən Həmidova isə hesab edir ki, «TBC Kredit» üçün korporativ yeni il şənliyi yalnız əməkdaşlar üçün bir şənlikdir və burada onlar qeyri-formal şəraitdə istirahət edərək şənlənə bilməlidirlər. «Sözsüz ki, biz öz müştərilərimizə yeni il münasibətilə kiçik, xoş suvenirlər hədiyyə etməklə onları təbrik edirik», –  deyə ekspert vurğulayıb.

Rəhbərin rolu

Nə dərəcədə qeyri-formal olmasından asılı olmayaraq, korporativ yeni il şənliyində rəhbər yenə də rəhbər olaraq qalır. Bunu həm əməkdaşlar, həm də «boss» özü yaddan çıxarmamalıdırlar. Qabil Süleymanzadənin sözlərinə görə, istənilən korporativ məclisdə, iş vaxtında olduğu kimi, rəhbərlik aparıcı mövqedə dayanır.

Onun tədbirdə rolu, təbii ki, böyükdür. Adətən, savadlı rəhbər tədbirin rəsmi hissəsini öz üzərinə götürür. Əlbəttə, bu cür təntənəli anlarda ilin yekunlarını dilə gətirmək tövsiyə olunur. Ən yaxşısı, şirkətin və əməkdaşların nailiyyətlərini qeyd etmək, habelə kollektivi səmimi təbrik etməkdir.

«Hər bir rəhbər öz nitqində bütün komandaya və ayrı-ayrı əməkdaşlara arzularını və minnətdarlığını dilə gətirməlidir. Əlbəttə ki, ən yaxşı əməkdaşların mükafatlandırılmasına xüsusi vaxt ayrılmalıdır», – deyə Gülşən Həmidova bildirir.

Rəhbər həmçinin digər bir vacib məsələni, əməkdaşların əksəriyyətini narahat edən, yeni il şənliyinin xərcini kimin çəkəcəyini də həll edir. Həmsöhbətlərimizin fikrincə, korporativ yeni il şənliyi şirkətin hesabına keçirilir. Tədbirdə iştirak etdiyinə görə əməkdaşların əməkhaqqından pul tutulması isə pis hal sayılır.

Korporativ məclislərin “sualtı qayaları”

Kim nə deyirsə desin, amma korporativ məclislər insanları yaxınlaşdırır. Kimsə bu cür məclislərdə öz ikinci yarısını tapır, kimsə öz həmkarı ilə «sən» deyərək danışmağa başlayır, kimsə rəisin ən yaxşı dostuna çevrilir. Düzdür, korporativ məclisə yollanarkən, bunu yaddan çıxarmaq olmaz: gecəni elə keçirmək lazımdır ki, səhəri gün təzə iş axtarmayasan.

Ofis münasibətlərinə dair psixoloq və ekspertlərin bəzi sadə məsləhətləri:

  • Sadə, lakin zövqlü geyim seçmək lazımdır. Həddən artıq açıq-saçıq və bahalı geyimlərdən çəkinmək lazımdır. Lakin, daha məclisə evdə geyindiyiniz idman paltarı ilə gəlmək də düzgün deyil.
  • Alkoqollu içkilərin qəbuluna ciddi yanaşın ki, bütün məclis boyu öz davranışınıza nəzarət edə biləsiniz, təsadüfən başınızı salat boşqabına dayayıb, yaxud stolun altında yuxuya getməyəsiniz. Həmkarlarla dava etmək və ya bossun həyat yoldaşına aşkar şəkildə sataşmaq da yaxşı hal deyil.
  • Həmkarlarla, xüsusən də, rəhbərliklə rəsmiyyətsiz danışmaq və kobud davranmaq olmaz.

Korporativ məclis də, işin bir hissəsidir. Savadlı əməkdaş bu cür tədbirdə həm şənlənər, həm də özünü ədəb qaydaları çərçivəsində aparar. Öz növbəsində, müdrik rəhbər öz tabeliyində olanların səylərini, o cümlədən karaoke müsabiqəsində və ya restoran daxilində xizək yarışmasında qələbəsini də hökmən görəcək və onu qiymətləndirəcək.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.