az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Avropa Birliyi Azərbaycanın xarici ticarətində prioritet istiqamətdir

16.02.2012 | İldırım

Fevralın 15-də Bakıda «Ümumdünya Ticarət Təşkilatının qeyri-kənd təsərrüfatı məhsulları üzrə danışıqları» mövzusunda seminar başa çatdı. Tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) və İslam İnkişaf Bankı (İİB) tərəfindən dövlət və özəl sektor nümayəndələri üçün təşkil olnumuşdu. Seminarda xarici ticarətin tarif və qeyri-tarif yolu ilə tənzimlənməsi, imtiyazların verilməsi, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv ölkələrin əlverişli xarici ticarət fəaliyyətinin yaradılması ilə bağlı təcrübəsi məsələləri müzakirə edilib. Dinləyicilərin xahişilə həmçinin bugünün əsas mövzularından olan Azərbaycanın MDB-də Azad Ticarət Zonasına qoşulması imkanlarına da toxunulub. Bu məsələni şərh edən İİN-nin xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatına qoşulma məsələləri üzrə şöbəsinin müdiri Bəxtiyar Alışov bildirib ki, MDB-nin azad ticarət zonası siyasi məsələdir. «Bir ekspert kimi deyə bilərəm ki, belə məsələlərə, həmçinin inteqrasiya və beynəlxalq əməkdaşlıq məsələlərinə Azərbaycan milli maraqları nöqteyi-nəzərindən baxır. Əgər belə razılaşmalar milli maraqlara cavab verərsə, biz onlara qoşula bilərik», - deyə o qeyd edib.

Birlik çərçivəsində azad ticarət zonası haqqında müqavilə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ermənistan tərəfindən 2011-ci ilin oktyabrında imzalanıb və ticarət sahəsində inteqrasiyanı nəzərdə tutur. Bu razılaşma, demək olar, bir çox məhsul növlərilə bağlı qarşılıqlı ixrac və idxal rüsumlarının ləğvi üçün əsas yaradıb. Amma onun reallaşdırılması üçün konkret fəaliyyət mexanizmləri yaradan normativ aktlar hazırlamaq lazımdır. MDB ölkələri dövlət başçılarının razılaşmasına əsasən, Azərbaycan, Türkmənistan və Özbəkistan Azad Ticarət Zonasına qoşulmaqla bağlı qərarı bir müddət sonra verməli idilər.

Razılaşmanın Moskvada bağlanmasından dərhal sonra bəzi ekspertlər bununla bağlı tənqidi münasibətlərini açıqladılar. Rusiyanın Siyasi Konyuktura Mərkəzinin aparıcı eksperti Dmitri Abzalov hesab edir ki, «Azad Ticarət Zonası sistemi kifayət qədər düzgündür, o, xarici ticarət əməliyyatları zamanı xeyli qənaət etməyə imkan verir, amma eyni zamanda öz iqtisadi, həmçinin ticarət üzrə sistemlərini tam sinxronlaşdıra bilməyən ölkələrin sayını dərhal azaldır». Ekspertin fikrincə, təşkilata kim istəyir daxil ola bilər. «Amma mən belə başa düşürəm ki, altı ölkədən artığını birləşdirməyin mənası yoxdur. Bu, idarəetmənin səmərəliliyilə şərtlənir. İştirakçılar çox olduqda onlar heç vaxt qərar qəbul edə bilməyəcəklər», - deyə o bildirir.

Öz növbəsində Milli Strategiya üzrə Şuranın həmsədri İosif Diskin hesab edir ki, müqavilənin təfərrüatlarını dəqiqləşdirmək lazımdır. «MDB çərçivəsində azad ticarət haqqında müqavilənin Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Gömrük Birliyilə necə bir yerdə ola bilməsi mənə aydın deyil. Gömrük Birliyinin sərhədləri onun iştirakçılarını digərlərindən fərqləndirirdi». Ekspertin fikrincə, əgər Azad Ticarət Zonası gömrük maneələrinin ləğvini nəzərdə tutursa, bəs müqaviləni imzalayan MDB ölkələrinin bazarı necə müdafiə olunacaq? «Məxsusi məsələləri, hansı mexanizmlərin tətbiq ediləcəyini, azad ticarət zonasının necə işləyəciyini aydınlaşdırmadan müqavilənin təsirliyindən danışmaq çətindir», - deyə o qeyd edir.

MDB çərçivəsində vahid ticarət məkanına qoşulmaq Azərbaycan üçün nə qədər maraqlıdır?

Azad ticarət haqqında müqavilə MDB ölkələri arasında ilk olaraq 1994-cü ildə bağlanmışdı, amma həmin vaxt heç də bütün ölkələr, həmçinin Rusiya onu təsdiq etməmişdi. Bunun nəticəsində sənəd, demək olar, işləmirdi. Hazırda razılaşmanı imzalayan ölkələr ticarət dövriyyəsinin məqbul səviyyəsi və ticarətin gömrük və digər nizamlama mexanizmlərinin sadələşdirilməsi mövqeyindən çıxış edirlər. Amma Azərbaycan Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına əsasən, 2011-ci ildə ölkənin ümumi ticarət dövriyyəsi 36,326 milyard dollar olsa da MDB ölkələrilə idxal-ixrac həcmi cəmi 5,498 milyard dollar təşkil edib. Birlik ölkələrinə ixrac 2,925 milyarda, idxal isə 2,573 milyard dollara bərabər olub.

Bu da 351,621 milyon dollar həcmində müsbət saldo yaradır. İxrac strukturunda əsas həcm mineral yanacağın, neft və neft məhsulları, bitum mineralları (51,71%), bitki və heyvan mənşəli piy və yağlar (8,74%), şəkər və qənnadı məmulatları (6,07%), meyvə (5,09%), gəmi və digər üzən vasitələrin (8,86%) payına düşür. İdxalı avadanlıq və mexaniki qurğular (10,89%), dənli bitkilər (14,95%), qara metal (7,15%), quru nəqliyyat vasitələri (9,82%) təşkil edib. Beləliklə, Azərbaycanın xarici ticarət dövriyyəsində MDB ölkələrininin payı cəmi 15,1%-dir və ixracın çox hissəsini karbohidrogenlər təşkil edir ki, bu da Birlik çərçivəsində tariflərin gömrüklə nizamlanması məsələsini ölkəmiz üçün avtomatik olaraq qeyri-aktual edir.

Azərbaycan və onun əsas ticarət tərəfdaşları arasında ticarət fəaliyyətinə aid məsələlər ölkələr arasında müxtəlif sahələrdə və həmçinin ölkəmiz üçün prioritet olan enerji sahəsində müzakirələr aparan mövcud parlamentlərarası komissiyalar çərçivəsində həll olunur. 2011-ci ilin yekunlarına görə, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2,828 milyard dollar (bu, 2010-cu ildəkindən 910 milyon dollar çoxdur) olub ki, ölkədən çıxarılan məhsulun çox hissəsini karbohidrogenlər təşkil edib. Analoji mənzərə Ukrayna ilə müşahidə olunur. «Ukrayna və Azərbaycanın enerji şirkətləri arasında əməkdaşlığın nümunəsi olaraq Azərbaycanın Dövlət Neft Şirkətinin və «Ukrtransnafta» ASC-nin Avrasiya Neft Nəqli Dəhlizində iştirakıdır ki, bu da «Sarmatiya» Beynəlxalq Boru Kəməri Müəssisəsinin fəaliyyəti çərçivəsində baş verir və Xəzər neftinin Şərqi və Şimali Avropa bazarlarına çatdırılması marşrutlarının reallaşdırılmasına yönəlib», - deyə 2012-ci il fevralın 6-da Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilmiş tədbirdə çıxışı zamanı bildirib.

Öz növbəsində 2011-ci ildə Belarusla bağlı vəziyyəti bu ölkənin Azərbaycandakı səfiri Nikolay Patskeviç səciyyələndirib. Azərbaycan neftinin Belarusa nəqlini o, ikitərəfli münasibətlərin əhəmiyyətli hadisəsi adlandırıb. «Ticarət dövriyyəmiz artıq bir milyarda yaxınlaşır və bu çox böyük uğurdur. Belarus Azərbaycanla daha böyük ticarət dövriyyəsi olan on ölkə arasında öz yerini tutub», - deyə N.Patskeviç vurğulayıb.

Xarici ticarətdə Türkiyə və Avropa Birliyilə əməkdaşlıq Azərbaycanın prioritetlərini müəyyən edir. Türkiyənin Azərbaycandakı səfiri Hülüsi Kılıçın «Son 20 ildə Azərbaycan-Türkiyə münasibətləri: uğurlar və imkanlar» kitabında verdiyi məlumatlara görə, 2011-ci ilin yekunlarına əsasən, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollar təşkil edib. Bu isə həmin ildə Azərbaycandan MDB ölkələrinə ixracdan çoxdur (2,925 milyard dollar). Öz növbəsində Avropa Birliyilə də azad ticarət zonası yaratmaq haqqında razılaşma bağlanıb ki, bu, Azərbaycandan başqa Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistanın daxil olduğu AB-nin «Şərq Tərəfdaşlığı» proqramının assosiativ razılaşmasının bir hissəsidir. Hələ 2011-ci ilin dekabrında Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia Bakıda keçirilən «Rasional dövlət idarəçiliyi: zamanın çağırışları» adlı beynəlxalq konfransda bildirmişdi ki, Azərbaycan Avropanın bir hissəsidir və o, addım-addım Avropaya inteqrasiyaya doğru irəliləyir. Lap bu yaxınlarda isə R.Kobia qeyd edib ki, Avropa Birliyi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını gözləyir ki, Azad Ticarət Zonası haqqında razılaşma üzrə danışıqlara başlasın. ÜTT-yə üzvlük AB və tərəfdaş ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın davamlı inkişafı, həmçinin tam azad ticarət zonasının yaradılması üçün əsas tələblərdən biridir. Bu ticarət zonası isə Azərbaycan üçün daha çox maraq kəsb edir.
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.