az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Rauf Kazımov: “TuranBankın bütün sınaqlardan üzü ağ çıxacağına əminəm”

01.06.2017

Müstəqillik qazanmış Azərbaycanın ilk kommersiya banklarından olan TuranBank bu il 25 yaşını qeyd edir. Ölkə bankları üçün əlamətdar tarix sayılan 25 il ərzində Bank bir çox uğur və nailiyyətlərə imza atmışdır. TuranBankın İdarə Heyətinin sədri Rauf Kazımovla müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.

– Rauf müəllim, rəhbəri olduğunuz TuranBank haqda qısa məlumat verməyinizi xahiş edirik.

– Bu il 25 yaşını qeyd edən TuranBank 1992-ci il iyun ayının 12-də, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövr­lərdə yaranan ilk banklardandır. Öz fəaliyyətinə korporativ istiqamətdə başlayan Bank, sonrakı mərhələlərdə özünün inkişaf strategiyasında köklü dəyişiklik edərək korporativ müştərilərlə yanaşı əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən «universal bankçılıq» moduluna əsaslanaraq fəaliyyətini davam etdirmişdir. Ötən illər ərzində öz institusional bazasını beynəlxalq təcrübəyə müvafiq sürətdə təkmilləşdirməklə bərabər, satış şəbəkəsinin sayını və səmərəliliyini artıran, kapitalının həcminin və aktivlərinin keyfiyyətinin yüksəldilməsinə nail olan, əməkdaşlıq etdiyi yerli və xarici maliyyə qurumları vasitəsilə ölkə iqtisadiyyatına maliyyə resursları cəlb edən və eyni zamanda kiçik və orta sahib­karlığın inkişafına öz töhfələrini verən Bankımız hazırda Azərbaycanın aparıcı universal banklarından biridir.

Bu gün TuranBank ölkənin paytaxtı və əsas regional mərkəzlərində yerləşən 16 satış nöqtəsində çalışan peşəkar kadrları vasitəsilə əhali və təsərrüfat subyektlərini yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edən, cəmiyyət qarşısında öz sosial məsuliyyətini şərəflə daşıyan nümunəvi bir maliyyə institutudur.

– TuranBankın da daxil olduğu ölkənin bank sektoru üçün bir çağırış dövründə Bankın  gələcək hədəf və fəaliyyətində nə kimi dəyişikliklər gözlənilir?

– TuranBank öz missiya və strateji baxışına sadiq olaraq qalır. Bankımızın fəaliyyətinə gəlincə, bu, 4 illik Strateji Planla tənzimlənir. Qeyd etmək istərdim ki, ötən ilin sonlarında hazırlanmış 2016-2019-cu illər üçün yeni Strateji Planın əhatə etdiyi dövrdə təkmil «institusional baza»nı beynəlxalq təcrübəyə müvafiq olaraq mütəmadi inkişaf etdirmək planlaşdırılmış, mövcud satış şəbəkəsinin səmərəliliyinin, aktivlərinin keyfiyyətinin artırılması ilə bərabər kapitalının davamlı artımı, xarici investorların Bankın kapitalına daha geniş cəlbi kimi hədəflər müəyyənləşdirilmişdir və bütün bu hədəflər olduğu kimi qalır.
Yeni strateji dövrdə ölkənin qeyri-neft sektorunun inkişafına yönələcək layihələr ilə yanaşı, satış şəbəkəsinin texnoloji təchizatının ən yüksək beynəlxalq standartlara uyğun təmin olunması və Bankın əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması diqqət mərkəzində olacaqdır. Ötən 25 ildə hər bir müştəriyə fərdi yanaşma, loyal münasibət, rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlər - bütün bunlar hamısı TuranBankın əsas iş prinsipləri olmuşdur və gələcəkdə də bu prinsiplər bizim üçün prioritet olacaq.

Hazırda Bankın İT infrastrukturunun təkmilləşdirilməsi isiqamətində işlər görülür və yeni proqram təminatının tətbiqi ilə bağlı işlər templə davam edir. Yaxın gələcəkdə müştərilərimizə operativ xidmət göstərməyə imkan verən rəqəmsal bankçılıq sahəsi daha da təkmilləşdirilərək məsafədən xidmət növlərinin çeşidi genişləndiriləcəkdir. Bütün bunlar müştərilərimizə ən yüksək səviyyədə operativ xidmət göstərməyə və yüksək müştəri məmnunluğunu təmin etməyə imkan verəcəkdir.

– Ölkənin maliyyə bazarında son dövr­lər baş verənlər yəqin ki, TuranBankın fəaliyyətinə də öz təsirini göstərmişdir.

– Hər hansı maliyyə institutunun bu proseslərdən kənarda qaldığını düşünmək olmaz. Bu ilk növbədə xarici valyutada krediti olan müştərilərimizlə bağlıdır. Belə ki, istər ötən, istərsə cari ildə Bankımız bir daha öz müştərilərinə qarşı loyal münasibətini sübut etmək imkanı qazanmışdır. Belə ki, Mərkəzi Bankın məzənnə rejimində baş verən dəyişikliklər səbəbindən xarici valyutada olan kreditlərin ödənişində çətinliklərlə üzləşmiş müştərilərimizin kreditlərinin restruktrizasiyası aparılmış, xüsusi kampaniya çərçivəsində xarici valyutada olan kreditlərini tam ödəyən müştərilər üçün əlverişli mübadilə məzənnəsi təklif olunmuş, kredit borcunun müəyyən hissəsini ödəyənlər üçün yerdə qalan kredit məbləğini əlverişli məzənnə ilə manata çevirmək imkanı yaradılmışdır. Qeyd olunan güzəştlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

– Son zamanlar bir sıra bankların bağlanması əhalidə banklara inamı azaldıb. Bu amil sizin fəaliyyətinizə necə təsir edib?

– Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin Bank sektorunun ən yüksək dünya standartlarına cavab verməsi üçün bu sahədə çox ciddi islahatlar davam etdirilməlidir. Bu islahatlar çərçivəsində səmərəsiz bankların fəaliyyətinin dayandırılması adekvat addımdır və bu ilk növbədə bank sektorunun sağlamlaşdırılmasına xidmət edir.

Sözsüz, qeyd olunan proseslər ilk növbədə əmanətçilərin banklara inamının zəifləməsi ilə nəticələnir. Lakin əmanətlərin dövlət tərəfindən sığortalanması və bağlanan bankların timsalında vəsaitlərin geri qaytarılması insanların banklara etibarını bərpa etmiş oldu. Götürək bizim Bankı, bağlanan bankların fonunda hazırda biz əmanətçi baxımından qıtlıq yaşamırıq. Əksinə, vəsaitini bizə etibar edənlərin sayı bağlanan bankların fonunda artmaqdadır.

Qeyd edim ki, hazırda TuranBank özünün 25 illiyinə həsr olunmuş möhtəşəm “Yubiley Fürsəti” adlı əmanət kampaniyasına başlamışdır. Kampaniya müddətində Bankımızda həm manatda, həm də ABŞ dollarında əmanət yerləşdirən müştərilər “Toyota Camry” avtomobili ilə yanaşı, Türkiyə və Yunanıstana 2 nəfərllik səyahət paketi, televizor, noutbuk, planşet, mobil telefon, fotokamera kimi çox sayda uduşlara sahib olmaq imkanı qazanacaqlar. Bu kampaniya vəsaitlərini bizə etibar edən müştərilərimiz üçün xoş bir hadisə olmuşdur. Xüsusilə vurğulamaq istərdim ki, lotereyalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq, Bank əməkdaşları, onların qohumlarının lotoreyada iştirakına icazə verilmir. Bundan əlavə, şəffaflığı təmin etmək məqsədilə Banka aidiyatı olmayan 5 nəfər müstəqil üzvdən ibarət olan Tiraj Komissiyası lotoreyanın gedişinə nəzarət edəcək.

– Kreditləşdirmə sahəsində TuranBankın fəaliyyət istiqamətləri haqda məlumat verərdiniz.

– Ötən il dövlət başçısı İlham Əliyev Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malik olan sənədi - “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı imzalamışdır. Maliyyə-bank sektorunun inkişafını da nəzərdə tutan strateji yol xəritəsi TuranBank da daxil olmaqla yerli banklar qarşısında gələn illərdə iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın aradan qaldırılmasına xidmət edən layihələrin dəstəklənməsi kimi vacib vəzifələr qoyur.

TuranBank hər zaman biznesin və sahib­karlığın inkişafına yönəlmiş layihələri ilə hökumətin bu sahədə atdığı addımları dəstəkləmiş və qeyri-neft sektorunun inkişafına yönələn layihələrə önəm vermişdir. Qlobal böhran səbəbindən hazırda ölkə iqtisadiyyatı makro səviyyədə çətin dövrünü yaşayır və bu da ilk növbədə öz mənfi təsirini işgüzar mühitdə göstərir. Buna baxmayaraq, gələcəkdə də mikro, kiçik, orta biznesin dəstəklənməsinə yönələn layihələr bizim üçün prioritet olaraq qalacaqdır. Kənd təsərrüfatı, istehsal və regio­nal ticarət böyük potensialı olan sahələr kimi Bankımızın əsas fəaliyyət istiqamətləri olaraq inkişaf etdiriləcəkdir.

Belə layihələr sırasında Bankın Sahibkarlığa Kömək Milli Fondu ilə birgə həyata keçirdiyi sahibkarlığın inkişafını dəstəkləyən layihəni, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Dünya Bankı ilə birgə icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” üzrə layihə kreditləşməsini misal göstərmək olar. Bu layihələrdə gələcəkdə də aktiv iştirakımız ilə sahibkarlıq subyektlərinin daha sərfəli maliyyə resurslarına çıxışına dəstək olacağıq.

– Hazırda Bankınız kreditləşmə siyasətini necə qurur?

– Mövcud qlobal böhranın ölkənin maliyyə sisteminə ciddi təsir etməsi səbəbindən Bank bütün riskləri nəzərə almaqla kredit siyasətinə korrektələr etmişdir. Kredit portfelinin keyfiyyətini təmin etmək üçün Bank əhali, mikro və biznes istiqamətində kreditləşmə fəaliyyətini böhran vəziyyəti üçün xüsusi olaraq hazırlanmış məsuliyyətli kreditləşmə siyasəti çərçivəsində həyata keçirir. Bu zaman müştərinin maliyyə vəziyyətinin, onun ödəmə qabiliyyətinin qiymətləndirilməsi prosesinə diqqət artırılmış, borcalanların maliyyə öhdəliyi ilə həddən artıq yüklənməsinin qarşısını almaq məqsədilə onlarla maarifləndirmə işləri aparılır. Bu yolla biz nəinki Bankımızı, həm də müştəriləri əsassız risklərdən qorumuş oluruq.

Qeyd etmək yerinə düşər ki, mövcud reallığı nəzərə alaraq, Bankda sahibkarlığın kreditləşməsi ilə bağlı qərarların yalnız mənfəətlilik əsasında deyil, eyni zamanda uzunmüddətli dayanıqlı inkişaf hədəfləri nəzərə alınmaqla verilməsi siyasəti yürüdülməkdədir.

Bankın biznes və layihə kreditlərinin tərkib hissəsi olan KOS kreditləşməsi üzrə yerli sahibkarlıq subyektlərinin öz bizneslərini inkişaf etdirmələrinə zəmin yaradacaq yeni ixtisaslaşmış layihələr hazırlanmışdır ki, buraya ticarətin maliyyələşdirilməsi hesabına idxal/ixrac əməliyyatlarının təşviqi, mövcud texnoloji avadanlıqların yenilənməsi hesabına qənaət mexanizmlərinin tətbiqi, ekoloji risklərin azaldılması və s. daxildir.

Hazırda müştərilərin maraqlarını nəzərə alaraq, istər Bankın agent olduğu yerli fondlar, istərsə də özünün yerli valyuta resursları vasitəsilə manatla kreditləşmə davam etdirilir. Bankımız həmçinin beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı qrupu (World Bank Group), o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), WorldBusinessCapital/OPIC, ECO Ticarət və İnkişaf Bankı, BCP, CommerzBank, Bank im Bistum Essen, ResponsAbility Investment AG, İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC) ilə birgə layihələr həyata keçirməklə ölkə üçün önəmli olan qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməkdədir.

Beynəlxalq əlaqələrin inkişafı strategiyası çərçivəsində Bankımız ölkə iqtisadiyyatının real sektorunun inkişafına dəstək olacaq əlverişli şərtlərlə maliyyə vəsaitlərini cəlb etmək məqsədilə öz xarici tərəfdaşları ilə aparılan danışıqları uğurla davam etdirməkdədir.

– Bankınızın gələcək planları haqqında danışardınız.

– Bankımızın gələcək planları çoxşaxəli olmaqla bərabər orta və uzunmüddətli dövr­ləri əhatə edir. Bank ən yaxşı beynəlxalq korporativ idarəetmə təcrübəsi əsasında fəaliyyətini davam etdirəcək, mütərəqqi bank texnologiyalarının tətbiqi ilə satış şəbəkəsinin səmərəliliyini artıracaq, əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaqda davam edəcək və ən nəhayət, əməkdaşlıq etdiyi yerli və xarici maliyyə qurumları vasitəsilə ölkə iqtisadiyyatına yeni maliyyə resurslarını cəlb edəcəkdir.

Ölkənin bank sektorunda baş verən yeni tendensiyalar Bankımızı daha çevik və effektiv olmağa sövq edir. Mövcud reallıqda bankların əsas gəlir mənbəyi hesab edilən faiz gəlirləri azaldıqca qeyri-faiz gəlirlərinin önəmi artmaqdadır. Hazırda qeyri-faiz gəlirlərinin əhatə etdiyi sahələrin inkişaf etdirilməsi bizim üçün də prioritetdir. Planlarımızda bazara yeni alternativ xidmət və satış kanallarını təqdim etməklə on minlərlə müştərimizə banka gəlmədən müxtəlif əməliyyatlar aparmaq və xidmətləri əldə etmək imkanı yaratmaqdır. Bankımız, həmçinin müştərilərə yüksək keyfiyyətli rəqəmsal, onlayn bankçılıq, innovativ bank məhsul və xidmətləri təklif etməklə plastik kartlarla nağdsız hesablaşmaların həcmini genişləndirəcək.

Son dövrlərdə nağdsız ödənişlərin həcminin sürətlə artması və əmək haqlarının plastik kartlara köçürülməsi ölkə iqtisadiyyatında müşahidə olunan aktual proseslərdəndir. Artan tələbatı nəzərə alaraq, Bankımız öz növbəsində bu sahədə fəaliyyətini genişləndirməyi və korporativ müştərilərə əmək haqqı layihələri çərçivəsində bir sıra məhsul və xidmətləri təklif etməyi nəzərdə tutmuşdur.

Ümumilikdə, bizim əsas hədəfimiz beynəlxalq korporativ idarəetmə standartları əsasında fəaliyyətimizi qurmaqla peşəkar komanda sayəsində mütərəqqi bank texnologiyalarının tətbiqi ilə sektorda xüsusi paya malik olan qabaqcıl universal banklardan biri olmaqdır. Bütün bunlar Bankımızın gələcəkdə də uğurlu fəaliyyətinə zəmin yaradacaq və onun “Bizimlə etibarlıdır...” şüarına sadiqliyini qoruyub saxlamağa imkan verəcək.

Son illər dünyada neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə bir sıra neft ixracatçısı olan ölkələrin yaşadığı böhran fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında qeyri-neft sektoruna dəstəyini davam etdirən hökümət ölkə iqtisadiyyatını çoxşaxəli şəkildə inkişaf etdirməklə, büdcə gəlirlərinin neftdən asılılığının azaldılması, ixrac potensia­lının gücləndirilməsi, idxalı əvəz edəcək yerli istehsalın artırılması istiqamətində ciddi adımlar atmış və iqtisadiyyatın qlobal böhrana qarşı dayanıqlığını təmin etmişdir.

Aparılan iqtisadi siyasətə dəstək olmaq məqsədilə istər aqrar, istərsə də sənayedə ixraca yönümlü yerli istehsalı dəstəkləyən layihələrdə iştirakımızı daha da genişləndirməyi planlaşdırırıq. Bu əsnada regionlarda yaradılan texno və aqro parkların fəaliyyətinin stimullaşdırılmasına imkan verən layihələrdə aktiv iştirak etməyi və ümumilikdə ölkə başçısının sərəncamına müvafiq olaraq yaradılan «Made in Azerbaijan» brendi ilə bağlı aparılan işlərə ciddi dəstək verməyi nəzərdə tuturuq.

İnanıram ki, qeyd etdiyim gələcək planların icrası baxımından TuranBank bütün sınaqlardan üzü ağ çıxacaq.

Sizə və rəhbəri olduğunuz TuranBankın kollektivinə biznesinizdə uğurlar arzulayırıq!

 
Açar sözlər: TuranBank Rauf Kazımov 25 yaş
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (278)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (542)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (342)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.