az / ru
 
     
 
Ana səhifə > Praktikum > Maliyyə

Bankların “gizlən-qaç” oyunu

11.08.2015 | C&B

Azərbaycanın bank sistemi “fevral qasırğası”ndan sonra bir müddət stabillik nümayiş etdirdi. Milli valyutanın kursunda yumşaq devalvasiya prosesləri davam etsə də, gözləndiyi kimi götürülən “time out” bitir. Artıq Mərkəzi Bankın iyul ayında dövriyyəyə əlavə dollar əskinaslarını buraxması və manatın məhdudlaşdırılması ilə bağlı atdığı addımlar da maliyyə sektorunun yaxınlaşmaqda olduğu təhlükədən xəbər verir. Neftin ucuzlaşması ilə yanaşı ölkədən kapitalın xaricə axını güclü şəkildə davam edir. Bunu bankların depozit portfelinin gün-gündən əriməsi, gəlirlərin kəskin azalması və bu məlumatların gizlədilməsinə yönələn məlumat blokadası fonunda yaradılan süni sükut da sübut edir.

Məlumat və məlumatsızlıq

Məlumdur ki, məlumatsızlıq ilk növbədə həmin sektorun vəziyyəti ilə bağlı müvafiq qurumun real vəziyyəti qiymətləndirib-qiymətləndirmədiyinə, tam nəzarət imkanlarının mövcudluğuna və qabaqlayıcı addımlar atacağına ümidsizlik yaradır. Mərkəzi Bankın fevral ayında devalvasiyadan sonra nümayiş etdirdiyi susqunluq, tez bir zamanda hadisəyə çevik reaksiya verməməsi nəticədə əhali arasında ajiotaj yaratdı. Hazırda ölkə bankları da bu yolu tutaraq “yolsuzluğa” doğru addımlayırlar. Məlumatsızlığın dərinləşməsinə və nəticə etibarilə qanunu pozaraq, müştəri etimadını itirə biləcək fəsadlara yol açan nöqsanlı addımlar atan ölkənin ən iri bankları yarım illik göstəricilərinə dair rəqəmləri açıqlamaqdan imtina edirlər. Halbu ki, Mərkəzi Bankın tələbinə görə, banklar hər üç ayın yekununda 15 gün ərzində prudensial hesabatlarını açıqlamalıdırlar. Bunu adətən banklar öz saytlarında hesabatlarını dərc etməklə həyata keçirirlər. Bugün isə ölkənin ilk onluğunda təmsil olunan banklar nəinki göstəricilərini mediaya açıqlamaq istəmirlər, hətta öz saytlarında belə yerləşdirmir və yaxud gözdən pərdə asmaq üçün cədvələ saldıqları bir neçə mühüm əhəmiyyət kəsb etməyən rəqəmləri sərgiləyirlər.

Azərbaycan Bank Tədris Mərkəzinin Direktoru Cavanşir Abdullayevin fikrincə, bankların prudensial hesabatlarını açıqlamaması və mətbuatdan gizlətmələri itkiləri göstərməmək məqsədi daşıyır. Hazırda banklarda güclü depozit axını baş verir, o cümlədən kredit portfelində ciddi problemlər üzə çıxıb. Fevral devalvasiyasından sonra problemli kredit portfelinin ağırlaşması ümumilikdə maliyyə sisteminin bəlasına çevrilib. Həmçinin dollarla verilən kreditlərin həcminin aşağı düşməsi və kreditləşmənin səviyyyəsində müşahidə olunan eniş tendensiyası bankların fəaliyyətinə mənfi təsir göstərib. Lakin bu tendensiyada belə müştərilərinə hörmət göstərən banklar hazırki vəziyyətlərini açıqlayaraq, proseslərdə onlarla birlikdə addımlayırlar. Bu banklar müştərilərini məlumatlandırmaqla onların seçiminə sayqı ilə yanaşma, həmçinin etibarlı tərəfdaş olduqlarını nümayiş etdirirlər.

Təəssüf ki, Mərkəzi Bankın balans hesabatlarının açıqlanması ilə bağlı ölkə bankları qarşısında qoyduğu tələblər son bir ildə banklar tərəfindən kobudcasına pozulur. Cənab Abdullayev,  Mərkəzi Bankın bununla bağlı bir neçə banka irad bildirdiyini vurğulayaraq, məlumatsızlıq koridorunun böyüməsinin müsbət nəticələr verməyəcəyini vurğuladı. Maliyyəçi-ekspert Samir Əliyev isə Mərkəzi Bankın  özünü son vaxtlar “Maliyyə hesabatlılığı haqqında” qanuna əməl etməməkdə günahlandırır. Məntiqi ardıcıllıqla bu yolu davam etdirən banklar da məlumatların açıqlanmasına dair “Banklar Haqqında” qanunun müvafiq tələblərinə əməl etmirlər.    

Nümunə var...  

Nəzərə alsaq ki, Bakı o qədər də böyük şəhər deyil və burada fəaliyyət göstərən istənilən müəssisədə baş verən olaylar tez bir şəkildə yayılır, bu zaman həmin olaylara məntiqi izahat vermək susmaqdan daha düzgün addımdır. Bu gün Azərbaycan Beynəlxalq Bankında aparılan struktur islahatları, sistemin yenidən qurulmasında ortaya qoyulan prinsiplər maliyyə sektorunun oyunçuları üçün tam aydındı. Bank Technique-dən iri müştərilərin getməsi nəticəsində vaxtilə ölkənin ən sanballı maliyyə təsisatlarından birinin indi maliyyə dayaqlarını itirməsi və ciddi depozit axını qarşısında qalması da məlum məsələdi. Ancaq bu da bəllidir ki, digər banklarda vəziyyət bu qədər kritik həddə deyil. Və bu bankların öz əməkdaşlarının təbilincə desək, “bank iflas oldu, dağıldı” kimi şaiyələrlə mücadilə aparmaq məcburiyyətində qalmaması üçün vaxtında reallığı açıqlaması daha yaxşıdır.  Hazırda jurnalımızda dərc olunan cədvəllər üzrə təhlil göstərir ki, Dəmir Bank itkilərinə baxmayaraq, şəffaf bankçılıq prinsiplərinə sadiq qalaraq, rüblük hesabatlarını vaxtında və tam şəkildə açıqlayır. Hətta qapalı struktura malik Standard Bank da bu sahədə xüsusi nizam-intizam nümayiş etdirir. Ölkənin ən iri banklarından olan Paşa Bankın maliyyə şəffaflığı (məlumatlar bankın veb-səhifəsində açıqlanır və mətbuatın sorğusuna cavab verilir) isə düşünürük ki, digər banklara, həmçinin bu rübdə əsas göstəricilərini gizlədən Bank Respublika və Kapital Banka da örnək ola bilər. Apardığımız təhlillərə əsasən, bəzən məlumatsızlıq koridorunu yaradan sıravi menecer heyətidir. Vəzifələrini vicdanla idarə etməyən bir qrup əməkdaş bununla çalışdığı maliyyə təsisatının imicinə vurduğu zərbəni nəzərə almadan şəxsi qərarı əsasında iş yerində “istirahət saatları”nı uzatmaqla mətbuatla əməkdaşlıq körpülərini yandırır. Bu isə hər bir iş adamının geci-tezi keçməsi gərəkən bir körpüdür və məlumat blokadası hələ heç bir şirkətə uğur gətirməyib. 

Depozit portfeli niyə əriyir?  

Yuxarıda qeyd etdiyimiz süni amillərdən əlavə, ölkənin maliyyə sektorunda gedən digər  proseslər də ürəkaçan deyil. Bəs, hazırda bank sistemində itkilərin başlıca səbəbləri nədir: neftin ucuzlaşmasından formaşalan yeni devalvasiya xofu, yoxsa maliyyə sektorunda mövqelərin çəkişməsi? Hər iki faktın mövcudluğu şübhəsizdir və bu səbəblər sırasına daxil olan ciddi nüanslardan biri də Azərbaycandan xaricə kapital axınının sürətlənməsidir.

Xatırlayırsınızsa, 2014-cü ilin yanvarında elan olunan rəsmi rəqəmlərə görə Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları ötmüşdü. Həmin vaxt güvənli xəzinədarlıq yaratdığını elan edən rəsmi Bakı bu rezervin ona neçə illər bəs edəcəyini vurğulayırdı. Hazırda dünyada baş verən “dollar cihadı” fonunda Azərbaycanın valyuta ehtiyatları sürətlə əriyir. Elə bunun nəticəsidir ki, valyuta ehtiyatı iyulda 18.5 milyon dollar azalaraq 8,5 milyard dollara düşüb. Bu müddətdə pul bazası da 19,5 milyon manat azalıb. Azalma isə təxminən valyuta ehtiyatı qədərdir. Deməli, Mərkəzi Bank dövriyyəyə dollar buraxaraq əvəzində manatı məhdudlaşdırıb. Məlumat üçün bildirib ki, iyul ayında neftin dünya bazar qiyməti $62-dən $53-ə düşüb, hazırda isə $50 civarındadır. Göründüyü kimi, neftin ucuzlaşması ilə valyuta ehtiyatının azalması üst-üstə düşüb. Ancaq ekspert Samir Əliyev də bankların depozit portfelinin əriməsi faktını ciddi nüans kimi qəbul edir: “Əriməni təkcə neftin qiymətinə bağlamaq düzgün olmazdı. Bu, daha çox ölkədən kapital axını ilə bağlıdır. Böyük həcmdə vəsaitlər daha təhlükəsiz yerə - Türkiyə, Yunanıstan, müəyyən qədər də Rusiyanın daşınmaz əmlak bazarına yönəlir. Çünki ölkədə hazırda kapitala təminat yoxdur. Böyük ehtimalla avqust ayında da azalma baş verəcək”.

Azərbaycan kapitalı xaricə üz tutur

Ölkədən kapital axını və yeni yerli istehsal sahələrinə investisiya qoyuluşlarının azalması ilə bağlı tendensiya düşünürük ki, daha ciddi fəsadlar yaradır. CONTACT pul köçürmə sisteminin açıqladığı məlumata görə, bu ilin altı ayında Azərbaycandan Rusiyaya pul köçürmələrinin sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz artıb. Rusiyaya axan kapitalın həcminə gəldikdə isə Azərbaycan bu siyahıda ikinci yerdə dayanır. Ona görə də hazırda milli valyutanın dəyərsizləşməsinin kökündə duran məsələlərdən biri kimi daxili iqtisadiyyatın vəziyyətilə bağlı araşdırmaya daha böyük ehtiyac var. Bugün Türkiyənin, Gürcüstanın daşınmaz əmlak bazarında əsas oyunçulara çevrilən azərbaycanlılar arasında həmçinin Qazaxıstanda kapital qoyuluşları edənlərin də sayı artır. Bu isə öz növbəsində ölkədə biznes mühitinin yenidən gözdən keçirilməsi və inkişafa mane olan amillərin zərərsizləşdirilməsini qaçılmaz faktora çevirib. Sadəcə, manatın neftə bağlılığı faktorundan yaxa qutarmaq lazımdır. Bunun üçün isə qeyri-neft sektorunun inkişafı üçün səylər gücləndirilməlidir.  

P.S. Xatırlayırsınızsa, 2008-ci ildə dünyadakı iqtisadi krizis fonunda, neftin qiyməti 40 dollara qədər düşdüyü vaxt belə Azərbaycan manatı öz kursunu qoruyub saxladı. Qəribədir ki, Rus rublu ilə sinxron proseslər nümayiş etdirən manatın taleyi indi şimaldan gələn küləklərdən niyə bu qədər asılıdır?

C&B

2015-ci ilin ikinci rübü üzrə balans hesabatını açıqlamayan bankların siyahısı

 

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.